XƏBƏR LENTİ
26 Yanvar 2022
25 Yanvar 2022
24 Yanvar 2022
23:49



Həyata-işığa çağırışlar
Ədəbiyyat 12:22 / 21.08.2020

Adəm Asnı (bu təxəllüsü kəndlərindəki çayın adından götürmüşdür) ədəbi mühitə həyatı özündən gələn və o həyatı ədəbiyyata gətirməyə çalışan yazıçılardandır. Təsvir olunan məişət tərzi, insani münasibətlərin müxtəlif məqamları, adət, ənənə, xasiyyət... hamısı təbiidir.

Yazıçı oxucuya köhnə tanışı, dostu, təsvir elədiyi iştirakçısı gözü ilə baxır, həmsöhbət olur.

Bu yazıçının daxili aləminə endikcə o, bir az da üzə çıxır.

Müəllif giriş sözündə belə yazır: "...hər bir kitab onu ərsəyə gətirmiş müəllifin zəhmətinin, düşüncə və hisslərinin, fikir və təəssüratlarının, qəlb çırpıntılarının, əziyyətinin, hadisələri qavrayışının, həyata baxışının məhsuludur...”

Adəm Asnının "zəhmətinin, düşüncə və hisslərinin” bəhrələrindən olan iki hekayəsinin timsalında onun "fikir və təəssüratları, həyata baxışı” ilə tanış olaq.

Yazıçı "Mişka” hekayəsində Sərinoba kəndinin sakini Alxanı oxucuya təqdim edir: "Onun kənddə kimliyini, beşdə alacağı, üçdə verəcəyi olmadığını hamı bilirdi. Qonum-qonşu, ağsaqqal-qarasaqqalla salam-kəlamı da olmazdı. Elə bil salam verəndə Allah verdiyi canı ondan alacaqdı. Nəinki camaat arasına çıxır, kiməsə ürək qızdırır, heç çayxanaya, elin xeyir-şərinə də getməzdi. Cin iynədən qorxan kimi, kənd əhlindən qorxurdu elə bil. Hamı onu cəncəl, cüvəllağı, həlləm-qəlləm adam kimi tanıyırdı. Xortdan kölgəsi kimi kənddə görünəndə də bilirdilər ki, yallanmaqdan ötrü, özünə nə isə almaq üçün dükana gəlib. Ona ehtiyacı olmasa, komasındaca qalardı”.

Alxanın bədbəxt taleyini əslində onun özündən savayı, kənddə hamı görür, heç kəs ona yaxın getmir. Bunun müqabilində o meydan sulayır, bu xasiyyətini müxtəlif vasitələrlə yenə nümayiş etdirir.

Müəllif bu dəfə onun əlində "bir tərəfi çomaq toppuzu kimi olan” dəyənəyi göstərir. Oxucu görür ki, Alxan tək deyil, "hansı ağac növünə aid olduğu” bilinməyən əl ağacı, dəyənək bu hikkəli adamın ixtiyarındadır. Dayağı, arxasıdır. Bu da ona görə təhlükəlidir ki, "Alxan bu toppuzlu ağacla çox sərrast tolazlama atırdı. Payızda bütün meyvələrin barı yığılıb qurtarandan sonra kolxoz bağlarına adamlar buraxılırdılar. Hündür qoz ağaclarının təpəsində qalan beş-üç qozu, payızlıq armudun təpəsində adda-budda qalan armudu həmin bağlarda quzu otaran Alxan bir tolazlama ilə sərrast vurub salardı...”

Bu təsvirə fikir verdinizmi? Əl ağacının rəsmi necə canlı çəkilmişdir...

Ötən əsrin böyük türk şairi Nazim Hikmət söhbətlərinin birində deyirdi ki, obrazı gərək gözünlə görüb, əlinlə də tuta biləsən.

Şübhəsiz, Alxanın bir obraz, xarakter kimi açıqlanmasında "dəyənək” öz işini görür. O, Alxanın qəzəbinin, kininin, hirsinin nümunəvi icraçısıdır. Hadisələrin sonrakı inkişafında artıq Alxan dəyənəyi yox, dəyənək onu idarə etməyə başlayır.

Kənddə iki nəfər – Məftunla Həsən, altıncı sinif şagirdləri imtahanlarını bitirdikdən sonra öz quzularını otarır. Onların hərəsinin də bir çəpişi var. Bu çəpişlərə də bir-birinin adını veriblər. Hadisələr elə gətirir ki, bir gün Məftunun çəpişi hasarı keçib Alxan gilin həyətinə düşür. Məftun Alxanın ""...ay çəpiş, hara soxulursan” deyə çığıraraq dəyənəyini tolazladığını gördü. Dəyənəyin çəpişə dəyməyi ilə onun yerə yıxılıb bəyirməyi bir oldu...”

Hekayənin toppuzla bağlı fabulası burada yekunlaşsa da, sonradan çəpiş də sağalır, Alxanı mərdimazar adam kimi tanıdığından kənddə onun satmaq istədiyi ev-torpaq sahəsini də alan tapılmır.

Adəm Asnı həyatı, insanı həssas müşahidə etmək qabiliyyətinə malik ürək və qələm sahibidir. O sevdiyi, tanıdığı el-obanın simasında sanki bütöv bir epoxanı verməyə (görməyə və göstərməyə) çalışır, təəssüf elədiyi hadisələrin içərisində qovrulur, lakin yanıb kül olmur. Zülmətdə işıq görür.

- Bir adamın xatirəsi, adı ki, bir çəpişin adı qədər yaşayıb yad edilməyə, beləsinin bu itib-batan, tökülüb-gedən, hətta ehtiyacı olanlara belə lazım olmayan həyətindən bir çöp belə götürməyə dəyərmi? – deyir.

Hekayənin fəlsəfi tutumu belədir.

Bu ümumiləşmə - ədəbi tapıntı kimi də qiymətlənə bilər. Çünki həyatdan-həyata-işığa çağırışdır.

Adəm Asnının nəsri – onun təsviri, təhkiyəsi, cümlələrarası nəfəsi əsl xalq dili olduğu üçün zəngindir, koloritlidir, ifadəlidir. Hekayələrinin qəhrəmanlarını hansı şəraitdə danışdırsa da, onlar daxilən mənə tanışdırlar. Yaxşısını da, yamanını da birinci dəfə yox, bəlkə ikinci dəfə görürəm. "Dəb” hekayəsindən məhz belə bir təəssüratla ayrıldım.

Qulam dayı (ondan yaşca böyüklər onu "Qulam kişi” çağırırlar) "min evli” Qaraqaş kəndində seçilən, "sayılan, yaşı səksəni ötmüş el ağsaqqalıdır”. Onu qonşu kəndlərdə də tanıyırlar, sözü keçir, adı tutulur. İndiyəcən bir sözünü iki eləyən olmayıb. "İndiyəcən” deyəndə ki, Gülsüm arvadın ölümünə qədər. Qulam kişi həmişə elin xeyirində-şərində yaxından iştirak edib, bir mürəkkəb məsələ olanda, çalışır ki, onu da yola versin.

Xudaverdi Gülsüm arvadın yeganə övladı, oğludur. Türkiyədə günəmuzd işləyib dolanır. Güzəranı o qədər də yaxşı deyil. Bütün bunları nəzərə alan Qulam kişi Xudaverdini təmtəraqlı yas adətindən imtina etməyə çağırır. Onun bu təklifi başqa bir təkliflə qarşılanır:

- Qulam dayı, yıx yerə, başımı kəs, "mıkk” eləsəm, köpəkoğluyam. Ancaq sən Allah gəl bu dəbi məndən başlamayaq. Camaat adama nə deyər?

Qulam dayə kənddə adamı ölən ailələrin adlarını çəkib onların hələ də borclarını ödəyə bilmədiklərini sadalasa da, Xudaverdi təkid edir:

- Qulam dayı, qurban olum, gəl bu dəbi məndən başlamayaq. Deyəcəklər ki, köhnə bazara təzə nırx qoyur.

Beləliklə söhbətə son qoyulur.

Lakin Qulam kişi də öz inadından dönmür, imkansızların gününü-güzəranını düşünür.

İş elə gətirir ki, günlərin birində Qulam dayının əmisi oğlu Zülfəli rəhmətə gedir. O, vaxtilə kənddə kolxoz sədri, sovxoz direktoru vəzifələrində işləmişdi. Oğlanları ali məktəbdə dərs deyir. Elmlər namizədidirlər.

Burada bir haşiyə kimi qeyd etmək istərdim ki, yazıçı Adəm Asnı başqa hekayələrində də belə oxşar, müqayisəli vəziyyətləri nəzərdən qaçırmır, əksinə, onlardan ədəbi vasitə kimi istifadə edir. Bəlkə də bununla o demək istəyir ki, hadisələr, oxşar situasiyalar həyatda heç vaxt tək olmur. Dünyanın dərk mürəkkəbliyi və müxtəlifliyi də elə bunda deyilmi?!

Qulam dayı mərhumun uşaqlarından razılıq alandan sonra yas məclisinə müraciət edir:

- Mən istəyirəm ki, bu artıq israfçılığı, əlavə təmtərağı yığışdıram.

Çayxor Murquşla qurulan dialoqda Qulam dayının xarakterindəki qətiyyət daha aydın görünür və biz ona daha çox inanırıq. Görürük ki, dəbi dəyişməyə qadir bir ağsaqqaldır:

- ... ay Qulam dayı, gözəl işdi, ancaq bunun bir əmması da var.

- Nədir elə?

- Sabah bir-iki imkansız sənin dədənə rəhmət oxuya-oxuya buna əməl etsə də, arada bir imkanlısı bu dəbi pozan kimi, yenə ondan sonrakılar əvvəlki kimi yas verəcəklər.

- Yox, ay Murquş, mən hələ bundan əvvəllər də kəndimizin ağsaqqalları, mollaları ilə bu məsələni danışmışam, götür-qoy etmişik. Bu dəbi pozanın məclisini heç bir molla aparmayacaq. İmkanlı əgər istəyirsə, qoy bir cöngədən, danadan kəsdirib fağır-füqəraya paylasın, bu da olsun onun ehsanı.

Qulam dayı fürsətdən istifadə edib başqa bir vacib təklifini də edir:

- Mən xahiş edirəm ki, çadırda heç kim siqaret çəkməsin. Kim dözə bilmirsə, çıxıb bayırda çəksin...

Toyda-yasda siqaret çəkməyi ilə seçilən Elbəyi kişi sonralar Qulam dayını belə xatırlayır:

- Allah Qulam kişiyə rəhmət eləsin. Düzü, o rəhmətlik bu dəbi qoyanda elə ən çox narazı qalan da, rəhmətlik Zülfəlinin yas məclisindən küsüb gedən də, rəhmətlik Məcid kişi ilə mən olmuşduq. Ancaq bu dəb olmasaydı, kim bilir elə Məcidin öz uşaqları nə edəcəkdilər, yası necə yola verəcəkdilər...

Beləliklə, biz görürük ki, yazıçı, Qulam dayının şəxsində dəbə qarşı başqa bir dəbi, israfçı adətə qarşı başqa bir adəti mütərəqqi, səfərbəredici bir qüvvə kimi qoymaqla, nəinki hekayənin bədii həllini tapmış, həm də onun təsir gücünü artırmışdır.

Yazıçı Adəm Asnının oxunaqlı hekayələri, ağıllı mükalimələri, gözəl də mükaliməsi var – ünsiyyəti!

Heç biri oxucunu yormur.

İnanıram ki, Adəm gələcəkdə (özü də yaxın gələcəkdə!) daha epik lövhələrin təsvirinə meyl edəcək.

Adəm Asnı həm də gözəl şairdir. O, dünyanı özündə, özünü də dünyada görə bilir. Şairin hələ üç il bundan əvvəl – 2017-ci ildə üç yüz əlli səhifəyə yaxın "Duyğuların ifadəsi” adlı iri bir şeirlər kitabı nəşr edilmişdir. Kitaba Azərbaycanın böyük ədəbiyyatşünas alimi, akademik Nizami Cəfərov geniş, əhatəli, səmimi ön söz yazmışdır.

"Böyük sələflərindən gələn və bütövlükdə müasir poeziyamızın ruhuna hopan fəlsəfi təfəkkürün Adəmin şeirlərində də həm ənənəvi, həm də özünəməxsus şəkildə təzahür...” etdiyini vurğulayan akademik N.Cəfərov daha sonra qeyd edir ki, "Ənənəvilik sələflərə ehtiramın, özünəməxsusluq isə cəmiyyət həyatının yeni təcrübələrinə istinadın nəticəsidir. Və əminliklə demək olar ki, Adəm filosofluq etməyə qüdrəti çatan, bundan çəkinməyən fikir, mühakimə adamıdır.

İslam dininin fəzilətlərindən gələn mənəvi dəyərlər Adəm Asnının şeirlərində həm tərənnüm olunur, həm də bu dəyərlər mövqeyindən bugünkü "dünyanın işi”nə sözün geniş miqyasında "əxlaq”ına, əgər belə demək mümkünsə şərh verir”.

A.Asnının şeirləri barədə deyilmiş bu dəyərli sözlərdən, verilmiş bu yüksək qiymətdən sonra, onun şeirlərinin əlavə şərhə məncə heç ehtiyacı yoxdur.

Sizə daha yeni uğurlar, Adəm Asnı!


Nəriman Həsənzadə,

xalq şairi.


7790 oxunub

InvestAZ