XƏBƏR LENTİ
01 Aprel 2020
31 Mart 2020



“OL!”LA DÜNYAYA GƏLƏN - Əbülfət MƏDƏTOĞLU YAZIR
YAZARLAR 09:16 / 17.03.2020

Onun adı sevgidi

Düşünürəm ki, heç nə heç nədən yaranmadığı kimi, ağlıma gələnlər də səbəbsiz yaranmır, doğulmur. Yəni göydəndüşmə heç nə yoxdu. Olsa-olsa nağıllardakı almalar olar. Amma bu günə qədər nə eşitmişəm, nə də görmüşəm ki, kimsə göydən düşən bircə dənə almanın götürüb dadına baxıb. Deməli, alma özü də bir nağıldır - özü də nağılın sonundakı nağıl. Bu da o deməkdir ki, nağıllar bitib qurtarmır. Almanı gözlədiyimiz kimi, yeni nağılları da gözləməliyik. Sizi bilmirəm, mən az qala ağlım kəsən gündən hər gün nağıl gözləyirəm. Ürəyimdən keçənin, qəlbimə köçənin, xəyalımda olanın, yuxularıma qor səpənin nağıllarını. Əslində bu, Sənin nağılındı. Və mən də o nağılın adsız qəhrəmanı kimi səninlə birlikdə göydən alma düşəcəyi ana qədər gedirəm...

Bəli, bilmirəm onda ilin hansı fəsli idi... bilmirəm onda ilin hansı günü idi... Amma bildiyim o idi ki, onda dünyam bir işığa, bir nura qərq oldu. Hardansa ün çatmayan, əl yetməyən bir məkandan qopub gəldin. Bu gəliş içimdəki sükutu oyatdı... ömrümdəki durğunluğu ləpələndirdi... və ən vacibi ürəyimin çırpıntısı artdı. Hiss elədim ki, yaşamağa, düşünməyə və fərqli olmağa başlayıram. Məhz o andan içimdə bir mən də yarandı - heç kimin, yalnız Allahın və sənin gördüyün Mən! O mən səni düşündü... səni iştədi... səni gözlədi... və özünü sənə həsr etdi. Hətta günlərin birində üzünü Allaha tutub sənə yazdı ki:


Sən niyə bu qədər gözəlsən axı?

Niyə baxışından çiçək tökülür?!

Özün də bilmədən o çiçəklərə -

Ruhum da, qəlbim də tək-tək bükülür.


Qolunu salmadan bir gün qoluma,

Dəli etməyəmi çıxdın yoluma?

İndi ha baxıram mən sağ-soluma –

İçim kərpic-kərpic uçub sökülür.


Üzümü Allaha tutub qalıram

Sevmək günahımı boyun alıram...

Hər gecə göynəyib haray salıram –

Hər səhər içimdə bir mən hönkürür!..


Yəqin ki, bu şeirdən, bu içimdən qopub gələn duyğuların ifadəsindən inciməzsən... onu öz gözəlliyinə xələl salmazsan. Axı mən öz içimlə, öz varlığımla sənin dünyana aidəm... sənin dünyanın adamıyam... Və fikrim də təkcə hisslərə, duyğulara toxunmaq yox, həm də onları oxşamaqdı... onların nəvazişini çəkmək, onlara köklənməkdi. İnanın ki, bu dünyanın heç bir küncündə durmağa yerim olmasa belə, sənin dünyanın sərhəddi boyu keşikçi dayanmağa özümü çoxdan hazırlamışam. Düşünürəm ki, bu, xidmət deyil. Bu, sadəcə olaraq, sənə bir az da yaxın olmaqdı. Bu yaxınlığı sözlə ifadə etmək bəlkə də mümkünsüzdü. Ona görə də sözü yazmaq, qələmi tutmaq haqqını ürəyə verirəm. İndi gör ürək nə deyir sənə:


Mən yazdığım hər sözün

Çəkisini bilirəm...

Kirpiyinin nəmini –

Kirpiyinlə silirəm!..


Qələm – ürək əlində

Sözsə ruhun dilində!

Sənin kimi gülün də -

Gülüşündə gülürəm!..


Sən and yerimsən – pirsən

Tanrım kimisən – birsən!

Sevgi dini tək sirsən –

Öyrənməyə gəlirəm!..


Dünya geniş, ya da dar

İlk və son sözümdü – Yar!

Mənim nədə haqqım var –

Onu sənlə bölürəm!..


Bəli, sözümün sahibi olmaq gücüm hərdən əlimdən alınsa da, amma duyğularımın, istəklərimin sahibi olmaq gücünü hələki kimsəyə verməmişəm. Sadəcə, ürəyə aid olan hər şey öz əzəl mübtədasını səndə tapıb. Və mən də böyük şairimiz demişkən, sənin özəl dünyanla birlikdə duyğularımın, ruhumun əzəli sayıram. Elə bilirəm ki, bu dünya təkcə səndən ibarətdir... elə düşünürəm ki, sənsiz bu dünya yox imiş, olmayıb... və sənin gəlişinlə yaranıbdı. Yəni sənə "Ol!” deyən elə həmin anın içindəcə bu dünyanı yaradıb, ona da "Ol!” deyib, onu da yaradıb. Və bizi qarşılaşdırıb...

Çox maraqlıdır, dünyada bu qədər insan var... bu qədər talelər var... bu qədər yollar var - havada, suda, quruda... Nədənsə bizim yolumuz bu yolların heç birində kəsişmədi. Əvəzində özümüzün balaca bir cığırımız üz-üzə gəldi. Bir-birinin əlavəsinə, bir-birinin davamına çevrildi. Biz onu nə yuxuda görmüşdük, nə də xəyal etmişdik. Haqdan gələn bu cığır bizi o qədər doğmalaşdırdı ki, sözümüz sözün davamına, ömrümüz ömrün tamlığına üz tutdu. Və mən sənə yazdım ki:


Kirpik-kirpik oxuyuram gözünü

Misraların arasında batıram...

Allah bilir, toxuyuram özünü –

Ürəyimə! – istəyimə çatıram...


Həyat nağıl, mən qoynunda bir uşaq

Alma yağıb üst-başıma bir qucaq...

Sən gələndən kədər qaçıb çox uzaq –

Fərəhimdən hətta sevinc satıram!..


Hər anımı şəkər edən, bal edən

Baxışıyla baxışımı lal edən!..

Ürəyimi büründüyü şal edən –

Bir ulduzun qollarında yatıram...


Düşünmə ki, "yar” deməkdən doymuşam

Ürəyimi sətir-sətir oymuşam...

Sapandıma qəm dünyamı qoymuşam –

Fırladıram, fırladıram, atıram...


Bəli, bu misraların yaratdığı aurada kimsə özünü narahat hiss edər. Mən heç o kimsəni qınamıram da. Sadəcə, ağlımdan gəlib keçən bu olur ki, ya o kimsənin ruhu, duyğuları sevgidən uzaqdı, ya da özü bütünlüklə insan deyil! Çünki insan olanın sevgisi dünyaya gəldiyi gündən başlayır: Anasına, ətrafına, təbiətə, cəmiyyətə, bütövlükdə Vətənə və bu bütövlüyün içərisində həm də sevdiyinə! Südlə gələn bu sevgi mənə görə, sümüklə çıxmır, ruhla yaşayır, ruhla dolaşır dünyanı. O ana qədər ki, sevdiyi də ruhən gəlib ona qovuşur. Və nəticədə qovuşan sevgilər, qovuşan ruhlar nağıllaşır – ovuclarında da alma daşıyan nağıllar kimi...

Bəzən düşünürəm ki, duyğuları, hissləri çox qabartmaq hardasa ölçüləri pozmaq, əndazəni aşmaq kimi görünə bilər. Amma inanın ki, mən yazını bilgisayara diqtə edəndə ondan başqa gözümün önündə heç kim olmur. Yalnız onunla danışıram, ona xitab edirəm. O da sakitcə dinləyir. Onun sükutu məni bir az da alovlandırır, bir az da söhbəti çəkib uzatmağa məcbur edir. Bu söhbət əsnasında müəyyən təkrarların da olduğu sonra xatırlansa da, amma əsas məram onunla danışmaq, ona öz içini, öz duyğularını, bütövlükdə öz ürəyini və ruhunu sərgiləməkdi. Məncə yalnız özündən danışan adamlar bir az eqoist görünsələr də, yalnız sevgidən danışanlar bir az da çox Məcnunu xatırladırlar. Cəmiyyət, çevrə ona Məcnuna baxdığı kimi baxır. Ya əhəmiyyət vermir, ya da yalnız gülümsəyir. Hər halda, bütün bunlar münasibətdi, reaksiyadı. Mənə isə daha çox sənin sükut dilində dediklərin önəmlidi, vacibdi. Axı, mən o sükutu da şeir hesab edirəm və yazıram:


Nə vaxtdı durmusan gözümdən uzaq

Başım dumanlıdı, fikrim dağınıq...

Arada at çapır – dincəlmir sazaq

Elə bir nöqtəyə susub baxırıq –


Yaman darıxıram sənsiz, əzizim...

Yuxum tikan üstə, ruhum divanə

Solumda, sağımda fərqli bir həyat...

Bütün sözlərimin baxıb cəminə


Sən cavab olaraq bir kəlmə "hə” at –

Yaman darıxıram sənsiz, əzizim...

Hər şey də, hər kəs də könlümə dəyir

Bezirəm, küsürəm özüm-özümdən...


Üstümə qaranlıq kölgəsin əyir

Gözünü mən necə asım gözümdən –

Yaman darıxıram sənsiz, əzizim...

Səsin bir şam kimi yandı içimdə


Büzüşmüş varlığım dirildi sanki...

Qayıtdı özümə itən gücüm də

Bir də əmin oldum gülüm, inan ki –

Yaman darıxıram sənsiz, əzizim...


***


Mən birmənalı olaraq inanıram ki, dünyanın ən böyük gücü və hər şeyə qalib gələn hökmün sahibi SEVGİDİ! Ona görə ki, o, Haqdan gəlir, onu Haqq bizim varlığımıza hopdurur. Ona görə də biz istədik-istəmədik onu qəbul edirik. Hətta qəbul etmək istəməyənlər belə ona etinaz qala bilmirlər. Nə qədər özlərini görməməzliyə vursalar da, amma heç nə dəyişmir. Necə deyərlər, özləri-özlərinə əzab vermiş olurlar. Ona görə ki, böyük Cavid əfəndi dediyi bir həyat həqiqəti var. Cavid əfəndi deyib ki:

- MƏNİM TANRIM SEVGİDİR!

Deməli, sözün bütün qatlarını görən, sözün bütün hissəciklərini işığa bələyən Cavid əfəndinin bu kəlamı da məhz o müqəddəs Kitabın özündən qaynaqlanır. Axı əvvəldə də dedim, hər şeyə "Ol!” deyən, hər şeyi yaradan, verən Tanrıdı. Biz bəndələr bu yaradılanları yaşayırıq, daşıyırıq və bir-birimizə ötürürük - sevginin Məcnunu, Fərhadı, Sənanı kimi!

İndi bir anlıq mənimlə eyni nöqtədə, eyni mövqedə dayanın, mənim kimi düşünməyə, sevgini mənim qədər hiss etməyə çalışın... Yaşadın sevgini, sevginizi! Onda görəcəksiniz ki, yaşamağa dəyər... onda inanacaqsınız ki, dünya gözəl dünyadı... və bir də etiraf edəcəksiniz ki, mənim yazdıqlarım hamısı sevgidəndi. Sizə, hamıya və şəxsən Ona olan sevgidən. Allah sizi, Onu və məni sevgisiz qoymasın!



2849 oxunub

InvestAZ