XƏBƏR LENTİ
26 Yanvar 2022
25 Yanvar 2022
24 Yanvar 2022
23:49



“BABAMLA SÖHBƏT” ŞAİRİN ÖMÜR KİTABIDIR OXUCU TƏƏSSÜRATI
Ədəbiyyat 11:58 / 27.08.2020

Hacı Firudin Süleymanoğlu. Bu imza mənə şairin "Kəhrizlərin pıçıltısı” etnoqrafik poemasından tanışdır. Naxçıvanda yaşayıb yaradır, el ağsaqqalıdır. Əsərlərinin əsas qayəsi doğulduğu torpağa bağlılıq, yurda sevgi, keçmişə hörmət, gələcəyə inamdır. Ustalıqla qəlmə aldığı şeir və poemaları, publisist yazıları oxucu tərəfindən rəğbətlə qarşılanır. Bildir çapdan çıxan "Babamla söhbət” kitabı müəllifin 85 illik yubileyinə töhfədir. Yeni nəşrə tanınmış yazıçı - publisist Bəxtiyar Qaraca yığcam, lakin çox məzmunlu ön söz yazmışdır.

Kitab beş hissədən ibarətdir. Birincidə şairin son illər yazdığı şeirləri toplanmışdır. Poetik tutumuna, bədiiliyinə, vətənpərvərlik hissləri aşılamasına görə bu poeziya nümunələri seçilir. "Vətənim” şeirində şair doğma diyarı ilhamla, məhəbbətlə tərənnüm edir:

Hər günündə bir dastanın ətri var,

Hər gülündə bir obanın xətri var,

Hər daşında Nəsiminin sətri var,

Vətənim...

Analar taleyin minbir sifətini görmüş müqəddəs varlıqlardır. Gecəni gündüzə calayıb övladlarının xoşbəxtliyi naminə saçlarını vaxtsız ağardırlar. Şair analı günlərini yada salır, o müqəddəs varlığı itirdiyi üçün göz yaşlarını "Urmiya gölünə axıda bilsəydim, o heç vaxt qurumazdı, Ana” deyir:

Hər kəs qocalıqdan şikayət eylər,

Deyinə-deyinə saralıb gedər.

Bəs nakam kimsənin günahı nədir?

Ocağı biryolluq qaralıb gedər.

Ədəbiyyat və incəsənət xadimlərinə, təbiblərə, dostlara həsr olunmuş şeirlər də kitabda yer alır. Kamança ustası, xalq artisti Habilin ifasını dinlədikdən sonra şair yazır: "... sanki əsrlər üstünə gəlir, uluların səsini eşidirsən”:

O gecə Habilin əlində kaman,

Mənimsə qəlbimdə başsız duyğular,

Axıb getdiyinə zaman peşiman,

Çıxıb gəldiyinə sevinənlər var,

Habil çalanda...

Hacı Firudin qələmini qəzəl janrında da sınamışdır. Son illər yazdığı qəzəllər kitabda ikinci hissədə verilmişdir. Şair "Eylərəm” qəzəlində Ermənistanın işğalçı siyasətinə etiraz səsini ucaldır:

Bu nankorlar çıxmasa zəbt etdiyi torpaqlardan,

Firudinəm, mərd elimlə nəhayət, cihad eylərəm.

"Salamnamə” lirik poeması şairin yaradıcılığında xüsusi yer tutur. Keçdiyi illərin nəfəsi, hənirtisi, ağrı-acısı, iztirabları, sevinci əsərin hər misrasında özünü bəyan edir. Böyük şəxsiyyətlər yetirən, tarixi qədimdən qədim doğma Şaxtaxtı kəndinə üzünü tutur:

Salam,

Ey kübar baxtım,

Şaxtaxtım,

yaddaşımda

qalmış

o müdhiş taleyi

diqqət çəkib

bir də oyatdım.

Şairin yeniyetmə çağları Göyçə mahalında keçib, gədikləri gəzib, Göyçə gölünü seyrə dalıb. Indi bu gözəl diyarın dağları, yaylaqları düşmən əlindədir. O yerlərə getmək yasaq olunub. Ancaq göyçəlilərin ümidi üzülməyib, yağılarla dava qabaqdadır. Elə bu ümidlə müəllif yurdlarından didərgin düşmüş göyçəlilərə salam göndərir.

Poemanı oxuduqca gözlərimizin önünə Naxçıvanın Batabat yaylağı, Zor bulağı, gur sulu kəhrizləri, min illərin nəfəsini qoruyan Govurqala gəlir. Kəlbəcərin köksündə qərar tutan "Yanıqkümbəz yurdu”na, Şah bulaq kəndinə, "Südlü bulağ”a, bütün el-obaya salam söyləyir və poema bu misralarla bitir:

Hələlik,

ey mənim

həmkəndlilərim,

ey öz yovşanını

özgəsinin

"gül çələnginə” dəyişməyənlər!

"Salamnamə” kimi, şairin "Ümid”, eləcə də son illər qələmə aldığı "Babamla söhbət” poemaları poetik ifadə formasına və zənginliyinə görə oxucunu dərindən düşündürür, mənəvi inkişaf və təkamül yoluna aparır. "Ümid” poemasnda doğulduğu məkanı belə tərənnüm edir:

Kəngərli torpağı cənnət bir məkan,

Adınla öyünür bütün Naxçıvan.

Yazılıb şanına neçə min dastan,

Saf əqidəm, səadətim-Şaxtaxtım.

2016-cı ilin oktyabrında Hacı Firudinlə Bilgəh sanatoriyasında müalicə olunurduq. O, asudə saatlarda yazıb pozurdu, "Babamla söhbət” poeması üzərində işləyirdi. Günlərin birində dəniz kənarında oturmuşduq. Söhbət şeirdən, sənətdən düşdü. Özü ilə gəzdirdiyi əl çantasından dəftəri çıxarıb vərəqlədi, poemanın "Söhbətə giriş” hissəsini oxudu. Elə oradaca bu misralar yaddaşıma həkk olundu:

Mərd olan dostunu saxla göz üstə,

Pozma sədaqəti çürük söz üstə.

Varsa bir inadın sına, düz istə-

Şeytanın hiyləsi gözündə qalsın.

Ertəsi gün biz poemanı bir yerdə oxuduq, ikilikdə müzakirə elədik, hər söhbət üzərində ayrıca dayandıq. Beləliklə, şairin ilk oxucularından biri oldum. Ağsaqqal dostuma yeni yaradıcılıq uğurları arzulayıb ayrıldıq.

Hacı Firudinin yaradıcılığı barədə qələm sahiblərinin rəy və fikirləri beşinci hissədə yer alıb. Bu yazılarda müəllifin "Babamla söhbət”ə qədər yazdığı yeddi kitabı barədə söhbət açılır, təqdir olunur.

Hacı Firudinin yaradıcılığı zəngindir. Ömrünün ahıl çağında qələm əlindədir. Şeirləri, qəzəlləri, poemaları, hekayələri, lətifələri, publisist məqalələri, dövri mətbuatda çap olunur. "Yazmasaydım bəlkə də bu qədər yaşaya bilməzdim” deyir. Səmimiyyəti, ülviyyəti onu oxuculara sevdirir. "Babamla söhbət” fikrimcə, şairin keçib gəldiyi həyat yolunu əks etdirən ömür kitabıdır.

Həmzə Vəliməmmədov,

Əməkdar jurnalist.

04 may 2020 –ci il.

Əziz oxucu! Sizə təqdim edilən bu yazı istedadlı bir qələm sahibinin – Əməkdar jurnalist, Qızıl qələm mükafatı laureatı, 15 kitab müəllifi Həmzə Ruhulla oğlu Vəliməmmədovun dünyasını dəyişməsindən bir gün öncə yazdığı sonuncu məqaləsi, sonuncu təəsüratıdır. Allahdan Həmzə müəllimə rəhmət diləyirik.


6880 oxunub

InvestAZ