Adilə Nəzər- Bu şəhərdə birinin qapısı yoxdu...

Ədəbiyyat 08:08 / 03.10.2025 Baxış sayı: 2245

* * *

Bu şəhərdə birinin qapısı yoxdu,

nə fərqi?

Döyəcək adamı da qalmayıb…

Birinin gözündə işıq ölüb,

nə fərqi?

qaranlıqla barışıb onsuz da…

Birinin cibində ümid cücərib,

torpağı daşdı, susuzdu…

Birinin gülüşü təntənə,

birinin nəfəsi yarım…

bu da adidi, Şair –

sözü məqsədlidirsə…

Bu şəhərdə yollar da

"butulka effekti"ndədir -

birdən daralıb sıxır boğazını...

Çox uzatma, şair,

Susma, amma

bir az asta,

qələmi gəzdir ürəyinə…

Həmişəki kimi özünlə danış.

Səsin olmasa da,

sözün öz yolunu tapacaq,

sükutunu belə

dinləyən tapılacaq.

 02.10.2025