XƏBƏR LENTİ
26 Oktyabr 2020



Vasif Quliyevin tale yolu, bəxt cığırı - Akif Cabbarlı yazır
YAZARLAR 12:29 / 18.09.2020

Hələ tələbəlik illərindən yaxşı tanıdığım, xətrini əziz tutduğum Vasif Quliyevin gələcəkdə, yəni ömrünün sonrakı ağlı-qaralı illərində hansı ilklərə imza atacağını, təsəvvürolunmaz çətinliklərə, iztirablara sinə gərərək, ortaya çoxlarının həsəd apardığı, gücü, nəfəsi, istedadı və həvəsi yetmədiyi tədq iqat əsərləri qoyacağını açıq-aşkar duyurduq. Bu şuşalı balası əyin-başını təzələyə, övladlarının maddi, sosial ehtiyaclarını qədərincə ödəyə bilmədiyi dövrlərdə Tiflisin, Sankt-Peterburqun, Moskvanın, Bakının arxivlərində ötən yüzilliklərin toz basmış, nəfəs boğan sənədlərinin arasından bu günümüzə boylanır, tariximizi, ədəbiyyatımızı, hərb elmimizi, zadəganlıq dövrümüzü, yalnız taxtda oturub əmr verən yox, həm də at üstündə elimizin, obamızın qeyrətini çəkən, namus və şərəfini qoruyan igid şahlarımızın, xaqanlarımızın, dünyaya Azərbaycan adlı həqiqəti musiqimizin, rəngkarlığımızın, heykəltəraşlığımızın solmaz, tükənməz energetikası ilə çatdırmağa çalışırdı. O, bu əməlləri ilə haqlı olaraq öyünür, fəxr edir, qürurlanırdı. Bu gün də onun gözlərinin dərinliklərinə baxsanız, o gözlərin işığında tarixi salnaməmizə yorulmadan, tükənməz eşqlə, şövqlə yeni çalarlar gətirən, heç vaxt sönməyəcək, daha gur yanan bir atəşin parlaqlığını görə bilərsiniz.

Bu günlərdə Vasif mənə yeni kitabını – "Mehmandarovlar”ı bağışladı. Onun öz kitabına yazdığı "Son söz”ündəki bu sətirləri diqqətinizə çatdırım:

"Özümüzü bu kiçik tanıtmada son olaraq demək istəyirəm ki... Yox, son sözümü hələ demək istəmirəm, deyəcəklərim hələ qabaqdadır, hörmətli oxucu. Bu silsilədən Şuşanın şanlı nəsillərindən olan Qacarlar, Cavanşirlər, Vəzirovlar, Behbudovlar, Adıgözəlovlar, Hacıbəyovlar... boy sırasına düzülüb, sizinlə görüşü gözləyirlər. Bunlar da elə bəxtimdən mənim missiyama aiddir. Əgər dini, imanı olmayan əcəl məndən hələlik bir az gen gəzsə, onları da sizin hüzurunuza gətirəcəyəm, əziz kitabsevər dostlar”.

"Fədakar tədqiqatçı-jurnalist, publisist və naşir Vasif Quliyevin Azərbaycanın görkəmli sülalələrindən olan Mehmandarovlar barədə ərsəyə gətirdiyi bu dəyərli kitab müəllifin 40 ildən artıq apardığı axtarışların yekunudur”. Bu sətirlər də kitabın redaktoru, Əməkdar jurnalist Tahir Aydınoğlunun "Mehmandarovların Qarabağnaməsi” sərlövhəli "Ön söz”ündəndir. Doğrudan da Qarabağ xanlığının möhtəşəm və bu gün də dünyaya örnək olası tarixinə geniş spektrdə işıq salan məşhur "Qarabağnamələr”dən sonra həmin ictimai-siyasi və etno-mədəni irsin davamının nadir bir parçasını əks etdirən nəslin tale yoluna həsr olunmuş "Mehmandarovlar” kitabı qiymətli bir tarixi mənbə kimi olduqca dəyərlidir. Qarabağın ictimai-siyasi həyatında silinməz, təkrarsız izlər qoyan Sadıq bəy Mehmandarov, Səməd bəy Mehmandarov, Mixail Dmitriyeviç Mehmandarov-Tuşinski, Sürəyya xanım Mehmandarova, Nağı bəy Mehmandarov, Rəşid bəy Mehmandarov və digərlərinin həyat yolunu, yaşam tərzini, fəaliyyət sferasını təkzibedilməz faktların müşayiəti və şirin təhkiyə ilə oxucuya çatdıran Vasif Quliyev yorulmaz tədqiqatçı və yazıçılıq missiyasını uğurla həyata keçirməyə nail olmuşdur. O, bu nəşri hazırladığı dövrdə bu soyadı daşıyan bir çox insanlarla görüşmüş, onların xatirələrini dinləmiş, arxiv sənədlərini saf-çürük etmişdir. Vasif bütün bunları haqlı olaraq özünün tale yolu, bəxtinin cığırı, həyatının mənası, əsl mahiyyəti hesab edir.

Mehmandarovların bu kitabda təqdim olunan şərəfli həyat yolu bir daha sübut edir ki, xan ailəsi mənfur ermənilərin hiyləsi və hakim dairələrin qəddarlığı ilə məhv edilib sıradan çıxarıldığı zaman xanlığın yüksək çinli məmurlarının, elitar nümayəndələrinin ailələri yeni şəraitdə də üstün mövqelərini qoruyub saxlamaq üçün yeni tipli məktəblərdə oxumuş, hərb sahəsində və inzibati idarəçilikdə fəaliyyətlərini davam etdirməyi bacarmışlar. Elə buradaca xatırladaq ki, Azərbaycan xanlıqlarının, o cümlədən Qarabağ xanlığının idarəetmə sistemində bir çox mülki və hərbi vəzifələri yerinə yetirən saray məmurları vardı. Həmin mülki vəzifələrdən biri də "mehmandar” adlanırdı. Bu söz fars mənşəlidir və mənası "qonaqpərvər”, "qonaqsevər” deməkdir.

Bu günlər Vasif Quliyev çox qayğılı görünür. Səbəbini soruşsanız, ilk olaraq "Qarbağ ensiklopediyası” üzərindəki yaradıcılıq işlərindən həvəslə danışacaq. Mən də şəxsən çox inanıram ki, Vasif müəllim tezliklə digər kitabları, elmi-publisistik məqalələri ilə yanaşı, bu nəşr üzərində də işini tamamlayacaq və Şuşanın, bütövlükdə Qarabağın tarixi keçmişinə geniş anlamda nəzər salacaq, oxucuların və araşdırıcıların bir çox məsələlərdə konkret və aydın qənaətə gəlməsinə yardımçı olacaq.

Vasiflə hər görüşümüzdə ondan nə isə öyrənmək, nələri isə qətiləşdirmək şansı qazanırıq. Konkret özümü nəzərdə tuturam. Yeni kitabı barədə uzun-uzadı yazmaq fikrində də deyildim. Onun əsərlərini, konkret desək, "Mehmandarovlar”ı oxumaq istəsəniz, heç birinizdən əsirgəməz. Əksinə, Qarabağ barədə, Şuşa haqqında daha nələrisə öyrənmək, dəqiqləşdirmək fikrinə düşənlərə kitablarını bağışlayar, hələ üstəlik ətirli çaydan nuş edə-edə şipşirin söhbətlərinə də qonaq edər. Bu, yalnız mənim qənaətim deyil.



1360 oxunub

InvestAZ