XƏBƏR LENTİ
01 Aprel 2020
31 Mart 2020



NOVRUZA BİR GÜN QALMIŞ... - Nurəddin Ədiloğlu yazır
YAZARLAR 14:05 / 19.03.2020

Bu gün Bakı metrosunun "20 Yanvar” stansiyasında törədilən terror aktından 26 il keçir.

Ötən əsrdə Ermənistan xüsusi xidmət orqanları Azərbaycanda onlarla terror aktı həyata keçiriblər. Törədilən 32 terror aktı hadisəsi nəticəsində iki mindən çox dinc soydaşımız həlak olub. Erməni ekstremistləri Azərbaycanda nəqliyyatın bütün növlərində, o cümlədən də metroda terror aktları törədiblər.

Belə qanlı terror aktlarından biri 19 mart 1994-cü ildə baş verdi. Saat 13.00 radələrində qatar "20 Yanvar” stansiyasında dayandığı zaman, birinci vaqonda saat mexanizmi ilə təchiz edilmiş əldədüzəlmə qurğunun partlaması nəticəsində 14 nəfər həlak oldu, 49 nəfər yaralandı. Bu terrorun qurbanları arasında qadınlar, qocalar və uşaqlar olan onlarla günahsız insan vardı.

Güclü partlayışın təsirindən metro stansiyasının tavanı bəzi hissələrdə dağılaraq aşağı çökmüşdü. O gün metroda baş verən qanlı terror gözəl musiqiçi, Xalq artisti Rafiq Babayevin ömrünə həyatının ən mühüm və məsuliyyətli mərhələsində -57 yaşında son qoydu. Təkcə Azərbaycan xalqı deyil, bütün dünya ictimaiyyəti bu görkəmli cazmenin, pianoçu və bəstəkarın faciəli ölümündən bərk sarsılmışdı.

Terror aktının icraçısı partlayış zamanı ölsə də Azərbaycanın hüquq-mühafizə orqanları bu hadisəni terror aktı olduğunu və onu Ermənistan xüsusi xidmət orqanlarının hazırladığını dərhal müəyyənləşdirdi. Tezliklə Azərbaycan respublikasının hüquq mühafizə orqanları tərəfindən terror aktının icrasında və təşkilində iştraka görə 11 nəfər həbs olundu. Onlardan ikisinin barəsində məhkəmə güllələnmə hökmü çıxardı, digərləri isə müxtəlif müddətli həbs cəzasına məhkum olundular.

İstintaq zamanı müəyyən edildi ki, təxribatçılar Ermənistanın Nairi rayonunun Lusakert qəsəbəsində yerləşən təlim-məşq bazasında xüsusi terror-təxribat hazırlığı keçib və bu ölkənin Milli Təhlükəsizlik Baş İdarəsi onların təşkilat kimi formalaşmasında, maliyyələşməsində və silahlanmasında yaxından iştirak edib. Terrorçu dəstə təlimata uyğun olaraq, "20 Yanvar" stansiyası ilə yanaşı, Bakının "Nizami" kinoteatrında, Respublika (indiki Heydər Əliyev) sarayında və Bakı lampa zavodunda da partlayışlar törətməyi planlaşdırmışdılar. Ancaq terrorçular bu cinayətkar məqsədlərinə axıra qədər nail ola bilmədilər.

1994-cü il iyulun əvvəllərində Bakı metrosunun "28 may” və "Gənclik” stansiyalarının arasında qatarda növbəti dəfə partlayış törədildi. Partlayış nəticəsində 13 nəfər həlak oldu, 42 nəfər yaralandı. Rəsmi versiyaya görə, Ermənistan xüsusi xidmət orqanları bir Azərbaycan vətəndaşını məxfi əməkdaşlığa cəlb edərək onu metronu partlatmaq tapşırığı ilə Bakıya göndərmişdilər. Bu hadisədən iki il sonra Moskvada milliyyətcə ləzgi olan Azər Aslanov həbs edildi. Azərbaycana ekstradisiya edilən A. Aslanov öz ifadələrində bildirdi ki, o, Bakı metropolitenində terror aktı törətmək göstərişini erməni əsirliyində olarkən, erməni separatçılarının ideoloqlarından biri, yazıçı Zori Balayandan alıb. Məhkəmənin hökmü ilə Azər Aslanov ömürlük həbs cəzasına məhkum edildi.

Onu da bildirək ki, 19 mart 1994-cü il - Novruz bayramı ərəfəsi terror aktı nəticəsində həlak olan soydaşlarımızın adları sözügedən stansiyanın divarına həkk olunaraq əbədiləşdirilib.

Allahdan terror qurbanlarına rəhmət diləyirik.

Nurəddin Ədiloğlu.

P.S: Bu gün erməni terrorizmi beynəlxalq ictimaiyyətin tanıdığı bir faktdır. Ermənistan dövləti də terrorçulara dəstək verir. Amma buna görə, Ermənistana heç bir təzyiq olmur.


2511 oxunub

InvestAZ