XƏBƏR LENTİ
26 Oktyabr 2020



Tarixçi: Ermənistanın özü illər boyu Azərbaycanın dini abidələrini xarabalığa çevirən vandal bir ölkədir
MƏDƏNİYYƏT 10:44 / 09.10.2020

Azərbaycan Silahlı Qüvvələrinin guya Şuşada kilsəyə raket zərbəsi atması barədə yalan məlumat verən erməni mənbələri unudurlar ki, əslində, vandalizmdə ittiham edilməli tərəf Azərbaycan deyil, Ermənistandır.

Bunu Trend-ə AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Vəli Baxşəliyev deyib.

Onun sözlərinə görə, ölkəmizi dünya ictimaiyyətinə vandal dövlət kimi təqdim etməyə çalışan Ermənistanın özü illər boyu Azərbaycana məxsus dini abidələri dağıdan və xarabalığa çevirən vandal bir ölkə olub:

"Müstəqilliyinin ilk addımlarını atan Azərbaycanın nizami ordu hissələrinin olmamasından istifadə edən erməni vandalları keçmiş Sovet ordusundan ələ keçirdikləri silahlarla ölkəmizə basqın etdilər. 1992-1993-cü illərdə Dağlıq Qarabağ, onun ətrafındakı 7 rayon Ermənistanın və onun havadarlarının silahlı qüvvələri tərəfindən işğal olundu, bir milyondan artıq həmvətənimiz qaçqın vəziyyətinə düşdü. Ərazilərimizin işğalından indiyədək keçən müddət ərzində erməni vandalları xalqımızın evlərini, məzarlarını, həmçinin işğal olunmuş ərazilərdəki tarix və mədəniyyət abidələrini tamamilə məhv etdilər".

Tarixçi qeyd edib ki, Dağlıq və Aran Qarabağ Azərbaycanın ən qədim mədəniyyətlərinin beşiyidir. Fizuli şəhəri yaxınlığında olan Azıx mağarası və ondan 3 km aralıdakı Tağlar mağarası nəinki Azərbaycanda, həmçinin bütün dünyada əhəmiyyəti olan qədim abidələrimizdəndir:

"Azıx mağarası arxeoloji qazıntı adı ilə ermənilər tərəfindən məhv edilməkdə və erməni abidəsi kimi qələmə verilməkdədir. Bu abidələr işğal altında olan yeganə abidə deyil. Kəlbəcərin qayaüstü təsvirləri, Ağdam rayonunun Orta Qərvənd kəndi yaxınlındakı İlanlıtəpə, Afatlı kəndindəki Çalağantəpə, Xındırıstan kəndindəki İsmayılbəytəpə, qədim Xocalı qəbiristanlığı və yüzlərlə digər abidələrimiz düşmən gülləsinin nişangahına çevrilib. Mənfur düşmənlərimiz qədim Qarabağ abidələrində qanunsuz arxeoloji qazıntılar apararaq aşkar olunmuş maddi-mədəniyyət nümunələrini erməni mədəniyyəti kimi təbliğ etməkdədirlər. Deyə bilərik ki, erməni əlifbası yaranan vaxtdan bu mənfurlar xalqımızın mədəniyyətinə qısqanclıqla yanaşmış, onu ya məhv etməyə, ya da öz adlarına çıxmağa çalışmışlar. Hələ VII əsrdə Moisey Kalankatlının "Alban tarixi” kitabını "Erməni tarixi” adı ilə qələmə vermiş, keçmiş Sovetlər dövründə Azərbaycanın mədəniyyət abidələrinin erməni mədəniyyəti kimi təbliği səngiməmişdir".

V.Baxşəliyev deyib ki, Dağlıq Qarabağ və onun ətrafındakı rayonlar işğal edildikdən sonra onlar Dağlıq Qarabağdakı qədim türk heykəllərini erməni abidəsi kimi təbliğ etmiş, Alban kilsələrini erməni kilsəsi kimi qələmə vermiş, Azərbaycan türklərinin ulu əcdadlarına aid qoç daşları məhv etmiş, orta əsr qəbiristanlıqlarında erməni xaç daşları basdırmışlar. Fondlarında minlərlə qiymətli eksponatlar toplanan muzeylər, rəsm qalereyaları, dekorativ-tətbiqi sənət nümunələri, nadir kitablar, xalçalar erməni vandalları tərəfindən məhv edilib, qiymətli sənət əsərlərinin bir qismi satılıb, bir qismi isə beynəlxalq aləmə erməni mədəniyyəti kimi tanıdılıb.


1201 oxunub

InvestAZ