XƏBƏR LENTİ
26 Oktyabr 2020



Ölüm mələyini heyrətə gətirən qəhrəman - Nurəddin ƏDİLOĞLU yazır
YAZARLAR 17:00 / 18.09.2020

Azərbaycanın Milli Qəhrəmanı Etibar İsmayılov... Həmişə onun qəhrəmanlıq məqamı barədə düşünəndə Azərbaycanın igid oğlu, kəşfiyyatçı –partizan İkinci Dünya müharibəsinin qəhrəmanı Mehdi Hüseynzadənin 1943-cü ildə Vətəndən uzaqda yazdığı bir bəndlik şeiri yada düşür:

Süd verib, qoynunda bəslədin məni,

Mən sənin gözünə qurbanam, Vətən!

Qoymaram incidə yad ellər səni,

Bil ki, etibarlı oğlunam, Vətən!

Sanki kəşfiyyatçı Etibar İsmayılov əfsanəvi Mehdi Hüseynzadənin -Mixaylonun Vətən məhəbbətindən yaranan bu misralarını son dəfə 1994-cü ilin 4 yanvar günü pıçıldayaraq özünü köksünə sıxdığı qumbara ilə birlikdə erməni tankının altına atmışdı.

Etibar İsmayılov 29 mart 1964-cü ildə Ağcabədi rayonunun Hindarx kəndində dünyaya göz açmışdı. Atası Bəylər müəllim İkinci Dünya müharibəsinin iştirakçısı olmuşdu. 10 uşaqlı ailədə böyüyən Etibar 6 qardaşdan beşincisi idi. 1981-ci ildə məktəbi bitirdikdən sonra kənddəki Su Artezianları İstismarı İdarəsində əmək fəaliyyətinə başlayan Etibar çilingər kimi çalışdığı kollektivin dərin hörmətini qazanmışdı. Erməni işğalçıları torpaqlarımıza hücum çəkəndə o da kənddəki tay-tuşlarına qoşulub 1991-ci ilin payızında Kərkicahanın müdafiəsinə yollandı.

Torpaqlarımızın müdafiəsi uğrunda 3 il qanlı-qadalı döyüşlərdə iştirak edən Etibar minlərlə igid Azərbaycan oğullarından biri kimi işğal olunmuş ərazilərin erməni tapdağından azad olunmasına çalışırdı. 1993-cü ilin əvvəllərində Ağcabədiyə dönən Etibar həmin günlərdə rayonda yaradılan könüllülər taboruna qoşulub yenidən döyüşlərə atılır. Könüllü müdafiə taborunda kəşfiyyat qrupunun öncüllərindən biri kimi tanınır. Üstündə həmişə tank əleyhinə qumbara gəzdirən Etibar ağır əməliyyatlardan sonra bəzən bir – iki günllük doğmalarına baş çəkərdi. Anası Sürayyə xala döyüş yoldaşlarına dava-dərman aparmağa gələn Etibarı evləndirmək istəsə də, ona getmə deyə bilməzdi. Hər dəfə də Etibar anasına söz verərdi ki, müharibə qutaran kimi ailə quracaq, sevib-seçdiyi qızı Sürayyə anaya gəlin gətirəcək...

Son dəfə evlərində heç bircə gün də qala bilmədi, arxasınca maşın gələndə hamı ilə sağollaşıb yola çıxdı. Anası arxasınca su atdı. O vədələrdə erməni işğalçıları Nərgiztəpə istiqamətindən Ağcabədiyə yaxınlaşırdı. İgid döyüşçülərimiz düşmənin həmlələrini dəf edirdilər. Taqım komandiri Etibar İsmayılov əsgər yoldaşları ilə düşmən arxasına keçib, tapşırıqları yerinə yetirəndən sonra hərbi hissəyə geri dönərdi.

4 yanvar 1994-cü il... O gün kəşfiyyat dəstəsi xüsusi tapşırıq almışdı: Nərgiztəpə istiqamətində mövqe tutan düşmənin arxasına keçmək və məlumat əldə etmək. Əlli nəfərə yaxın dəstə bu mühüm tapşırığı yerinə yetirmək üçün gecə yarıdan keçmiş Nərgiztəpə yüksəkliyinə doğru hərəkət etdi. Əməliyyata başlayanda kəşfiyyat dəstəsi mühasirəyə düşdü. Qüvvələr qeyri-bərabər olsa da, dəstə geri çəkilmir. Etibar təkbaşına düşmən səngərinə hücum çəkərək döyüşçü yoldaşlarının mühasirəni yarmasına şərait yaradırdı. Bu zaman ermənilərin zirehli texnikasından atılan atəş üç döyüşçü yoldaşını həlak etdi, dörd- beş nəfərsə ağır yaralandı. Etibar vəziyyətin çıxılmaz olduğunu hiss edib, güllələri qurtardıqdan mühasirəyə düşən dostlarını xilas etmək üçün tank əleyhinə axırıncı qumbaranı əlində bərk sıxaraq, özünü düşmən tankının tırtılları altına atdı... Ətrafı güclü partlayış dalğası silkələdi. Düşmən tankı bir göz qırpımında alova büründü. Ermənilər çaşqınlıqdan qorxuya düşüb geri çəkildilər. Tankı və onun ekipajını məhv edən cəsur döyüşçünün göstərdiyi şücaət yoldaşlarının mühasirədən çıxmasına imkan yaratdı. Onlarla silah yoldaşı yaşasın deyə, özünü qumbara ilə birlikdə düşmən tankının altına atan oğulun hünəri dildən-dilə düşdü. Milli lider Heydər Əliyev onun bu qəhrəmanlığından həmin gün xəbər tutur və səhəri gün 5 yanvar 1994-cü il tarixli ilk Fərmanı ilə Etibar Bəylər oğlu İsmayılovu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görür.

İnsanda ən müqəddəs və seviləsi şey onun körpü olmasıdır. Mərdliyi ilə ölümə qalib gələn Etibar ölümü ilə körpü olmuşdu əsgər yoldaşlarına... Etibar İsmayılovun ölümün ağuşuna atılmamışdan qabaq çəkdiyi əzab gözlərinin qarşısında döyüş yoldaşlarının düşmən tankından atəşlərə bir-bir hədəf olması idi. O ölümsaçan güllələri susdurmaq üçün özünü ölümün ağuşuna atan Etibarın cəsarəti ölüm mələyini də heyrətə gətirmişdi. Müqəddəs ölümlərin doğuluşu olur. Etibar ölümü ilə milli ruhumuzu yaşadan qəhrəman kimi doğulmuşdu. Etibar İsmayılovun meyiti döyüş meydanında qaldığından məzarı yoxdur. Bu gün təhsil aldığı Hindarx qəsəbə tam orta məktəbi onun adını daşıyır.

Ölümlə həyat arasında körpü salan qəhrəmanın adı Masallı şəhərinin iki hissəyə ayıran Viləşçayın üzərində 150 metrlik piyada körpüsünə verilib. Körpünün ziyarətinə sağlığında atası Bəylər müəllim qohum-əqrabası, Ağcabədi elinin ziyalıları ilə birlikdə də gəlmişdi. Bu körpü milli qəhrəmanımızın adına el sayğısından binə tutmuşdu. Körpünün başında qəhrəmanın qara mərmər lövhədən şəkli boylanır. Etibar körüpüsü təkcə iki sahili deyil, torpağa, yurda Vətənə bağlı bütün könülləri birləşdirir. Xatirimdədir, o zaman 50 ildən pedaqoji cəbhədə çalışan Bəylər müəllim Etibar körpüsündən keçəndə belə bir dua etmişdi: "Allah bu körpüyə Qarabağ torpaqlarında tar-mar olan körpülərin taleyini qismət etməsin!”

Bəli, müharibədə təkcə insanlar deyil, ağaclar da, körpülər də şəhid olur. Çaylar, göllər əsir düşür. Müharibədə təkcə əli sılahlı vətən oğulları deyil. Dağlar da daşlar döyüşür. Şəhid olan qəhrəmanların adının işığında körpələr dünyaya gəlir, Şəhid körpülərin də əvəzinə yeniləri qurulur. Etibar körpüsü belə yaranmışdı.

...Axşamlar ayın əksi Viləş çayına düşəndə sanki üzərində körpüyə dönmüş Etibarın ruhu da Sarəngin bu ölməz misralarını pıçıldayır:

Ax, Viləş, qəbimdə qanlar tək, kamanlar tək Viləş,

Ruhuma laylay çalan sənsən kamanlar tək, Viləş!

Nurəddin ƏDİLOĞLU


2722 oxunub

InvestAZ