XƏBƏR LENTİ
18 May 2022
17 May 2022
16 May 2022



“Yolum doxsanadır” yazan şairin yeni kitabı - İbrahim Yusifoğlu yazır
Ədəbiyyat 13:37 / 01.07.2020

Həyatın bütün sahələrində olduğu kimi qələm sahiblərinin də 2020-ci ildə arzu və istəkləri, görəcəkləri işləri, yazıb tamamlayacaqları əsərləri, oxucularına çap etdirib təqdim edəcəkləri kitablarıqəlblərində özlərinə yer tapmışdır. Lakin, dünyanın bəlasına çevrilən bədnam koronavirus bir çox arzuları, istəkləri yarımçıq qoydu. Adamlar arasında özlərinə qarşı inamsızlıq yarandı, hər hansı bir işin həyata keçirilməsi üçün gözləmə mövqeyi tutuldu.

Ancaq, bir çox qələm sahiblərinə koronavirus güc gələ bilmədi, onların ilhamla çağladığı qələmləri yazdı, yazılanları isə kitablar halında oxuculara çatdırdılar.

Bu günlərdə Şəmkir şəhərində olan, ömrünün 80-ci baharını yaşayan, ondan artıq şeirlər kitabının müəllifi Yaqub Salman "Müəllim” nəşriyyatında nəşr olunan "Süleyman” adlı 316 səhifəlik şeirlər kitabını mənə mənə hədiyyə göndərmişdir. Doğrusu, ömrün bu zirvəsində yaşayan, ürəyi yazıb-yaratmaq həvəsiylə alışıb-yanan Yaqub Salmanın bu işgüzarlığını və cəsarətini alqışladım, kitabdakı şeirləri oxudum, bu kitab haqqında olan fikirlərimi oxucularla bölüşmək istədim.

Əvvəlcə sizlərə Yaqub Salman haqqında qısaca da olsa məlumat vermək istəyirəm:

Yaqub Salmanın (Yaqub Süleyman oğlu Salmanov) adını eşitsəm də, şeirlərini dövri mətbuatdan oxusam da, ancaq özü ilə şəxsi tanışlığım yox idi. "Kaspi” qəzetinin jurnalist əmkdaşı olan oğlu Hüquq və nəvəsi İxtisasca ingilis dili müəlliməsi olan Fidan Salmanlı ilə tanışlığımızdan sonra şairin müxtəlif illərdə çap olunan şeir kitablarını oxumuşam, onun rəngarəng və çoxşaxəli yaradıcılığının şahidi olmuşam.

Yaqub Salman 1941-ci ildə Şəmkir şəhərində anadan olmuş, ömrünün 60 ilini müxtəlif vəzifələrdə işləmiş, eyni zamanda, daxili ilham mənbəyindən qaynaqlanan yaradıcılıqla da məşğul olmuşdur. İlk şeirləri Şirvan şəhərində "işıq” qəzetində nəşr olunsa da, sonralar, şairin yüzlərlə şeiri Respublikamızda fəaliyyət göstərən nəşriyyat evlərində kitab şəklində çap olunmuş, oxucular tərəfindən maraqla qarşılanmışdır. Onun şeir kitablarının ön söz müəllifləri xalq şairi, əməkdar incəsənət xadimi Nəriman Həsənzadə, əməkdar jurnalist Tofiq Hüseyn və digər tanınmış ədəbiyyat nümayəndələridir.

"Gözəllərin izi ilə” adlı şeirlər kitabının ön sözündə N. Həsənzadə yazır:

"Yaqub Salman əsl şairdir. Həyata, insana, onu əhatə edən mühitə şair gözü ilə baxır, şair kimi də təsirlənir.

... Kaloritli, milli olduğu qədər də təzə nəfəsdir, mehr-ülfətə çağırışdır. Lakin, bu çağırış qışqırıq deyil. Millətə müraciət edəndə də şair qışqırmamalı, ata-bala kmi danışmalıdır. Poeziyanın dili budur!

... Yaqubun qələmə aldığı saysız-hesabsız yazılar bir daha göstərir ki, şeirimiz təkcə paytaxt Bakıda deyil, bütün Azərbaycanda yaranır, yayılır və gənc nəsillərə ötürülür. Onun yazdıqları doğma Azərbaycan şeiridir”.

Ömrünün 90-cı ilinə qovuşan, oxucularına "Süleyman” adda yeni kitabını bəxş edən yazar hazırda Şirvan şəhərində yaşayıb, fəaliyyət göstərir. Qəlbi hələ də yeni fikirlərlə aşıb-daşır, yeni bədii yazıları ilə oxucularının qonağı olur, müdrik hisslərdən yoğrulmuş şeirləri həvəslə oxunur, hərarətlə qarşılanır.

Yaqub Salmanın "Süleyman” adlı kitabındakı şeirlər "Bildiklərim-düşündüklərim”, "Vətən-ana”, "Təbiətin qoynunda”, "Gözəllər olan yerdə”, "İthaflar” adlı yarımbaşlıqlar altında toplanmışdır. Onu da qeyd etməliyəm ki, Yaqub Salmanın şeirlərinin əsas mövzusunu Vətən sevgisi, ana məhəbbəti, təbiətə vurğunluq, məhəbbət duyğuları, insanların mənəvi dünyası və körpə balalara sonsuz sevgi təşkil edir. İstər bir bəndlik, istərsə də qismən iri həcmli şeirlərində şair vətəninə olan məhəbbətini sonsuz sevgisi ilə ifadə edir. "Şəmkir” adlı şeirində şair qucağında göz açdığı, qoynunda addımladığı elini-obasını həm şair qələmiylə, həm də rəssam fırçasıyla tərənnüm edir:

Hər qonağın hörmətini tutardı,

Əhvalına yeni fərəh qatardı.

Yay gələndə isti vurdu, utandı,

Yanaqları lap közərdi Şəmkirin.

Ömrünü-gününü təbiətin qoynunda keçirdiyindən şair "Təbiət düşünür”, "Payız lövhələri”, "Kəpəz”, "Dəli Kür”, "Bənövşə”, "Dağda payız”, "Çərşənbə” kimi təbii, poetik tablolar yaratmışdır:

Yaman fikirlidir alim təbiət,

Sanki, bir yenilik kəşf edəcəkdir.

Yoxsa, əzab çəkir hakim təbiət,

Ağır cinayəti əfv edəcəkdir.

Dünyanın gözəllik məskənləri çoxdur. Bu gözəllikləri daha da ecazkar edən el gözəlləridir. Bu gözəllər varsa, sevgi də var, məhəbbət də... Şeir də var, tərənnüm də...

Kitabın "Gözəllər olan yerdə” bölməsində toplanan şeirlər gözəlliyi duyan, aşiqin şıltaqlıqlarına dözən, "sevgidə yaşın fərqi yoxdur” qənaətinə gələn, ömür-gün yoldaşına "Qədrini bilmədim” etiraf şeiri yazan Yaqub Salmanın bu mövzuda nə az, nə çox düz 50 adda şeirləri toplanmışdır.

"Məhəbbət” şeiri qəlbində məhəbbət qığılcımı yanan hər bir sevənə yol göstərir:

Dilin təpilirsə qızı görəndə,

Həyəcan həddini aşdısa, qardaş.

Ürəyin çırpınıb, dizin əsirsə,

Dinəndə sözünü çaşdınsa, qardaş,

Məhəbbətdi o...

"Süleyman” kitabının "İthaflar” bölməsindəki şeirlərdə şair qəlbinin hərarətindən, səmimiyyətindən, arzu və istəyindən doğan şeirlər toplanmışdır. Kitabın əvvəlində və sonunda kitabın adını daşıyan sonbeşik nəvəsi Süleymana ithaf etdiyi "Vətəni qoruyaq”, "Yazılmamış dəftər”, "Süleyman”, qızı Yeganəyə yazdığı "Yeganə”, "Qızım”, "Qızıma”, oğlu Ülviyə həsr etdiyi "Qoru dostunu” kimi şeirlərində ata, baba-ağsaqqal öyüdləri qələmə alınmışdır:

***

Könül rişələnir, dünya mənimdir,

Yanan ocağına odunu qoydum.

Sonbeşik nəvəmə, rahatam indi

Atam Süleymanın adını qoydum.

***

Göz yaşı bir üzü, sevinc bir üzü,

İşi dünyamızın oyundu, qızım.

Dünən qucağımda dəcəl bir quzu,

Bu gün çal-çağırın, toyundu, qızım!

... Barışa yol qoyun, savaşanda da,

Hər dava ayrılıq davası deyil.

Hər il bir budaqda qurmaq olmayır,

Ailə sağsağan yuvası deyil.

***

Hesab edir hər el-oba, hər diyar,

Dostu ata, dostu ana, dostu yar.

Qoy desinlər: - Ülvi kimi dostu var,

Qoru bala, yaxşı qoru dostunu.

Yaxşı qoru dostunu!

Şeirlərinin hər birində övladlarının timsalında bütün insanlara xeyirxahlıq aşılanır.

Yaqub Salmanın "Mənim loğman nənəm”, "Zəlimxan”, Milli Məclisin üzvü akademik Rəfael Hüseynova ithaf etdiyi "Dəyanət ola” şeiri, "Dosta məktub”, "Ələskər”, "Müəllim”, "Səməd Vurğun” kimi ünvanlı şeirlərində gözəl deyim tərzi, düzlük, haqq-ədalətin açıq şəkildə söylənilməsi öz əksini tapmışdır.

Hər zaman od olan yanmağa canda,

Gərər qanadını ən ağır anda.

Səməndər quşutək dərs danışanda,

Alışar müəllim, yanar müəllim.

("Müəllim”)

"Süleyman” kitabının ilk səhifəsində ömrünün əlli ildən çoxunu "İşıq” qəzetinin kollektivinin Yaqub Salmanova ünvanladığı təbrik məktubuna qoşulub, öz əlavəmizi etməklə deyirik: "Yaqub Salmanovun 80 yaşı tamam olub. Yaxınları, dostları, Yaqubsevərlər bu sevincli gün münasibətilə yubilyarı təbrik edirlər. Biz də "Süleyman” adlı iri həcmli kitabını da qeyd etməklə bu təbriklərə qoşuluruq.

Qələm dostumuz, 80 yaşın və yeni kitabın mübarək!

"Doxsana gedən yol” şeirində yazdığın kmi:

Yolum doxsanadır, deyim hər kəsə,

Hələ ki, odu var, sönməyib ocaq.

Mən kiməm, özümdən uyduram nəsə,

"İlham” deyənləri yazıram ancaq!


İbrahim Yusifoğlu

AMEA-nın Nizami Gəncəvi adına

Ədəbiyyat İnstitutunun əməkdaşı


13725 oxunub

InvestAZ