XƏBƏR LENTİ
22 Sentyabr 2020
21 Sentyabr 2020



İNCİMƏ(K) - Əbülfət MƏDƏTOĞLU yazır
YAZARLAR 09:45 / 31.08.2020

Yumşaq bir təsəlli

Mən deməsəm də, özünüz də yaxşı bilirsiniz. Bilməyənlər də bir-birindən soruşub öyrənə bilər. Dünyada insana daha çox şamil edilən bir xüsusiyyət var. Onun adı da inciməkdi. Doğrudur, təbiət bu xüsusiyyəti təkcə insanda əks etdirməyib, yəni inciyən, küsən gül də var, dəvə də, at da, it də və başqa canlılar da. Ona görə bunları xüsusi vurğulayıram ki, mən həyatımda dəvənin, atın, itin necə sahibindən küsdüyünü görmüşəm, bu mənzərəni yaşamışam. O cümlədən evimdə küsən gülün də boynunu necə bükdüyünü izləmişəm... Və bunu ona görə xatırladıram ki, deməli, Allahın yaratdığı canlıların sevmək, sevilmək, mübarizə aparmaq kimi cəhətləri ilə yanaşı, küsmək xüsusiyyəti də var. Lakin burada bir məqam var, onu xüsusi qeyd etmək yerinə düşər.

... Bir anlıq düşünək. Ümumiyyətlə, incimək nədir? Kimdəm inciyirik? Niyə inciyirik? Və hətta ataların bu fikrə uyğun müdrik bir kəlamı da var. Onlar deyirlər ki, "küsəndə elə küs ki, barışmağa yer qalsın”. Mən bu deyimlə 50-50-yə razılaşıram. Çünki incimək mənə görə ürəyə xal salmaq, onun müəyyən hissəsini zədələməkdi. Və ürəyə xal düşübsə, barışmaq onu heç cür sağalda bilməz. Deməli, ən yaxşısı inciməmək, ya da inciməyə şərait yaratmamaqdı. Çox təəssüf ki, bunu etmək bəzən mümkün olmur. Özü də söhbət duyğulardan, hisslərdən yaşantılardan gedəndə bu tamam mümkünsüz olur. Və...

Hər gün öz-özümlə kifayət qədər həmsöhbət oluram. Və bu söhbətlərimin bir hissəsi özümü sorğu-sual etmək istiqaməti olduğundan hərdən suallardan qaçmaq istəyirəm. Amma görürəm ki, qaça bilməyirəm. Ona görə ki, yerində, məqamında işlətmədiyim və yaxud deməyə gecikdiyim söz kiminsə qəlbinə dəyir... ürəyini ağrıdır. Yəni incidir. Bax, onda min dənə minnət, min dənə yalvarış da köməyə çatmır. Necə deyərlər, olan oldu, əl tətiyə dəydi və güllə açıldı...

Hə, mən bu kiçik girişi ona görə xüsusi qabartdım ki, çevrəmdə baş verənlər, bəzən şahidinə, bəzən iştirakçısına çevrildiyim reallıqlar məni o qədər sıxır ki, onda yumuşaq desəm, Allahımdan da, özümdən də, hətta kağızdan, qələmdən də inciyirəm. Deyə bilərsiniz ki, çox pafoslu oldu. Amma yox! İnanın ki, bu gerçəkdi. Hardasa oxumuşam, ya da eşitmişəm. Deyirlər ki, "dəvəni eşşəyin quyruğuna bağlamaq onu yumuşaq mənada incitməkdi”. Amma burda görünən gerçəklik isə təkcə incitmək yox, həm də aşağılamaq, təhqir etmək, sındıqmaqdı. Düzdü, yorulan atları güllələyirlər, amma alçaltmırlar, sındırmırlar. Çox təəssüf ki, mən daha çox sındırılmanın, alçaldılmanın, yəni yumuşaq desəm, incidilmənin izləyicisinə çevrilirəm. Onda da ürəkağrısı, əsəb, içində doğranmaq adamı çökdürür. Və...

Bəli, günümüz müxtəlif problemlərlə yüklənib. Biz yaşayırıqsa, o problemləri çözməyə, onlara qarşı mücadilə etməyə məhkumuq. Ən azından yaşamağımız naminə. Lakin baş verən olaylar göstərir ki, bu yaşam sevdası əsəb, stress, ömürdən kəsilən hissələr hesabına başa gəlir. Nəticədə də biz şikəst oluruq. Təbii ki, mənən, ruhən. Üstəlik, bu şikəstliyimiz özü də bizi incidir... Onda ümid Allaha və bir də sənin sirr yerin olan ürəyə qalır. Təbii ki, mən də bütün sirlərimin saxlancı olan ürəyimə üz tutub pıçıldayıram:


Bura şəhər, sən də sakit və həlim

Səsim-küyüm səni yorsa incimə...

Kənd havalı bir damarım, bir əlim –

Bir nimçəni salıb qırsa incimə!


İstəmirəm göy titrəyə, yer əsə

Sübh oyanıb toxunanda nəyəsə...

Qaşlarının bir tərəfi əyilsə -

Lap başına cin də vursa, incimə!


Ağarıbdı telim kimi ağlım da

Maraqlıdı həyat adlı nağlım da!

Mənlə keçən bu illərin axrında –

Qazandığın kül, ya qorsa incimə...


Fərəhlənmək, kədərlənmək nisbidi

Baxışlar buz, göz yaşısa istidir!

Bəndənizdi – Əbülfət də ismidi –

Sevdin məni? – deyib sorsa, incimə!..

***

Hər dəfə özümə verdiyim suallardan birinin cavabını qarşıma çıxan görəndə elə bilirəm ki, o sual kabusdu, məni izləyir. Bir az xoflanıram, bir az ağlımdan, özümdən şübhələnirəm. Və sonra baxıb görürəm ki, sən demə, bu heç qarabasma da deyil. Sadəcə, hər kəsin yaşadığı, hər kəsin adi şəkildə qəbul edib, hətta bəzən əhəmiyyət vermədiyi bir həyat gerçəkliyidi. Yəni yaşayırsansa, deməli, mütləq nəsə baş verəcək... ya iştirakçısına çevriləcəksən, ya şahidinə, ya da dinləyicisinə. Ona görə ki, informasiya axını indi qəfil yağış deyil, əksinə, indi dayanmadan yağan və insanın bütün varlığını isladan yağışdı. Ondan qorunmaq üçün yalnız tərki-dünya olmaqdı çıxış yolu. Bunu da əgər bacarsaq...

Sözün bitdiyi anlar olur. O anlardan biri də həmin o incimək məqamına təsadüf edir. Başqalarını deyə bilmərəm, mənim üçün incimək bir növü havadan nəm çəkmək kimi bir şeydi. Hətta yazılarımın birində vurğulamışam ki, mehdən də, şehdən də, qəfil düşən damcıdan da hərdən inciyirəm. Bu, özünə qapanmanın, özünü kimlərdənsə fərqləndirməyin ifadəsi deyil. Bu, sadəcə olaraq, yaşadıqlarımın mənə öyrətdikləridi, onlardan çıxardığım nəticənin dilə gətirilməsidi. Axı, biz təkcə özümüz-özümüzdən yox, güvəndiklərimizdən, umduqlarımızdan da inciyirik. Özü də elə-belə, nəyəsə xatir yox, haqqa, sayğıya görə inciyirik. Nə yazıqlar ki, bəzən bu haqq, bu sayğı unudulur. Onda şəxsən mənim yadıma rəhmətlik Cəmil Əlibəyovun romanının adı düşür. Yəqin siz də o romanın adını xatırlayırsiniz. Deyəsən duruxdunuz, onda mən deyim:

- "Ürək yaman şeydi”.

Siz bu ürəyin sızıltılarını, pıçıltılarını dinləsəniz, onda bilərsiniz ki, doğurdan da ürəklə bacarmaq asan iş deyil. İllah da ki, onu küsdürəndə, incidəndə.


Dayanıb baxıram, yol həmən yoldu

Gedən də, gələn də, nisbət də eyni...

Burda işarə var – nə sağ, nə soldu –

Sən demə mənfi də, müsbət də eyni.


Çəkirəm yaxamı özümdən uzaq

Qarışmaq niyyətim yoxdu heç nəyə...

Nə izn işarəsi, nə də ki, yasaq –

İmkan yaradılıb sanki seçməyə...


Fikir cilovunu buraxıb əlim

Tərəddüd edirəm yolun üstündə...

Bilmirəm özümə heç necə gəlim –

Yerim görünmürsə, qolun üstündə...


Tikanmı, ya daşmı kürəyimdəki

Nədirsə incitmir – rahat ağrıdı...

Nəsə pıçıldayır ürəyimdəki –

Çatdığım bir adsız yolun axırıdı...

***

Bəli, mən əvvəldə vurğuladım ki, umduğundan, güvəndiyindən incimək adamı daha çox üzür, daha çox ağrıdır. Çünki bu, kürəkdən vurulan zərbədi. Hərdən bu fikirlərimə görə, ürək dostlarım məni qınayırlar. Birbaşa üzümə deyirlər ki, çox dərinə gedirsən, çox qabardırsan olanları, eşitdiklərini...

Mən də sayğıyla dinləyirəm onların iradlarını. Anlayıram, başa düşürəm ki, bu iradlar sülhməramlıdı, təsəlli üçündü, unutdurmaq üçündü. Necə deyərlər, od üstünə su səpmək missiyasıdı. Lakin ürəklə dil tapmaq onu özünə tabe etmək elə-belə asan başa gəlmir. Ən azından ürəkdə çat, yara, ləkə kimi hallar baş verir. Onu özümdən uzaqlaşdırmaq üçün çıxıb dolaşmaq, bu məqamdan, bu yerdən uzaqlaşmaq məcburiyyətində qalıram. Neyləyim ki, başqa cür bacarmıram. Və bu gedişim də öz-özlüyündə kiminsə də inciməsinə səbəb olur...

Müdrik deyimlərin sırasına boylananda diqqətimi çəkən bir kəlamı yazıya gətirirəm. Həmin kəlamda vurğulanır ki, yel qayadan heç nə aparmır. Düşünə bilərsiniz ki, bunun insana, ürəyə nə dəxli var? Axı bu, təbiətin şıltaqlığına istinadla deyilmiş fikirdi. Lakin onu insan – ürək müstəvisinə gətirəndə tamam fərqli nüanslar alınır. Adamın yadına Xətainin qılıncı, Məmməd Arazın karandaşı, "məndən ötdü, qardaşıma dəydi” düşür. Bu düşüncələr adamın içinə od salır. Və üstündə ot göyərdib, ağac bitirən daşı, qayanı sənə xatırladır. Və yenə içindən baxıb görürsən ki, həmin o əsən yellər sənin ürəyindən nələrisə aparır. O gedən nələr də özü ilə birlikdə daha nələr aparır, bunu hər kəs özü bilir. Mən isə yazımın baş xəttinə, şah damarına dönürəm. Qayıdıram əvvələ və demək istəyirəm ki...

Ömür Tanrı payıdı. Ölçüsü, çəkisi bizdən asılı deyil. Onu bizə verənin mizan tərəzisindədi, yazısındadı. Və deməli, 30 il, 40 il, 100 il fərq eləmir, lap Şirəli Müslümov kimi 160 il yaşa! Son ki, bir gün gəlir?! Yəni hər kəsin öz dayanacağı var. Əgər bunu biliriksə, onda niyə ürəklə oynayırıq? Niyə ürəyə dəyirik? Niyə incidirik onu? Məgər hansısa varidat, mal, mülk ürəkdən qiymətlidir? Məgər ürəyimizi malımızı-mülkümüzü verib müalicə etdirmirik? Deməli, bu sadə sualların sadə də cavabı var:

- Ürəyə dəyməyin, ürəklə oynamayın, ürəyi qoruyun!

Hə, mən inciyən ürəyin çox kiçik bir məqamını, çox həzin pıçıltısının bir notunu bu yazıya gətirməyə çalışdım. İstədim ki, incidiklərim yox, daha çox incitdiklərim məni anlasınlar, məni bağışlasınlar. Və onda yəqin ki, məni incidənlər də düşünəcəklər.


Doğranmış qol-budaq ilə

Demədin necə yaşayım...

Bu ömrü qurbanın dedin –

Verim, ya necə yaşayım...


İçimdə hakim də qəhər

Ən ahıl sakin də qəhər...

Mən də hamı tək – birtəhər –

Qoşulub köçə yaşayım.


Ahımı düyün, sap kimi

Gecikmiş söhbət - gap kimi...

Gəzir gözlərim tap, kimi –

Gündüz, həm gecə yaşayım.


Əlimi ovçunda görüm

Canımı ovcunda görüm...

Sən məni ovsunla görüm –

Ömrü heç-heçə yaşayım...


Hə, zənnimcə, nəsə deyə bildim. Və zənnimcə, siz də nə demək istədiyimi az-çox fəhm etdiniz. Elə ona görə də heç az-çox da bir-birimizi incitməyək. Axı ürək yaman şeydi!..


1555 oxunub

InvestAZ