Afik Muxtaroğlu : - Kiminin ...

Ədəbiyyat 09:20 / 24.11.2022 Baxış sayı: 1564

 

Kiminin üzündə gülüşü boldu,

Kiminin üzünü güldürmək olmur.

Kiminin sevinci hər zaman diri,

Kiminin dərdini öldürmək olmur.

 

Daş atmaq öyrənər həyatdan kimi,

Kimi çörəyini daşdan çıxarar.

Bu həyat kimini çıxarar başa,

Kimini oynadıb başdan çıxarar.

 

Allahın zülmüdü kimiyə həyat,

Bir günü keçincə daş daşı kəsər.

Kiminin üzünü bəzəyər kədər,

Kimidə kədərdən görünməz əsər.

 

Hamıya daş atmaq öyrədər həyat,

Kimi sərrast atıb dəyər hədəfə.

Bumeranqa dönər kiminin daşı,

Qayıdıb üstünə gələr hər dəfə.

2022-ci il