XƏBƏR LENTİ
04 Avqust 2020
03 Avqust 2020



TƏPƏ - BARAT VÜSAL yazır
YAZARLAR 16:10 / 06.07.2020

(esse)

Türkcə təpəyə " tey” deyiblər.

Mənşəcə türk olan Mayya hinduları təpəni "təpək” adlandırıblar.

"Meksika boyunca uzanan ən məşhur təpə isə sanskritcə " Qoruyucu mələk” mənası verən tepeydədir.

"Wasim” indiki Şri-Lankadakı " Adəm təpəsi” deyilən dağın adıdır. Ən yuxarı zirvədə "Adəmin ayağı” deyilən ayaq formalı bir daş var. Bura bütün dinləri birləşdirən Yer səthindəki "Ən müqəddəs nöqtədir.”

"Adəm təpəsi”ni Şri-Lanka əfsanələrinə görə Makedoniyalı İskəndər də ziyarət etmişdir.

"Adəm təpəsi”nin üzərinə hindlilərin tanrısı Şivanın barmaq izi qoyduğu ehtimal edilir.”

(Con Motlok "Ey dünya insanları, hepiniz türksünüz” kitabından)

Mifoloji mənbələrdə təpələrin necə yaradıldığı haqda maraqlı məlumatlar yetərincədir.

Qədim bir türk dastanına görə Ədəmdə sular üstündə uçan iki qara qaz vardı. Həmin qazlardan biri Qaraxan, o biri İnsandı.

Qaraxan (Tanrı) yaradan, törədən, insan törəyən idi. Amma insan özünü onu yaradana bərabər tutmağa cəhd etmişdi.

Bir neçə dəfə...

Lakin əli boşda qalıb.

Qaraxan ona əmr edir ki, dənizin dibinə en, ordan bir ovuc torpaq gətir!

İnsanın gətirdiyi o torpağı Qaraxan çalxalayıb suyun üzünə səpməklə düzənlik yer törədir.

İnsan da özünə yer yaratmaq həvəsinə düşür. 2 –ci dəfə Qaraxana torpaq gətirəndə bir ovuc ondan gizlətmək üçün ağzına doldurur.

Ancaq bu dəfə ağzında genişlənən torpaq insanı boğmağa başlayır. Və o, yenə Qaraxana yalvarıb onu bağışlamasını istəyəndə, Qaraxanın yaratdığı düz yeri korlayır, ağzındakı torpağı səliqəsizcəsinə yerə tökəndə yer üstündə kiçik təpələr əmələ gəlir.

...Bəşəriyyətin ilk yaşayış məskənlərinin təpələrdə qərar tutması təsadüfi deyil.

Qədim Roma və İstanbulun 7 təpədə qərar tutması, Afina akropolunun, Lissabonun, Ə.Yəsəvinin vətəni Yəsi şəhərinin təpələrdə, təpələr üstündə olması, ölülərin təpələrdə basdırılması azmı şey deyir bizə?!

Süleyman peyğəmbər ilk məbədini "Məbəd təpəsi” ndə tikibmiş.

Dünyanın ən müqəddəs təpələrindən olan Səfa və Mərvə təpələrinin bu gün də ziyarət edilməsi boş-boşuna deyilmiş ki! "Allahın nişanələrindəndir.” ("Baqara” 158)

Elə müsəlmanların qibləsi-Kəbə evinin özünün də həmin təpələrlə və təpəylə sıx bağlılığı var.

İbrahim dedi: "Ey İsmayıl, Allah mənə vacib bir işi yerinə yetirməyi buyurub.”

İsmayil dedi: "Rəbbim sənə buyurduğunu yerinə yetir.”

İbrahim soruşdu:

"Mənə kömək edərsənmi?”

İsmayil dedi:

"Edərəm.”

İbrahim "Allah mənə bir ev tikməyi əmr etdi” deyib ətrafdakı hündür təpəni, yəni Kəbənin bünövrəsi olan yeri ona göstərdi.

Beləliklə, onlar Müqəddəs Evin bünövrəsini qaldırmağa başladılar” ("Səhih -əl Buxari” 3364-cü hədis )

...Cənnətdən qovulanda Adəmlə Həvva ayrı-ayrı göndərilmişdilər-endirilmişdilər Yer üzünə.

Adəm indiki Şiri-Lankaya (Seylona) deyildiyi kimi, "Adəm təpəsi”nə, Həvva isə indiki Ciddə olan əraziyə, (mənası "nənə” demək olan yerə).

Onlar çox-çox illərdən sonra Allahın lütfü və izniylə çöl, dağ təpə anlamını verən "Ərafat”da tapışmışdılar, görüşmüşdülər.

Müqəddəs kitabımızın "Maidə” sürəsinin son ayəsinin təpədə endirildiyi bildirilir.

Həzrət Əlinin dəfn edildiyi təpə anlamını verən Nəcəf şəhərinin də necə yaranması hədislərdə öz yerini belə almışdır:

...Yaralanmış həzrət Əli ölümündən sonra onu yaralayan cinayətkarın öldürülməsini və özünün cəsədinin isə dəvəyə mindirilməsini, sonra dəvənin səhraya buraxılmasını və onun dayandığı yerdə dəfn olunmasını vəsiyyət etdi. Üç gündən sonra imam vəfat etdi və cinayətkar xariciyunun başı bədənindən ayrıldı. "Allahın aslanı”nın cəsədi yüklənmiş dəvə 20 km getdikdən sonra dayandı. Əlini tərəfdarları dəvənin dayandığı yerdə dəfn etdilər.

Və Əlinin qəbri üzərinə torpaq tökərək böyük bir təpə yaratdılar.

Ardınca bu təpənin ətrafında alaçıq qurub yaşayış yeri saldılar... Adını "Ən Nəcəf” (təpə) qoydular.

Şimali Azərbaycandakı Yaloylutəpə, Kültəpə, Təbriz yaxınlığındakı Həsənli təpəsi, Tovuzdakı 8 min illik yaşı olan Göytəpə və.s. bu kimi qədim təpələr qədim mədəniyyətimizin və tariximizin əvəzsiz abidələri olmaqla yanaşı, zaman tərəfindən bizə verilmiş "vəsiqələr” dir.

C.Meric hesab edib ki, "Himalay qarışla ölçülməz. Himalay yaxından baxanlar üçün bir təpədir.”

Necə ki, Göyəzən də, Heydərbaba da təpə böyüklükdədirlər. Ancaq onlara gərək Vurğunun, Şəhriyarın gözülə baxasan ki, dağ kimi görəsən! Qəribə də olsa böyük təpələrlə bahəm kiçik təpələr də mövcuddur. Bu cür təpələrə eldə "Törə təpəsi” -balaca təpə deyilir.

Fələstinə məxsus olsa da, İsrailin işğal etdiyi "Helon təpələri” deyilən təpələrin əsl adı Kolanı təpələridir. Kolanı tayfaları türkdürlər. Bu gün Azərbaycanda yaşayırlar.

Holan (Kolanı) təpələrinə "Cənnət təpələri” də deyilir...

Böyük dağları, təpələri bu və ya başqa dilli xalq "əcdad kimi” də qəbul etmişdir. "Tökməsi böyük bizim dağlarımız olur.” ("Dədə Qorqud”dan”)

Bir çox ölkələrdə təpəciklərə, təpə qəbirlərə "Oğuz kurqanı”, "Oğuz təpəsi” də deyilib. (M.Seyidov)

Sarı Aşığın adı ilə adlandırılmış bir təpə vardır ki, bu gün də ona "Aşığın yaylağı” deyirlər. Aşıq o təpənin üstündə oturub bayatı çağırarmış. Elə həmin təpədə də dəfn olunub.

Qaraca Çobanın qəbri Nərgiztəpədədir.

Qaracaoğlan indi "Qaracaoğlan təpəsi” deyilən yerdə basdırılmışdır. Qonşu təpədə isə onun sevgilisi Qaracaqız dəfn olunmuşdur.

T.Çelik "Türk tarixində qurd izləri” kitabında qeyd edir ki, bəzən kurqan halında olan tökmə təpələr də olub.

Koroğlu itirdiyi dəlisi tabuta girməzin belə səslənirmiş: "Onun yatağını bozmayalım... Hər kəs üzərində yük, yük torpaq daşısın. Üstü təpəlik olsun.”

Belə təpəciklərə kurqan deyilirdi. Kurqanlar ulu adamların, nəslin qutsal dəfn yeri məzarlığı sayılardı.

...”Lələtəpə” adlanan yerdə 2016-cı ildə Azərbaycan əsgərinin çaldığı tarixi qələbədən sonra bayrağımız qürurla dalğalanır. Deyildiyinə görə bu təpə müqəddəs yerdir. Yağış yağmayanda aparıb orda qurban kəsərlərmiş və nəticədə yağış yağarmış. Elin əkini-biçini ağ günə çıxarmış.

Təpə qutsal sayıldığına görə Ukraynanın kobzarı Taras Şevçenko öləndə təpədə dəfn olunmasına vəsiyyət edibmiş:

Mən öləndə məni dəfn edərsiniz,

Yüksək bir təpədə, bir dağ döşündə,

Elə bir yerdə ki, görünsün yalnız

O gözəl Ukrayna, onun daşında,

Onun torpağında, geniş çölündə,

Mən öləndən sonra görüm nələr var.

Görüm Dneprin sahillərində

Nədən söhbət açır quduz dalğalar.

İstədiyi qutsal yerdə dəfn olunmuş şairə yaraşan qutsal misralardı bunlar!

Əlbəttə, təpələrin qutsallığı xalqın təsəvvüründə onların təkcə qədim yaşayış yerləri olmasıyla bağlı deyil, həm də qəbir yerləri olmasıyla əlaqədardır.

Təpələr ana bətninə oxşayır. Bir daha yaxşı-yaxşı fikir verin: analar iki canlı olanda onların bətnləri təpəyə bənzəmirmi?! Bəlkə də insanlar ona görə təpədə dəfn olunmaq istəyirlər ki, yenidən ana bətninə qayıda bilsinlər?!

Xalqımızın yaratdığı əfsanələr, miflər çoxdur. Onlardan biri də bizim Qazax tərəflərdə məşhur olan "Məmməd təpəsi” əfsanəsidir!

...Bir Ağa varmış. Bunun da Bəsti adında bir gözəl qızı. Bu qıza Məmməd adlı bir çoban vurulubmuş. Ağanın qoyun sürüsünü otarırmış. Ceyrançöldə, Kürün otayında indi "Məmməd təpəsi” deyilən yerdə yataq varmış, orda qoyuna gedirmiş.

Çobanın günü çöldə keçirmiş.

Əli qıza hər saatlığına çatmırmış. Ona görə ki, qızgil Kürün bu tərəfinə yaxın bir kənddə yaşayırmış. Hər gecə hamı yatandan sonra, Ay doğandan sonra çoban təpənin üstünə çıxar, tütək çalarmış. Qız bu tayda qulaq asarmış, yuxusu ərşə çəkilərmiş. Nolasıdı, bir belə, beş belə...

Bir gün yağılar Ağanın evdə olduğundan, Çobanın tək olduğundan istifadə edib yatağa soxulurlar.

Sürüyü bölükləyib aparmaq istəyəndə Məmməd baxır ki, təkbaşına vuruşmaqnan deyil, yarasından da qan axır. Köməyə adam çağırımaq lazımdır. Neyləsin, nətəri çağırsın?

Nağayracaq: çıxır təpənin başına, başlayır tütəkdə Ağanı çağırmağa, görək necə çağırır:

Ay Bəsti! Ay Bəsti!

Hey! e-he-hey!

Yağı üstümü kəsdi,

Ağama de, gəlsin!

Ağama de, gəlsin!

Hey! Hey! Eh-ehe-hey!

Bəsti baxır ki, bu oxumaq əvvəlkilərə oxşamır. Çobanın başında xata var, deyəsən! Tütək bunu qandırır.

Tez barmağını dişləyib atasını yuxudan qaldırır. "O Toy”a (Kürün o tayına) göndərir. Dalınca ürəyi durmur, özü də tərpənir. Gedəndə nə görsələr yaxşıdır?

Yağılar çobanın "hay-huy” saldığını görüb, qayıdıb onu tamam al-qanına bələyib aradan çıxıblar.

O vaxtdan o təpənin adı "Məmməd Təpəsi” qalır. Bəsti də ölüncə deyirlər ərə getmir...

Sonralar bu təpənin adı H.Arifin yazdığı "Ceyrançöl” poemasında 2 dəfə ehtiramla xatırlanmışdır:

1.”Təpə Məmməd təpəsidir.”

2. "Maşının ağzını sağa çevirdik,

Sürücü nə gözəl sabahdır” dedi.

"Məmməd təpəsi”dir o görünən dik,

Baxmasaq, görməsək günahdır, dedi”

...Təpələr bax beləcə əfsanələşib, müqəddələşib.

Quranda təpələr və dağlar çəki daşlarına bənzədilib. Yerin müvazinətini tarazlayırlar, onun sürətlə hərəkətinin qarşısını alırlar.

Bir təpəyə də qəsd etmək olmaz, qıymaq olmaz!

Bir təpənin məhvi təbiətin dönərgəsini döndərir...

Xalq şairi Məmməd Araz ”Şəhərdən köçən təpə” adlı bir şeirində təpəni "Bir eranın geoloji müzeyi” adlandırıb. Bir təpə itkisini insan qırğınına, yurd-yuva itkisinə, məmləkətlərin dağılmasına bərabər tutub. Yazıb ki:

Qayasından qoparılan

Məyus daşlar

Yığılırdı maşınlara,

Elə bil ki, kəsk başlar

Yığılırdı maşınlara.

Dimdiyində tük gətirən

Çöp gətirən bir quş gördüm,

Bilmirdi ki, hara qona,

Bu gün erkən işə çıxan

Qarışqalar dönəcəkmi yuvasına?!

Şair daha sonra ağrı-acı içində bir məqaləsində yenidən bu məsələyə qayıdıb, deyib "Təbiətin dağıntıya məruz qaldığı birinci uçurum sənətin payına düşəcək.”

Doğurdan da təbiətə edilən qəsd, həm də sənətə, sənətkara edilən qəsddir. Doğurdandamı bilmirlər, yaxud hələ də bilmək istəmirlər ki, "Bizdə təbiətə qəsd edənlərin nə insan duyğusu, nə də hissi var.” (S.Vurğun)

Təbiətə (eləcə də təpələrə!) həm də ona görə qəsd etmək olmaz ki, nə bilmək olar, hansının qoynunda Sarı Aşıqlar, Qaracaoğlanlar dəfn olunmayıbdı?!

Fikir vermişəm, təpələr yoxa çıxdıqca, bəzi çöl quşları da azalıblar, yox olmağa başlayıblar. Ona görə də təpələrdəki o dəlmə- deşik doğma yuvaları da yoxa çıxıbdı.

...Kəndimizdə bir təpənin yox edilməsi haqqında yazıb çap etdirdiyim məqaləni bir çoxları nədənsə düzgün anlamamışdı. Bəziləri düşünmüşdü ki, bu işə məsul olan bir çox şəxsləri yəqin dilə-dişə salmaq istəyirmişəm. Unutmuşdular ki, məlum bir həqiqəti təkrar xatırlatmaq zorundaydım!

Kəndimizdə "Tək daş” deyilən bir təpə də vardı. Uşaqlığımın təpəsiydi o təpə. O təpənin başından qar altından çıxan novruzgülülərini, koma-koma bitən üzərrikləri o qədər yığmışam ki!

Anam da ömrünün 80-inə baxmayaraq gedərdi, o təpədən üzərrik yığıb gətirərdi. Bizə göz dəyməsin deyə, başımıza dolandırıb oda atardı, tüstüsünə tutardı bizi.

O təpənin başında uşaq vaxtı uşaqlarla o qədər "beşdaş”, "Dirədöymə” , "Eşşəkbeli”” oynamışdıq ki!

Ancaq çox heyif ki, o təpəni özünə də, üzərriyinə də göz dəydi. Yanında zibil quyusu qazıb, zibil quyusuna çevirdilər onu. "Kəsəmən təpəsi” deyilən təpəmiz hanı indi?!

Yaxşı ki, kəndimizin şimal qurtaracağındakı "Mağar təpəsi”ylə gedib hərdən bir də olsa görüşə bilirəm hələ! Ordan vaxt, bivaxt Allaha dualar edirəm.

Mən təpəni, (təpələri) çox sevirəm. Hərdən mənə elə gəlir ki, mən təpədə doğulmuşam.

Təpədən doğulmuşam?!

...Anam hündür bir yerdə, təpənin hündür yerində dəfn olunmaq istəyirdi.

Anam öləndə biz onun arzusunu yerinə yetirə bilmədik.Çünki təpənin hündür yerində boş yer qalmamışdı, hamısı tutulmuşdu, dolmuşdu.

Təpə olmaq istədim...

Anamı təpənin ətəyində nisbətən düzən bir yerdə dəfn etdik.

Bir gecə qardaşımın yuxusuna girdi. Dedi:” Məni bu düzün ortasına atıb hara qaçıbsınız?”

... Dünyada bir söz də boşuna deyilmirmiş. Elə bil, başında yer qalmayan təpə də xəcalətindən deyirdi:

-Bəs mən öləndə məni harda dəfn edəcəksiniz?! Hansı təpənin başında?!

P.S. Məşhur yazıçı Cek Londonun 1913-cü ildən fəaliyyəti zəifləyir. Böyrək çatışmazlığından əziyyət çəkir, böhranlar keçirir.

O, Qlen Elendə köçür, özünə gözəl bir qəsr tikdirir. Qəsri gecəynən yandırırlar. (Etdiyi bütün yaxşılıqlar müqabilində)

Vəsiyyətinə görə cənazəsini yandırıb, külünü təbiətin qoynunda hündür bir təpənin üstündə basdırıblar.

...Yəqin ki, ağrıları bir az dinibdi indi!

Barat Vüsal


3828 oxunub

InvestAZ