Ağaevli Əli Hacı - SON AH

Ədəbiyyat 16:55 / 13.10.2025 Baxış sayı: 1319

 

Çiçəyim də bağçada yerin tapa bilmədi,

Gözlərimin içində qaldı son libasında !

Bu gün,gələn sevinci yandırdım etiraz tək,

Öz içimi üşüdən,könlümün sobasında !

 

Hər gün ağrıdan doğur,ağırlaşır yolları

Bəlkə,əzabı buymuş yerdə adam olmağın !

İçində su quruyub,dərinlikdə özü yox

Hansı həsrət yandırıb üzünü bu torpağın ?!

 

Bəri dur,qələm verim,adını yaz sinəmə

Qoy,ordakı dağların biri olsun adına !

Mənim başım əyilmir hər qapının önündə,

Qoy,bu başım əyilsin dağı qalan qadına !

 

Duman örtüb üstümü,buludlar lay-lay deyib

Yağan yağış gizlədib gözlərimin yaşını !

Mənim RUHUM bədənə doğulandan dar gəlib,

Bədən çəkib RUHUMUN ağır gələn daşını !

 

Gözləmədim kimsəni qəm gələndə üstümə

Yerin bilib gələnə,yer göstərmək günahdır !

Olmağın özü bəlkə,,yer üzündən Tanrıya

Göz yaşına bələnmiş,sənsizliyə son ahdır !