XƏBƏR LENTİ
16 May 2022
15 May 2022



Özü yıxılanı həyat bağışlamır... - Arzu Kazımqızı Nehrəmli yazır
Ədəbiyyat 09:27 / 07.09.2020


Bədii əsər, xüsusilə həyatı daha əhatəli əks etdirən irihəcmli roman estetik tərbiyə qaynağı olmaq, insanlarda gözəllik hissi aşılamaqla yanaşı, həm də oxuyanlara ibrət vermək, gör-götür dünyasında baş verənlərdən, özgələrinin həyatından, yüksəliş yollarından, eləcə də səhvlərindən nəticə çıxartmaq imkanı yaradır. Məhəbbət İbrahimovanın "Ömürdən qurban olmaz” romanının başlıca keyfiyyətini də bu məqamda axtarmaq lazım gəlir. İxtisasca mühəndis olan, bədii yaradıcılığa zəngin həyat təcrübəsi qazanandan sonra başlayan Məhəbbət xanım romanda öz qəhrəmanının ibrət dolu həyatının eniş-yoxuşlarını əks etdirir...

Gülşah adında bir qızın həyat hekayəsinin təqdim olunduğu roman yuxugörmə ilə başlayır. İllərin o başında hələ dünyanın qayğılarından uzaq, zamanın isti-soyuğunu görməmiş bir qız uşağının sanki rəsmdə canlandırılmış portretini görürük. Gələcəkdə rəssam olacaq bu qız dənizin mavi mənzərəsi fonunda narın kəhrəba qumun üstü ilə sahilboyu qaçır. Bu tablodakı sətiraltı məna oxucunun nəzərindən yayınmır: qız gələcəyə gedir, onun ömür yolu hələ qabaqdadır. "O, birdən-birə durdu, başını yuxarı qaldırıb buludları seyr etdi. Topa buludlar ağappaq, bəziləri də azacıq mavi idi. Qızcığaz başını aşağı salmadan yoluna davam etdi. Bu dəfə, həqiqətən, özünü səmalarda hiss edirdi. Arxadan anasının səsi onu xəyallar aləmindən ayırdı:

- Gülüm, ayağının altına bax, yıxılarsan...”

Kübar bir ailədə dünyaya gəlmiş, yaxşı insanların əhatəsində böyümüş Gülşah orta məktəbi bitirəndən sonra ömrünü rəssamlıq sənətinə bağlamağı qərara alır, İncəsənət İnstitutuna daxil olur. Xəyal dünyasından ayrıla bilməyən Gülşahın qarşısında ali məktəb mühiti yeni üfüqlər açır. Onu tezliklə ictimai işə cəlb edirlər. İnstitutun komsomol təşkilatının rəhbəri Raufla ünsiyyəti yaranır.

Bundan sonra Gülşahın həyatının yeni bir mərhələsi başlayır. O həm zahiri yaraşığı, həm ictimai fəallığı, həm də dərslərə münasibəti ilə fərqlənən Raufa vurulur, daim onun xəyalları ilə yaşayır...

İlk baxışda hər şey təbii görünür. Gülşahın nə xəyalpərvərliyində, nə çılğın sevgisində bir qəbahət axtarmaq olar: o, nazir qızı, çalışqan tələbə, gözəl gələcək vəd edən istedadlı rəssam olmaqla bərabər, həm də həssas ürək sahibidir. Ürəyin hökmü isə onu daim ucalmağa, öz xəyallarının səmasına yüksəlməyə təhrik edir. Gülşahın faciəsinin ilk rüşeymləri də bu məqamda üzə çıxmağa, özünü göstərməyə başlayır: gözü yüksəklərdə olan Gülşah ayağının altına baxmağı unudur. Ayağının altında isə onun özünün görə bilmədiyi dərin quyu var...

Gülşah ətrafındakı insanlara, eləcə də bütün varlığı ilə sevdiyi Raufa öz əxlaqının, öz mənəvi dünyasının, ürək saflığının gözləri ilə baxır. Ona görə də həyatın ağını qarasından daha aydın seçən, həyata ayıq gözlə baxmağı bacaran yaxın rəfiqəsi Raziyyənin dediklərini vaxtında ciddi qəbul eləyə bilmir. Xüsusilə qızlarla münasibətdə yüngül davranışlı Raufun hərəkətlərindəki eybəcərlikləri nə özü görür, nə də bu barədə deyilənlərə məhəl qoyur. Saf ürəklə sevdiyi Raufla xoşbəxt ola biləcəyini düşünür.

Əsərdə müəllifin qaldırdığı tərbiyəvi problem öz psixoloji başlanğıcını bu ziddiyyətdən götürür: Gülşahın xoşbəxtlik anlayışı ilə Raufun xoşbəxlik anlayışı, bu anlayışların fəlsəfəsi bir-birindən fərqli və uzaqdır. Əslində, bu anlayışların ikisinin bir araya gəlməsi mümkün də deyil, biri o birini inkar edir. Çox tezliklə məlum olur ki, Rauf üçün həyatda xoşbəxt olmağın düsturu qarşıya qoyduğu məqsədə başqasının çiyinləri üstündən çatmaqdır.

Raufu Gülşaha bağlayan onun gözəlliyi, qabiliyyəti, mənəvi keyfiyyətləri deyil, nazir qızı olmasıdır. Raufun əqidəsinə görə, Gülşahın valideynləri qızlarının xatirinə onun bütün problemlərinin həllini öz üzərlərinə götürməli, o, qayınata-qayınana qoltuğunda istədiyi hər şeyə nail olmalıdır. Qoltuq altında yaşamağı həyat fəlsəfəsinə çevirən Rauf yalnız fərdi xarakterinin deyil (bu amili də göz ardına vurmaq olmaz!), ictimai mühitin qurbanıdır. Onda bu ələbaxımlıq, asılılıq psixologiyasını yaradan səbəblərdən biri də cəmiyyətdəki naqislikdir. Həmin naqislik sovet gerçəkliyinin insanlar arasında yaratdığı münasibətlərdən gəlir. Zahirən hər kəsin bərabər olduğunun təbliğ edildiyi cəmiyyətdə dərin təbəqələşmə var idi. İnsanlar arasındakı münasibətlər, təbəqələşmənin yaratdığı əxlaqi sarsıntılar həyatda bir-birinə zidd olan kəskin qütblərin yaranması ilə müşayiət olunurdu. Bu təbəqələşmə bəzən sevib-sevilmək kimi ülvi insan hisslərindən də yan keçmir, insanların taleyini öz toruna salırdı.

Mənəvi dəyərlərin qorunmasına üstünlük verən ictimai düşüncə isə buna əks reaksiya verir, müqavimət göstərirdi. Yüksək vəzifə sahiblərinin övladlarına münasibəti sağlam məntiqdən, real həqiqətdən daha çox, onların haqqında yaranan təsəvvür idarə edirdi və bu təsəvvür həmişə düzgün olmurdu.

Romandakı hadisələrin baş verdiyi illərdə Nüsrət Kəsəmənlinin məşhur bir şeirində sevən gənc oğlanın insanlıq qüruru ilə nazir qızının təkəbbürü qarşılaşdırılır və insan qüruru daha üstün tutulurdu:

Ayrılaq, unudaq kədəri, yası,
Könlüm dediyini söyləyir dilim.
Səni nazirliyin qara "Volqa"sı,
Mənisə ehtiyac gözləyir, gülüm...

Raufun qarşısına çıxan nazir qızı təkəbbürdən uzaq olsa da, Rauf qürur haqqında düşünmür. Saf və təmiz məhəbbətlə sevən nazir qızı (bu, bir başqası, məsələn, pullu mağaza müdirinin qızı da ola bilərdi!) ilə yaxın olmaq, məqsədli evlənmək həvəsi onu oxucunun gözündə daha da eybəcərləşdirir. Nazir qayınatanın hesabına hər şeyə nail olacağını düşünən Raufun oxu daşa dəyir. Romandakı nazir Şahsuvar Kazımov cəmiyyətin təsəvvüründəki vəzifə sahiblərindən fərqlidir, Sovet rejimi üçün istisna təşkil edən insanlardandır. Həyatındakı bütün nailiyyətləri dişi-dırnağı ilə qazanmış Şahsuvar müəllim halal zəhməti ilə yaşayır. Yeganə övladını da halal böyüdüb. Şahsuvar müəllimin yüksək tutduğu mənəvi dəyərlər gözünü qoltuq altına girməyə dikən insanın həyat fəlsəfəsini inkar edir.

Gülşahla evlilikdən umduqlarını əldə edə bilməyən Raufun iç üzü açılanda, həm Gülşah, həm də oxucu onun əsl kimliyini tanıyanda isə artıq gec idi, olan olmuş, keçən keçmişdi...

Yaradıcılığında mənəvi dəyərlərin təbliğinə üstünlük verən Məhəbbət İbrahimovanın "Ömürdən qurban olmaz” romanının tərbiyəvi əhəmiyyəti bu nöqtədə ümumiləşdirlib. Romanda təqdim olunan ibrətli tale hekayəsi Gülşah kimi həyatın astanasında olan gənc qızlara xəbərdarlıqdır. Əsərdən çıxan tərbiyəvi nəticə budur ki, gənc yaşında ayağının altına baxmadan gözüyumulu sevgiyə qapılmaq özünü heçliyə təslim etmək riski yaradır.

Gülşahın heçə qurban verdiyi ömrü geri qaytarmaq mümkün deyil. O, ölümü tək-tənha, xəyalları ilə baş-başa qarşılayır. Xəyalında peyda olan anası əlindən tutub, onu əbədiyyət dünyasına aparır...

Əsərin əvvəlində Gülşahı dəniz sahilinin kəhrəba qumları üzərində qaçan qayğısız bir qız kimi görmüşdük. Anası ona xəbərdarlıq etmişdi ki, ayağının altına baxsın, yıxılar...

Həyat isə qumlu dəniz sahili deyil. Narın qumların üstündə yıxılsan, qalxıb yenidən yoluna davam edə biləcəksən. Gülşah təbiətli insanlar isə həyatda bir dəfə yıxılırlar...

Arzu Kazımqızı Nehrəmli

Tarix üzrə fəlsəfə doktoru,

AYB və AJB-nin üzvü


11340 oxunub

InvestAZ