XƏBƏR LENTİ
13 Avqust 2022
12 Avqust 2022
11 Avqust 2022



“NECƏ YAZIM AXI, BAHAR ŞEİRİNİ” - Rauf Vəliyev yazır
Ədəbiyyat 11:22 / 25.08.2020

Musa Ələkbərlinin təbiət şeirlərinə daha bir nəzər

Musa Ələkbərlinin təbiət şeirlərinin fövqündə onun hələ gənc ikən yazdığı, "Məndən şeir istə” adlı ilk kitabına daxil edilən "Torpaq yanğısı” adlı poeması dayanır. Bu poema vaxtilə görkəmli tənqidçi-alim, professor Qulu Xəlilovun da diqqət və marağına səbəb olmuşdu. Qulu müəllim 1977-ci ildə "Ədəbiyyat və incəsənət” qəzetində gənc şairə "açıq məktub”la müraciət etmiş, bu poemanın özəl ifadə tərzindən, müəllifin təbiətə olan xüsusi münasibətindən, təbiəti bir şair kimi duymasından, onun qanunlarına bələd olmasından bəhs edir, poemanın mövzu aktuallığını, ideya və mündəricə dürüstlüyünü, onun poetik həllinin sənətkarlıqla ifadə edilməsini yüksək qiymətləndirirdi. Poema meşələrin qırılmasına, təbiətin talanmasına bir üsyan kimi səslənirdi. Meşələrin qırılması yağan yağışların sellənməsinə, torpağın erroziyaya məruz qalmasına, bəzən də bütünlüklə "axıb” getməsinə səbəb olur, yamyaşıl vadilərin çaylaq daşları döşənikli gərəksiz yerlərə çevrilməsi şairi və onun lirik qəhrəmanı ixtiyar qocanı dəhşətə gətirir.

Şair yazır:

Vadidə üz tutdum bir ağsaqqala

Üzünün nurundan könlüm isindi.

Qayğımız böyükdür – dedi – ay bala,

Onun dediyini yazıram indi.

"Dağ çayı kükrəkdi, qonaqdı həkət,

Yerə damcı düşdü, sellər köpürdü.

İlbəil azaldı xeyir-bərəkət,

Sular cələləri sildi, süpürdü.

Belə sel görməyib tarixin gözü,

Torpaq axdı getdi, belimi əydi.

Məni alışdırır qocanın sözü

-Oğul, bu yerlərdə hər yan meşədi...

Qocanın danışığı davam etdikcə şairin də, onun oxucularının da qəlbi sızlayır, ürəklərində bir sınqınlıq, bir kədər boy göstərir:

...Elə ki, günbəgün seyrəldi meşə,

Buludlar boşaldı, sellər qudurdu.

Hər ağac gedəndə köyrəldi meşə,

Bu yanğı torpağın qəsdinə durdu.

Bilmədi meşənin oğul, qədrini

Sözünü yeritdi kəndin içində.

Çoxu dilə tutdu kolxoz sədrini

Sədr qərar verdi həndin içində.

Dedi meşələri qıraq yandıraq,

Münbit tarlalarda verək əl-ələ.

Gərək böyükləri biz inandıraq

Nə qədər sahəmiz çatmayır hələ...

Sən demə torpağın münbitliyini də, xeyir-bərəkətini də yaşıl budaqları ilə göylərə ucalan o meşələr şərtləndirirmiş. İxtiyar qocanın (əslində təbiətin) sözünə baxmayan inadkar sədr öz səhvini çox sonralar, yer-yurd selin ağzında qalanda, eləcə də susuzluqdan torpağın dodağı çatlayanda başa düşür, ixtiyar qoca deyir:

Hərdən düşünürəm mən acı-acı

Meşəsiz gücsüzdü, dağlar yalındı.

...Gəzdikcə bozaran yalı-yamacı

Sədr peşman oldu, sədr alındı.

Budur ildən ilə düşür planı,

Bəndə-fərman olduq selin əlində.

Elə söz deyəndə qaralır qanı,

Meşə salmaq nədi elin əlində.

Boy-boya versəydi yaşıl pöhrələr,

Cələ çiçək-çiçək yenə gülərdi.

Bala, bəlkə sənə qəribə gələr

Ən ağır dərd imiş torpağn dərdi.

Təbiətin qorunmasına, ekoloji sabitliyin qarantı olan, meşələrin məhv edilməsinə acı, ağrılı haray kimi səslənən kiçik (mahiyyətcə çox böyük) lirik poema Musa Ələkbərlinin doğulduğu yurda-torpağa, böyüyüb boya-başa çatdığı ana təbiətə sonsuz sevgisinin, oğul ehtiramının poetik ifadəsidir.

Şair və onun lirik qəhrəmanı ixtiyar qoca sanki təbiətin sozalmasına, torpağın eroziyasına, meşələrin qırılmasına, ağacların bir nadan tərəfindən "şəhid” olmasına dözmür, kövrəlir, qübarlanır, yenidən meşə zolaqlarının salınmasına, yamyaşıl pöhrələrin yenidən günəşə üz tutub boy göstərməsinə "vüqarlanmasına öz tərəfindən yardımçı” olur. Poemanın II hissəsində yeni salınan meşə zolağının (posadka) təsvirinə başlayır:

Dağların qoynunda cavan bir meşə,

Balaca bir kəndi dövrələyirdi.

Pöhrələr qalxırdı üzü günəşə

Günəş də göylərdən nur ələyirdi.

Torpaq mayalıydı, buludlar dolu,

Ehtiyac yox idi yağışa, suya.

Təzə basdırılan hər ağac kolu

Qol-qanad verirdi neçə arzuya.

Dağların həniri ayrı hənirdi,

Ucaltmaq eşqiylə torpaq yanırdı.

Evlərdə oğullar pöhrələnirdi

Meşədə ağaclar budaqlanırdı.

Torpağın üzünü ağardırdı qış,

Baharın sevincdən gözü dolurdu.

Meşənin saxlancı o qar, o yağış

Qaynayıb, süzülüb budaq olurdu.

Dumduru səadət içirdi bir kənd,

Adamlar, ağaclar cana gəlirdi.

Çiçək sərgisiydi hər bərə, hər bənd,

Ürək fərəhlənir, göz dincəlirdi.

...Quzuya dönmüşdü yenə dağ çayı,

Çöllərə əvvəlki ruzu gəlirdi.

Coşub kükrəmirdi sellət havayı,

Hər fəslin öz dadı-duzu gəlirdi.

Görkəmli tənqidçi Qulu Xəlilov bu yerdə məqalənin əvvəlində təriflədiyi poema müəllifini əməlli-başlı tənqid edirdi. Qulu müəllim yazırdı:

"Sən poemanın ikinci hissəsində meşə saldırırsan, özü də lap nağıllarda olduğu kimi. İldırım sürətiylə pöhrələr üzü günəşə doğru qalxır, göylərdən nur ələnir, təzə basdırılan hər ağac neçə arzuya qol-qanad verir. Elə bir vəziyyət təsvir edirsən ki, guya bu kötüklərin yerində gül-gülü, çiçək-çiçəyi çağırır. Axı o meşələr ki, boranda, qarda, səngər idi, onları sənin göstərdiyin vəziyyətdə bərpa etmək qeyri-mümkündür.”

Doğrudur böyük tənqidçinin iradı bu yerdə haqlı səslənir. Ancaq şair bu meşəsalma əhvalatını poemanın II hissəsində təqdim edir. Cavan pöhrələrin meşə olana qədər üstündən neçə illər, qərinələr keçməsini şair oxucularına bildirmir. Ancaq o poemanın "Epiloq” hissəsində üstüörtülü şəkildə bu vaxt məsələsini poetik kodlarla oxuculara açıqlanır. Şair təzə salınan meşəsni gəzərkən o müdrik qocanı arayır:

Bir azdan meşəyə düşəcək yolum,

Bu yol o qocanı gördüyüm yoldu.

Məni salamlayıb deyəcək, oğlum,

Gördünmü dediyim həqiqət oldu.

...İsaq-musaq quşu oxudu birdən

Bu səsdə bir yanğı gizlənib, aman!

Kim məni tərpətdi durduğum yerdən

Kaş yalan olaydı qəlbimə daman...

Bir anda dağların dəyişdi halı,

Yolboyu töyşüdüm əlimdə papaq.

Obada görmədim o ağsaqqalı,

Dedilər kişini apardı torpaq...

Dedilər meşəydi onun loğmanı,

Dedilər olmazdı bir gün xəstə o.

Körpə pöhrələrə tapşırdı canı,

Ağactək qurudu ayaqüstə o.

Dedilər bu haqqı unutmarıq biz,

Onun nəfəsidi bu hava, bu su.

Torpağın altında yatır xəbərsiz

Torpağın üstündə gülür arzusu!

Gənc şair o zaman böyük tənqidçiyə, sevimli müəlliminə (universitetdə tələbəsi olmuşdu) bu barədə bir söz demədi. Ancaq poemada təsvir etdiyi ixtiyar qoca qırılmış, doğranıb talanmış meşənin yerində təzə meşə zolağı saldırdığı üçün elin-obanın sevimlisin çevrilir. Meşə ərsəyə gəlib qol-qanad atmamış qoca dünyasını dəyişir. Deməli meşənin meşə olmasının üstündən illər keçir. Şair poemada bu meşənin meşə olmasına xərclənən illərdən yox, bu müddər ərzində dünyasını dəyişən qocadan danışır. Vaxtın, zamanın amansızlığından, vəfasızlığından söz açır. Yaratdığı bu obrazı belə səciyyələndirir:

İsaq-musaq kimi oxuyur hərdən,

Gözümüz önündə göyə uçdu o.

Hər il lalə kimi közərir yerdən,

Elə bil alovdan doğulmuşdu o.

Poema əli ürəyinin üstündə təbiətin hər gülündən, hər kolundan tikanından ötrü əsən, budanan hər budaq üçün həyəcanlanan, təlaş keçirən bir şairin arzularının, amallarının poemasıdır.

Musa Ələkbərlinin təbiət şeirlərində obrazlar təbiətin özü qədər təbii, oxşarsız və mükəmməldir. Şeirin "Göygölə payız gəldim” şeirindəki bu misralara diqqət yetirək:

Baxıram hüsnünə gözlərim axır,

Göygöl, de niyyətin, qəsdin budurmu?

Üstünə qızılı yarpaqlar yağır,

Hər yarpaq bir sevgi məktubudurmu?!

Camalın yanıqmı verir günəşə,

Bu nə gözəllikdi, nə yaraşıqdı?!

Nazına dözməyib saralıb meşə,

Ağaclar hamısı Sarı Aşıqdı!

Mən Musanın bu şeirini oxuyub başa çıxandan sonra istər-istəməz xəyalımda məşhur fırça ustası, əvəzsiz sənətkarımız, mərhum Səttar Bəhlulzadənin məşhur "Kəpəzin göz yaşları” əsəri canlandı. Nədənsə bu şeirlə bu tablo arasında bir oxşarlıq, bir bənzəyiş aramağa çalışdım. Əlbəttə, buna əsas verən Göygölün qeyri-adi gözəlliyi, payızın ona verdiyi yaraşıq, bu gözəllik önündə vəcdə gələn Kəpəzin doluxsunan hüsnü, göz yaşlarıdır. Şair Göygölə müraciətlə öz heyranlığını, vurğunluğunu belə ifadə edir:

Yazığın gəlmədi mən könlü aca,

Döyükə-döyükə qaldım arada.

Səni qısqanıram daşa, ağaca

Səni qısqanıram marallara da.

Ümumiyyətlə Musa Ələkbərlinin təbiətə münasibətində aşiqanə bir vurğunluq var, içdən gələn bu istək, bu sevgi yaddaqalan oxşarsız misralara çevrildikcə müəllifinə xüsusi rəğbət oyadır: gəlin onun "Canım bağban nə bildin ki...” şeirindən misralar oxuyaq.

Canım bağban nə bildin ki,

Mən bu bağın təşnəsiyəm.

Harayımda əzizlənən

Düzün, dağın təşnəsiyəm.

Könlüm məni dolandırır,

Gözlərimdən bulandırır.

O çiçəyi gün yandırır,

O yarpağın təşnəsiyəm.

Ömür keçir bir an kimi,

Uçurur o, quran kimi.

İndi bildim insan kimi

Mən torpağın təşnəsiyəm.

Oxucularım mənə irad tuta bilərlər ki, şairin şeirlərindən örnək gətirdiyim bəndlərin sayı niyə belə çoxdur. Açığı bu şeirlərin təhlilini bu şeirlərin özündən gözəl ifadə edəcək sözləri tapmaqda çətinik çəkdiyimi etiraf etməliyəm. Şairin söhbət açdığım şeirinin son bəndi onun təbiət vurğunluğunun, torpaq sevgisinin əyani ifadəsidir:

Canım qurban belə yurda

Gözəllik var hər oyurda.

Bir arzuyla min il burda

Yaşamağın təşnəsiyəm!

Mən bu təşnəliyə eşq olsun deyirəm. Biz torpağına, yurduna bu cür təşnə olanların yanında olmalıyıq. Bax onda itirdiyimiz torpaqların, düşmən tapdağında olan yurd yerlərimizin təşnəliyi ruhumuza, qanımıza işləyə bilər. Gəlin meşələrin gözəlliyinə güzgü tutan bu misraları da gözümüzə təpək, ürəyimizə köçürək:

Ağacı baltalama

Bu torpağı talama.

Kötüklər pöhrə verir

Üstə ocaq qalama.

Bu da yanıq vələsdi,

Dərdi özünə bəsdi.

Yaralı gövdəsinə

Baxdım, ürəyim əsdi.

Tüfəngin lüləsinə,

Baxma gəl sinə-sinə.

Quşlar didərgin düşər

Bircə güllə səsinə!

Təbiətə bu cür həssas münasibət, könüldən, candan gələn ilahi sevgi açığını desək hər şairə qismət olmur. Musa Ələkbərli seçilən şairdir, seçilmişlərin cərgəsindədir. Onun sadə, saya təbiəti, təvazökarlığı mərhum xalq şairi Söhrab Tahirin diliylə desək "Gözdən yayınmaq” qabiliyyəti tərif, alqış sarıdan bir çox həmkarlarından "geridə” qoysa da, o öncül şairdir, məşhur tənqidçi Vaqif Yusiflinin təbirincə qeyd eləsək "irəlici” şairdir. Yaxşıların sırasındadır. Hərçənd, o, elə də bunun fərqində deyil və heç zaman da fərqində olmayacaqdır. Onun saf ürəyi, çağlar ilhamı onu "gözə girmək”, "önə çıxmaq” cəhdindən məhrum edib, yaradıcılığına olan güclü məsuliyyət hissi "tərif” bazarında "alver” etməyinə heç zaman imkan verməyib. Yaxşı ki, bu belədir. Əks halda mən onun şeirləri ilə bu qədər yaxından ünsiyyət tapmaz, bu şeirlərin "iç” dünyasına bu qədər məhrəm olmazdım. (Mən bu ricətim üçün həm təvazökar şairdən, həm də onun sevimli oxucularında üzr istəyirəm)

Musa Ələkbərlinin təbiətə həsr elədiyi şeirlər təbiətin özü kimi hərarətli, könül açandır. Şairin Zaqatalada dağların sıldırım bir yerində, dərin bir dərənin dibində qayaların ucalığından tökülüb gələn "Gədik şəlaləsi”nə ünvanladığı şeir əsil vurğunluğun, təbiətə olan sonsuz sevginin ifadəsidir:

Boylanıram aramızda bir sıldırım,

Daş-kəsəkli yarğanları şırım-şırım.

Bu enişin dizini mən gərək qırım

Enmək olmur bu yağışda, bu çisəkdə...

Gözəlliyin şeirə sığmaz, dilə gəlməz,

Heç kəs sənin görüşünə belə gəlməz.

Əgər uçsam, bircə tikəm ələ gəlməz,

Ürəyinə xal saldımmı büdrəməkdə?!

Sürünürəm koldan-kosdan tuta-tuta,

Bəxtim səni buta verib, mənə buta.

Əlim qopsa sərilərəm bir buluda,

Nə mənalar duydum bilsən bu istəkdə?!

Zaqatalada bu şəlalənin görüşünə gedənlər şairin dediyi istəkdə hansı mənaların, hansı özəl düşüncələrin qol-qanad açdığını yaxşı duyarlar. Gədik şəlaləsini yağışlı bir gündə ziyarət etmək, şeirdən göründüyü kimi aşiqin öz butasına qovuşmaq cəhdidir ki, bu yolda o, ölümdən belə çəkinmir. Şair şeirini poetik bir sonluqla görün necə tamamlayır:

Zaqatala bir gör necə baxtlı imiş,

Bu torpağın qəlbi sənə bağlı imiş.

Bəlkə elə qısqanc dağlar haqlı imiş

Səni xəlvət bir guşədə gizləməkdə!

Musa Ələkbərlinin Krım haqqında yazdığı şeirlərin də üstündən sükutla keçmək olmur. O, bir tərəfdən bu doğma məkanın gözəlliyini tərənnümə çəkir, digər tərəfdən "Krım məni çəkdi qan doğmalığı” deyə bu yerlərin qədim türk torpaqları, bizim tarixi məkanlarımız olduğunu açıq bir yanğıyla, kövrək bir ovqatla şeirə gətirir:

Allah nə gözəldir burda təbiət,

Burda dilədiyin ən ülvi dilək,

Burda elədiyin ən uca niyyət,

Dönər həqiqətə şəksiz-şübhəsiz.

Gör necə tanışdı bu cığır, bu iz,

Ömrümdə ilk dəfə olsam da burda,

Bu yerlər tanışdı, göylər tanışdı,

Qohumdu mənimlə çiçəklər, otlar

Qohumdu boşalan, dolan buludlar

Qohumdu sahilin sərin qılığı

Qohumdu qumların incə qıdığı

Dağların o bəyaz hüsnü tanışdı,

Gör Krım neylədi? Bu qohumluğu

Çəmənə danışdı, çölə danışdı,

Torpağa danışdı, suya danışdı

Göylərə danışdı məni görəndə.

Musanın bu səpkidə yazdığı şeirlər deyim ki, Sovet dönəmində əsil cəsarət nümunəsi idi. "Uçan su”, "Ağarmış”, "Yalta”, "Sevastopol”, "Bir dəniz, bir sahil”, "Sular pərisi”, "Heç nə istəmirəm” adlı şeirlərdə üstüörtülü şəkildə Krımın əsil sakinlərindən uzaq düşdüyü, burdakı adların "yetim” qaldığı daxili bir ağrı, əsil vətəndaşlıq yanğısıyla qələmə alınmışdır:

Doğmadı, əzizdi adından mənə

Təpədən dırnağa ağdı Ağarmış.

Gör necə bürünüb dumana, çənə,

Taleyi ağarmış, baxtı ağarmış.

Qat-qat zirvələnən dərdi köhnədi,

Dinsə pərdə nədi, dinsə kök nədi?

Başında bəmbəyaz bulud göynədi,

Gözündən damcılar axdı ağarmış.

Yaxud "Uçan su”ya yazdığı şeirdən bir nümunə:

Qurban olmaq, şəhid olmaz həvəsin

Yad ləhcəli yağılara qənimdi.

Harayında payı yoxdu heç kəsin

Ağ köpüklü divanəlik mənimdi!

Şair bir türk oğlu türk kimi bu torpağın əsil sahibi olduğunu, bu şeirlərdə dönə-dönə vurğulayır. Krımın doğmalığından, gözəlliyindən vəcdə gəlir, bu füsunkar torpağın bənzərsizliyi, özəlliyi onun şair ilhamını əngin səmalarda uçurur:

Kağız istəmirəm, göylər dümağdı,

Axır öz-özünə könlümün varı.

Elə barmağımı Qara dənizə

Batırıb yazaram bu misraları!

Musanın "Bu yol qırağında bitən tək ağac”, "Qırmızı buludlar” "A dağlar”, "Göyyurd”, "Gördüm”, "Kötük” "Bakıda çən gördüm” və bir sıra başqa təbiət şeirlərinə sanki mövcud təbiətin ab-havası, ovqatı da yansıyıb. Yol qırağında bitən tək ağaca yaxın ətrafından əli üzülmüş, mehr-məhəbbətdən, doğmalıqdan uzaq düşmüş bir insan kimi də baxmaq olar. "Kötük” şeiri də bu cəhətdən çox düşündürücüdür. Məgər müasir cəmiyyətimizdə azdımı belə kötüklər?!

Üstündə nə qədər pöhrə doğranır,

İlbəil dibindən zoğ verən kötük.

Meşə oğurlanır, meşə oxlanır

Çürüyüb, iylənib zığ verən kötük.

....Dövrəndə nə qədər qotur ağac var,

Əyilir, bükülür, pis günə qalır.

Səndən uzaşdıqca dümdüz ağaclar

Yaxın ətrafında kol-kos ucalır.

Elə sənətkarlıq da bundadır ki, təbiətə həsr olunan şeirdə cəmiyyətin də naqisliklərini, ağrı-acılarını görəsən. Musa Ələkbərli məncə bu yöndə neçə-neçə uğurlara imza atmış şairdir. Onun təbiətə həsr etdiyi şeirlər içərisində birini bu mövzuda yazdığı şeirlərin zirvəsi hesab edirəm.

Dağlarda böyüyüb boya-başa çatan şairin şəhərdə yaşamağı qeyri-adi bir şey deyil və onlarla belə şairlərimiz var. Onların şəhərdə oturub kənd təbiətinə həsr etdikləri şeirlər həmişə nostalji duyğulara köklənir. S.Vurğunun "Dumanlı dağların yaşıl qoynundan” uzaqlaşdığı "Tozlu bir diyarla qucaqlaşdığı kimi Musanın "Necə yazım axı bahar şeirini” həyəcansız oxumaq olmur. Şair sanki bu şeirdə doğulduğu təbiətdən ayrı düşməyinin illərlə yaşadığı ağrı-acısını, həsrətini, nisgilini qəlbinin axar qanı ilə yuyur, vərəqlərə sərir, hər misrasını elə bil ürəyinə sancılan ox kimi çıxarır.

Həm şumda gəzmirəm ayağı yalın,

Səsim ətəkləmir yamacı, yalı.

Ayın işığında tutmuram yolu

Necə yazım axı bahar şeirini?!

Bahar şeirini yaza bilməməyinin səbəblərini, ağrılı illətini şair şeirinin hər bəndində poetik vüsətlə açıqlaya-açıqlaya gedir:

Küsdürüb gəlmişəm bir bənövşəni,

Açdığım cığıra otlar döşənir.

Uzaqdan-uzağa könlüm üşənir

Necə yazım axı bahar şeirini?

Əsas səbəblərdən biri də budur ki:

Bir ağac əkmirəm, becərmirəmsə,

Özüm yaş torpaqda cücərmirəmsə.

Yağışa, doluya gec gəlmirəmsə,

Necə yazım axı bahar şeirini?!

Şairi, onun lirik qəhrəmanını daxilən sarsıdan, ağrıdan odur ki, "Həm şumda ayağı yalın gəzmir”, "Səsi yamacı, yalı ətəkləmir” "Ayın işığında yolu tutub” kənd romantikasının dadını çıxara bilmir. "Başlı-başına qalan çəmənlər” "ot basan ocaq daşı”, "Yolundan saxlaya bilmədiyi köç””Qoşulub ağlaya bilmədiyi bulaq, sellənib çağlaya bilmədiyi çay” "O işvəsi-nazı xoş olan gül” "Yolunda ömürdən keçə bilmədiyi sevgi”... Bütün bunların hamısı şairin bu şeirdə işlətdiyi bənzətmələr, məcazlar, epitetlərdir və şeirin qurulmasında, təsirli daxili dinamikasında hər birinin öz uğurlu yeri var. Kənddən, doğulduğu təbiətin füsunkar qucağında ayrı düşən şair öz lirik nostalji hisslərini bu şeirin son bəndində yetkin sənətkar səriştəsiylə daha dolğun və daha poetik axara salır:

Lalə daşqınıdı – "yaram qan verir”,

Uçur, ləçək-ləçək sovruluram mən.

Asvaltın altında bahar can verir,

Asvaltın üstündə qovruluram mən

Necə yazım axı bahar şeirini?!

Rauf Vəliyev

Mir Cəlal Tədqiqatçısı


10792 oxunub

InvestAZ