XƏBƏR LENTİ
09 İyul 2020
08 İyul 2020



Klassik ənənələri yaşada bilsək... - Akif Cabbarlı yazır
YAZARLAR 11:52 / 29.06.2020

İyulun 22-də ölkəmizdə Milli Mətbuatımızın 145 illiyi qeyd ediləcək. Azərbaycanın çoxəsrlik tarixinə, xalqımızın keşməkeşli taleyinə geniş spektrdə işıq salan, ictimai-siyasi həyatımızı, xalqımızın adət-ənənələrini, quruculuq fəaliyyətini salnamələşdirən professional jurnalistikamızın, əsl qələm adamlarının bayramı əslində hər bir Azərbaycan vətəndaşının bayramıdır.

Milli mətbuatımızın klassik ənənələrə sadiqlik prinsipləri, saflıq, dürüstlük zəminində inkişafı, cəmiyyətin ləkəsiz aynasına çevrilmək cəhdləri dövlətimiz tərəfindən daim dəstəklənir, yaxşı nə varsa, hamısı yüksək səviyyədə dəyərləndirilir. Redaksiyaların maddi-texniki bazasının gücləndirilməsi, qəzetlərin çap xərclərinin azaldılması, borcların silinməsi ilə bağlı vaxtilə ulu öndər Heydər Əliyevin atdığı addımlar bu gün də ölkə rəhbəri İlham Əliyev tərəfindən ardıcıllıqla davam etdirilir. Jurnalistlərin sosial rifahının yaxşılaşdırılması naminə həyata keçirilən tədbirlər, mətbuatın inkişafında müstəsna xidmətləri və haqqı olan media nümayəndələrinin təmirli mənzillərlə mükafatlandırılması dünyada analoqu olmayan yaxşılıq və hörmət əlaməti, xeyirxahlıq missiyası kimi qiymətləndirilir. İnşallah, yaxın vaxtlarda Jurnalistlər məhəlləsində inşası başa çatdırılmış üçüncü binaya köçəcək yeni sakinlər – mətbuatda izi və sözü olan həmkarlarımız da bizim tükənməz sevincimizə qatılacaq və müqəddəs qonşuluq missiyamıza yeni rəng qatacaqlar, çox güman ki.

Yaxşı xatırlayıram, ötən əsrin 70-80-ci illərində şəhər ziyalıları, dövlət qulluqçuları, xüsusən də tələbə gənclər paytaxtın küçə və meydançalarında quraşdırılmış qəzet vitrinlərinin qarşısında mütləq ayaq saxlayar, Moskvada və Bakıda nəşr olunmuş nüfuzlu mətbuat orqanlarının aktual mövzuda maraqlı yazılarını elə ayaqüstəcə oxuyardılar. Təbii ki, o vaxt abunə yazılışı da həyata keçirilirdi və hər kəs istədiyi, arzuladığı qəzet-jurnalı axşamlar evlərində mütaliə edərdi. Rəsmi dövlət qəzetlərində, eləcə də sahə nəşrlərində hər bir oxucunun ürəyincə olan, maraq dünyasına uyğun yazılar tapmaq mümkün idi. Təbii ki, bu gün də ölkəmizdə nəşr olunan qəzet və jurnallarda, saytlarda və xəbər portallarında günümüzlə səsləşən, qəlbimizdən keçən mövzular kifayət qədərdir və yüksək professionallıqla qələmə alınan yazılar qədərincədir. Bu mənada, keçmiş zamanların ənənələrini yaşatmağın yalnız fayda verəcəyini unutmaq olmaz. Məşhur Çin filosofu Konfutsi deyirdi ki, ən yaxşı yenilik çoxdan unudulmuş köhnəlikdir. Təbii ki, hər bir ictimai quruluş, zamanın gərdişi özü ilə bir sıra zərurui yeniliklər də gətirir və bu tendensiyadan uzaq qaçmaq mümkün deyil. Amma zamanında meydana gələn və bu gün də gərəyimiz olan forma və metdolardan, yanaşma tərzindən niyə də istifadə etməyək?

Zənnimcə, dövrümüzün mühüm atributları sırasında vaxtilə əlimizdən tutan, dividend gətirən dəyərlərdən də istifadə etməliyik. Doğrudur, indi bir sıra mətbuat orqanlarında, xüsusən internet-mediada çox vaxt "qışqıran”, səs-küylü mövzulara üz tutulur, bununla da sanki oxucu toplamağa səy göstərilir. Amma belə mövzuların əvəzinə insan taleyi, elmimizin bu günü, uşaqlarımızın gələcəyi, təhsilimizdəki vəziyyət, lap elə mətbuatımızın indiki durumu ilə bağlı saysız-hesabsız mövzular var ki, qəzet səhifələrində, saytlarda görünsə, yəqin ki, həm oxucular, həm də bütövlükdə cəmiyyətimiz üçün olduqca faydalı olar, böyük maraqla qarşılanardı. Ola bilsin ki, bəziləri mənim bu düşüncələrimi nostalji hisslərə söykənən, köhnə fikirli birisinin duyğuları kimi dəyərləndirsin. Amma bu cür düşüncə daşıyıcılarının müasir fikirlilərlə eyni zaman kəsiyində və bir müstəvidə yaşayışını və fəaliyyətini də unutmaq olmaz. Elə buradaca deyim ki, unudulmuş qəzet janrlarına – oçerk və reportajlara, müsahibə və zarisovkalara, xatirə yazılarına, memuarlara yeni nəfəs, həyat verilsə, təbii ki, bu, indiki yazarlara nüfuz qazandırardı.

İndi deyəcəyim fikirləri vaxtilə mətbuatda səsləndirmişəm. Zənnimcə, yenidən xatırlatsam, yerinə düşər. Bir vaxtlar paytaxtın küçə və meydanlarında saysız-hesabsız qəzet köşkləri qoyuldu. Bəli, məhz qəzet köşkləri. İlk vaxtlar xeyirxah missiya daşıyıcıları olan bu obyektlər normal işləyir, qəzet-jurnal xiridarlarını razı salırdılar. Amma sonralar bu köşklər gündəlik istehlak məhsulları, oyuncaqlar, çeşidli xırdavat malları ilə zənginləşdirildi. Başadüşüləndir. Adam qazanmaq, həm də işığın, suyun pulunu, kirayə haqqını vaxtında vermək istəyir. Yuxarı dairələrdəki arxalarına güvənən bəzi köşk satıcıları çap məhsullarının realizəsini arxa plana keçirdilər. Beləliklə, az-çox itirən, bu satılıq malların içində itib-batan da qəzet və jurnallar oldu. Onsuz da çap mediasına marağın getdikcə azalması, abunənin çətinləşməsi fonunda redaksiyalar maliyyə çətinlikləri ilə üzləşməli olublar. Elektron KİV-in sürətli inkişafı, qəzet, jurnal redaksiyaların professional kadr qıtlığı insanların daha operativ və xərcsiz-filansız informasiya əldə etmək istəyini də unutmaq olmaz.

Son vaxtlar mətbuatımızda sağlam atmosferin bərqərar olunması ilə bağlı atılan addımlar media mənsublarının ürəyincədir. İndi gənclər daha həvəslə yazmağa, neqativ məsələlərin çözülməsinə yaxından kömək etməyə cəhd göstərirlər. Onların qarşısında yaşıl işıq yandırmaq müvafiq orqanların əsas vəzifəsinə çevrilməkdədir. Ömrünü-gününü jurnalistikaya, qəzetçiliyə həsr etmiş fədakar jurnalistlərimizin taleyi, sağlamlığı, məişət qayğıları da yaddan çıxarılmamalıdır. Onların yubileylərinin keçirilməsi, kitablarının təqdimatı, sosial problemlərinin həlli bu insanları mənəvi cəhətdən həvəsləndirər, yenidən cəmiyyətə, media aləminə dönüşünə rəvac verərdi. Yaşlı və artıq işləməyən jurnalistlərin təcrübəsindən öyrənmək üçün yollar axtarılmalıdır. Bu adamların iştirakı ilə gənc yazarlar üçün "ustad dərsləri” keçirilməsi və onların təcrübəsini əks etdirən xüsusi nəşrin hazırlanması faydalı olardı. Bununla bağlı Mətbuat Şurası nəzdindəki Ahıl Jurnalistlər Birliyi xüsusi layihə hazırlayıb və ümid edirik ki, bu layihə tezliklə reallaşdırılacaq. Yeri gəlmişkən, ustad hesab olunan profesionallar arasında ayrıca yazı müsabiqəsi keçirmək, onları mətbuatla bağlı kütləvi tədbirlərə daha geniş şəkildə cəlb etmək də olduqca zəruridir. Bu tədbirlər onların hələ də yazıb-yaratmaq həvəsini və qismən də olsa maddi cəhətdən təminatını stimullaşdıra bilərdi. Belə yazarların, tanınmış publisistlərin imkanlı redaksiyalarda müqavilə əsasında fəaliyyətinə də meydan verilsə ahıl jurnalistlərimizin sevincinə, daha səmərəli çalışmasına səbəb olardı. Bu cür praktika dünyanın bir çox ölkələrində tətbiq olunur. 2002-ci ildə ABŞ-a səfərim zamanı "Vaşinqton-Post”, "Nyu-York Tayms” kimi nəşrlərdə 70-80 yaşlı jurnalistlərin gənclərlə bir sırada çalışdıqlarının şahidi olmuşam. Redaksiyalar sadaladığım istiqamətlərdə fəaliyyətlərini gücləndirsələr, zənnimcə, yaxşı səmərə verərdi. Yeri gəlmişkən, niyə də müəllimlər, həkimlər, dövlət qulluqçuları kimi jurnalistlər də işə test yolu ilə götürülməsin? Belə olarsa, qəzet redaksiyaları da qazanar, işə yalnız professionallar qəbul olunar, jurnalist olmaq eşqinə düşən bəzi işbazlar da bacardıqları işin qulpundan yapışarlar. Elə buradaca qəzetlərin daha populyar olması, nüfuz qazanması üçün tənqidi yazılara, cəmiyyətin problemlərinin həllinə kömək olası materialların dərcinə rəvac verilməli, reklam bazarı gücləndirilməli, bütövlükdə rəngli çap versiyasına keçilməsi üçün tədbirlər görülməlidir. Bütün bunlar isə qəzet, jurnal redaksiyalarının, Mətbuat Şurasının, KİV-ə Dövlət Dəstəyi Fondunun öz potensial imkanlarından daha səmərəli istifadəsini, radikal islahatların genişləndirilməsini zəruri edir.

Məhəlləmizdə tez-tez rastlaşdığım köhnə tanışımın dedikləri günün mövzusu ilə bağlı düşüncələrimə nöqtə qoya bilər;

-Hər gün xeyli qəzet alıram, gözlərim zəif gördüyündən bəzi yazıları universitet tələbəsi olan nəvəmə oxutdururam. Həm də deyirəm qoy əlləri, barmaqları klaviaturadan ayrılıb qısa müddət də olsa qəzetə toxunsun. İnanın, bu təmasın doğurduğu təəssürat, kağızın ətri, enerjisi insan beyni, zehni üçün olduqca gərəklidir, dərman kimidir. Klassik ənənələri qorumaq hər birimizin borcudur.

Təbii ki, köhnə tanışımın söylədikləri elə mənim də, mətbuatda saç-saqqal ağartmış bir çox həmkarlarımın da ürəyindən keçənlərdir. Bu istəyimizin reallaşdırılması, mətbuatımızın perspektivinin daha işıqlı gələcəyə meyillənməsi isə bütövlükdə cəmiyyətimizin arzusu, tükənməz istəyidir.



421 oxunub

InvestAZ