XƏBƏR LENTİ
22 Sentyabr 2020
21 Sentyabr 2020



KƏNDDƏN REPORTAJ - Şahnaz Şahin yazır
YAZARLAR 11:35 / 29.08.2020

Esse

Abadan kənd tüstüsündən bilinər deyib ulularımız, fikirləşirəm uzun illər nahaq yerə kəndlə şəhər arasındakı fərqi aradan götürməyə çalışıblar, elə şəhər şəhər kimi, kənd də kənd kimi qalsa yaxşıdı. Deyəcəksiz ki, axı bu həm də insan əməyinin yüngülləşməsi, həyat və yaşayış şəraitinin yüksəlməsidir. Məsələn, elə qazı götürək, görün bu yaxın bir neçə ildə kənd qadınlarının işi nə qədər yüngülləşib, daha nə oduna ehtiyac var, nə də kömürə, artıq əlinin bircə hərəkətilə hissiz, passız evi qızdıra bilirsən. Yoxsa yay aylarından adamlar odun tədarükünə başlayır, buna həm xeyli xərc çəkir, həm də fiziki əmək sərf edirdilər, hələ meşələrə, təbiətə vurulan ziyanı demirəm... Mən də sizinlə razıyam, amma nəsə hərdən nostalgiyam tutur də, burnuma od iyi, tüstü qoxusu, təzə bişmiş təndir çörəyinin ətri gəlməyəndə, kəndlinin kənd təsərrüfat məhsullarını, göy-göyərtini belə bazardan alan görəndə darıxıram.

Dünyanın kələfin ucunu itirdiyi, gözlə görünməyən, əllə tutulmayan bir virusla savaşa qalxdığı, insanlar arasında ünsiyyət qadağası yaşanan dönəm dəyərini düşünmədən bol-bol ciyərlərimizə çəkdiyimiz havanın, suyun, bəzən bezikdiyimiz gündəlik işimizin əslində xoşbəxtlik olduğunu göstərdi bizə. Bax onda şəhərin modern, "qutu-qutu” evlərində qalmaqdan sıxılan insanlar kəndə üz tutmağa başladılar. Düzdür, tətbiq edilən qaydalar çox adamın arzusunu gözündə qoysa da , insanlar əsasən nail oldular buna. Bu günə qədər ikinci dərəcəli yer kimi baxılan kəndin birdən-birə dəyəri qalxdı, "çərxi-fələk tərsinə dövran etməyə” başladı, urbanizasiya dəbdən düşdü, axın üzü kəndə tərəf döndü, dünənəcən kənd deyəndə üz-gözünü turşudanlar da kəndə getməyə yollar aradılar.

Amma mən ikisini də sevirəm, daimi bir yerdə qala bilmirəm. C.Novruz deyirdi ki:

...O kiçik kəndinə sığışan anam,

Bu boyda şəhərə sığışa bilmir...

Mənə ikisi də əzizdi, ikisində də xatirələrim var, onları özümlə apara bilmirəm, deyəsən xatirələr insandan daha çox etibarlıdır! Ona görə tez-tez yerimi dəyişirəm, gah kənd, gah da şəhərin qonağı oluram, indi də kənddəyəm, Aranda, Günəşin torpağı qovurduğu, "D” vitamininin bol olduğu məkanda...

Hər otun, hər kolun dibi şeirdi,

Qurban olum havasına kəndimin.

Anam kimi qoy başına dolanım,

Qoy baş qoyum ayağına kəndimin..(Ş.Ş)

Kənd adamları xasiyyətcə də, təbiətcə də fərqli olur. Uşaqlıqdan zəhmətə öyrənən bu adamlar həm fiziki, həm də mənəvi tərəfdən güclüdür. Məsəl var deyirlər ki, bu evin işığı o biri evə düşməz, amma əksər hallarda bu məsəl kənddə dəyərdən düşür bir az. Hay deyəndə haya gəlir kənd adamları, doğrudur, aralarında paxıl, tək özünü düşünənlər də var, amma əsasən "qonşusunu iki inəkli istəyənlərdi” kənd adamları. Birinə hər hansı çətinlik üz verdisə, ya xeyir işi varsa hamı- qohum-qonşu bir yerə cəm olub o işi "aşıra” bilir. Burda ən azı bir küçədə yaşayan ailələrin bir birindən hər gün xəbəri olur, kimin ac, kimin tox olduğu bəllidir. Qəfil qurtaran ərzaq üçün qonşuya ketmək burda ayıb sayılmır, həm də belə şeyləri borc hesab etmirlər. Bəzən axşam naharına kimin qazanında nə qaynadığı belə heç kəsə sirr qalmır... Yadıma düşən bir epizodu danışım:

- Bir qonşumuz vardı, həyat yoldaşı rəhmətə getdiyindən bu kişi tək yaşayırdı (qadınsız də ev ki, suyu çəkilmiş dəyirmana oxşayar..) Qızlarını köçürmüş, oğlanlarını evləndirmiş, hər kəsin də başı öz ailəsininə qarışmışdı. Orta yaşlı bu kişi yay vaxtı bağının qazancıyla dolanır, qışa dönəndə isə maddi çətinlik çəkirdi, hətta gün ərzində bir dəfə qarın dolusu yeməyə də imkanı çatmırdı, biz, onun vəziyyətindən vaxtında hali olub həm maddi, həm də mənəvi dayaq olduq, adam yavaş-yavaş çətinlikdən çıxdı. Bu məsələ isə Allahla iki kişinin arasında qaldı.

Müstəqillik illərində kəndlər də şəxsi biznes sahəsində xeyli irəliləyib, indi bir kənddə ən azı beş-on mağaza, bir o qədər də xırda küçə ticarəti məkanları var. Kəndin əhalisi də artıb, torpaqlar da kolxoz, sovxoz dağılarkən camaat arasında qayda-qanunla bölünüb. İndi hər ailənin həyətyanı torpağıyla yanaşı pay torpaqları da var və ondan hər kəs öz istədiyi şəkildə istifadə edir. Bizim də "çöl yeri” dediyimiz torpağımız evimizdən təxminən 2 km uzaqda, Kür çayından və kürqırağı meşə sahəsindən bir qədər aralı yerləşir. Biz ondan uzun illərdi növbəli əkin sistemini nəzərə almaqla yararlanırıq. Yaz gəlib təbiət donunu ala-yaşıla dəyişəndə o yerlər göz oxşayır. Yabanı bitən sarıçiçəklər yamyaşıl yonca sahələrinə, taxıl zəmilərinə xüsusi gözəllik verir...

Yollara çınqıl döşənərək hamarlansa da, kəndin rəmzi sayılan tozlu yollar bəzi yerlərdə nə yaxşı ki, hələ də qalır və mən o yollarda ayaqyalın yürüməyi xoşlayıram!

...Günəş doğar gölgəmizi böyüdər,

Torpaq yol da dabanımı bərkidər.

Bir it çıxar qoyunları ürküdər,

Qorxu düşər ürəyinə kəndimin... (Ş.Ş)

Bu yay Kür çayının suyu lap azalıb, hətta bəzi yerlərdə quruyub kiçik adalar əmələ gəlib. Eh, Kürün bir vaxtları olub ki, indi gördüyünə inanmağın gəlmir! Bax, 25-30 il irəli sahilboyu bitən Yulğun ağacları yox idi burda, qumluq uzanıb gedirdi çay boyu. Kəndin cavanları, məktəbli uşaqları, hətta bir qədər yaşlı kişilər də yayın isti günlərində bura gəlir, çayda çimir, futbol oynayır, balıq tutmaq üçün suya qırmaq atırdılar. Qadınlar, qızlar ilboyu içməli suyu güyüm, ya da qoşa vedrə ilə Kürdən daşıyıb aparırdılar. Yayda isə paltar-palazı, xalçanı gətirib çayın kənarında yuyrdular... İndi artıq hamı həyətində rahat şərait yaradıb, hər kəsin su çəni, hamamı var, əlavə olaraq kəndlərə duru, içməli su xətti də çəkilmişdir, (indi heyif ki, adamların səhlənkarlığı üzündən su kranlarının bir çoxu sıradan çıxıb). Kürün də ta o gəlhagəıli yoxdu...

..Bir aləmdir axşamçağı,

Kür-boynunda boyunbağı.

Əzizlər gələn qonağı,

Ulacalı-mənim kəndim. (Ş.Ş)

... Yay fəsli toyların gur vaxtıdı, kənd toyları isə daha gözəl, daha maraqlı olur, (düzdür artıq şəhərləşmə toylara da təsirini göstərib, əsasən şadlığ evlərində keçirilir), amma təəssüf ki, pandemiya səbəbiylə xeyli müddətdir ki, toya da icazə verilmir.

Kənd həm də arzuların rüşeym tutduğu məkandır, burdan başlanır uzaqlara gedən yollar. Kənd toyuq-cücəyə "boğaz ortağı” olan boz sərçələrin, cücə aparan ala qarğaların, üzümlərin qənimi sığırçınların, yaz müjdəli qaranquşların, hətta kül rəngli qumruların və sarı bülbüllərin belə rahat yaşadığı yerdir (qaranquş və son iki quş hər həyətə getməz!!). Nə xoş ki, bizim həyətimizdə bir cüt sevgili bülbül, bir cüt də qumru yaşayır, (qaranquşlar isə artıq uzun illərdir ki, bir zaman qurduqları yuvalarına dönür hər yazs), hər sabah tezdən bülbüllərin səsinə oyanıram, onlar pəncərəmin qabağındakı hündür, qollu-budaqlı İnnab ağacının başında tez-tez bir budaqdan digərinə uçub qonaraq sehirli səslə cəh-cəh vururlar...

...Axşam düşür, kəndin naxırı geri qayıdır, küçədən heyvan böyürtüsü, qoyun mələrtisi eşidilir, onlar da darıxıb-sahibi üçün, balası üçün, ailəsi üçün, həyəti üçün...

...Hamı qohum, hamı doğma deyilmi,

Məni çəkən o bir loxma deyilmi.

Verin mənə kiçik, daxma evimi,

Dəyər neçə sarayına kəndimin.


1163 oxunub

InvestAZ