XƏBƏR LENTİ
22 Sentyabr 2020
21 Sentyabr 2020



İSTƏK - Əbülfət MƏDƏTOĞLU yazır
YAZARLAR 12:49 / 12.09.2020

Problemsizlik arzusu

Bütün hallarda bir gerçək var – onu heç kim dana bilməz. Bu gerçək də ondan ibarətdir ki, insan varsa, insan yaşayırsa, deməli, problem də var və bu problem də hansı yolla olur-olsun çözülməlidir. Amma...

Amma bu çözülmənin özü də bəzən əlavə problem yaradır. Belə ki, çözmək üçün vaxt, maddi imkan, fiziki güc və təbii ki, həm də şərait lazımdı. Elə buradaca əlimi ürəyimin üstünə qoyub etiraf edirəm ki, yalnız saydığım şərtlərdən biri mənim üçün əl çatandı. O da vaxtdı. Necə deyərlər, nə qədər sürətlə qaçsa da, vaxt sarıdan bəxtim gətirib. Yəni bəxtə qarşı naşükürlük indi bu mənada ağlımın ucuna da gəlmir. Əgər gəlsə, onda qarşımı kəsib deyərlər ki, bu boyda gen-bol vaxtın var, otur, məsələni çöz. Mən də bu haqlı iradın qarşısında yalnız və yalnız susmalı olacam. Məhz belə olmasını istəmədiyim üçün hər şeyi, hətta ömrümü də zamanın axarına tapşırmışam. Günlər, anlar ötüb gedir, ömür də onun içində. Və bu gedən ömürdən nə qalacaq, necə qalacaq, onu həyat göstərər. Necə deyərlər, yaşayarıq, görərik.

Bəli, deyəcəksiniz ki, yaşamaq hansı ölçüdə, hansı anlamdadı? Mən də cavab verməyəcəm. Ona görə ki, yaşamaq hər kəsin öz haqqı olmaqla bahəm, həm də öz arşınına görədi. Mənim isə arşınım elə xəlbirim kimi öz işini görüb bitiribdi. Yerdə qalıb saymaq. Darıxanda o sayla məşğul oluram. Saydıqca da görürəm ki, nələr itirmişəm, nələri güdaza vermişəm, nələr qaçırmışam və nələrə də hazır olmamışam. Üstəlik, bunların içərisində necə təklənmişəm, necə ağrımışam, necə üzülmüşəm. Onda üzümü Allaha və sənə tutmuşam, onda mömin də olmuşam, asi də. Elə bu yazını diqtə etdiyim anda da içimdəki həmin o hisslər misralanıb şeirə çevrilib. Yazmışam ki:


Kökləyir süzülən baxışlarıyla

Dizinin üstündə yar ürəyimi...

Edir,həsrət vuran naxışlarıyla –

Pərdəsi dəyişən tar, ürəyimi...


Mən ki, öyrənmişəm şehin dilin də

Ən həzin, ən xəfif mehin dilin də...

Amma aradakı "eh”in dilin də -

Üşüdür bu şaxta, qar, ürəyimi...


Suallar dolu tək ələnir, yağır

Sualmı, yoxsa ki, cavabmı ağır?

Harda olduğunu bilməkçün axır –

Götür, öz əlinlə yar, ürəyimi...


Çiçək açılıbsa solacaq deyib

Bütün olmuşalara olacaq deyib...

Özün öz ruhuna ol, ocaq! – deyib –

Sıxma bu xal düşmüş nar, ürəyimi!


Ruhun pıçıltısın telin, demirsə

Vücudun istəyin əlin, demirsə...

Gözün söylədiyin dilin demirsə -

Eləmə, bu qədər xar, ürəyimi...

***

Günlərin axarını izləyə-izləyə qocalıq yükünə tərəf əyilirəm. Düzdü, bu yük o qədər də ağır deyil. Çünki həyatın qarşıya qoyduğu saysız-hesabsız suallar, gündəlik məsələlər və onların barəsində düşünmək adamı o yükə diqqət ayırmağa qoymur. Özün öz yükünü çəkmək istəyini də, məsuliyyətini də beləcə, qatıb qarışdırırsan bir-birinə. Hələ bu məqamda əlavə qohumun-qonşunun, dostun, tanışın gözlənilməz arzuları, istəkləri, umacaqları, hətta ərkləri də gəlib qarışır həmin o əvvlədə dediklərimə. Və beləcə, anlaşılmaz bir mənzərə yaranır, ovqat ortaya çıxır. Və sən də itib-batırsan onun içərisində. Nəticədə yenə yazının əvvəlində dediyim hər şeyi zamanın axarına buraxmaq ipucu keçir adamın əlinə. Əslində bu, şəxsən mənim üçün bir xilas olur, qurtuluram elə bil özüm-özümdən. Həmin qurtuluş da bir kənara çəkilməyə, bir kitabla, bir şəkillə, bir xatirəylə baş-başa qalmağa qapı açır. Mən də keçirəm o qapıdan, başlayıram daha çox o şəkillə, o xatirəylə danışmağa. Səsimi isə bir o xatirə, bir o şəkil, bir Allah, bir sən, bir də özüm eşidirəm. Çünki bu, ruhumun səsidi. Ruhun səsi də yalnız onu duyan üçün, onu gözləyən üçün, onu dinləmək istəyən üçün maraqlı və gərəkli olur, həm də eşidilir. Necə ki, mən sıxılan buluda baxıb etdiyim xəyalları, bənzətdiyim anları, mənzərəli sözə çevirirəm, yaddaşıma hopdururam. Və sonra da başlayıram misralamağa. Həmin misralar da yenə şəkillərə, Allaha və sənə oxunur. Çünki bu amacla, bu məqsədlə yazılır misralarım...


Bulud sıxır pəncərəmə gözlərin

Səbrim çatmır damcıları saymağa...

Cilalayıb mən ruhumu sözlərin –

Çıxarıram göy üzünə - yaylağa...


Yağış səsi bu halıma züy tutur

Ovsunlayıb elə bil ki, təbimi...

Ətrafımı bir qəribə küy tutur –

Vərəqləyir ilıq bir əl qəlbimi...


Körpü olur ilkdən sona xəyalım

Keçirirəm o körpüdən cismimi...

Sən gələndən ,ay ayağı sayalım –

Ümid! – dedim sevgilimə ismimi...


Bu sıxılan buludları sərməyə

Pəncərəmi, qollarımı açıram...

Onun üçün topa bulud dərməyə -

Mən içimdə - üzü göyə qaçıram...

***

Hər bir istəyin təkcə konkret ünvanı, məqsədi yox, həm də onun ifadə edilmək müstəvisi olmalıdı. Yəni nəyə can atırsansa, nəyi əldə etmək istəyirsənsə, onu konkret bir məkanda, bir nöqtədə özün üçün xəyalən qurmalısan, yaratmalısan, onunla ruhi bir təmasın olmalıdı. Əgər təmasına səndən qopan impulslara cavab gələrsə, onda həmin o istəyə, o məqsədə doğru daha inamlı hərəkət etmək labüddür. Məhz bundan sonra adamın içində də inam, qətiyyət daha fəal olur, daha çox inadkarlıq göstərir. Əgər bu xəyali, o ruhi təmasın sənə heç nə vermirsə, onda boş-boşuna güc sərf edib, zaman itirmək ən azından ağılsızlıqdı. Daha doğrusu, xalq şairi Səməd Vurğun demişkən, "ağılsız köpəklər ulduza hürər”. Mən bu bənzətməni heç kimin boyuna biçmirəm. Sadəcə olaraq, içimdən keçdi və məqamı gəldi, ona görə də dilə gətirdim. Qaldı ki, istəyə, onda belə demək daha doğru olar: gərək istək gücünə və imkanına, xüsusilə haqqına uyğun gəlsin. Yəni haqq etdiyin nədisə, onu istəmək məncə daha ədalətli yanaşmadı.

Çox təəssüf ki, bu günün reallığı dediklərimi tamamilə alt-üst edir. Yəni həm siyasi, həm mənəvi müstəvilərdə oynanılan şahmatlar daha çox qaydasız döyüşləri xatırladır. Hər kəs hardan gəldi, necə gəldi, necə bacardı, o cür də oynayır. Bu xaotik rəqs indi "taymaut” götürmüş toylarımızı xatırladır. Gözünüzün önünə gətirin, kimsə mahnı sifariş edir, bütün toy əhli tökülür ortalığa, hər kəs öz havasını oynayır, səslənən isə sifarişçinin musiqisidi. Bundan zövq almaq özü də elə məncə zövqsüzlüyün gözəl bir göstəricisidir. Amma neyləyək ki, bütün toylardan sonra hamı bu məsələdən danışır və sonra da unudur. Növbəti toyda da yenə həmin mərəkə davam edir. Nə isə...

Söhbətin mahiyyəti ondan ibarətdir ki, şəxsən mən bu günün reallığında daha çox 3 istəyimi özümə, doğmalarıma, dostlarıma, bütövlükdə tanıdığım hər kəsə arzu etmişəm. Bu da can sağlığı, evində, ailəsində maddi-mənəvi təminat və nəhayət, özümün sonunu doğulduğum kənddə, torpaqda görməkdi. Deyə bilərsiniz ki, bu qədər bəsit istəklə yaşamaq olar? Sizi əmin edirəm ki, bu mənim üçün heç də bəsit istək deyil. Bu, sadəcə, gücümə və haqqıma hesablanmış bir istəkdi. Ümumiyyətlə, insan yaşlandıqsa doğma torpaq, doğma ünvan onu daha çox səsləyir, daha çox özünə çəkir, uşaqlıq xatirələri daha çox yuxuya ayaq açır. Və mən də həmin o istəyimin, o xatirələrimin, o uşaqlığımın ətəyini bərk-bərk tutmuşam. Və hətta sənin mənə etdiyin mesajı da yaddan çıxarmamışam. Sən sözarası ruhuma pıçıldadın ki:


Bəlkə yazmayasan daha sevgini

Üzə "sevgimiz” yox, "sevgini” – dedi...

Mənim xəyal belə etmədiyim söz –

İçimi qurd kimi gəmirib yedi...


Günümün, ömrümün bu "şoku” oldu

Min yerdən ələndi üstümə sual...

Didəm qəm yatağı lilləndi, doldu –

Bir hind filmi idi yaşanan bu hal –


Bəlkə yazmayasan... yozumu sonsuz

Fikrin çözümünü gözlə soruşdun...

Belə göründü ki, illəri boşa –

Mən ürək əridib çənə yormuşdum...


Yoxsa yaşatdığın halın özü də

Gerçəkdən qurtulmaq, qacmaq cəhtidir?

Sənin söylədiyin sevgi sözü də -

Mənim yaşadığım eşq şəhididi!

***

Yazımın əvvəlində vurğulamışdım ki, insan olduğu hər yerdə problem də var. Yəni problem dağın, daşın deyil, adamındı. Və bunu da daha çox adam özü yaradır. Bax, işdə də, evdə də hər dəfə məni əsəbləşdirən, özündən çıxaran dayandığım, durduğum yerdə mənə yaradılan problemlərdi. Bildi-bilmədi, haqlı-haqsız hər kəsin iddiası çevrilir problemə, durur gözümün önündə, yolumun üstündə. Mütləq yeriyəndə, hərəkət edəndə ona toxunmalısan, onun yolundan çəkilməyə vadar etməlisən. Beləcə, bir də görürsən ki, nə qədər əsəb yaşamısan, enerji itirmisən. Hansı ki, hər kəs öz işinin üstündə olsa, öz yerini bilsə, özünə aid işlə məşğul olsa, onda heç kəs əsəbləşməz, heç kəs problem yaşamaz. Amma təəssüf ki, mənim bu yazdıqlarım boşuna deyilmiş söz, boşluğa atılmış güllədi...

Bütün bunların mahiyyətinə varmaq o qədər də çətin deyil. Əgər içində iynə ucu boyda da olsa, halal, düz, insani keyfiyyət olsa, onda mənim qabartdığım məsələni çözmək su içmək qədər asan olar. Burada onu da xatırlatmaq istəyirəm ki, söhbət boğazı yaralı, sarılmış, yəni boğazı sağlam durumda olmayan adamları su içmək məsələsinə qatmıram. Sırf normal, sağlam adamları nəzərdə tuturam. Onlar da ki, elə mənim özüm durumdadı, gündədi. Deməli, qabartdığım, gündəmə gətirdiyim məsələ də havada, boşluqda qalacaqdı. Nə isə...

Hə, bu da qovduğum, ətəyindən tutub bir əlçimini sözə çevirə bildiyim zamanın beş-üç cümləlik yazısı. Mən bu yazını ümidsiz notlarla bitirmək istəmirəm. Ona görə də üzümü Allahıma və yenə də Sənə tutram. İstəyirəm sizə bəlli olan xatirələrimin ünvanından bir şeir pıçıldayam. Yazam ki:


Saçlarında ötüb gedən ay izi

Silə bilmir Günəş, nə də Ay izi...

Varlığında hopub qalıb, say, izi –

Nağıl kimi oxumuşam şəklini...


Havalanan ruhum coşub, oynayıb

Nəfəs belə almağa da qoymayıb...

Gözlərimə köçürməkdən doymayıb –

Ürəyimə toxumuşam şəklini...


Təbəssümü, qaranlığı yaran nur

Pıçıldayım, sən də dinlə, xəyal qur!

Görərsən ki, ürəyimə yavaş vur –

Sındırmışam, toxumuşam – şəklini...


Dözümündən fərəhlənib eşqimin

İzinə də dəyməmişəm heç kimin!

Öz dünyamın, sənə bəlli köşkünün –

Himni kimi oxumuşam şəklini!


Bəli, hələlik bura qədər. Çalışaq bir-birimizə problem yaratmayaq...


2243 oxunub

InvestAZ