XƏBƏR LENTİ
16 May 2022
15 May 2022



NƏ DEYİM Kİ... - AY Bəniz ƏLİYAR yazır
Ədəbiyyat 13:35 / 01.07.2020

" ... izdihamlarla birlikdə getmək lazım olduğu fikirinə vardım. Sonra da əsl gedişin izdihamlara qarşı olması lazım olduğunu anladım.”

Mövlana

İrili-xırdalı hekayələr, kiçik həcmli po­vestlər müəllifi kimi tanınan yazıçı Aydın Ta­ğıyev axır ki, ayrı-ayrı fəsillərini "525-ci”, "Ədəbiyyat”, "Ədalət” qəzetlərində, "Azər­baycan”, "Ulduz” jurnallarında çap etdirdiyi "İspan çəkməsi” adlı romanı oxuculara kitab kimi təqdim etdi. ("Xalidoğlu” nəşriyyatı, Şabran. 2020.)

Bütün sıxıntılarından və ağrılarından qur­tulmaq istəyi ilə sarılırsan çox vaxt qələmə! Özünün dincliyini, yaşam eşqini, hətta cən­nətini və cəhənnəmini də çox vaxt yazdıq­la­rında görürsən. Yaşaya bilmədiklərinə çev­ri­lir bir çox hallarda o yazıların.

Dəyərli yazıçımız Aydın Tağıyevin "İspan çəkməsi” romanındakı kimi.

İspan çəkməsi... Demə, cəza verməyin, ağrı çəkdirməyin belə bir növü də varmış...

Hökmlə ayağa geydirilən, xüsusi hazır­lan­mış çəkmə vasitəsi ilə verilən ölüm hök­mü... Adı çəkilən əsərdə deyilən kimi, cəza verilən ada­mın ayağına məxsusi tikilmiş ayaq­qabı ge­yin­dirərdilər ki, o ayaqqabı da məh­ku­mun aya­ğını sıxıb ona şiddətli əzab, ağrılar ve­rərmiş. Yüngül ölümə nə varmış ki?.. Belə ayaqqabıya "İspan çəkməsi” deyi­lərmiş və romanın qəh­rəmanı şair də fikirləşmişdi ki, "düşmən ayağa baxar. Bahalı ayaqqabılar geyinərdi.” Burda da oxucunu düşündürən möcüzəvi alt qat durur. Ora varmaq mümkün deyil bəzən və bəzən də mümkün olan yerində ora enmək qorxusu ya­ranır oxucuda...

Yazıçı Aydın Tağıyevin romanı da fikri­mizin alt qatında da gizlənən möcüzənin üst qatında durur. Əsər müxtəlif cəza və hökm­lərlə, özünə qəsd səhnələriylə, intiharla insanı bir başqa aləmə çəkib apara bilir.

Yaşadığın ömrü qiymətləndirmək, yaşa­maq eşqinə dəyər vermək əhəmiyyətinə diqqət yetirdikdə, intihar dünyada Allahın yaşamaq hökmünə qarşı çıxmaqdır. İslamındini baxış­ları intihara qarşıdır.Müqəddəs kitabımız olan Qurandaintihar "öldürməyin və ya özünüzü öldürməyin” kimi xəbərdarlıqla ulu Rəbbimiz tərəfindən öz bəndələrinə qadağan olunur. Ro­man içindəki "Şairin intiharı” ikinci roman məhz intiharla bağ­lıdır. Şair, cəmiyyət və son ümid yeri kimi İn­tihar...

Romanın ilk səhifələrindən Qırmızı əvvəl­cə rəng kimi, sonra isə obraz kimi ortaya çıxır. Yazıçı yanaşmaları, sətiraltı mənalar oxuduq­larını maraqla izləyən, daim təəccüb içində qalmaqdan zövq alan kitab oxucusu üçün gi­zəmli tapıntılarla doludur.

"Qırmızıya əl uzadanın, toxunanın, sata­şanın axırda elə özü qırmızıya boyanırdı...” Mollagünə Qədir adı ilə oxucuya təqdim edilən ilk qəhrəmanın həyatı, onun öz başına gələnlər və doğmalarının faciəli aqibəti məhz Qır­mızının iç üzünü və törətdiyi fəsadlardan xəbər verir. Hər kəs Qırmızını bir cür yoza bilər. Əsas da budur, yazıçı bir obrazın arxasında min bir obrazı gizləyə bilir, oxucu da açması olmayan tapmacalar kimi üstündə baş sındırır, düşünə-düşünə qalır... Oxuduqca rənglər ay­dınlanır, Qədir dönüb Qırmızı olur, daha doğ­rusu, Qədiri həyat "qırmızı adam” olmağa va­dar edir. El arasında da belə deyim var, filan­kəs qırmızı adamdır, yəni sözü qızıl-qırmızı, çəkinmədən üzə deyəndir və s.

Əsərdəki Qırmızı da sözü üzə deyən, ifşa edən tərəf kimi göstərilir. Səmavi kitablardan "İncil”də deyildiyi kimi, "Heç kim iki ağaya qulluq edə bilməz. Çünki ya birinə nifrət edəcək, digərini isə sevəcək, ya da birinə bağlı qalacaq, digərinə isə xor baxacaqdır”. Bəli, bu fikirlər mətndə sanki elə qıpqırmızı xətt üs­tündə təsvir edilir.

İntihar - öz həyatına qəsd, özünün ölümü­nə səbəb olan hərəkətdir. Ancaq qeyd etmək lazımdır ki, əsərdə "intihar” sözü bir çox an­lamlarda şəklini dəyişir. "Şairin edamı” fəslin­də olduğu kimi... Başı cəllad kötüyündən di­yirlənən Şair obrazı əslində bir Qürur, Ölməz­lik və Şərəf simvolu kimi verilir. Meydandakı kütlə bir vaxt usanıb yorulmadan, az qala ovucları yağır olanacan çəpik çalıb alqışla­dıqları Şairi edam kötüyünə fitə basıb ələ sala-sala, dişlərinin dibindən çıxanı deyə-deyə yola salırlar. Şair isə bütün hallarda məğrur-məğrur gülümsəyə bilir.

"Olanlar onsuz da olacaqdı...” Bu fikir qis­mətin, alın yazısının bizdə yaratdığı etiqaddan, inamdan qaynaqlanır. Ancaq ruhu saran sıxıntı, bitməz suallar, keçilməsi, açılması mümkün olmayan mətləblər, məqamlar əsərin sonuna qədər oxucunu intizarda saxlamağı bacarır. Bu da yazıçının öz daxili sarsıntısından doğur. Yazıçı iç dünyasının ağrısını qələmlə boşaldıb mətnlərdə göyərdir.

"Hamı gözləyirdi ki, nəsə olacaq...” adlı fəsildəki Əyyan obrazı günümüzün rəngidir. Faciəmizdir, bizi incidən, ağrıdan təbəələşmə, süniləşmə, riyakarlaşma, saxtalaşmalardandır. Əyyanın gen-geniş, meşəyə oxşayan bağ-bağatında yaratdığı zooparkını seyr etdikcə qa­panan səhnələr də açılmağa başlayır. Daha heç bir açılması mümkün olmayan tapmaca qalmır. Təsvirlər o qədər müdhiş rənglərlə verilir ki, öncədən yaddaşımızda iz salan qırmızı rəngdən əsər-əlamət belə qalmır. Burda hər rəngdə ob­raz var. Zooparkda "Toyuqlara dən səpən tül­külər, quzuları tumarlayan canavarlar, ilanlara sığal çəkən kirpilər, sürünən qartallar, uçan gürzələr...” Mətndə bu məqamdan başlayaraq hər şeyi kənardan əsas qəhrəman olan Şairin gözü ilə izləməyə başlayırsan.

"Şairin intiharı”nda yazıçı mətnboyu dönə-dönə vurğulamağa çalışır ki, bu "intihar” bir çox səbəb və yaxud səbəblər ucbatından olub. Əslində səbəb də ortadadır, səbəbkar da. Ancaq oxucu bunu özü tapıb ayırd etməlidir. Yoxsa, əks təqdirdə roman sönük və anla­şıl­maz olardı. Əsərdə bir-birini əvəz edən özünə qəsd hadisələri - intihara sövq etmir, əksinə Allah- Təalaya olan eşqin insan aləmində yaratdığı heyranlığı ortaya qoyur.

"On bir metrlik zərbə...” və vurulan topun qələbə sevinci, insanı psixoloji duruma salan "həyatda bir dəfə qazanmaq” cəhdi kimidir. Ya qazanıb həyatını dəyişdirirsən, ya da... Uduzur­sansa, vay məğlubların halına!..

Şairin intiharı ilə bağlı ümumxalq hüznü davam edən günlərdə Şairin ölümündə iqtidar -müxalifəti müxalifət-iqtidar qarşıdurması da­vam edir, durum gərginləşir, meydanlar haq­dan doğulan Şair dünyasına dönür. Şairin şeir­ləri, kitabları əllərdə bayrağa, dillərdə himnə çevrilir.

Romanda Şairin intiharı ilə bağlı "Fərziy­yələr... Gümanlar...” bir keçid, körpü rolunu oynayır, bir fikirdən başqa fikirə keçməyə yol axtaran oxucuya tutalqac verir.

Özünü asan qocaman filosof və mərhumun cibindən çıxan bir parça boş, ağ kağız. Ağ-appaq, boş bir vərəq...Vərəqin bir küncündə filosofun yalnız öz dəsti-xətti ilə çəkdiyi mü­barək qolu. Bütün bu boşluğun bir səbəbi var; bütün intiharlar kimi elə filosofun özünün də dünyanın faniliyinə, boşluğuna işarəsi.

O boyda filosof ölümündən öncə imzasını qoyduğu ağ kağızda yazmağa bircə kəlmə söz tapmamışdımı? Xeyr! O anda yazılacaq söz qalmamışdı...

"Hayıf yerdə qalmaz!”- demək ki, dünyanı nizamlayan bir fövqəl-bəşər qüvvə varmış! Şairin qələmə aldığı rəvayətdə deyil­diyi kimi, birmənalı olaraq, hacıleyləyi çalan ilanın və sonra o şahmar ilanı öldürən bağbanı öl­dürməyi hökm edən o bağbanın da qanı Şahda qalmayacaq fətvasını verir, inamını yaradır...

Şair öz sözünə bələk tutub özünə kəfən biçənə qədər roman düşüncələr selindən vərəq-vərəq araya-ərsəyə gəlməkdə davam edir. Roman­dakı ən ağrılı intihar səhnəsi bəlkə də qəfəs­dəki qartalın "intiharıdır”. Qartalın qəfəsdən qurtulub qarnını doydurmaq üçün insanların əlinə baxıb, süfrədən artıq qalanlara göz dik­məsi elə onun azadlığının intiharıdır...

Roman boyu intiharın bütün növlərini izləmək olur. Səbəb və səbəblər ictimai və ya şəxsi motivli ola bilər. Fərq etməz, ortada sual­lar qalmasaydı. Ölümdən qorxmayan bir insa­nın intiharı nə qədər düzgündür? İstər qoca, istərsə də cavan olsun, heç ölümdən qorxma­yan varmı? Yazıçı oxucunu da düşünməyə çağırır.

"Yüklə dolu gələn gəmi,

Çatıbdır ayrılıq dəmi,

Kimə satım dərdi, qəmi,

Neyləyim, aman, neyləyim.” –

düşüncəsiylə başlayan şeir parçası Şairin nəzərində digər bir şeirlə belə sonlanır:

"Nə deyim... Azadlıq, xoşbəxtlik, Vətən –

Ümidsiz, mənasız sözlərdir hələ...”

Beləliklə Şairin edamı da, intiharı da, məncə, burda açıqlanır, gün işığına çıxır.Və qeyd olunur ki, Şair öz intiharıyla gələcəyin böyük bir Şairinin qatili yox, bəlkə də xilaskarı olub. Roman beləcə müdhiş bir qisasla bitir. Epiloq qisasdan sonrakı görüntü kimi oxucu­nun cızdağını çıxarır. Köhnə, toz bağlamış natefonda oxunan mahnı səsi hələ də qulaqla­rımızdan getməyən Rübabə xanımın o mah­nıdakı hıçqırıq­ları, için-için ağlaması, qəmli səsinin ahən­gində möcüzə baş verməsini göz­ləyirsən və... o möcüzə baş verir... Fəqət, möcüzə baş ver­məsinin özü də qanla bitir. Otaqdakı qəfəsdəki bülbül axır ki, dilə gə­lir...Əvvəlcə bülbülün dili açılır, sonra o bülbül özünü qəfəsin dəmir çubuq­larına çırparaq öz qanına bələnərək intihar edir...

Ürəyinin yerini bilmədiyi ilə öyünüb dostları ilə zarafat edən Şair ilk dəfə ürəyinin yerini ayırd edə bilmişdi, – deyir müəllif...

Ağrıyan ürəyin yerini bilməyə nə var ki...

Payız yağışlarında yuyulan körpə qəbri boyda İnsanda bu dünyaya sevgi qalmışdı. Onu da övlad acısı alıb aparır... Yazıçı da intihar­larların içindən özünə və əsərdəki obrazına yaraşan intihar növünü seçir. Ölümlərdən ölüm seç, yəni...

Anlayırsan ki, ağrının da rəngi varmış...

YAZIÇI ömrü yaşamaq taleyinə yazılmış Aydın Tağıyevin ŞAİR ruhuna biçdiyi bu bələk-kəfən romanını oxuyub bitirdikdən sonra dönüb iş otağımdan ŞABRAN Günəşinə boy­lanıram... Şabrandan Ədəbiyyatımızın günə­şinə öz işığını qatan YAZIÇIyla bir ömür yo­lunu paylaşmaq nə gözəlmiş!..

Niyə romanda əsas qəhrəman ŞAİRdir?! Siz də özünüzə bu sualı verdinizmi?

Bəlkə də ŞAİRlər ağrıların da, ölümlərin də ən gözəlini yaşayanlardı? Ola bilməzmi? Romanda yeddinci mərtəbədən özünü atan həmin cavan Şairin də ölmək istəyi olma­yıbmış yəqin... Əmi­nəm ki, həmin Şairin quş kimi uçmaq istəyi olub... Fəqət... qanadlarının olmadığının fərqinə gec varıb... Ya da... ya da onun da qa­nadları qəfəsdəki qartalın qanadları kimi öz azadlığını itiribmiş...

Atasını, anasının, bacısını itirən Şair öz körpə oğlunun ölümünə üsyan edir, bəlkə də bu səbəbdən artıq bütün ölümlər və intiharlar, yaşamaq mümkün ikən ömrü yarıda kəsmək acizliyinə belə ağrı ilə cavab verir... Mətnin həmin hissəsinə həssas qələmiylə güzgü tutan dəyərli yazıçımız, romana yazılmış ön sözün müəllifi Sadıq Elcanlının qeyd etdiyi kimi: "...etiraf edim ki, məhz bu məqamda mən ədəbiyyatın çağırış səsini daha yaxından eşitdim; fani və əbədi dünyaların keçid nöq­təsində, qapısı ağzında eşitdiyim o sirli pıçıl­tılar möhtəşəm bir ruhi simfoniyanı, sözün ZƏFƏR ZƏNGLƏRİNİ xatırladırdı; SÖZ şahlar, hökmdarlar səltənə­tində, edamlar, inti­harlar məmləkətində, bu günün və yüz illər əvvəlin azadlıq meydanlarında QALİB gəl­mişdi, QƏLƏBƏ BAYRAĞINI qaldırmışdı...” Bir kəlmə ilə MÖHTƏŞƏM!..

Yenə də bizi AĞRI, SÜKUT, TƏXƏY­YÜL hisslərimizlə sınağa çəkən belə bir ROMAN...

İşıqdan boylanmayaq ağrılarımıza...

Ağrılarımızdan işığa boylanaq...


9354 oxunub

InvestAZ