XƏBƏR LENTİ
24 Oktyabr 2020
23 Oktyabr 2020



Mülki vətəndaşları hədəfə alan Ermənistana beynəlxalq səviyyədə təzyiqlərin göstərilməsi zəruridir
MÜSAHİBƏ 16:44 / 16.10.2020
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev

- Tahir müəllim, bildiyimiz kimi, təcavüzkar Ermənistanın hərbi təxribatları nəticəsində cəbhədə gərginlik davam edir. Azərbaycan Prezidenti İlham Əliyev müxtəlif tribunalardan Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırır, Ermənistanın işğal etdiyi torpaqlarımızdan çıxmasını tələb edir. Bu barədə nə deyə bilərsiniz?

- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xarici televiziya kanallarına verdiyi müsahibələr bu günün real hadisələrini, həqiqətləri əks etdirir və dövlətimizin haqqa, ədalətə söykənən, beynəlxalq hüquq normalarına əsaslanan mövqeyini ortaya qoyur. Ölkə rəhbəri nəinki müsahibələrində, eləcə də ən mötəbər tribunalarda səsləndirdiyi fikirlərində daimi olaraq Azərbaycanın işğala məruz qaldığını, təcavüzkarlar haqqında lazımı tədbir görülmədiyini, bir milyondan artıq əhalinin uzun illər əzab-əziyyət içərisində, doğma od-ocaq, yurd həsrətində yaşadığını ifadə edir və xalqımızın haqlı tələbini bütün dünyaya çatdırır.

Ancaq nədənsə beynəlxaq aləm, dünya ictimaiyyəti susur. BMT Təhlükəsizlik Şurasının işğalçı silahlı birləşmələrin torpaqlarımızdan qeyri-şərtsiz çıxması barədə dörd qətnaməsi, bir çox mötəbər beynəlxalq təşkilatların qərarları, tapşırıqları icra olunmur və bunun nəticəsində erməni faşistləri daha da azğınlaşırlar, yeni qətlər, təxribatlar törədir, atəşkəsi müntəzəm pozaraq mülki əhaliyə ciddi ziyan vururlar.

Ermənistanın siyasi-hərbi rəhbərliyi, baş nazir Nikol Paşinyan başda olmaqla heç cür danışıqlara gəlmirlər, çağırışlara əməl etmirlər, beynəlxalq normalara məhəl qoymurlar, əksinə yeni torpaqlar işğal etmək niyyəti ilə silahlanırlar, ərazilərimizdə məskunlaşdırma siyasəti aparırlar, terrorçu qruplar yerləşdirir, sərhədlərimizə hücum edirlər.

Əlbəttə, belə olan halda Azərbaycan xalqı öz səsini ucaltmalı, şanlı ordumuz öz sözünü deməli, biz haqqımızı tələb etməli, tarixi ədalət bərpa olunmalıdır. Cənab Prezident İlham Əliyev ordumuzun zəfər yürüşünü, bir çox şəhər və kəndlərimizin işğaldan azad olunmasını, düşmənə ağır zərbələr endirilməsini qeyd etməklə bərabər, bir daha münaqişənin sülh yolu ilə həll olunmasının tərəfdarı olduğunu bildirir. Ermənistan silahlı birləşmələrinin işğal altında olan torpaqlardan çıxdıqdan sonra sülhə gəlməyin vacibliyi qeyd edir. Dövlətimizin başçısı bildirir ki, Azərbaycan ərazilərində yaşayan ermənilər bizim vətəndaşlarımızdır, onların təhlükəsizliyi hər vasitə ilə təmin ediləcək, dağıdılmış şəhər və kəndlərimiz bərpa ediləcəkdir.

Dövlət başçısı onu da qeyd edir ki, bizim mübarizəmiz haqq mübarizəsidir, torpaqlarımızı döyüşərək almağa qadirik və haqq yolunda olduğumuz üçün İlham Əliyevin diktəsi və şərtləri danışıqlar prosesində əsasdır. Əlbəttə beynəlxalq aləm, ilk növbədə düşmən bunu anlamalı və Azərbaycan torpaqları işğaldan azad edilməlidir.

- Erməni tərəfi faşizm xislətinə sadiq qalaraq mülki insanları, yaşayış məntəqələrini hədəfə alır. Sizcə, burada ermənilərin məqsədi nədir?

- Azərbaycanın 20 faiz torpağını işğal edərək 1 milyondan çox əhalisini öz doğma yurdundan didərgin salan faşist niyyətli ermənilər bir çox beynəlxalq təşkilatların çağırışlarına, BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsinə məhəl qoymayaraq hələ də işğalçı mövqeyində qalır. İşğalçı Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə konvensiyaları və onların əlavə protokollarını, habelə, 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, dinc sakinlərimizi bilərəkdən hədəfə almaqda davam edir.

Azərbaycan ilə Ermənistan arasında humanitar əsasda atəşkəs elan edilməsinə baxmayaraq, erməni tərəfi öz riyakar xislətinə və təcavüzkar mahiyyətinə uyğun olaraq imzalanan razılaşmanın bütün maddələrini kobud şəkildə pozaraq Azərbaycanın həm cəbhəboyu rayon və kəndlərini, həm də cəbhədən uzaqda yerləşən şəhərlərini ağır artilleriya və raket atəşinə tutur. Oktyabrın 11-də isə Azərbaycanın ikinci ən böyük şəhəri olan, 500 mindən çox əhalinin yaşadığı və cəbhə xəttindən uzaqda yerləşən Gəncə erməni vandalları tərəfindən raket və artilleriya atəşinə məruz qalır. Ermənistanın siyasi-hərbi rəhbərliyinin göstərişi ilə atılan ballistik raket 3 yaşayış binasını dağıtdı, yerlə yeksan etdi. Ermənistanın dinc və günahsız azərbaycanlılara qarşı törədilən növbəti terror aktı, barbar və vəhşi hücumu nəticəsində 5-i qadın olmaqla 10 nəfər həlak oldu, 40-a yaxın insan yaralandı.

Uzaqmənzilli raketlə Gəncədə əhalinin sıx yaşadığı bir nöqtəsini vurmaları onların xain planlarının bir hissəsi idi. Ermənistanın humanitar atəşkəsin prinsiplərinə riayət etmədiyini, yenidən düşmənçilik və təcavüzkar siyasətini davam etdirdiyini hər addımda təsdiq edir. Humanitar atəşkəsin elan olunmasından 14 saat sonra Gəncə və Mingəçevir şəhərlərinin yenidən işğalçı dövlət tərəfindən raket hücumuna məruz qalması artıq qırmızı xətti keçməkdir. Həm də raket hücumları Ermənistan ərazisindən, o cümlədən Gorus, Sisian, Vardenis, Cermuk və Berd şəhərlərindən həyata keçirilirsə bu birbaşa regionda sülh və sabitliyə ciddi təhlükədir.

Düşmənin məqsədi mülki əhali və infrastrukturu məqsədyönlü şəkildə hədəfə alınmaqla əhalini qorxutmaqdır. Amma bütün bunlar əbəsdir. Çünki Azərbaycan xalqı qələbə əzmi ilə yaşayır və düşmənlərin bu kimi təxribatları vətəndaşlarımızın qələbəyə köklənməsinə əngəl ola bilməz.

- Ermənistan tərəfindən mülki insanlarımızın hədəfə alınması dünya mediasında geniş işıqlandırıldı. Amma bir sıra beynəlxalq təşkilatlar bu hadisələrlə bağlı susqunluq nümayiş etdirir. Buna münasibətiniz necədir?

- Azərbaycan Silahlı Qüvvələrinin cəbhədəki zəfərləri əsgərlərimizin göstərdiyi döyüş şücaəti, qətiyyəti, məğrurluğu hər birimizə sevinc hissi yaşadır. Hazırda Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Bu gün güclü maddi-texniki baza və müasir silah-sursatla təmin olunan ordumuz məhz Prezident, Ali Baş Komandan İlham Əliyevin iradəsi və qayğısı sayəsində formalaşıb. İndi biz ordumuzda vətənpərvər, cəsur və mərd oğulların xidmət etdiyinin şahidi oluruq. Azərbaycan əsgərinin ən güclü silahı onun vətənpərvərliyidir.

Sualınıza gəlincə, qadınları, uşaqları atəşə tutan işğalçı Ermənistan bilməlidir ki, törətdiyi hərbi cinayətlərə görə mütləq cavab verəcək, atdığı hər addımın hesabını ödəyəcək. Getdikcə azğınlaşan düşmən ölkəyə qarşı beynəlxalq təzyiqlərin, sanksiyaların tətbiqi zəruridir. Hərbi müstəvidə ciddi məğlubiyyətə uğrayan Ermənistan bunun əvəzini yaşayış məntəqələrimizi vurmaq, dinc insanları öldürməklə çıxmağa çalışır. Düşmənin son təxribatı da göstərdi ki, Ermənistan atəşkəs rejiminə əməl etmək niyyətində deyil və terrorçu fəaliyyətini atəşkəs dövründə də davam etdirir. Odur ki, mülki vətəndaşları hədəfə alan Ermənistana beynəlxalq səviyyədə təzyiqlərin göstərilməsi zəruridir. Həm beynəlxalq təşkilatlar, həm dünyanın aparıcı dövlətləri, həm də region ölkələri Ermənistanın vəhşiliyinə qarşı sərt mövqe nümayiş etdirməli, terrorçu dövlətə qarşı ciddi və irimiqyaslı sanksiyalar tətbiq olunmalıdır. Həmçinin Ermənistanın silahlandırılmasının qarşısı tamamilə alınmalıdır.


608 oxunub

InvestAZ