XƏBƏR LENTİ
16 May 2022
15 May 2022
14 May 2022
13 May 2022



Başınızı boş-boş işlərə sərf etməyin - Vahid Məhərrəmli yazır
Ədəbiyyat 12:11 / 02.07.2020

Belə-belə işlər

Söz-söz, cümlə-cümlə yazdığım bu hadisə lap çoxdanın söhbətidi. Maraqlı olduğuna görə onu göz bəbəyim kimi başımda qoruyub indiyəcən saxlayıram. Çünki söhbət başla bağlıdı. Neft mədənində işə təzə başlayanda çaşıb bir dəfə əlimi, bir dəfə də ayağımı əzdim. İstəməsəm də həkimsiz ötüşə bilmədim. Həkim orta yaşlı Çukullayeva familiyalı cazibədar bir rus qadını idi. Mənə çox qayğıyla yanaşdı. Əlimun, ayağımın zədələrinə dava-dərman qoyub səliqəynən sarıdı. İki-üç gündən sonra ağrılarım azaldı, sanki hər şey tez ötüb keçdi. Ağrılarım da qaçıb məndən uzaqlaşdı. Bir həftətdən sonra işə çıxdım. Bu hadisənin üstündən on-on beş gün keçəndən sonra həkimlə dayanacaqda rastlaşdıq. Ədəb-ərkanla salam verib görüşdüm. O vaxtlar rus dilini qəşəng bilirdim axı! Həkim rus dilində vəziyyətimi soruşanda mən də bütün bildiklərimi cəmləyib elə o dildə poetik və lakonik şəkildə belə cavab verdim: "Həkim, narahat olmayın, hələlik əlim də, ayağım da yerindədi.” Çukullayeva da eyni lakonik və poetikliklə mənə cavab verdi: "Əlin və ayağın yerində olmamağının eybi yoxdu, əsas odur ki, başın yerində olsun.”

Nədənsə həkimin dediyi bu sözlər elə o vaxtdan olduğu kimi yaddaşıma hopdu. Əvvəl-əvvəl o sözün dərinliyinə, mahiyyətinə o qədər də enmədim. Nə bilim, bəlkə də heç enməyi bacarmadım. Təzə-təzə fikirləşdim ki, həkim niyə belə deyir? Baş çiyinlərin üstündə durmayıb hara gedəcək ki? Düşən deyil, yerindən çıxan deyil, qaçan deyil. Yavaş-yavaş böyüyüb ağıllandıqca, ətrafımda baş verən ya kriminal, ya da qəza hadisələrini görüb, yaxşıca təhlil etdikcə anlayırdım ki, həkim o sözü çox dahiyanə şəkildə deyib. Baş çox vacib orqandı. O, yerində ola da bilər, olmaya da bilər. Baş yerindən düşə də bilər, qala da bilər. O baxır baş sahibinin özünü necə və nə cür aparmağına. Əgər baş yerində olmasa əl, yaxud ayaq neyniyər, nəyi dəyişər. Gərək mütləq onu yaxşı-yaxşı qoruyasan ki, həmişə yerində qalsın, heç yerə tərpənməsin, düşüb itməsin. O biri orqanların işini iflic eləməsin, ömrü yarı yolda qoymasın.

Bəzən görürsən ki, birisinin işi çox gərgin olur. O qədər gərgin olur ki, başının yerində olub-olmadığını belə hiss eləmir. Elə gərgin dəqiqələrində nəsə soruşanda deyir ki, vallah, işin çoxluğundan başımı itirmişəm. Amma baxırsan ki, başı yerindədi. Gərək adam başına bu qədər naqruska verib onu yükləməsin. Yoxsa doğrudan da, bir gün onu itirə bilər.

Babat vəzifəsi olan dostlarımdan biri jurnalistlə söhbət edəndə möhkəm məşğul olduğunu onun nəzərinə çatdırmaq üçün söz gəlişi deyib ki, işin çoxluğundan başımı itirmişəm. Jurnalist sağ olmuş da sensasiya axtarırmış. Dostumun sözündən "Filan rayonun filan vəzifəsində çalışan filankəs başını itirib, onu tapanları mükafat gözləyir”, – başlıqlı yaxşı bir məqalə yazıb. Nəsə böyük biabırçılıq olmuşdu. Sonra baxıb görmüşdülər ki, dostumun başı yerindədi, itməyib. Başını o cür itirmiş olsan da, gərək bunu kimsəyə demiyəsən, özu dilə-dişə salmıyasan. Çünki baş harada olsa gec-tez gəlib oturacaq yerində. Prosto gərək, səbirli olasan!

Allah uzaq eləsin, bəzən də elə olur ki, baş bədəndən həmişəlik ayrı düşür. Hacı Muradın, Qoqolun, Sisianovun və başqalarının başları kimi. Yazıçı Elçin Əfəndiyev də başlara həsr olunmuş "Baş” romanını yazıb.

Gərək başı qoruyub saxlaya-saxlaya onu babat bir sahəyə sərf eliyəsən, boş saxlamıyasan. Gül kimi başını səfeh-səfeh işlərə xərcləmiyəsən. Bu məqamda yadıma başla bağlı rəvayətfason bir şey düşdü. Müdrik bir adamın yolu cənnətə oxşayan bağ-bostanın yanından düşür. Bostançı uzaq yol gəldiyindən yorğun və susuz müdriki hörmətlə qarşılayır. Müdrik bostançıdan xahiş edir ki, ona tam yetişməmiş qarpız versin. Sonra tam yetişmiş qarpız istəyir. O, nə cürünü istəyirsə, bostançı onu min qarpızın içindən seçib kəsir. Müdrik adam onun bacarığına heyran qalır. Onunla bir az da söhbət edəndə öyrənir ki, ağsaqqal ömrünün paşti hamısını qarpız əkməyə həsr eliyib. Müdrik adam onun üzünə xeyli baxandan sonra elə müdrikcəsinə də deyir: "Qoca, başın yaxşı başdı, heyf ki, onu qarpıza sərf eləmisən”. Əgər bostançı illərdən bəri çiyinləri üstündə gəzdirdiyi başını səmərəli işlərə sərf eləsəydi, bəlkə də dünyanın ən məşhur adamı olardı. Qarpıza olan həvəs onun gül kimi başını həmişəlik əindən almışdı.

Yazdığım rəvayətdən nəticə çıxarıb başınızı yaxşı-yaxşı işlərə sərf edin. Çünki ağıllı başlar böyük xarüqələr yaratmağa qadirdir. Sadəcə olaraq ondan bacarıqla istifadə eləmək lazımdı. Başını vacib işlərə həsr etməyənlər varsa, sabahdan fikirlərinə əl gəzdirsinlər.

Vahid MƏHƏRRƏMOV



9245 oxunub

InvestAZ