XƏBƏR LENTİ
10 Avqust 2020
08 Avqust 2020
07 Avqust 2020



UNİVERSİTET YATAQXANASINDAN... - Əbülfət MƏDƏTOĞLU yazır
YAZARLAR 10:00 / 21.07.2020

Başlayan yolun uğurlu davamı


... Onda 1980-ci il idi. Və biz Azərbaycan Dövlət Universitetinin (indiki BDU) yataqxanasında yenicə yer almışdıq. İndi-indi bu yataqxananın havasına köklənirdik. Çünki ordudan xidməti başa vurub universitetin hazırlıq fakültəsinə qəbul olunmuşdum və fakültədə tanıdığım bir kimsə yox idi. Sadəcə, imtahanların gedişində tanış olub bu günə qədər də dostluq-qardaşlığımızı ailəvi şəkildə davam etdirdiyim Firudin və Ariflə ilıq münasibətlərimiz yaranmışdı. Məhz həmin münasibətlərin işığında bir müddətdən sonra yataqxanada müəyyən tələbələri tanımağa başladım. Onların arasında istiqanlılığı və bir az da özünə çəkilib xəyala dalması ilə seçilən bir nəfər də var idi. Doğrusunu deyim ki, mən o vaxtlar bu oğlanın bədii yaradıcılıqla məşğul olduğunu düşünürdüm, amma heç yerdə imzasına rast gələ bilmirdim. Sadəcə, qarşılaşanda salamlaşıb hal-əhval tuturduq bir-birimizdən. Növbəti ildə artıq tələbə idim və onda bildim ki, həmin oğlan məndən yuxarıdakı kursda oxuyur, eyni fakültənin tələbələriyik...

Bəli, illər keçdi, həyat hər kəsi bir tərəfə yönəltdi. Mən Qarabağdan, müharibənin "daş" dövründən keçib gəldim, o da Naxçıvanda Azadlıq Hərəkatının dalğaları qoynundan. Günlərin bir günü onunla "Azərbaycan" nəşriyyatında qarşılaşdıq. Hələ 1980-ci ildə bu oğlanın bədii yaradıcılıqla məşğul olduğunu düşündüyümü xatırladım. Fəhmim məni aldatmamışdı. İmzasını müxtəlif orqanlarda gördüyüm Aydın Quliyev məhz tələbə yataqxanasından tanıdığım oğlan imiş. Necə deyərlər, ürəyin duyumu bizi yenidən qarşılaşdırmışdı. Artıq biz eyni meydanda təmsil olunurduq. Bu meydanın adı yazılı mətbuat -qəzetçilik idi.

Neçə illərdi görüşürük, qarşılaşırıq, telefonla əlaqə saxlayırıq... Neçə illərdi bir-birimizi salamlayır, bayramlarda təbrik edir, ailələrimizin, övladlarımızın uğurlarına sevinirik... Həm də neçə ildir ki, Aydın müəllim "Bakı-Xəbər" qəzetinə redaktorluq edir. Və mən də həm oxucu kimi, həm də müəllif kimi tez-tez onun qapısını döyürəm. Bu da səbəbsiz deyil. Birincisi, qəzetin nüfuzuna, oxunaqlığına böyük hörmətim, sayğım var. İkincisi, qəzetin baş redaktoru tələbə yoldaşımdı. Deməli, bu qəzet həm də müəyyən mənada mənə də aiddir. Belə olduğu halda qəzetin təəssübkeşi olmaq, ona uğurlar diləmək birbaşa içdən gələn istəyə çevrilir. Bax, mən də həmin istəyin daşıyıcılarından biri kimi izləyirəm "Bakı-Xəbər"i, eləcə də onun baş redaktorunu...

Adətən dost, doğma adamlar haqqında yubiley yazısı yazmaq çox asandır. Çünki tərifli sözlərə geniş meydan verirsən. Amma həmin yubilyar söz adamı olanda, üstəlik, həm də redaktor olanda onda vəziyyət bir az dəyişir. Tərifi də seçməli olursan, tərifin ifadəçisi olan sözləri xüsusi diqqətlə seçirsən ki, sonra redaktor qayçısına tuş gəlməyəsən. Odur ki, barəsində düşüncələrimi bölüşmək istədiyim Aydın müəllimi öncə gözümün önünə gətirirəm. Onu əvvəl-əvvəl tələbə yoldaşı kimi... sonra siyasi müstəvidə yer tutmuş politoloq kimi... daha sonra siyasi ekspert kimi... qəzet redaktoru kimi... və nəhayət, vətəndaş, insan kimi öz baxış bucağım altında ürəyimin, ağlımın süzgəcindən keçirir, kitab kimi oxumağa çalışıram. Və oxuduğum kitaba da öz içimdə ad verirəm:

- Aydın!

Bəli, ad insanı ifadə edir... Ad insanı təqdim edir... Ad insanı təsdiq edir... Ad insanı həm də yaşadır. Aydın olmaq, aydınlardan olmaq, aydınlıq gətirib aydınlıq bağışlamaq heç də asan iş deyil. Bunu bacarmaq üçün elə AYDIN olmaq lazımdır. Bu mənim bəlağətli fikrim deyil. Əksinə, mənim həyatım boyu tanıdığım aydınların demək olar ki, hamısı yaddaşımda işıqlı insanlar kimi qalıb. Və hətta böyük Cəfər Cabbarlının qəhrəmanı olan Aydının maraqlı həyatı da oxucu yaddaşından heç vaxt silinmir. O cümlədən mənim də. Deməli, sözün mayasında nur varsa, o da daşıyıcısının həyatına mütləq transfer olunur. Bu mənada tələbə yoldaşımın hərdən qayğılı, hərdən yorğun, hərdən təbəssümlü, hərdən də etinasız baxışlarının çöhrəsini görəndə dərhal məsələnin mahiyyətinə vara bilirəm. Bu görüntülərin özü onun həmin anda nələr yaşadığını, nələr düşündüyünü özü-özlüyündə büruzə verir.

Məlum olur ki, Aydın müəllim hansı ovqatdadır. Üstəlik, onun tələsik, səmimi desəm çaparaq yerişləri də elə iç dünyasından gələn bir mesajdı. Bu insan siyasi hadisələrə münasibətini də öz məntiqinə, öz araşdırmalarına söykənib ortaya qoyur. Dinləyəndə, yazdıqlarını oxuyanda yadıma onun tələbəlik illərindəki fəallığı da düşür. Həm fakültənin özündə, həm də fakültə həyatından kənardakı tələbə-inşaat dəstələrində...

Aydın Quliyev qəzetin gücünü də dəyərləndirməyi bacarır, onu oxucuya təqdim etməyi də. Ona görə də "Bakı-Xəbər" qəzeti oxucu qarşısında üzüağdı. Bu üzüağlıq Aydın Quliyevin redaksiyada bir araya gətirdiyi əməkdaşların zəhməti, istedadı hesabına sərgiləyib. Elə bu səbəbdən də hər gün qarşılaşdığım "Bakı-Xəbər"çilərlə olan təmasımda kollektivin səmimiyyətinin də, doğmalığının da şahidinə çevrilirəm. Sadə dildə desəm, ailəyə böyüklük edən elə öz aydınlığını da ortaya qoyubdu. Və bu da...

Hə, mən şəxsiyyətinə, insanlığına, yaratdığı söz ocağının ünvanına həmişə ehtiram və sayğı göstərdiyim Aydın müəllimin 60 yaşının işığında təmtəraqdan uzaq, tam səmimi bir şəkildə yazmaq istəyirəm:

- Siz özünü, yerini təsdiq etmiş dəyərli vətəndaşlarımızdan birisiniz. Siz həm də gözəl ailə başçısı, bacarıqlı qəzetçisiniz! Siz eyni zamanda güvəniləsi dost və qardaşsınız! Deməli, siz həm də həqiqətən AYDINsınız! Mən də özümü həyatımda, yaddaşımda, dostluğumda, yoldaşlığımda yeri olan Aydının 60 yaşının tamamına sevinirəm. Həmin sevinc hissindən də sevinərək sizinlə Qarabağda, mənim doğma Tuğ kəndimdə üz-üzə oturub bu günlərimizi qeyd etməyi Allahdan diləyirəm. Və bilirəm ki, mənim diləyim yerdə qalmayacaq. Biz, Qarabağda görüşəcəyik! Bax, o zaman indi yazmadıqlarımı, demədiklərimi sizə söyləyəcəm. Ona görə də ürəyimin başqa bir guşəsində olanları o günə saxlayıram. Görüşmək ümidilə sizi bağrıma basır və "60 yaşınız mübarək olsun, əzizim Aydın!" - deyirəm.


2326 oxunub

InvestAZ