XƏBƏR LENTİ
12 Avqust 2022
11 Avqust 2022



"Bir kövrək nəğmədir həyatım mənim"- Qələndər Xaçınçaylının yoxluğuna ESSE
Ədəbiyyat 11:56 / 31.08.2020

Bir kövrək nəğmədir həyatım mənim,

Bir kövrək nəğməylə mən doğulmuşam.
Açılır hər yana qanadım mənim,
Həyatda bir kövrək nəğmə olmuşam...

Bəli, doğrudanda bir kövrək həyat yaşadı bu dünyada...Sıxıntılarla, çətinliklərlə,qayğılarla dolu bir həyat yaşamasına baxmayaraq üzü daim güldü, əyilmədi, sarsılmadı, sınmadı... Tələsgən bir yerişi, danışığı vardı... Elə bil hər zaman tələsiyirdi... Hara tələsirdin axı?... Hara?....

Bu dünyadan bir şair, söz adamı, yazar, uşaq kimi saf ürəyə sahib, kövrək bir insan köç etdi... Tərk etdi bizləri... Təmiz havası olan, dilbər bir guşədə, dağların qoynunda, Qarabağın Kolanı mahalında, Xaçın çayın sahilində göz açmışdı bu dünyaya. Məhz buna görə də Xaçın çayını özünə təxəllüs götürmüşdü, şair Qələndər Xaçınçaylı...

Bu gün artıq 7 gündür ki, haqqın dərgahına qovuşub, şair. Bu, həyatın qanunudur, yaranan bir gün gedəcək bu dünyadan...Sən də yaşadın və tərk etdin bu dünyanı...

Amma, sən digər insanlardan fərqli yaşadın, seçildin... Şair kimi, söz adamı kimi yaşadın. Səni yaşadacaq şeirlərin, kitabların, yazıların, sözlərin qaldı...Çoxlarına dayaq oldun, dərdlərinə dərman axtarmağa yardım etdin, problemlərin dalınca qaçdın, ehtiyacı olanın sözündən yazdın... Böyük ürəyin varıydı, hamının yaxşı olmasını, yaxşı yaşamasını istədin, paxıllığın, kinin olmadı...Səni sevənlər, qohum-əqraba, oxucuların, hamı daim yad edəcək səni... Sən doğrudanda başqa aləm idin, duzlu-məzəli danışığın, hər kəsə yanımcıllığın varıydı...hər kəsin uğuruna sevinərdin, fəxr edərdin...Ən böyük arzun Qarabağa, elinə-obana qayıtmaq idi, bunu şeirlərində, yazılarında, nisgilli-nisgilli, ürək ağrısı ilə, göz yaşı tökə-tökə yazırdın. Vətən deyə-deyə dilin qabar olmuşdu...

Danışmaqla, yazmaqla bitməz xatirələrim... Aramızda böyük yaş fərqi olmasına baxmayaraq güclü zarafatımız varıydı, ərk edirdi mənə. Hələ uşaqlıq dostu, rəhmətlik Əhliman həkimlə üçümüz bir yerə düşəndə səsli-küylü zarafatlarımız olardı. Heç inciməzdi zarafatlarımızdan...ürəkdən bir gülməyi varıydı... Hər sözün sonunda da "Səni verənə şükür" deyib, keçərdi... Hər dəfə deyərdi ki: - "Bacı oğlu, gəl səndən bir yazı yazım", qismət olmadı yazı yazmağı... Amma, bu gün kövrək hisslərlə, qəhər məni boğa-boğa səndən yazıram, səni yad edirəm... Yaxşı ki, sən bu dünyada yaşadın, yaxşı ki, səninlə eyni qanı daşıdım, yaxşı ki, səninlə eyni obada bu dünyaya göz açdım,yaxşı ki, səninlə dost olduq, sirdaş olduq... Heç, o gülərüzün gözümün önündən, danışığın, səsin qulağımdan getmir... 

Sonuncu dəfə Qurban bayramında "səsli mesaj" göndərmişdi mənə. 

Səsi xoşuma gəlmədi, telefonuna zəng elədim, bayramın təbrik elədim: - Şair, deyəsən nasazlamısan, sənə yaxşı baxmırlar? 

- dedim.

Yenə gülməyindən qalmadı, xırıltılı səsi ilə: "Narahat olma, biraz soyuqlamışam, keçəcək" 

- dedi... 

Özün sındırmadı: "Qismət olsun, gələn Qurban bayramını Qarabağda keçirək" 

- dedi... 

Bəs niyə sözünə əməl etmədin, şair?!...

 Biz axı Qarabağda, ata-baba yurdumuzda qurban kəsəcəkdik, yeyib-içəcəkdik!... 

Niyə bizi yarı yolda qoydun? 

Axı, qələbə müjdəsini ilk sən yazacaqdın!... Heç yaxşı iş görmədin, şair! Tələsdin...tələsdin... 

Qarabağa, Kolanıya getmək üçün...İndi, əlimdə şəklinə baxıram, baxışın elə bil canlıdır, üzünsə yenə də gülür... kövrəlirəm, sakitcə, öz-özümə deyirəm: "Səni verənə şükür!"...

Allah rəhmət eləsin! Ruhu şad olsun!

Nicat Kolan


15085 oxunub

InvestAZ