XƏBƏR LENTİ
04 Avqust 2020
03 Avqust 2020



Deputatdan TƏKLİF
MƏMLƏKƏT 15:15 / 09.07.2020

"Hazırda dünya iqtisadiyyatında daha dərin, ağrılı proseslər gedir. Bu il qlobal iqtisadiyyatda 3 faiz ətrafında artım gözlənilirdi. Dünya Bankının proqnozlarına görə, pandemiyanın törətdiyi fəsadlar nəticəsində dünya iqtisadiyyatında 5 faizin üstündə enmə gözlənilir. Bu gedişatla dünyanın heç bir ölkəsi pandemiyanın təsirindən kənarda qalmayacaq. Həmin təsirlənmə ölkəmizdə də özünü göstərir”.

Bunu deputat Əli Məsimli deyib.

O bildirib ki, hökumət əhalinin güzəranının pisləşməsinin qarşısını almaqdan ötrü bir sıra tədbirlər görür: "Dünya bazarında neftin qiymətinin bu il üçün proqnozlaşdırılan 55 dollara qarşı ortalama 40 dolların altında olmasına baxmayaraq, 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulan sosial layihələr ixtisar olunmayıb və ilin sonunadək də ixtisar olunmayacaq. Əksinə, koronavirus pandemiyasının törətdiyi problemləri aradan qaldırmaqdan ötrü zəruri olan maliyyə yükü də daxil olmaqla əlavə sosial layihələr həyat keçiriləcək. 2020-ci ilin büdcəsində əvvəlki illərin büdcələri ilə müqayisədə sosial sahələrə çox vəsait ayrılacaq”.

Ə.Məsimli qeyd edib ki, bu əsasda əməyin ödənişi, təqaüdlər və sosial müavinətlər, o cümlədən, əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsi üzrə maliyyə təminatının yaradılması prioritet xərc istiqamətlərindən olacaq: "Təbii ki, dövlət sektorundakı 910 min iş yerini qoruyub saxlamaq mümkün olacaq. Kiçik və mikrobiznes də daxil olmaqla özəl sektorda 600 min nəfəri əhatə edən, maliyyə tutumu 215 milyon manat olan paket reallaşır. Amma əmək müqaviləsi ilə özəl sektorda işləyən 750 min işçinin nə qədərinin iş yerinin qorunmasının mümkünlüyü xeyli dərəcədə koronavirusdan təsirlənən sahələrin həmin vəziyyətdən necə və hansı müddətə çıxa biləcəyindən asılı olacaq.

Son vaxtlar vergi və gömrük sahəsində həyata keçirilən tədbirlər nəticəsində büdcəyə yönəldilən əlavə vəsaitlər qısa müddətdə 2019-cu ildə 1 milyard manatdan artıq, bu ilin 5 ayı ərzində isə 500 milyon manatla ölçülür. Deməli islahatlar kontekstində atılan addımların genişləndirilməsi, o cümlədən kölgə iqtisadiyyatının daraldılması, "ağardılması”, korrupsiyaya, inhisarçılığa və onların doğurduğu neqativlərə qarşı mübarizəni gücləndirmək vasitəsilə də büdcəyə milyardlarla əlavə vəsait cəlb etmək olar. Bunun hesabına da iqtisadiyyatda və sosial sferada pandemiyanın nəticələrinin aradan qaldırılması, əhalinin güzəranının yaxşılaşdırılmasına yönəlik indikindən daha çox layihələr həyata keçirmək mümkündür”.

Deputat əlavə edib ki, hazırkı şəraitdə həyata keçirilən sosial layihələr arasında 600 min nəfəri əhatə edən 190 manatlıq yardım paketi xüsusi yer tutur: "İşsizlər və karantin rejimi şəraitində gəlirlərini itirənlər, eləcə də aztəminatlı həssas təbəqə üçün nəzərdə tutulan 190 manat aprel-may aylarından sonra yenidən mərhələli şəkildə verilməyə başlayıb. İndiyədək həmin məqsədlə 228 milyon manat xərclənib. 16 şəhər və rayon üzrə əlavə olaraq 287 min nəfərə ümumi məbləği 55 milyon manat təşkil edən 190 manatlıq yardım ediləcək. Bu məsələdə 2 məqama xüsusi diqqət edilməsi vacibdir. Birincisi, bir sıra hallarda həqiqətən 190 manata ehtiyacı olanlar kənarda qalır, başqaları həmin puldan faydalanır. Aprel-may aylarında belə ədalətsiz hallara görə daha çox 190 manatın verilməsinin elektron sistemi günahkar idisə, ondan sonrakı hallara görə artıq aidiyyəti orqanlar birbaşa məsuliyyət daşıyır. Ona görə də 190 manatlıq yardımın verilməsinin elə ədalətli mexanizmi qurulmalıdır ki, o pulu həqiqətən ehtiyacı olan alsın. Eyni zamanda elə hallar olur ki, işə düzəlməsə də, həyatında heç bir dəyişiklik baş verməsə də xeyli belə insana ikinci dəfə 190 manat verilməsindən imtina edilir. Belə hallar da araşdırılıb aradan qaldırılmalıdır. Bundan əlavə, əhalinin ağır durumunu nəzərə alaraq vəziyyətdən asılı olaraq 190 manatlıq yardımın iyul ayından sonra da verilməsi məsələsi gündəmdə olmalıdır”.

Əli Məsimli vurğulayıb ki, insanların bir neçə aylıq 190 manat yardım alandan sonrakı dövrdə də dolana bilməsi üçün görülən tədbirlər arasında ictimai iş yerlərinin sayının 38 mindən 90 minə çatdırılması mühüm əhəmiyyət kəsb edir: "Bu sahədə birinci tam şəffaflıq olmalıdır ki, həqiqətən deyilən sayda ictimai iş yerlərinin açılması və nəzərdə tutulan pulun həmin insanların alması ictimaiyyət üçün əlçatan olsun. İkincisi, işsizliyin ciddiləşdiyi bir məqamda hələ də ictimai iş sahəsində 25 min iş yeri vakansiyası qalmaqda davam edirsə, deməli əlavə tədbirlərə ehtiyac var. Bu sahədə nəzərdə tutulan 250 manatlıq maaş artırılmalıdır ki, o işə gedən adamın işdəki günorta yeməyinə sərf etdiyi puldan əlavə də ona nəsə qalsın.

12 min ailəni əhatə edən özünüməşğulluq layihəsi çox zəruri və perspektivli layihədir. Rəsmi məlumata görə, artıq 3,5 min ailə həmin prosesə cəlb olunub. Bu sahədə görülən işlər və nəticələr obyektiv araşdırılmalı, müsbət tərəflər inkişaf etdirilməli, mənfi tərəflər isə islah edilməlidir ki, insanların bu vacib layihəyə marağı artsın. Və ilbəil daha çox ailə həmin layihəyə qoşulub öz güzəranını yaxşılaşdıra bilsin, sosial müavinətə ehtiyacı qalmasın”.


836 oxunub

InvestAZ