XƏBƏR LENTİ
09 İyul 2020
08 İyul 2020



AĞSAQQAL İŞIĞI - Əbülfət MƏDƏTOĞLU yazır
MÜSAHİBƏ 12:56 / 05.06.2020

Təbii ki, bu, hər saçı ağaranda olmur


Bəri başdan deyim ki, Yasif Nəsirliylə doğmalığımızın, səmimiyyətimizin kökündə hələ də dilini tapıb ipucunu çözə bilmədiyim İlahi bir inanc dayanır. Şəxsən dəfələrlə bunu öz-özümə sual kimi ünvanlayıb cavabının üzərində baş sındırmışam. Gəlib çıxdığım nəticə, əslində isə etdiyim təxmin bundan ibarət olub ki, aramızdakı zaman kəsiyinə baxmayaraq, bizi doğulduğumuz Qarabağın havası, suyu, dağı, daşı, bir də soykökümüzdəki əzablı-əziyyətli ağır sınaqlardan keçən həyat parametrləri birləşdirir. Yəni Yasif Nəsirli bir yazıçı, bir dövlət adamı, bir ictimai-siyasi xadim olmaqla yanaşı, həm də nüfuzu kifayət qədər diqqət çəkən bir ağsaqqaldır. Onunla görüşmək, onunla həmsöhbət olmaq...

Bəli, mən həyat yolunu özünün "Zirvə” romanında oxuduğum və oradakı xatirələrin işığında yaddaşıma köçürdüyüm Yasif müəllimin Cəbrayıllı günlərini özümün, rəhmətlik atamın Tuğlu günləriylə bir müstəvi üzərinə gətirdim. Oxşarlıqlar mənim ruhumu silkələdi, kirpiklərimin ucunda "ulduz” parladı... Xoş anlar, üzümdə təbəssüm, acı xatirələr ruhumda sızıltıya çevrildi. Həyat yolunun pillələrini, dolanbaclarını olduğu kimi qələmə alan Yasif Nəsirlinin dünyası gözünün qarşısında açıldı. Mən onun iradəsinə, qətiyyətinə və dözümünə heyran qaldım. Təsəvvür edin ki, kiçik yaşlarından ailənin yükünü çəkmək, necə deyərlər, başaq yığmaqla, odun şələsi daşımaqla ailəyə yardım etmək, onun ayaqda qalmasına təkan vermək və addım-addım arzuların dalınca getmək... və bütün bunlara rəğmən də sınmamaq istəyinə çatmaq üçün daha əzmkar olmaq hər kəsə nəsib olan iş deyil. Tanrı sınağına dözə-dözə uşaqlığın bütün çətinliklərindən çıxmağı bacarmaq, gəncliyin bütün nüanslarını ömrünə köçürməyi bacarmaq, üstəlik də gözəl bir ailə başçısı olmaq, dayandığın mövqedə özün olmağı ifadə etmək... bax, bütün bunlar istər Cəbrayılda, istər Bakıda, istər Moskvadakı təhsil illərində, istərsə də dünyanın irili-kiçikli şəhərlərini gəzib-səyahət edəndə - yazıçı, dövlət adamı Yasif Nəsirlinin bir KİŞİ tərcümeyi-halıdır!

Onunla olan isti münasibətlərimizin fonunda mən həmişə bir detala xüsusi diqqət yetirmişəm. Yəni birmənalı şəkildə anlamışam ki, Yasif müəllim hər kəsin "dilini” bilir. O, adamla münasibətləri elə cilalayır ki, sən ona həm son dərəcə yaxın olursan, həm də öz yerində olursan. Bax, bu ölçü vahidi, bu adamlarla münasibətləri idarə etmək qabiliyyəti sanki onda bir Allah vergisidir. İnanın, onun oxuduğum bütün kitablarında da bunu mən bir oxucu olaraq hiss etmişəm. Elə bil ki, Yasif müəllim yazı masasının arxasında oturub yaradıcılıqla məşğul olduğu anda da o, sözü ağsaqqal kimi seçir, sözünü oxucuya ağsaqqal kimi çatdırır. Və yazıçı-oxucu yox, həm də ağsaqqal-həmsöhbət prizması göz önündə canlanır. Bax, münasibətin bu üslubu mənim üçün həqiqətən çox müsbət bir yanaşma kimi formalaşır. Ola bilsin ki, bu fikrim ədəbi tənqidçilərin, Yasif Nəsirli yaradıcılığını araşdıranların xoşuna gəlməsin, yaxud da onlar bunu qəbul etməsinlər. Amma bütün hallarda mən Yasif müəllimin ağsaqqalığını, qayğısını, diqqətini şəxsiyyətində də, sözündə də, yazısında da görürəm.

Bu günlərdə Yasif müəllimin aftoqrafla mənə bağışladığı daha bir kitabının oxucusu oldum. "Gündoğandan günbatana” adlanan bu kitab müəllifin səyahətlərinin məhsuludur. Düzünü deyim ki, bu üslubda oxuduğum kitablar arasında Nəbi Xəzrinin, Qəzənfər Paşayevin, İmran Qasımov və Həsən Seyidbəylinin, Elçinin əsərləri yaddaşımda xoş xatirə kimi qalmışdı. Yasif müəllimin kitabı da həmin xatirələri təzələdi. Sanki onunla birlikdə günəşin doğduğu ölkəyə - Yaponiyaya, oradan Çinə, Avropa ölkələrinə səfər etdim, gəzdim, gördüm, tanıdım. Bu görüşlərdə, bu səfərlərdə Yasif müəllimin prinsipiallığının, Qarabağ gerçəkliyini birmənalı təbliğ etməsinin şahidi oldum. Və...

Bəli, bu bir xatirə kitabı olsa da, amma danışan və danışdıran xatirələrin kitabıdır. Çünki onun müəllifi özündə ağsaqqalıq işığını yaşadan Yasif Nəsirlidir. Ona uzun ömür, can sağlığı diləyirəm. Həmişə yazıb-yaratsın. Bizim ağsaqqala və ağsaqqal sözünə həmişə ehtiyacımız var.



1383 oxunub

InvestAZ