XƏBƏR LENTİ
09 Avqust 2020
08 Avqust 2020
07 Avqust 2020



ONU BELƏ TANIDIM - Əbülfət MƏDƏTOĞLU yazır
YAZARLAR 15:15 / 22.07.2020

Və ona həmişə "Sözün Generalı” deyə müraciət etdim

Azərbaycanda sözə, yazı-pozuya, mətbuata və eləcə də ədəbiyyata önəm verən, diqqət ayıran hər kəs onu tanıyır. Necə deyərlər, oxucu olan məmləkət adamlarının böyük əksəriyyətinin ondan, onun yaradıcılığından xəbəri var. Bunu söz xatirinə, yazıya giriş üçün yazmıram. Əksinə, bunu bir gerçəyi təqdim etmək, onun mahiyyətini varmaq üçün yazıram. Üstəlik, həm də bu fikir mənim onunla bağlı düşüncələrimin ipucudur. Və bu ipucundan yapışıb çözə-çözə bir yazının yoluna çıxıram onun barəsində yazmaq istədiyim yazının...

Öncə barəsində danışdığım söz adamının kimliyini təqdim edirəm:

- Yunus Oğuz!

Mən Yunus bəyi təbii ki, sözündən tanımışam. 90-cı illərdən başlayaraq onun müxtəlif mətbuat səhifələrində imzası ilə qarşılaşmışam. Və hər dəfə də bu qarşılaşmalar mənim yaddaşıma öz izini naxışlayır. Görmüşəm, duymuşam ki, qiyabi tanıdığım Yunus Oğuz imzası getdikcə mənə doğmalaşır. Və bu doğmalıq...

Müdriklərin belə bir kəlamı var. O kəlamda soruşulur ki, "qardaşın necə adamdı?”. Cavab da verilir ki, "yol yoldaşı olmamışam!”.

Bəli, zənnimcə nə dediyimi və yaxud nə demək istədiymi anladınız. Axı, müdriklər sözü elə-belə boşuna deməyiblər və demirlər də. Qardaşı tanımaq üçün, ona güvəncin, ona inancın mahiyyətinə varmaq üçün mütləq yoldaşlıq etməlisən. Bax, mən də artıq yazılarından tanıyıb, kitablarından oxuyub sonra da dostlaşdığım və hər görüşümüzdə də "Sözün Generalı!” - deyə müraciət etdiyim Yunus Oğuzla yol-yoldaşı olandan sonra onun sözünün və özünün içini də gördüm. Səmimiyyətinin, sadəliyinin və bu sadəlikdəki istiqanlılığın vurğunu oldum. Gördüm ki, bu insan zəhmətkeş olduğu qədər də duyumludur... duyumlu olduğu qədər də sadədir... Sadə olduğu q ədər də mehribandı... mehriban olduğu qədər də anlayışlıdı...

Bizim yol-yoldaşlığımız müxtəlif bölgələrə olub – şimala da, Qarabağa da, elə Bakı ətrafına da. Zarafatlarının, şirin xatirələrinin, təəssüratlarının yola necə körpü saldığının şahidi olmuşam. Kənardan, qarabağlıların təbirincə desək, bir az təşər, bir az özündənrazı kimi görünən Yunus Oğuz əslində o görüntüsüylə həm də özüdü. Dosta ərk edən, yoldaşa könül bağlayan və bir də əli hər kəsin ona uzanmış əlini sıxmağa hazır olan bir Allah bəndəsidi Yunus Oğuz. Bəzən replikaları, atmacalarıyla, söhbətilə məclisin ovqatını dəyişən, ona təbəssüm qatan, onun ahəngini iştirakçıların zövqü səviyyəsinə çatdırmağı bacaran Yunus Oğuz sözünü, fikrini ifadə etməkdən də çəkinmir. Mən bir canlı şahid kimi onun bu yanaşmasının, bu fəaliyyət tərzinin şahidi olmuşam. Ona görə də inamla, həm də qətiyyətlə deyə bilərəm ki, Yunus Oğuz bütövlükdə Oğuz ellərinin dəyərli ədəbiyyat, söz adamıdır. Onun romanları bütövlükdə çoxşaxəli əsərləri türk dünyasında böyük tirajlarla yayımlanır və yayımlanmaqda da davam edir. Əsərləri xarici dillərə çevrilmiş Yunus Oğuzun sərhəddimizdən çox-çox uzaqlarda kifayət qədər oxucuları var. Hər dəfə Yunus Oğuzun əsərləri ilə bağlı xarici və ölkədaxili agentliklərin, saytların yayımladığı bilgiləri oxuyanda dəyərli Söz Generalının uğurlarına ürəkdən sevinirəm. Çünki bu uğurlar həm Azərbaycan ədəbiyyatına, həm də bütövlükdə Azərbaycan mətbu sözünə aidir.

Dünən, yəni söz adamları üçün önəmli olan mətbuat günündə Yunus Oğuz üçün ikiqat bayram idi. Çünki o, iyulun 22-də 60 yaşının əlini sıxdı. Görünür, bu da bir alın yazısıdı. Söz, ədəbiyyat adamı məhz Mətbu Sözün doğum günündə dünyaya gəlib. Sadəcə olaraq, Mətbu Söz 145 yaşını, Yunus Oğuz isə 60 yaşını qeyd edir. Düşünürəm ki, o 145 yaşın içərisində Yunus Oğuzun sözü də var, imzası da. Ona görə də tərcümeyi-halından heç nə yazmasam da, onun "Olaylar” qəzeti və bədii əsərləri ilə birlikdə sözə etdiyi xidməti xatırlamaq yubilyarın 60 ili necə şərəflə, ləyaqətlə yaşadığından xəbər verir. Zənnimcə, bu şərəfli ömrə ancaq sevinmək düşür. Ona görə də mən yaradıcılığına, şəxsiyyətinə, həm də səmimiyyətinə güvəndiyim, ürəyimə doğma bildiyim Yunus bəyi 60 yaşı münasibətilə ürəkdən təbrik edir, doğum günün mübarək, Sözün Generalı! – deyirəm.

... Və... Adətən dostların, doğmaların, dəyərlilərin doğum günlərində onlarına şəninə, şərəfinə ən bəlağətli sözlər, ən bəzəkli fikirlər söylənilir. Mən Yunus Oğuzun yaradıcılığı və şəxsiyyəti barəsində elə onun özü kimi sadə, səmimi beş-altı cümləni qələmə aldım. Ümid edirəm ki, bu kiçik dost təbriki Sözün Generalının ürəyincə olacaqdı. Bir daha təbriklər, dəyərlimiz Yunus Oğuz!


2575 oxunub

InvestAZ