XƏBƏR LENTİ
09 İyul 2020
08 İyul 2020



Unudulmaz Böyük İnsan, həyatımın mayakı! - Əziz Şirxan dayıma! ...
HÜQUQ 11:20 / 12.06.2020

Vəfatının birinci ildönümündə...

Ruhuna dərin ehtiramla...

Bu gün Şirxan dayım haqqında danışmaq, onun​ itikisi ilə barışmaq, keçmişləri xatırlamaq mənə oduqca ağırdır. Çünki mənə həyatda doğma olan, özümə hər zaman böyük bildiyim, yaxın dost, sirdaş hesab elədiyim, ən çətin vaxtlarda məsləhətinə, tövsiyəsinə, köməyinə, dəstəyinə ehtiyac duyduğum əziz bir İNSANI ürək ağrısı ilə yada salıram. Bir ildir ki, özü yoxdur... cismani varlığını müqəddəs torpağa əmanət etmişik... lakin ruhən, qəlbən bizimlədir.​ ​

Uzun müddət hüquq-mühafizə sistemində və prokurorluq orqanlarında məsul vəzifələrdə çalışmış, Beynəlxalq Mühəndislik Akademiyasının həqiqi üzvü,​ "Azərbaycan Bayrağı"ordenli alim, hüquq elmləri doktoru, baş ədliyyə müşaviri Şirxan Yusif oğlu Adıgözəlov ölkənin nüfuzlu ziyalılarından idi. Adətən hüquq sistemində çalışan insanların əksəriyyəti​ bir qədər zəhmli olur, vəzifədə olduğu müdətdə vaxt sarıdan qohum-əqraba içərisində az görünürlər. Ancaq o isə tam əksinə, hamıya baş çəkər, el-obanın dərdi sərini özünkü bilər, dost-tanışın xeyrinə-şərinə qatılmağa vaxt tapardı...

Biz Qarabağlıyıq. Atam Füzuli rayonundan, əsilləri Şuşadan, anam isə yarı Füzuli, yarı Cəbrayıldandır. Kənddə hamı bir-bir ilə qohumdur, yurdun bu başından o başına kimi hər kəs bir-biri ilə qohumluq telləri ilə bağlıdır.​

18 yaşından taleyini Bakıya bağlayan atam "Bakı Şin Zavodu”nda rabitəçi kimi işə başlayıb və 50 ilə yaxın həmin zavodda pillə-pillə qalxaraq direktor müavini vəzifəsinə kimi yüksəlib. Sonralar Bakıda aldığı iki otaqlı mənzili isə daima qohumları üçün açıq olub. Kənddən şəhərə təhsil almağa gələn yaxın gənclər​ bizim ailənin də üzvləri sayılırdı. Ona görə də kənddə yaşayan bütün yaxın və uzaq qohumlarımızı bir-bir yaxşıca tanıyırdıq. Ata-babadan görüb götürmüşük ki, qapıya gələn qonağı​ böyük ehtiramla qarşılamaq, nazlı nemətli süfrə açmaq, böyüyə hörmətlə yanaşmaq el adətidir.​ Böyük bir nəslin nümayəndəsiyəm. Atamgil doqquz uşaq olublar. Eləcə də əksər ailələrdə də övladların sayı çoxdur.​

Şirxan müəllim isə Bakıda təhsil alanda Söhbət kişi və Almaz xanımgilin evində kirayədə qalardı. Aramızda xeyli yaş fərqi olmasına baxmayaraq onu özümə həmişə yaxın bilmişəm. Çünki özü buna şərait yaratmış, uşaqdan böyüyə hər kəsə dost kimi davranmışdı.​ ​

Əslində Şirxan müəllim mənim atamın xalası oğludur. Onun alicənablığı, mehribanlığı, yaxın ünsiyyətimiz bizi doğmalaşdırıb. Əksəriyyət onu mənim ən yaxın qohumum hesab edir. Ancaq mənə ən yaxın qohumdan da doğma birisi olub. Həmişə mənə "Dədə” deyərdi, işlərimlə, fəaliyyətimlə yaxından maraqlanardı, xüsusi diqqət, qayğısı ilə əhatə olunardım.​

Mənim ən çətin günlərimdə arxamda olub. Ən uğurlu vaxtlarımda, xeyir işimdə, şad günümdə qarşımda dayanıb, irəlidə gedib, elçiliyimi edib.​ Təhsilimdə, işimdə, bu günkü səviyyəyə yetməyimdə, bir sözlə hər nailiyyətimdə​ yetərincə xüsusi rolu var.​

Mən Mədəniyyət və İncəsənət Universitetini bitirmişdim və mənə təhsilimi davam etdirməyi məsləhət görürdü, xüsusən hüquq sahəsinə getməyi təvəqqe edirdi. Onun öyüd-nəsihəti məndə maraq oyatdı və ciddi hazırlaşaraq Bakı Dövlət Universitetinin "Beynəlxalq Münasibətlər” fakültəsinə daxil oldum. Sözlərindən nəticə çıxararaq mənim yaxşı çalışmağım ona xoş gəlmiş, bu uğuruma da həddindən artıq sevinmişdi...​

Televiziya sahəsində çalışmağa başlayanda da mənə hərmişə çalışqan olduğumu işarə edərək, mükəmməl olmaq üçün daima üzərimdə işləməyi məsləhət edirdi. Bəzən televiziyada qarşılaşdığım çətinliklər, kanalları dəyişəndə yaşadığım ruh düşkünlüyü məhz onun sayəsində dəf edilirdi. Hər söhbətimizdə pozitiv düşüncəli, nikbin notlara köklənərdim.​ Deyirdi ki, bir halda ki, bu sahəni seçmişən, yaxşı kadr olmaqdan ötrü ciddi çalış, peşəkar ol, getdiyin yolu əzmlə irəlilə.​

Mən cənab Prezidentimiz İlham Əliyevin sərəncamı ilə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-ə Sədr müavini təyin ediləndə birinci ona zəng edib bu xəbəri verdim. Sevinc içərisində mənə söylədiyi sözlər hələ də qulağımdadır və yenə də daima çalışqan olmağı, gələcəkdə daha böyük uğurlara çatmağı arzuladı...​

Bir hüquqşünas kimi öz vəzifəsini ləyaqətlə icra edib, çətin işin öhdəsindən həmişə uğurla gəlib. O Yasamal və Səbael rayonunda prokuror işləyəndə mən televiziyada çalışırdım, o zaman rayonda baş verən hər bir hadisəni telemüxbir kimi işıqlandırırdım. Qanunun keşiyində necə əzmlə durduğunu yaxından müşahidə etmişəm, fəaliyyəti ilə bağlı, bəzi faktların, nüansların canlı​ şahidi olmuşam. Xüsusən Yasamal rayonu kriminogen hadisələrin daha çox baş verdiyi ərazi sayılırdı və burada baş verən ən ağır olayların sirrinin açılmasında, cinayətkarların ifşa edilməsində xüsusi peşəkarlığı ilə seçilirdi.​

O insanları dərindən anlayır, psixoloji ustalığı ilə kimin kim olduğunu​ sezə bilir, düzgün xarakterizə etməyi bacarırdı. Məhz bu məharəti sayəsində, canini seçmək, düzgün ayırd etmək, qatı cinayətlərin açılmasında xüsusi səriştəsi vardı...

O yurduna, doğulduğu torpağa həddindən artıq bağlı bir insan idi. Dəfələlərlə Füzüliyə gedər, qohum, tanışa baş çəkər, xeyirdə, şərdə iştirak edərdi.​

Bir neçə dəfə Füzuliyə onunla bərabər getmişik və şahidi olmuşam ki, torpaqların işğalı ürəyini çox incidirdi. Yolu düşərkən bütün qohumlara bir-bir baş çəkərdi.​ Səmimiyyəti, vətənpərvərliyi, qohumcanlığı və sadəliyi ilə böyük örnək idi. Millətin öz yurdundan didərgin düşməsi, qaçqın, köçkün halı heysiyyatına, milli qüruruna toxunurdu.​ Qapısına gələn hər bir yerlisinə dərin ehtiram nümayiş etdirir və kim ondan nəisə xahiş edirdisə, hamısına kömək əlini uzadır, maddi və mənəvi dəstəyini əsirgəmirdi.

Onun yas mərasimində, eləcə də ayrı-ayrı məclislərdə dəfələrlə tanımadığın insanlar Şirxan müəllimin yaxın qohumu olduğumu biləndə mənə yaxınlaşıb dayımın nəcib əməllərindən söz açır, özəl keyfiyyətlərindən uzun-uzadı danışmaqla hər zaman xeyirxah olduğunu dilə gətirirlər, onun elədiyi yaxşılıqları unutmadıqlarını söyləyirlər.​

Yolumuz o yana düşəndə şahidi olmuşam ki, Füzuli torpağında yetişən hər bir nemətə xüsusi dəyər verirdi. "Bu bizim torpağın tərəsidir, görürsən ətrini” deyərdi. Bütün ərzaq məhsullarını öz torpağımızdan almağı xoşlayardı.​ ​

Şirxan müəllim nəinki bir nəslin böyüyü, hörmətli şəxsiyyəti, eləcə də Füzuli camaatının arxa-dayağı idi, Azərbaycanımızın sayılan, seçilən və ölkə başçısı tərəfindən dəyər verilən böyük ziyalısı idi.​

Hüquqşünas olmasına baxmayaraq müxtəlif peşə sahiblərindən olan insanlarla dostluq edərdi. Millət vəkili, alim, akademik, şair, müəllim, həkim, incəsənət adamları və s. vəzifə, peşə sahibləri ilə yaxın ünsiyyəti vardı. ​ Jurnalist dostları da az deyidli.​ Özü intervyü verməyi sevməz, özünü reklam edən heç bir addım atmazdı. Ancaq jurnalistlərə hadisələrin işıqlandırılması üçün xüsusi cəhdlə kömək göstərər, ürəkdən yardımçı olardı. Düz çörək kəsən, süfrə arxasında əyləşməyi sevən bir insan olub. Ən yaxın insanların yanında ucadan mahnı oxumağı da vardı. İlahidən gələn gözəl səsi, şirin avazı ilə zümzümə edərdi. Qarabağlı​ balası kimi o torpağın bütün özəlliyini qanında, canında, ruhunda gəzdirirdi, varlığında yaşadırdı Şirxan dayım.​

Vəzifəsindən ayrılan kimi bütün diqqətini, istiqamətini yaradıcılığa yönəltdi. Qısa vaxt ərzində bir neçə kitab üzərində işlədi. Elmi fəaliyyətini genişləndirdi. 2016-cı ildə "Multikulturalizm: beynəlxalq təcrübə və Azərbaycan nümunəsi” adlı kitabı işıq üzü gördü. Həmin kitabda multikulturalizm fenomeninə beynəlxalq təcrübə və Azərbaycan reallıqları kontekstində qiymət verməyə çalışdı. Faktlar və arqumentlər əsasında multikulturalizmin Azərbaycan modelinin mahiyyət və məzmununu açıb göstərməyə müvəffəq oldu.​ "Bakı Beynəlxalq Multikulturalizm”, "Azərkitab” kitab satışı mərkəzlərində və bir sıra yerlərdə ünlü simaların iştirakı ilə kitabın yüksək səviyyədə təqdimatı keçirildi.​

Daha sonra kitab gürcü dilində nəşr olundu və​ Tbilisidə fəaliyyət göstərən M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində tanıdıldı.​

Alimin "İslam Həmrəyliyi İli" ilə əlaqədar olaraq "İslam Əməkdaşlıq Təşkilatı və İslam Həmrəyliyi" adlanan növbəti kitabı da maraqla qarşılandı. Bu kitabda da məqsəd ölkəmizdə həyata keçirilən və İslam Həmrəyliyinə, əməkdaşlığına verilən konkret elmi və praktiki nümunələri araşdırıb və onları oxuculara təqdim etmək oldu. "Heydər Əliyev və Azərbaycanda multikulturalizm siyasəti” adlı elmi məqaləsində də ölkənin dövlətşilik ideyalarına siyasi baxışı öz əksini tapdı.​ Azərbaycanda gedən ictimai-siyasi proseslərin geniş izahını verməklə bir alim kimi gəldiyi qənaəti elmi ictimaiyyətə ünvanladı...

Bir alim kimi hələ görüləcək işləri çox idi, düşündüyü kifayət qədər mövzunu elm aləmində araşdırmaq niyyətindəydi. Lakin....

Axırıncı telefon söhbətimizdə​ dedi ki, "Dədə deyəsən öləcəm, yaman narahatam”. "Nə danışırsan”- deyə təəccübləndim. Onun ölümü heç birimizin ağlına gəlməzdi. Ancaq qəfil xəbər gəldi. Şirxan dayım bizi tərk elədi, haqq dünyasına köçdü. Mən bu yaşıma kimi bircə dəfə də olsun atamın göz yaşını hələ görməmişdim, onun dəfn günü atam hönkürürdü. Mən özüm isə nəinki o gün, elə indinin özündə də dayımdan söz düşəndə biixtiyar göz yaşlarımı saxlaya bilmirəm. Sevilməyə layiq bir əsl insan olub, sağlığında özünə hörmət qazanıb, ürəklərdə heykəlini ucaldıb. Nə qədər ki, onun yaxşlıq etdiyi insanlar yaşayır, Şirxan müəllim də yaşayacaq, ruhuna ehtiram göstəriləcək, haqqında ürək dolusu danışacaqlar...

Ruhun şad olsun əziz İnsan, nəsil ucalığım, sevilmli dayım, həyat müəllimim, gözəl dostum, ailə yadigarım, yaxın sirdaşım, unudulmaz böyük məsləkdaşım.​ ​

Allah sənə rəhmət eləsin Böyük İnsan, rahat uyu, məzarın cənnət olsun Şirxan dayım!​ ​

​Rəşad Nəsirov

əməkdar jurnalist


984 oxunub

InvestAZ