XƏBƏR LENTİ
22 Sentyabr 2020
21 Sentyabr 2020



MUSİQİ RUHUNDAN DOĞAN ÜMİD
MƏDƏNİYYƏT 16:39 / 09.09.2020

İrfan elmi dairələrində belə bir fikir mövcuddur ki, musiqi insandan öncə və sonra var olan təbiət fenomenidir. Bəstəkarlar isə kainatdakı səsləri duya və ustalıqla nota yaza bilən Tanrı tərəfindən seçilmiş fövqəlbəşərlərdir. Lakin bizim dünyamızda musiqi, musiqi yaradıcılığı sisteminin mühüm tərkib hissəsi olan, ifaları ilə əsərə daha böyük duyğusallıq, həssaslıq, canlılıq, anlaşıqlılıq, bədii tərtibat və obyektiv gerçəkliyi tanımağın yeni yollarını aşılayan ifaçı-musiqiçilər sayəsində yaşayır.

Belə musiqiçi və ifaçılardan biri də otuz ildən artıq fortepiano ifaçılıq sənətinin klassik ənənələrini qoruyan Bakı Xoreoqrafiya Akademiyasının müəllimi və pianoçu-konsertmeyster Sevda xanım Axundovadır.

O, Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil alıb, oranı fərqlənmə attestatı ilə bitirdikdən sonra, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında ali təhsil almış, Əməkdar incəsənət xadimi, professor Fəridə Quliyevanın sinfini fərqlənmə diplomu ilə bitirmişdir. Burada konsertmeyster ustalığını görkəmli pedaqoq Nailə İbrahimovadan, kamera ansamblı ifaçılığını isə Xalq artisti Tofiq Bakıxanovdan öyrənmişdir. Konservatoriyada təhsil aldığı müddətdə respublikanın və SSRİ-nin bir çox rayon və şəhərlərində qastrol səfərlərində olmuş, solo, duet və ansambl ifaları ilə çıxış etmişdir.

Konservatoriyanı bitirdikdən sonra təyinatla Əli-Bayramlı şəhər musiqi məktəbində müəllim kimi əmək fəaliyyətinə başlamışdır. Sevda xanım 1988-ci ildən Bakı Xoreoqrafiya Məktəbində (indiki Bakı Xoreoqrafiya Akademiyasında) müəllım-konsertmeyster vəzifəsində çalışır.

Sevda xanım öz yaradıcılıq yolu və ifaçılıq ustalığından əlavə, ifasının obyekti və predmetində ehtiva olunan vacib spesifikliklə fərqlənir. O, peşəkar ifaçılıq və ümumiyyətlə, konsertmeyster sənətinin universal tələbləri baxımından son dərəcə çətin və məsuliyyətli olan klassik rəqsin musiqi müşayiətini gerçəkləşdirir. Bundan əlavə, Sevda xanımın, Azərbaycan baletinin dünya şöhrətli priması, SSRİ Xalq artisti Leyla Vekilova ilə uzunmüddətli işbirliyi onun təbii və peşəkar keyfiyyətlərinin inkişafına, onun ifaçılıq məharətinin təkmilləşməsinə və yaradıcılıq yüksəlişinə xidmət etmişdir.

Leyla Vəkilova ilə işlədiyi müddət ərzində Sevda xanım müxtəlif baletlərin orkestr partiyalarından fortepiano üçün işləmələr və çoxsaylı not köçürmələri həyata keçirmişdir. Ayrıca olaraq, Sevda xanım SSRİ Xalq Artisti Qəmər Almaszadə, Azərbaycan Respublikasının Xalq artisi Xumar Zülfüqarova, Əməkdar artistlər Ramazan Arifulin, Tamilla Məmmədova və xoreoqrafiya sənətinin digər görkəmli xadimləri ilə uğurla işləyərək, nəinki klassik, həm də xalq səhnə, tarixi-məişət və Azərbaycan rəqslərini mahircəsinə müşayiət etmişdir. Adları çəkilən müəllimlər onun ifa bacarığını və musiqi müşayiətindəki nailiyyətlərini yüksək qiymətləndirmişlər. Qeyd etmək lazımdır ki, hər hansı bir görkəmli konsertmeyster rəqsi düzgün şəkildə müşayiət etmək iqtidarına malik deyil. Lakin rəqs sinifində çalışan peşəkar konsertmeyter xoreoqrafla yanaşı bərabər hüquqlu rəqs müəllimi hesab edilir.

Sevindirici haldır ki, Sevda xanımın bu cür nailiyyətləri nəzərdən qaçmamışdır. 2009-cu ildə o, Bakı Xoreoqrafiya Məktəbinin 80-illik yubileyi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.

Sevda Axundova Bakı Xoreoqrafiya Akademiyasında fortepiano ixtisasının tədrisi ilə də məşğuldur. Eyni zamanda iyirmi beş ildən artıq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) də müəllim işləmişdir. Burada fortepiano üzrə ixtisas fənnini tədris etmişdir. Sevda Axundovanın bu ixtisas üzrə təhsil alan tələbələri beynəlxalq festivallarda fəal iştirak etmiş və müvəffəqiyyət qazanmışdır. ADMİU-da ilk dəfə olaraq Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyevin rəhbərliyi, Azərbaycan Respublikasının Əməkdar artisti Zakir Ağayevin təşəbbüsü ilə Xoreoqrafiya sənəti kafedrası təşkil olunandan sonra Sevda Axundova burada iyirmi il ərzində "balet klavirinin analizi" fənnini, bir müddət sonra isə yeni açılmış Musiqi sənəti fakültəsində fortepiano fənnini paralel olaraq tədris etmişdir.

O, 2000-2015-ci illərdə İGMİD (Rəqqas və Musiqiçilərin Beynəlxalq Gildiyası) (Stokholm) cəmiyyətinin üzvü olmuşdur. S.Axundova 2012-ci ildə Kiyev şəhərində "Şərqi Avropada təhsil almış tələbə - məzunlar" ictimai birliyi tərəfindən təşkil olunmuş tədbirdə konsert proqramı ilə çıxış etmiş və həmin ictimai birliyin təşkil etdiyi müxtəlif xeyriyyə tədbirlərində fəal iştirak etmişdir.

2014-cü ildə mədəniyyət və musiqi sahəsində xidmətlərimə görə "Şərqi Avropada təhsil almış tələbə - məzunlar" ictimai birliyi tərəfindən fəxri fərmana layiq görülmüşdür. Habelə, Polşa və Macarıstanda keçirilən beynəlxalq musiqi müsabiqəsində S. Axundovanın tələbələri müxtəlif qalib yerlərin laureatları olmuş və o, həmin müsabiqələr çərçivəsində Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert proqramları ilə çıxış edərək, hər ikisində "Müsabiqənin ən yaxşı müəllimi" adına layiq görülmüşdür.

2016-cı ildə S. Axundova Qəmər Almaszadə adına Klassik və Milli Rəqs üzrə I Beynəlxalq müsabiqədə iştirak etmiş, müsabiqə zamanı Rimski-Kirsakovun "İspan kapriççiosu" fraqmentlərini və moldavan xalq rəqsini fortepiano üçün işləyərək, səhnədə təqdim olunan rəqs canlı olaraq müşayiət etmişdir.

Konsert fəaliyyəti Sevda xanımın həyat və yaradıcılığının ayrı bir səhifəsidir. Hər hansı bir konsert - görülən işlər barədə bir növ hesabatdır və bu cür "hesabatlarla" Sevda xanım tez-tez çıxış edir.

Eyni zamanda dünyanın müxtəlif ölkələrində konsert proqramları, müəllif konsertləri təşkil edərək, o, vətənimiz Azərbnaycanı layiqincə təmsil etmişdir.

2019-cu ildə Bakı Xoreoqrafiya Akademiyasının 90 illik yubileyi çərçivəsində Sevda Axundovanın təşkilatçılığı ilə keçirilən konsertdə onun bakalavriat səviyyəsində təhsil alan tələbələri Azərbaycan bəstəkarlarının balet musiqisindən ibarət geniş proqramla çıxış etmiş, bununla da xoreoqrafiya sahəsində fortepiano ifaçılığı üzrə yeni uğura imza atmışlar. Bu gün Sevda xanım böyük məmnunluq hissi ilə Bakı Xoreoqrafiya Akademiyasında işləyərkən həm biliklərini, həm də illər boyunca topladığı təcrübəsini şagird və tələbələrinə ötürür. Həm orta, həm də ali təhsil pilləsində "fortepiano" fənnini tədris edən Sevda xanım, şagird və tələbələrinə təkcə ifaçılığı deyil, həm də ətraf mühiti hiss etməyi, onu düzgün qavramağı və dərk etməyi də öyrətməyə çalışır.

O, tələbələrinə təbii potensiallarının dərinliklərinə, yaradıcılıqlarıına diqqət yetirməyi və tamaşaçıları hiss etməyi öyrənmək imkanı yaradır. Sevda xanım əmindir ki, məhz bu üsulla peşəkarlıq yoluna qədəm qoymaq mümkündür.

Bu gün Sevda xanım Axundovanı həqiqətən ən yaxşı fortepiano müəllimlərindən və müasir dövrümüzün ən nadir müəllim-konsertmeysterlərindən biri adlandıra bilərik.

Sənət, elm, eləcə də ədəbiyyatın müxtəlif sahələrindəki dərin biliyi, yüksək əxlaqi keyfiyyətlər və mənəviyyat, zəngin iş təcrübəsi Sevda xanımın iştirakı ilə hər bir dərsi daha da məzmunlu edir.

Sevda xanım Axundovanın fəaliyyətini təhlil edərkən, bir daha əmin oluruq ki, onun missiyası yüksək keyfiyyətli musiqi ifa etmək, gənc nəslə düzgün ifa etməyi öyrətmək və bununla da Azərbaycan fortepiano ifaçılıq sənətinin ənənələrini qorumaqdır.

Musiqi həyat və kainatı dərk etməyin vasitələrindən biri və birincisidir, bu səbəbdən musiqi ifaçıları öz ifaları ilə musiqi ruhundan doğan ümidin bələdçiləridir.


Əbülfəz Babazadə,

Azərbaycan Jurnalistlər

Birliyinin üzvü


2196 oxunub

InvestAZ