XƏBƏR LENTİ
24 Oktyabr 2020
23 Oktyabr 2020



Gərəkdir ki, Füzulidən Şuşa qalasına qalxasan... - Kamal Abdulla yazır
YAZARLAR 10:51 / 13.10.2020

Kult.azxalq yazıçısı Kamal Abdullanın "Müharibə və onun ədəbi-bədii əks-sədası” adlı yazısını təqdim edir.

Ədəbiyyatın bir çox ilhamverici qaynaqları ola bilər.

Sevgi, gözəllik, hicran, xoşbəxtlik, firavanlıq, əzab, əziyyət… Onlardan biri də müharibədir. Ən qədim zamanlardan üzü bu yana bütün savaşların, davaların, müharibələrin insan ürəyinə vurduğu yaralar nə zamansa cümlə, yaxud misra şəklində cücərir və bu zaman ölməz əsərlər yaranır. "Bu necə baş verir” sualına hələ ki heç kim cavab tapa bilməyib. Bu, bəlkə heç lazım da deyil. Əsas olan odur ki, qılıncların, nizələrin, tüfənglərin, avtomatların, indi isə topların ucunda bir tərəfdən ölüm gəlirsə, bir tərəfdən də ölümsüzlük və məhəbbət gəlir.

Bəs bütün bunlar nə zaman sözə çevriləcək?! Nə zaman Ana Vətənin ölməz igidlər himnini söz xiridarları silah hay-küyünün kakafoniyasından arındırıb sakit, təmkinli, ötkəm, sərrast sözə çevirəcəklər?! Bu qəhrəmanların unudulmuş, simvollaşmamış halda qalmaları mümkündürmü?! Heç vədə! Heç bir zaman!

"Kitabi-Dədə Qorqud” dastanında Təpəgöz tək idi və o, Oğuz elinin suyunun qabağını kəsib ona zülm edirdi. Müasir Təpəgözün ordusu var. Topu var, müasir silahı var. Uzaq-uzaq ellərdə hayanı, "dostu” var. Təpəgözlər dünyamızda çoxalıb. Böyük dahinin dedikləri düz çıxır. Səhra böyüməkdədir.

Azərbaycan əsgəri canından keçməyə hazırdır. Bu gün bütün Azərbaycan canından keçməyə hazırdır. Vətən torpağına mərmi dəyməməsi üçün hər kəs öz bədənini irəli verib o mərmiyə sinə gərir. Təki torpağa mərmi dəyməsin. Torpağın köksü yara görməsin.

Bəs bu hər an qanımızla, canımızla taleyimizə yazılan qəhrəmanlıqlar bizim yaddaşımızda nə cür qorunmalı və üzə çıxmalıdır?! Zaman keçsə, bütün bunlar unudulmaz ki?! Öz ilkin təsirini itirməz ki?! Müharibə mövzusu bu gün niyə həyatımızda öz yerini tuta bilmir?!

Tez-tez soruşurlar, niyə bizdə hələ də müharibə mövzusunda mükəmməl əsər yazılmır, yaxud az yazılır?! Bu fikir hamını narahat edir. Mənim aləmimdə bunun bir səbəbi var.

İndi bu mövzunu işləmək heç də asan deyil. Əsgər – Murovdağda, sən burada. Əsgər – Qarabağda, sən burada. Amma hər şeyin öz vaxtı, öz vədəsi var.

Gərəkdir ki, sən özün də əsgərin ardınca Murovdağa çıxasan.

Şuşada Cıdır düzündə gəzişəsən, yalın ayağın şehə bata. İsa bulağının zümzüməsini dinləyəsən.

Ağdam bazarının uçqunları qarşısında durub nə zamansa "qədd tutmuş” canlı bazarda səslənən, indi isə bu "bazar” adlı məzarın içində gizlənmiş səsləri yerin dibindən çıxarasan, dinləyəsən.

Gərəkdir ki, Kəlbəcərin Ceyran bulağının dumanında itəsən, o duman sənin canına cənnət buludu kimi yerisin.

Gərəkdir ki, Tuğ kəndinə üz tutasan, kəndə deyəsən ki, sən niyə məni on illərlə aldatdın, mən axı sənə inanmışdım?!

Gərəkdir ki, Füzulidən ehtiyat etmədən, ayın-şayan baba evinə – Şuşa qalasına qalxasan.

Gərəkdir ki, Bərdədən üz tutub "Molla Nəsrəddin” yolu ilə, o qalın meşənin içi ilə Ağdərədən keçib Xankəndinə gələsən. Meşə də sənə minillik ağaclarının xışıltılı dərdini danışa.

Gərəkdir ki, Xudafərin körpüsünün bu tərəfində durub onun "pəncərələrini” dönə-dönə sayasan – Şimaldan Cənuba, Cənubdan Şimala. Sayasan və yorulmayasan.

Gərəkdir ki, Laçında Zınqrovlu çeşmədə üzünü… yumayasan, üzünə su çırpasan.

Gərəkdir ki, Xankəndindən Xocalıya gedən yolda sağa Malbəyliyə dönəsən və o yoldan soruşasan: burdan keçən zavallı qəriblər nə oldu, onların günahı nəydi – onların ah-naləsini o yol unutmuş ola bilməz. Əlinlə, barmaqlarınla bu yollarda sənə rast gələn ağacların qabarını sığallayasan, çiçəklərə, qarşına çıxsa "Xarı bülbülə” "salam” deyəsən.

Gərəkdir ki, əsgərin ardınca gedib bu yurdun qərib, hürkmüş künc-bucağını, dağılmış və dağılmamış evlərini, tikililərini baxışlarınla əzizləyəsən, onun don vurmuş qəddini açasan. Bu zaman sən görəcəksən, yox, sən hiss edəcəksən: odur, baxdığın yerdən sənin baxışına cavab gəldi. Səni tanıdılar. Sənin üzünə gülümsədilər. Bu zaman sən eşidəcəksən. Yox, bu eşitdiyin söz – filan olmayacaq. Sən torpağın ruhunu eşidəcəksən. Bu ruhun səsi hıçqırıq dolu bir pıçıltı olacaq. Bax, o pıçıltını eşidəndən sonra sən yaza biləcəksən.

"Nə yazacaqsan” sualını vermə. Hər kəs o pıçıltıda özünü eşidəcək. Hər kəs o pıçıltını özü bildiyi kimi yazacaq. Kimi o pıçıltıda şeir eşidəcək, kimi hekayə, kimi roman, pyes… Bax, bu olacaq bizim hər birimizin öz-özlüyündə və hamımızın birgə yazdığımız Qarabağ əsəri. Bax, bu olacaq müharibə ilə bağlı ürəyimizin qanı ilə yazılan şeirlər, hekayələr, romanlar, musiqi parçaları, rəsm əsərləri…

Belə olmasa, alınmaz.


901 oxunub

InvestAZ