Allahverdi Eminov : Nəriman Həsənzadə və Klark qanunu
“Sevdiyim şairlər” silsiləsindən)
Mən Xalq şairi Nəriman Həsənzadənin poeziyasının daimi oxucusuyam, hər dəfə oxuyanda yadıma məşhur Klark qanunu (adı ilə adlanır bu nəzəriyyə) düşür: İnsan o cümlədən, söz adamları yaşa dolduqca onlarda enerji azalır, bilik, infor–masiya zənginləşir. – Fikrin birinci tərəfi ilə razılaşmaq istəməzdim, apardığım müşahidələrə və qənaətlərə görə heç də belə deyil. Bunun da bir sıra səbəbləri vardır: İstedaddan qidalanan İlham, seksual enerji – “libido”, sublimasiya – yara-dıcılığın yüksəlişi. Şairə gəldikdə, coşğun həvəs, vəcdəgəlmə, poetik ehtiras mövzu “tapılanda” onun fiziki görümü və maddi təsirlərlə yanaşı şeir hasilə gəlir. İsveç psixoloqu Z.Freydə görə, sənətkar psixoloji əhvalında – xəyalpərvərliklə nevrotik ilğım arasında qalır, onu – şairi yaradıcılığa sövq təşkil edir, həyati müşahidələrdən gələn nəticələr şeiri yazdırır. Nəriman Həsənzadənin poeziyası bu baxımdan daima maraq doğurmuşdur. O, dəfələrlə bir, yaxud iki-üç şeir yazmışsa, on-on beş silsilə şeirlərini toplu halında çap etdirmişdir. Düzü, mən bu poetik nümunələr haqqında yazmaq istəmişəmsə... Onun “Ədəbiyyat qəzeti”ndə Qarabağ tarıdı, O Vətən tarı, bu Ağdam deyəndə, o Şuşa deyir” silsilə şeirləri Son (2024) yaradıcılığının məh-suludur. “Ulu Öndərə ilk görüşdə oxuduğum şeir” (1969) N.Həsənzadənin poetik kredosu kimi səslənir.
Bu eşqim, vüqarım, səndin, canım!
Ana çağırdığım Azərbaycanım!
Açıb qucağımı mehri – ülfətlə
Bağrıma basıram səni hörmətlə.
Şair sonralar da Ulu Öndər Heydər Əliyevə şeirlər həsr etmişdir. Bu, onun poeziyasından qırmızı xətt kimi səslənmişdir...
Şair yuxarıda söylədiyim fikirləri sanki təsdiqləyir və “Şair, yenə yazır-sanmı?” sualını cavablandırır. Şeir yazanda dünyanın sirri ona agah olur: bəli poe-ziya belə bir möcüzənin daşıyıcısıdır, “yazan zaman agah olur bu dünyanın sirri mənə” pıçıldayır! Üzünü ulu Tanrıya tutur, axı, şeir payına şairə bəxş edən də o deyilmi?
Soyumasın od nəfəsin,
Əvəzi yoxdur heç kəsin.
Ulu Tanrım çox görməsin
Öz sevdiyi şeiri mənə.
Unutmayaq ki, şeir möcüzədir, kəşfdir, qafiyələnmiş qrammatik sözlər deyil. Ədəbiyyatşünas T.Eliot poeziya haqqında demişdir: “Şairin şüuru saysız – hesabsız hissləri, cümlələri, obrazları toplayan və mühafizə edən özümlü qabdır. Yeni bütö-vün formalaşması üçün zəruri olan bütün hissləri toplaşana qədər onlar bu qabda qərar tuturlar”.
Nəriman Həsənzadə üçün poeziya ilk misradan son sətrə qədər ruhdur, ruhun təzahürüdür, nəzəriyyələşdirmədən uzaqdır. Şairin poetik şüuru bütün təxəyyül qüvvəsilə onu zamanla üz-üzə qoyur və sosial – mənəvi münasibətlərə aydınlıq gə-tirir. Bu poetik sənət gerçəkliyə varan, olmuşları xatırladan metoddur, bu hissi şair şeir vasitəsilə həyata keçirir. Nəriman Həsənzadə xeyirxahı olmuş ədib Mir Cəlal Paşayevə və onun oğlu, akademik Arif Paşayevə iki şeir həsr etmişdir. “Mir Cəlal müəllimin xatirəsinə”də oxuyuruq:
Şair, Mir Cəlalın isti nəfəsi,
Mənə Haqdan gələn bir ilham idi.
Mən ata görmədim, atam əvəzi
Həyatda yeganə bir arxam idi.
Mir Cəlal görkəmli yazıçı olmaqla yanaşı, xeyirxah insan, pedaqoq idi. Pedaqoji Universitetdə mənə dərs demişdi, kurs rəhbərim olmuşdu. Mən bu böyük alimin, yazıçının nəsr yaradıcılığı haqqında bir neçə il əvvəl “Mir Cəlalın poetikası” adlı 3 (üç) cildlik “trilogiya”mı (1080 səh.) çap etdirdim və ədəbi ictimaiyyət yaxşı qarşıladı. Demək istəyirəm, şair Nəriman Həsənzadə Mir Cəlal müəllimi yaddan çıxartmır, eləcə də böyük oğlu Arif Paşayevi. “Bizim qızlar” şeirini akademikin ad gününə həsr etmişdir. Şeirin sonunda şair deyir, olmuşları xatırladır və:
Bizə bu uçuş xəyalı
Töhvə verən oğul da var, -
Bir ölkənin Ağsaqqalı,
O getdiyi haq yol da var, -
O yol Tanrının düz yolu,
Arifdi,
Mir Cəlal oğlu!
Nəriman Həsənzadə təsvir etdiyi hadisələrdə: predmetlərdə, ithaf etdiyi şəxslərdə poetik obrazlarını görür, duyur və idrak edir. Şair “Həyatın bir anı”nı ya-şayır: Hava püsələyir, otaq isti olsa da şair üşüyür, bu “üşümə” fiziki soyuqluq deyil, şairin şeirə köklənməsidir. Bu soyuqluğu böyük müğənnimiz Arif Babayevin məlahətli səsi isidir.
Əvəzi yox, səsindəki məlahətin,
Haqdan gələn sərvətidir bu millətin.
Sevinc xanım sevincindən aşıb – daşır,
Yerdə sular, göydə quşlar pıçıldaşır.
Şair həyatın bir anını beləcə yaşayır, bu həyatın içində musiqi də səslənir, necə ki, xalq artisti Mənsum İbrahimov “havalanıb oxuyur, səsi bənəvşə qoxuyur”. “Elçin, yerə qoyma, əlindən tarı, Elnurun kamanı göynədən tarı” –
Qarabağ tarıdı, o Vətən tarı,
Bu Ağdam deyəndə, o, Şuşa deyir.
Şeir kədərin, qüssənin yaratdığı hisslərə biganə qalmır, şairin canlı təsvirilə müşahidə olunur. Nəriman Həsənzadə belə bir hissləri yaşamışdır: “Abidə”, “İllər, talelər” şeirlərində:
Kürdəmirdə bir igid
şəhid oldu davada.
Kürdəmirdə bir qızın
Göyə qalxdı naləsi.
Möcüzələr yaratmış
Sən demə, bu dünyada,-
misalmı?
Yadigarın
Yadigar Abidəsi!
Şairin “İllər, talelər” şeiri məni çox uzaqlara apardı: ötən əsrin 80-90-cı illərinə “Azərbaycan müəllimi” qəzetində çalışırdım, redaksiyaya filologiya elm-ləri doktoru, professor Sadıq Şükürov Gəncə Pedaqoji İnstitutdan tez-tez baş çəkir, analitik məqalələr verirdi, xüsusilə, Mirzə Cəlil və Səməd Vurğunun yaradıcılığı haqqında çap olunanın səhərisi Gəncədən şöbəyə zəng atır, təşəkkürünü çatdırırdı. Son dərəcə səmimi insandı, şöbənin telefonu ilə Nəriman Həsənzadə ilə danışır və görüşürdülər. Sadıq Şükürov məhsuldar alim olmaqla bərabər, təvazökardı. Nəri-man Həsənzadə ilə Gəncədən tanış idilər və şair barədə kitab da yazmışdı. Onun ölümü ağır itkiydi, gərəkli insan həyatdan köçəndən sonra qədrini bilirik:
Niyə sağlığında yad olur bizə,
Görmürük o boyda bir istedadı?
Elə ki getdilər –
Çıxırlar üzə,
Yüksək kürsülərdən çəkilir adı.
Niyə yuxudadı, şöhrət tanrısı,
Niyə qarışdırır ağı sarıya?
Niyə o kəslərin oğlu, ya qızı
Xəlvətdə fəxr edir –
Atalarıyla?!
Şair dostunu unutmur, xatırlayır. Hər bir söz, fikir adamının yaşadığı həyatda özündən sonra iz qoymaq istəyi əbədidir. Hər bir söz, fikir adamının həyata, dünyaya baxışı fərqlidir, seçimlidir. Eləcə də yaşayan insanın dünyasını dəyişəni xatırlaması.
Sadıq Şükürovu xatırlayıram,
Təmiz insan idi, alim adıyla.
Onun sinəsində qaynar bir ilham.
Daim məşğuluydu tədqiqatıyla.
Nəriman Həsənzadə ötən illərə, taleləri həsədlə xatırlayır:
İllər var, səsləyir bizi arxadan,
İllər təzələnir arada, ancaq –
Alim var, hörmətlə keçdim yanından.
Mən qibtə elədim, bu ada ancaq.
Poeziya bədii fikrin subyekti olan insana münasibətində əxlaqi meyarı əsas götürür – baxmayaraq bu, mütləq deyil, varlığın gerçəkliyini poetikləşdirir, insan–ların obrazlarını yaradır, bu, şair duyğusunun həssaslığıdır, azadlığıdır. Nəriman Həsənzadə şeirlərinin bir qismini tanıdığı, şəxsiyyətlərinə hörmət bəslədiyi şəxs–lərə ithaf etmişdir. Bu sırada Amil müəllimə, Elşad müəllimə, Rahilə Soltan qızına, Arif Paşayevə və oğlu Nazimə!
Bu insanlar şairlə ünsiyyətdə olmuşlar, fikir mübadiləsi aparmışlar, yaşadığı həyatın ona təsir qüvvəsindən asılı olaraq həqiqətləri təhrif etməmiş, təsvirində naturallıqdan çıxarmışdır, insan davranışının bütövlüyünü təmin etmişdi, onların obrazını yaratmaqla şair duyğusunun həssaslığını bir daha əyaniləşdirmişdir. “Zi–yarət yolu” şeirini əczaççı Elşad Hacıyevə həsr etmiş, onun peşəsini, şəxsiyyətini, ailəsini şeirə gətirmişdir:
Bakıda bir yol var, Ziyarət yolu,
orda da bir evin bir darvazası.
Dərmanlar düzəldir bir vətən oğlu –
dilində daim xeyir – duası.
“Deyin, əl saxlasın tarixi yazan” şeirini şair “Zəfər dastanı” əsərinin müəllifi Rəhilə xanıma ithaf etmişdir.
Nəriman Həsənzadə yeganə alim oğlu Nazimə unikal şeir həsr etmişdir. Şeirdə ata – şairin Almaniyada infarktdan xəstə yatarkən keçirdiyi – yaşadığı hisslərin oyatdığı təəssürat oxucuda oğul məhəbbətini əyaniləşdirir. Hər bir oxu–cunu: Ata və oğul sevgisi, tənhalıq xiffəti düşündürür. Bax, bu məqamlarda atanın oğul üçün yaşantısı necə də səmimidir, ibrətlidir:
Arada görürdüm, sən birtəhərsən,
Ürəyim gəlmirdi, düzü, soruşam.
Mən səndən qorxurdum,
Xəstələnərsən,
Sən məndən qorxurdun, dözəmməz atan.
Bax, belə ağır anlarda da dostlar dadına yetişir: Şair Simak Şeyda, Qaraxan, Gəncə yazıçılarından birisi. Bu adamların yoluxması xəstə üçün ən böyük təsəlli olur! Və ata nəsihəti:
Yaxşı insanlara yaxın ol, müdam,
Ünvanı çaşdırma ünvan içində.
Bəzən mən özüm də səndən danmıram,
İnsan axtarmışam insan içində.
Şair Nəriman Həsənzadənin poeziyası son dərəcə polifonikdir, çoxqatlıdır. Çün, poeziya həqiqətlərin və yalanların emosional – intellektual yaranışıdır, şairin fərdi – özəl üslubunun təzahürüdür. Poeziya duyğuların qeyri – qrammatik qanun–larla bədii ifadəsidir. Hər bir şeir daxili çırpıntıların çuğlaşmasından qopduğu üçün oxucu əhvalına baş vurur. Nəriman Həsənzadənin poeziyası təsviri ilə, ahəngiylə, dinamikliyilə oxucu şüuruna təsir göstərir, cəmiyyətə nüfuz etməklə ictimai rəyi sürətləndirir, duyğuların simvolik tərənnümünü canlandırır.
P.S. Nəriman Həsənzadə şeirinin yaş həddi yoxdur, ona görə ki, ilhamla da–xili potensial enerji sönməzdir, güclü təkana malikdir, zəngin müşahidədən qidala–nır. Bu prosesdə Klark qanunu öz gücünü itirir.