XƏBƏR LENTİ
09 Avqust 2020
08 Avqust 2020
07 Avqust 2020



Millət vəkili Könül Nurullayeva Türkiyə mediasına açıqlama verib
SİYASƏT 13:42 / 29.07.2020

Millət vəkili Könül Nurullayeva Türkiyə mediasına açıqlama verib.

Açıqlamada əsasən Ermənistanın işğalçılıq siyasəti, sərhəd təxribatı və xaricdə soydaşlarımızın keçirdiyi dinc aksiyaçılara qarşı ermənilərin aqressiyası, Azərbaycan-Türkiyə ortaq hərbi təlimləri və regional təhlükəsizlik məsələlərinə toxunulub.

K.Nurullayeva bildirib ki, Ermənistan bütün dünyanın gözü önündə terror siyasətini davam etdirir. İyulun 12-də sərhəddə baş verən hərbi təxribat, mülki əhalinin atəş altında saxlanması və qətlə yetirilməsi, Avropa və Birləşmiş Ştatlarda soydaşlarımızın keçirdiyi dinc aksiyalara aqressiv müdaxilə, zorakılıq halları-bütün bunlar Ermənistanın işğal siyasətinin tərkib hissəsidir: "Azərbaycan dəfələrlə bəyan edib- Ermənistanın işğalçılıq siyasəti regional və qlobal təhlükədir, dünya birliyi işğalçıya yerini göstərməlidir. İşğalçı ilə işğala məruz qalan arasında fərq qoymağın vaxtıdır. Ermənistan 30 ilə yaxındır işğal altında saxladığı Azərbaycana məxsus əraziləri boşaltmalıdır, çünki "status-kvo” sonsuza qədər davam edə bilməz! Bunu ATƏT-in Minsk Qrupunun həmsədrləri də dəfələrlə bəyan edib. Ermənistanın bu cür təxribatlarda məqsədi hər nə olursa olsun, dünya birliyi də, Ermənistan da yaxşı dərk edir ki, Azərbaycanın Ali baş komandanı, prezident İlham Əliyevin də hər zaman bəyan etdiyi kimi-Azərbaycan öz dədə-baba torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək."

Millət vəkili həmçinin Türkiyənin Azərbaycana dəstəyinə də toxunaraq, bunu "bir millət iki dövlət” prinsipinin bariz nümunəsi kimi dəyərləndirib: "Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla qardaş ölkənin rəsmilərinin səsləndirdiyi bütün bəyanatlarda Azərbaycana dəstək ifadə olundu. Mən xüsusilə Avropada erməni təxribatına etiraz edən soydaşlarımızın aksiyası zamanı türk qardaşlarımızın dəstəyini qeyd etmək istəyirəm.
Eyni zamanda ötən həftə iyulun 24-də Praqada təşkil olunan aksiyada Türkiyənin Çexiya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Egemen Bağışın aksiyaya qatılması bizdə böyük ruh yüksəkliyi yaratdı. E.Bağış həmvətənlərimizə dəstək olmaq üçün Praqada Azərbaycan Səfirliyinin önünə gələrək, Azərbaycanın yanında, ermənilərin isə qarşısında olduğunu göstərdi. Biz cənab Bağışın Türkiyənin Avropa İttifaqı ilə əlaqələr naziri olduğu müddətdə bütün nüfuzlu platformalarda Azərbaycanın ərazi bütövlüyünə dəstək bəyanatlarını da xatırlayırıq.”

K.Nurullayeva Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin növbəti ortaq hərbi təlimlərinə də münasibət bildirib. Qeyd edib ki, Azərbaycan-Türkiyə münasibətləri bütün istiqamətlər, o cümlədən də hərbi sahə üzrə inkişaf etməkdədir: "Ümumiyyətlə, Azərbaycanla strateji tərəfdaşları arasında müdafiə sahəsində əməkdaşlığın əsas prioritetləri sırasında
tərəflərin maraqlarının bütün platformalarda qarşılıqlı müdafiəsi, təhlükəsizliklə əlaqədar ortaya çıxan potensial təhdidləri müəyyən etmək, onlara qarşı mübarizə aparmaq üçün birgə fəaliyyət, dünyada və regionda təhlükəsizlik və sabitliyin təmin olunmasına birgə töhfə vermək, eyni zamanda birgə hərbi təlimlər keçirmək kimi vacib istiqamətlər yer alıb. Bu mənada reallaşması nəzərdə tutulan növbəti ortaq hərbi təlimlər də ikk qardaş ölkə arasında hərbi əməkdaşlığın inkişaf göstəricisi kimi dəyərləndirilməlidir. Bu cür təlimlər mütəmadi olaraq keçirilir. Türkiyə bu gün Azərbaycanın hərbi sahədə ən mühüm tərəfdaşıdır. İki ölkə arasında hərbi əməkdaşlıq əlaqələrinin ildən-ilə genişlənməsi, birgə keçirilən hərbi təlimlərin sayının artması bunu bir daha təsdiqləyir.

Xatırlatmaq yerinı düşər ki, 2013-cü ildə əgər planda 7 təlim var idisə, 2019-cu ildə bu təlimlərin sayı 2 dəfə artmışdır.

Azərbaycan Prezidenti İlham Əliyevin iki ölkə arasında hərbi əməkdaşlıq əlaqələrinin inkişafını xarakterizə edərkən söylədiyi kimi, "Bizim birliyimiz hər bir sahədə özünü göstərir, o cümlədən hərbi sahədə bizim iş birliyimiz, əməkdaşlığımız dərinləşir. İl ərzində bir neçə dəfə müştərək hərbi təlimlər keçirilir.»

Millət vəkili vurğulayıb ki, tərəflər hərbi və müdafiə sənayesi sahəsindəki əməkdaşlığı strateji cəhətdən, ümumi mənfəət və hədəflər çərçivəsində təkmilləşdirməkdə maraqlıdır.

https://www.dha.com.tr/dunya/azerbaycan-milletvekili-nurullayeva-siyasi-iliskilerimiz-iki-halkin-iradesini-yansitmaktadir/haber-1784004

https://www.dilekhaber.com/azerbaycan-milletvekili-nurullayeva-siyasi-iliskilerimiz-iki-halkin-iradesini-yansitmaktadir


791 oxunub

InvestAZ