XƏBƏR LENTİ
06 İyun 2020
05 İyun 2020
04 İyun 2020



ƏZABAM HƏR KƏSƏ - Əbülfət MƏDƏTOĞLU yazır
YAZARLAR 09:10 / 16.05.2020

Təkliyimlə söhbət

Hər gününözmövzusu,hər mövzunundaözdanışanı,yazanıvar. Amma çox qəribədir ki, son aylarda mənim günümün mövzusu da eynidir, elə yazanı da. Necə deyərlər, düşdüyüm labirintindən çıxa bilmirəm. Nə qədər çalışsam, çabalasam da, əl-qol atsam da, hətta Tanrı qarşısında diz çöksəm də, dayandığım ölü nöqtədən tərpənə bilmirəm. Boğulduğum bir damcı suyun içindən çıxa bilmirəm. (Bu COVİD-19-da yapışıb zəli kimi boynumun ardından!!!) Sizə gülməli gələcək, bir damcı suda boğulmaq ifadəsi. Amma neyləyim ki, bu bir gerçəkdir və mənim də ən böyük faciəm gerçəyi dilə gətirməyimdir. Nədənsə həmişə gerçəyin əsiri olmuşam, gerçəyin balını da, zəhərini də dadmaq qismətimə, alın yazıma çevrilib. Bunun üçün mənə təsəlli verənlər də, irad tutanlar da, hətta tək-tək qibtə edənlər də olur. Amma ən çox irad tutanlar olub. Hətta açıq şəkildə üzümə, gözlərimin içinə deyiblər ki, ağlın yoxdu. Ağlın olsa sən də karvana qoşularsan, sən də çalınan havaya oynayarsan, sən də hamı kimi olarsan...

Mən bu deyilənləri eşitmişəm, dinləmişəm, amma qəbul etməmişəm - nə yazılarımda, nə şəxsi həyatımda, nə də sevgimdə! Bu, özündənrazılıq, özündən bədgümanlıq, özünü əlahiddə saymaq demək deyil. Bu sadəcə mənəm-mənəmlikdən uzaq bir Mənlikdi! Yəni doğulduğum və barışdığım qədərlə yaşamaqdı... taleylə qol-qola yol getməkdi. Öz yolunu gedənlərin də həmişə dizi çapıq, dirsəyi qabarlı olar... gözləri yorğun, ürəyi ağrılı... Özü də havalı, tək-tənha...

Təklərin qədəri təklik olduğu kimi, mübarizəsi də, seçdiyi yol da elə təklikdən keçir. Çünki onun mübarizəsi özünə qarşıdı, yəni təkliyə yönəlib. Yolu da təklikdən keçdiyi üçün qarşısına çıxan olmur. Tək ləpirin təkliyini təsəvvür edin və bir anlıq da olsa o tək ləpirin insanda hansı hisslər doğurduğunu, hansı auranı yaratdığını yaşamağa çalışın. Əgər bunu bacarsanız, vallah məni özünüz kimi anlayacaqsınız, özünüz qədər yaxın, səmimi biləcəksiniz. Axı, təklik özünə çəkilmək deyil, özünə sığınmaq deyil, özündən qaçmaq deyil. Təklik əslində dərdlə yoldaş olmaqdı... payına düşən sevinci əzizləməkdi... sevdiyini oxşamaqdı... onun pərvanəsi olmaqdı. Və butun bunlar da o tək dünyanın orbitində baş verir, o əhatə dairəsinə başqa zəng çatmır. Ona görə də orda hər şey məsumdu, orda hər şey olduğu kimidi. Hətta mən bir az da şairlik edib yazmışam ki:

Ucalır qəmin çəpəri

Tükənir dizin təpəri...

Günün ən acı xəbəri -

Bu telefona zəng çatmır!..

Susanda cavabsız sual

Dərhal düşür ürəyə xal...

Həmin anda dəyişir hal-

Bu telefona zəng çatmır!..

Qalırsan fikir əlində

Bir ad kirimir dilində...

Keçir ağlından ölüm də -

Bu telefona zəng çatmır!..

***

Evə tələsirəm. Əslində evə özümlə heç nə aparmıram. Bütün ovqatım, bütün əhvalım itin günündədi. Elə özüm də it günü daşıyıram özümlə. Bu ovqatla evə getməyə məcburam. Küçədə qalsam(COVİD-19-dan yayınmaq mümkün olsa-Ə.M) avara deyərlər adıma. Veyillənsəm yenə avara deyəcəklər. Badələrə əl uzatsam, ondan da ağır söz eşidəcəm. Ona görə evə gedirəm, hələlik ev olan ünvana. Ona görə hələlik deyirəm ki, tay bu evin kitabı bağlanıb. Necə deyərlər, onun qarşısında nə sual işarəsi var, nə nida, nə də nöqtələr. Sadəcə, son nəfəs, son işartı qalıb bu evin daşında, divarında, varlığında. Və biz də bütün gücümüzlə həm sığınmışıq, həm də saxlamağa, heç olmasa bir iynə ucu boyu ömrün uzatmağa çalışırıq bu evin. Neyləyim ki, bu evin yaşamasını istəməyənlər bu evdəkilərdən, bu evdəkilərin ətrafındakılardan, yanında olanlardan milyon dəfə güclüdü. Ona görə də kitabı bağlanmış evin içindəkilər axşamı səhər edəndə Tanrıya şükür edirlər... yaşam duası oxuyurlar və hətta sevinirlər də... Axı daha bir gecəni öz evlərində keçiriblər...

Sonra həmin gün yaşanır - təpkilərlə, sıxıntılarla, təlaşla və yenə axşam, yenə gecə... kənardan baxana bu durum, bu yaşam fərqli görünür. Kimlərsə bizi inadkar, kimlərsə taleyilə savaşa çıxan, kimlərsə də mənasız yerə özünü qəfil uçqunun qurbanına çevrilən hesab edir. Bütün bunların hamısını duyuram da, eşidirəm də, amma heç birinə kəskin bir münasibət büruzə vermirəm. Ona görə ki, mənim nə çəkdiyimi və bu evin mənim üçün nə demək olduğunu heç kim mənim qədər duya bilməz, bilə bilməz. Belə olduğu halda kiməsə hansısa cavabı vermək və yaxud nəyisə israrla sübut etmək yumşaq desəm, küləklə vuruşmağa bənzəyər. Küləklə, yellə isə vuruşmaq təkcə ağılsızlıq deyil, həm də gülüncdür. Mən gülünc olmaq istəmirəm. Onsuz da ağılsızlığın cəzasını çəkirəm...

Ağılsızlıq demişkən, tam səmimi etiraf edim ki, ömür boyu heç kimin var-dövlətinə, qazancına həsəd aparmamışam. Heç kimin də pulunu saymamışam. Heç bu ağılmdan da gəlib keçməyib. Həsəd apardığım bircə məqam var: o da getməyə yeri olan adamlardı. Təəssüf ki, mənim bu həsədim hələ ki, ortadan qalxmır. Çünki onun şah damarı Qarabağdı, doğulduğum kənddi. Nə qədər ki, bu problem çözülməyib, mənim də həsədim çözülməyəcək. Bunu ovcumun içi kimi bilirəm. Amma Allahın verdiyi ağıldan, imkandan yararlanmamaq zaman-zaman öz günahım olubdu. Üzümə açılan qapılardan yan keçmişəm. Mənə əl uzadanların əlini sıxıb təşəkkürümü bildirmişəm, amma təkliflərini qəbul etməmişəm. Nəticəsi də bugünkü durumumdu. Şükürlər olsun ki, bu durumun içərisində də səsimə səs verən, qayğımı bölüşən, məsləhətini, hətta evini belə əsirgəməyən dostlar var. Mən bu insanların ürəklərinə, əqidələrinə səcdə edirəm. Nə isə...

Bax, belə bir durumda bugünkü ovqatımın diktəsi olan cəmi dörd misra ağlımdan gəlib keçir. Həmin misraların yükü sızıltı, göz yaşı deyil, məntiqdi. Mənim gəlib çıxdığım məntiq. Yəni:

Mən hər gün daha artıq

Doğranıb budanıram....

Ölüm də sevmir məni -

Ölümdən utanıram!

Siz bütün hallarda haqqın qalib gəldiyinə əminsiniz. Mən də əminəm. Amma bir atalar sözü var. Deyiblər ki, "haqq üzülür, amma sınmır, əyilmir". Mən bu deyimin yalnız təsəlli olduğuna inanıram, özünə yox. Çünki sınmayıb, əyilməyib üzülə-üzülə yaşamaq ən yaxşı halda mövcud olmaqdı, görünməkdi. Bu görünmək… Bu mövcudluq sənin özündən başqa bir kimsəyə gərək deyil. Üstəlik, səni sındırmaq istəyənlərin sənin ətrafına səni gülünc etməyidi. Bax, bu yerdə ətrafın da sənin qədər üzülür, sənin qədər sıxılır. Deməli, sən əslində əzaba çevrilirsən, ağrıya çevrilirsən. Necə ki, bir şeirdə mən demişəm ki:

- ƏZABAM SEVDİYİM HƏR KƏSƏ!

İndi özünüz düşünün, hətta sevdiyinə əzab olan birisinin üzülə-üzülə yaşaması nə qədər zərurətdi, nə qədər məntiqlidi? Yəqin ki, ağlımdan keçəni artıq duydunuz. Elə mən də sizin demədiklərinizi, daha doğrusu, demək istəmədiklərinizi hiss etdim, anladım. Ona görə də razılaşıram sizinlə, qoy hər kəs öz fikrində qalsın. Mən isə fikirlərimin davamı kimi sizin qapınızı döyüb bu kövrək notların üzrxahlığını etmək istəyirəm. Çünki yaşadıqlarım xoş ovqat yaratmadığı üçün mən də özümdən xəbərsiz, özüm də bilmədən onu doğmalara da transfer edirəm və nəticədə üzüntülər şaxələnir. Hətta düşünürəm ki, bütün bunların bir cəzası da var, sizin mənə verəcəyiniz cəzası. Halal haqqınız olan o cəzanı qəbul etməkdən qaçmayacam. Çünki adam əkdiyini biçir. Lap kobud ifadə etsəm, qazana nə atmısansa, o da çömçənə gələcək deyiblər. Mən də bu son aylarda öz kədərli günlərimin şahidi kimi sizinlə həmfikir olmuşam, sizinlə yoldaşlıq etmişəm. Və yazmışam ki:

Sıxdı məni bir küncə

Ağlayan qəm, gülən qəm...

Qəmimi öz qəminin -

Can ortağı bilən qəm!

Günümdən gün qoparan

Qopardığın aparan...

Çətin bir də taparam-

Gec gedib tez gələn qəm!..

Ömrüm sığmır arşına

Qatılan yarışına...

Heç çıxmadı qarşıma -

Kipriyimi silən qəm!

Olmadı heç gül, buta

Söz tapmadı dil tuta!

Gedirəm mən, əlvida -

Mənsiz qalıb dilən, qəm!

***

Bu ağır və bir az da üzücü fikirlərin içərisində başımı itirsəm də, hələ ki, yolumu itirməmişəm. Ona görə ki, yolun hardan hara qədər olduğunu təxmini bilirəm. Və bildiyimi də həyat öyrədib mənə. Birmənalı şəkildə anlamışam ki, bütün yollar olumdan ölümə qədərdi. Həmin o yolun uzunluğu təbii ki, nə metrlə, nə arşınla və daha böyük ölçü vahidləriylə hesablanmır. Burdakı məsafə andı, gündü, həftədi, aydı, ildi. Bəzən də əsr. Sonuncu bir tarixi şəxsiyyətlərə nəsib olur, bir istedadlara, bir də qəhrəmanlara. Və nəhayət, bir məqam da var: ilə bərabər olan an!!! Həmin o anın xoşbəxtlik quşu da yenə fərdlərin çiyninə qonur. Təbii ki, aramızda belələri var. Mən onlara yaxşı mənada uğur diləyirəm. O ki, qaldı bu yazıya... bu yazının ovqatına, demək istəyirəm ki, artıq bu gün də xatirəyə çevrilir. Dünənin xatirələrinə qovuşur. Mən də yazılarımla, sözlərimlə, mövcudluğumla artıq o xatirə müstəvisindəyəm. Düşünürəm ki, ən azından Sən məni xatırlayacaqsan. Axı, sənin və mənim Allah qarşısındakı birliyimiz, bütövlüyümüz danılmaz, pozulmaz gerçəklikdi, yazıdı. Deməli, sən məni xatırlayanda həm də özünü xatırlayacaqsan. Özünün mənli günlərini gözünün önünə gətirəcəksən... özünün mənli günlərinin səsini eşidəcəksən. Ovqatını yaşayacaqsan. Və mütləq yadına düşəcək, hətta pıçıldayacaqsan:

Xatirə olacam... anın birində
Bir zaman kəsiyi bitəcək mənlə...
Anın təbəssümü göz yaşı olub -
Quruyub yanaqda... itəcək mənlə...

Çartlayan dodaqda ... eh... sağalacaq,
Qurumuş kiprikdən duz töküləcək...
Tək onun saçları tez ağaracaq ...
İçinə saralmış söz töküləcək!..

Tanış ünvanlardan çəkinəcək göz
Ayaq dəyişəcək getdiyi səmti...
Bu yoxluq olacaq kül altdakı köz -
Onu qoruyana düşəcək həmdi...

... Xatirə olacam?.. bəlkə bu istək
Özü də ilğımdı! - meh aparacaq...
Ötüşən zamanı edərək dəstək -
İzimi hər yerdən şeh aparacaq!..

Bütün yazı boyu nə dedimsə, bilgisayara nə diktə etdimsə, hamısını sadəcə olaraq sizlərə bir xatirə kimi ünvanladım. Nə vaxtsa əlinizə düşsə, qarşınıza çıxsa oxuyarsınız. Necə deyərlər, mən dünyada olmayanda...


2623 oxunub

InvestAZ