XƏBƏR LENTİ
19 Yanvar 2022
18 Yanvar 2022



HARDA BİZ ÖLÜRÜKSƏ... - AĞASƏFA
Ədəbiyyat 09:04 / 21.08.2020
HARDA BİZ ÖLÜRÜKSƏ...

İkinci Dünya Müharibəsinin məşhur qəhrəmanı,
Xarqo ləqəbli partizan Əhmədiyyə Cəbrayılovun
dediyinə görə Fransa Müqavimət Hərəkatı üzvlərinin
məxfi işarəsi belə imiş: "Harda biz ölürüksə, orda
Vətən dirilir!”



Düşündürür hər kəsi:
Nədir Vətən sevgisi?
Əməldə ağır, çətin,
Dildə asan sualdır.
Candadır, dilə gəlməz,
Sevginin dili laldır.
Bir qarış torpaq üçün
Beş qaşıq qan halaldır.
Bu bəllidir: hər kəsə
Ömür bir yol verilir.
"Harda biz ölürüksə,
Orda Vətən dirilir.”

Analar oğul doğur...
”Oğul - düşmən çəpəri,
"Qoy baxsın yağı!” deyir.
Oğul doğur... Oğula
"Elin çırağı”deyir.
"Laylay, balam, tez boy at,
Qoru torpağı!” deyir.
Oğul şəhid olanda
Bir ananın oğluna
Min ana ağı deyir.
Oğul şirin meyvədir...
Bəzən vaxtsız dərilir...
"Harda biz ölürüksə,
Orda Vətən dirilir!”

Əldə üçrəngli bayraq!
Hücum çəkir ər belə...
Bir anlıq göz yumanda
Əsir düşmüş yurdunu
Yuxunda da gör belə...
Sığındığın daş - Vətən,
Evindir səngər belə.
Sinəsindən odlanan,
Yıxılan-əsgər belə
Bir qarış torpaq üçün
Dizin-dizin sürünür,
Yerdə də mərd görünür.
Üzü üstə düşəndə
Vətən sərhəddi boyu
Qanadları gərilir.
"Harda biz ölürüksə,
Orda Vətən dirilir!”

Ölüm haqdır... Son anda
Xocalı yada düşsün,
Qisas alıb, öləsən.
Son anda... Öləndə də
Beş qarış torpaq alıb,
Gərək qalib öləsən.
Yaddaşlara köçəsən,
Yadda qalıb, öləsən.
Vətən qalib olanda
Vətənin çiçəkləri
Üstümüzə sərilir...
"Harda biz ölürüksə,
Orda Vətən dirilir...”


2016.




AĞILDAN BƏLA

(Tacviruslu gündə)
Daha öpüşmək olmaz,
Dodaqdan qəlbə yol yox.
Peyğəmbər tənha qalıb,
Bağlandı Kəbə- yol yox.
Andır gözəgörünməz,
Dünya –susuz Kərbəla.
Günahkar- Adəm oğlu,
Ağıldandır hər bəla.
Hamının qəlbi dolu,
Hamının ağzı bağlı.
Şərin başında tac var,
Kəsmir loğmanlar ağlı.



Ağıl, idrak-işartı,
Kül altında qalan qor.
Haqqın ayağı topal,
Dünyanın - bir gözü kor.

Göydə nə var- müəmma...
Yerdən Şər havalanır.
Əmma... əmma... və əmma...
Asqırmaq xətalıdır...
Dur, bəşər havalanır.

Yıxayıx, tıxatıxtdır,
Hələ ki, Şərdədir güc.
Tanrının gözü toxdur,
İnsanın nəfsi ülgüc.

Murdar tikəni bircə
Alicənab it almır.
"Alış-veriş” qızışıb,
Bir Allah rüşvət almır.

Çörək ərşi-əlada,
Yerdə ölüm havayı.
Kibrit çöpünə oxşar
Ac cocuqlar alayı.

Yerin-yurdun şəninə
Qurban getmək şan-şərəf.
Şəhid şəhid dalınca,
Qurbangahdır hər tərəf.

Yeni dövran başlanır...
Vay insanın halına!
Bayırda Şər dolaşır...
Qalın... Evdə qalın a...

İyul, 2020



BU KÖKSÜMÜN ALTINDA

Bir qanlı fırtınadır,
Bir qanlı qasırğadır.
Qurturulmaz əzabdır,
Qulağımda sırğadır.
Səda gəlir, səs ucalır:
-Yadından çıxmasın a!
Xocalı var...
Xocalı...

Dözümmü? Dözümüm yox,
Ömür bir göz qırpımı...
Dövrəmdə axşam-səhər
Xocalı həsrətiylə
Şəhid ruhlar çırpınır
Hey uşaqlı-qocalı...
Çiynimə əl qoyurlar:
-Nə özünü öyürsən?
Nə döşünə döyürsən?
Xocalı var...
Xocalı...

Körpə qundaqlarını
Çiynimdə gəzdirirəm
Havada tabut kimi.
Kor gözləri tor görən
Dünyaya sübut kimi.
Durub üzü Qibləyə
Hər səhər ah çəkirəm
Bir anlıq sükut kimi...
Qanadlarım açılmır
Kədər qanad açalı...
Yumruqlarım sıxılır!
Xocalı var...
Xocalı...

Daşdı səbir kasası,
"Hücum”- Sözün kəsəsi,
"Atəş!”- Əmrin qısası.
Alınsın ey, alınsın
Xocalının qisası.
Ölmərəm, ta görməsəm
Polad döşlü oğullar
Zəfər çalır, bac alır...
Ehey! Qalxın ayağa!
Xocalı var...
Xocalı...

... Bu köksümün altında
Şəhid kimi uyuyur,
Şəhid şəhər qocalır...
Bu köksümün altında
Xocalı var...
Xocalı...
2020


TƏZADLI DÜNYA

Tanrını da bezdirir
Təknəsi boş olanlar.
Əlində gül gəzdirir
Ürəyi daş olanar.


MƏNİM PLAKAT ŞÜARIM

Azərbaycan ordusu,
Azərbaycan əsgəri!
Tut burnundan
Ermənini bas geri!


YAĞMASA DA...

Çəkic vuran dəmirçiyə bənzəyir
Şimşək-şimşək çınqı yayan buludlar.
Kürsüdəki hay-küyçüyə bənzəyir
Yağmasa da guruldayan buludlar.



SƏKKİZİNCİ NƏVƏM AĞAMƏHƏMMƏDLƏ
İLK GÖRÜŞ

Çörək istəmir, su demir,
Baxışlarıyla dil açır.
Ana döşündən süd əmir,
Hərdən işığa əl açır.

Salam verdim, qığıldadı,
Sanki tanış gəldim ona.
Şəkər dadır, noğul dadır,
Güldü... Mən də güldüm ona.

Anlamıram ki, nə deyir,
Gözləri ulduz-ulduzdur.
Qığıltısı sərbəst şeir,
Ağlamağı lap əruzdur.

İkimiz oynadıq bir az:
-Səndə...
-Məndə...
Baba, nəvə...
Körpə qoxuludur bu yaz,
Adam heç sığışmır evə.

Aldım qollarım üstünə,
Budaqlandım, haçalandım...
Utanmasaydım, Tanrıdan
Bir ömür də borc alardım...

2020


16250 oxunub

InvestAZ