XƏBƏR LENTİ
08 Aprel 2020
07 Aprel 2020



LƏNƏTLƏNMİŞ - Əbülfət MƏDƏTOĞLU yazır
YAZARLAR 18:00 / 19.03.2020

Dəli bir yazı



Hara baxıramsa, gördüklərim mənə daha çox dar ağacını xatırladır. Hətta binalar da, insanlar da, lap elə şütüyüb gedən maşınlar da gözümün önündə dar ağacı kimi dayanıb. Və bu dar ağacından yalnız sabunsuz bir kəndir yellənir. Heç suya da salmayıblar, qupquru bir kəndir... Və mən yellənən bu kəndirə, gözümün önündəki dar ağacına baxa-baxa fikirlərimi cəmləmək istəyirəm. Çalışıram ki, düşüncələrimə bir nizam verəm, istəklərimi, xəyallarımı rəndəsiz, ütüsüz, sadəcə, sırayla, əsgəri bir gedişlə dar ağacının, bu kəndirin altından keçirib aparam, amma bacarmıram. Niyə bacarmadığımı anlaya bilmirəm. Sadəcə, ağlımdan, dilimin ucundan tez-tez bir sual keçir - Niyə?.. Niyə bacarmıram?..

Dünyada hər şeyin səbəbi olduğu kimi, nəticəsi də var. Bax, bu mənada yəqin ki, istənilən fikir də hansısa səbəbdən, hansısa təsirdən yaranır, bəhrələnir, boy atır və nəticəyə doğru gedir, məqsədə can atır. Lakin indiki anda mən köklü şəkildə gözümün önündə dayanan dar ağacına, ondan asılmış kəndirə tərəf baxa bilmirəm. Elə bil ki, kimsə zorla o dar ağacını, o kəndiri mənim gözümün qarşısında saxlayıb sağa-sola gəzdirir. Və məni də məcbur edir ki, mütləq ona bax, ona diqqət yetir. Gözümü yayındırıb göy üzünə baxıram. Buludlar da mənə dar ağacı kimi görünür. Deyəsən, havalanıram... Deyəsən, dəli oluram. Bir vaxtlar yazmışdım ki, "mən dəli oluram, mən yavaş-yavaş..." Bu misraya, bu şeirə görə qınayanlar olmuşdu məni. Yaşın bu çağında sevgidən dəli olmağı absurd da saymışdılar, şair yozumu da və bir az da yaşa-başa görə yüngüllük də. Lakin neyləyim ki, o hissləri yaşamışdım, o misralar da içimdə doğulmuşdu. Görünür, elə həmin o məqamdan başlayıb mənim dəliliyim, mənim xəbərim olmayıb. Ona görə də indi hər şey mənə dar ağacı kimi görünür, hətta sənin özün də...

Düşünən olacaq ki, yenə şairlik edir, yenə kiminsə boynundan asılmaq istəyir. Amma inanın ki, indiki məqamda, yəni problemlərin başdan aşdığı bir durumda könlüm ancaq dar ağacı istəyir. Məni ancaq dar ağacı özünə çəkir, özünə doğru səsləyir. Mən dar ağacının bir iynə boyu məsafəsində dayanıb ona baxıram. Düşünməyin ki, ölümdən qorxuram. Yox, mən də bütün insanlar kimi ölümün qaçılmaz olduğunu çox gözəl bilirəm. Bir də anlayıram ki, hətta qorxsam belə o qorxu məni ölümdən qurtara bilməz. Sadəcə, indi gözümün qabağında kəndiri yellənən dar ağacının özəl bir vahiməsi var. O da kəndirin sürüşkən olmamasıdı. Axı kəndir sürüşkən olanda ölüm də bir göz qırpımında baş verir - ağrısız-acısız...

İndi, yəni bu qarışıq halımın bu baş-ayaq yazısını diqtə etdikcə, gözlərimi yumuram o dar ağacını görməmək üçün. Və gözlərimi yumduqca da sanki o dar ağacı yeriyib gözlərimin içinə daxil olur. Mən onun ağrısını da hiss edirəm gözlərimin içərisində. Bax, bu an, məhz bu dəqiqələrdə yadıma bir söz düşür: - lənətlənmiş...

Hə, belə bir söz var. Hətta səhv etmirəmsə, belə bir film də izləmişəm. Nə isə... Bax elə bu lənətlənmiş duruma düşmək və bu durumun içərisində də özünə yer tapmamaq əslində elə böyük hərflərlə yazılası lənətlənməkdi. Görəsən, bu sözü ilk dəfə kim işlədib? Bu söz ilk dəfə kimə ünvanlanıb? Əslində baxanda bu sözün arxasında dayanan fikir sözün özündən çox-çox maraqlı və böyükdü. Amma nədənsə söz məni çəkir - "lənətlənmiş" sözü. Və mən də heç bir araşdırma aparmadan, heç bir tarixə baş vurmadan o sözün ağırlığı altında misralara üz tuturam.

Mənim
üz-üzə gəldiyim
nə əcəldi,
nə də qəza...
Nə vaxtlıdı,
nə də qəfil...
Amma ...
layiq olduğum
bu cəza -
bir səfil taleyidi,
səfil...

Mənim
seçib götürdüyüm
nə işıqdı,
nə qaranlıq...
nə gülüşdü,
nə gözdə yaş...
Amma
özümü
unudub bir anlıq
daş götürmüşəm -
qara daş...

Mənim
salıb itirdiyim
nə sevincdi,
nə də kədər...
Nə toy-bayram,
nə də ki yasdı...
Amma
öldürüb ürəyimi,
öldürmədiyim qədər.
Boynumdan
yumruq boyda -
tək bir şişlik
ət asdı...
Həyat
demə bu imiş...

***
Həmin gün çox qəribə bir durumda idim. Əslində həmin o günə qədər mən bir dəvənin, bir filin, hətta bir qatarın çəkə bilməyəcəyi fikir yükünü səhərdən axşama, axşamdan səhərə daşımaqla məşğul idim. İşdə də, evdə də, lap elə yataqda da bu fikirlər məni tərk etmirdi. Elə bilirdim ki, indicə - bu an hər şey alt-üst olacaq... bugünüm sabun köpüyü kimi əriyib gedəcək... kimsə məni suya çəkib durulayacaq.... və mən neçə-neçə illər üzü o yana, üzü sənə tərəf qayıdıb gedəcəm... Daha doğrusu, aparacaqlar məni. Qolu bağlı yox, sevinə-sevinə, gülə-gülə, lap elə quş qanadlarında qayıdıb gedəcəm o günə...

Mən bu xəyalların, bu fikirlərin, bu yozumun söylənməsi çətin olan təzadın içərisində nə qədər çabalasam da, ancaq bir gerçəyi qəbul etməyə məcburam. O da məndən və bütövlükdə bütün bəndələrdən, bütün varlıqlardan yuxarıda olan ulu Tanrının iradəsiylə ürəyimə səpilmiş duyğuların, hisslərin cücərtiləridir. Bir az obrazlı alınsa da, etiraf etməliyəm ki, bu günə qədər yaşadıqlarım, duyduqlarım və hətta yaşaya bilməyib yanından keçdiklərim təsadüfi olmayıb. Bunların hamısı o Böyük Gücün iradəsi, o Böyük Gücün diqtəsidir. Mən belə qəbul etmişəm. Ona görə də nifrətimin də, sevgimin də kökündə həmişə Allahdan gələn bir işıq ucu axtarmışam. Düşünmüşəm ki, məhz onun yönəltdiyi səmtə gedəndə mən ürəyimlə bir yerdə oluram. Əks halda, ürəyimdən uzaq düşürəm və başlayıram onun əzablarını, onun ağrılarını yaşamağa...

Xatırlatdığım kimi, son günlərimin ruhumda hakim olan diqtəsi məni bütün mənalarda dözümsüz etmişdi. Və mən bu dözümsüzlüyün içərisində dözüm axtarırdım. O dözümü tapmaq da təkcə axtarışın, yuxusuzluğun, xəyal qurmağın bəhrəsi ola bilməzdi. Burda sənin də sözünün, lap elə sənin varlığının mövcudluğu əsas şərt idi. Mən də Allahımın səmtlədiyi, qarşıma çıxardığı, nəhayət, məni pərvanəsi etdiyi sənə, sözə, şeirə, duyğulara, nəhayət, ürəyimə baş əyməli idimi. Belə də etdim. Ancaq ağılla yox, dəli kimi. Nəticədə ağlın yerinə keçmiş, onun taxtında oturmuş hisslər məni diz çökdürdü, məni sındırdı. Mən içimdən qovulmuş, didərgin düşmüş ruha çevrildim. Elə bir ruha ki, onun qayıtmağa yeri, döyməyə qapısı qalmamışdı...

Adətən deyirlər ki, ruh bədəni tərk edəndə söz Əzrayıla qalır, söz sahibi Əzrayıl olur. Bu məntiqlə yanaşanda, deməli, mən son günlər Əzrayılla həmsöhbət olmuşam, onunla üzbəüz olmuşam. O da heç nə dərk etmək gücündə olmayan quru bir cəsədin ağrısını, sızıltısını izləyə-izləyə öz aləmində olub. Amma həmin o ana qədər bəlkə də cənnətin qapısından keçmək imkanı olan bəndələrdən biri kimi mən xoşbəxtlərin xoşbəxti idim. Öz hisslərim, öz duyğularım öz ağlımı kütləşdirdi. Bir anlıq düşünmək qabiliyyətimi dərk etmək imkanımı itirdim. Sonra isə gec oldu, lap gec. Elə bil ki, o zaman kəsiyi ən iti sürətli işığı da ötüb keçmişdi. Mən arxadan boylanırdım. Özü də heç nə demədən, hətta əl də tərpətmirdim. Axı ruhsuz, gücsüz bir quru cəsədin hansı hərəkəti diqqəti çəkə bilər? Lap elə ən yaxşı halda yalnız gülüş doğura bilər. Mənim isə gülüş doğurası heç nəyim yoxdu. Əksinə, düşündürücü, ağlamağa vadar edən görkəmim və halım - qalan bu idi...

Düşündükcə nə bəraət qazandıracaq, nə də ən yaxşı halda müəyyən güzəştə səbəb ola biləcək heç nə tapa bilmirəm. Çünki nə torpaq uğrunda şəhid olmamışam, nə oğul kimi valideynlərimə əl tuta bilməmişəm, nə ailə başçısı kimi övladlara şair Vahid Əlifoğlunun dediyi kölgəni salmamışam, nə də nə ürəyimin səsi, sözü, döyüntüsü olan kəsə bir iynə ucu boyda dayaq dura bilməmişəm. Deməli, bütün hallarda dünyada ancaq bir əl boyda yeri zəbt edib onun üzərində dayanmışam. Bu isə ən yaxşı halda yer tutmaqdı, haqqı olanın yerini tutmaqdı. Bu gün isə mən bəlkə də haqqı olanların siyahısında, ümumiyyətlə, heç yoxam. Əgər varamsa, bu mövcudluğun nəyə əsaslandığını söyləməyə çətinlik çəkirəm. Tək bircə məqamdan başqa - o da həsrətini çəkdiyim yurd-yuvanı, səni dəlicəsinə sevməyimdi. Məhz bu sevgi ayaqda saxlayır məni. Amma deyəsən, bu sevgi də məndən bezir. Çünki təkcə hisslərlə sevmək, təkcə hisslərə tabe olmaq kamil, mükəmməl sevgi nümunəsi deyil. Lap Məcnun olsan belə, ağılın sözü hisslərin sözü ilə üst-üstə düşməlidi. Yoxsa:

Eşidin,
ya da oxuyun-
fərq etməz...
Məni
ağıllı sayın,
ya da dəli -
bu anda
heç nə dəyişməz...
Çünki
mən qəfil anladım ki,
dünyada
ölümdən də dəhşətli
bir nəsə var -
sən demə,
bir-birini
sevə-sevə adamlar
ayrıla da bilirmiş...
İstənilən gün
sevginin
əzabını
daha çox çəkmək üçün...


***
Bir hikmətli məsəl yadımda qalıb. Onu atamdan eşitmişəm. Söyləyib ki, şahın fərmanı ilə bir nəfəri cəzalandırırlar və verilən fərmanda göstərilir ki, hər kəs günahkara bir daş atmalıdı. Hamı da belə edir. Növbə gəlib cəzalanan şəxsin dostuna çatır. Təbii ki, həmin dost da cəzalanan şəxsin daş yox, cibində gətirdiyi bir qom gül atır. Dost gülü atan kimi cəzalanan şəxs sanki dəhşətli ağrı yaşayır və özündən asılı olmadan ufuldayır...

Bəli, mən kiçik yaşlarımda eşitdiyim bu məsəlin arxasında duran böyük hikməti bu gün daha çox anlayıram. Və bilirəm ki, dostun dosta hətta gül ilə vurması da çox sərt və üzücü bir hadisədi. Onun ağrısına dözmək mümkün deyil...

Mən vurduğum zərbənin də nə boyda, nə ölçüdə və hansı şəkildə olduğunu azacıq da olsa başa düşürəm. Lakin mənim əlimdən açılan güllənin mənə necə dəydiyini dostun görməməsini, hiss etməməsini anlaya bilmirəm. Görünür, bütün hallarda ağlın hisslərdən üstün olması, kəsərli olması daha önəmli imiş. Görünür, iynə insanın öz bədəninə sancılmayana qədər hansı ağrıları verdiyini bədən sahibi hiss etmir. Ən yaxşı halda təsəvvür edir. Mən isə hisslərə əsir düşdüyümdən təsvir etmək, təsəvvür etmək gücümü də əldən verdim. Nəticədə də lənətlənmişlərin sırasında yer tutdum. Bu bir gercək! Bu bir həqiqət! Gerçəyin və həqiqətin içərisində girinc olmaq, yol tapa bilməmək də daha böyük reallıqdı. Bu yazını diqtə etdiyim anda mən o reallığın çiyinlərindən üzü aşağı basan gücünü, təsirini açıq-aşkar duyuram...

Qarşında
etiraf etməliyəm
sən də
bacarsan bağışla...
Bilirəm
məndən
çox şey umurdun -
hətta
şipşirin xəyallar qururdun.
Görünür
bu səbəbdən
mənim hər addımda
etdiyim günahlara
özün də bilə-bilə
sakitcə
göz yumurdun...
Amma...
Təəssüf ki,
umduqların olmadı
xəyalında
qurduqların da
uçub dağıldı...
Bircə
göz yumduqların oldu!
Özü də lap çox -
sürətlə artıb çoxaldı -
günahlarım!..

Yazının ovqatı Novruz günlərinə uyğun gəlməsə də, lənətlənmiş birisindən bayram əhval-ruhiyyəsi ummaq məncə düz gəlməz. Siz bu yazıya görə hətta məni qınaya da bilərsiniz. Çünki ovqatınızı alt-üst etdim. Amma inanın ki, mən öz ovqatımı, özümün arxada qalan bütün anlarımı tək bu yazıya görə xatırlamağa da ürək etmirəm. Çünki yazının ovqatı mənim gözlərimin qarşısında dayanmış dar ağacının diqtəsidi. Və mən də o dar ağacına, o qupquru kəndirə çox böyük həsədlə baxıram. Axı lənətlənmişlərin yolu yalnız ən ağır cəzadan keçir. Onu da siz müəyyən edin!





2575 oxunub

InvestAZ