XƏBƏR LENTİ
01 Aprel 2020
31 Mart 2020



ŞEİRLƏRİNİ YENİ NƏFƏS KİMİ... - Əbülfət MƏDƏTOĞLU yazır
YAZARLAR 09:10 / 17.03.2020

Ruhuma hopdurduğum şairəyə uğurlar diləyilə

Bəri başdan deyim ki, arxada qalan 8 Mart günü mənim üçün yaddaşa yazılan tarixlərdən oldu. Ən azından ona görə ki, sözlə yaşayan, sözlə nəfəs alan və özünü sözə həsr edən dəyərli söz adamları ilə bir araya gəldim. Və həmin gün mənə imzasını tanıyıb, özünü həyatda ilk dəfə gördüyüm xanım yazarlarımızdan biri, yəni Aysel Səfərli özünün "Yoxluğunun cazibə qüvvəsi” adlı kitabını səmimi bir aftoqrafla mənə bağışladı. Elə məclisdəcə kitabı gözdən keçirmək fürsətini qaçırmadım. Və kitabın ruhu mənə doğma gəldi...

Neçə gündür ki, yazı masamın üstündədir Aysel xanımın kitabı. Gözdən keçirirəm. Səmimi etiraf edim ki, istedadlı, maraqlı, poetik nümunələrin kifayət qədər tutumu məni özünə çəkir. Hətta hərdən düşünürəm ki, bu gənc xanımın belə böyük söz yükü, söz çəkisi hardan axıb gəlir? Onun mayasında nə dayanır? Ümumiyyətlə, sözə bu qədər bağlılıq, ona könül vermək istəyinin ünvanı kimdi, nədi?

Təbii ki, bu mənim özümün-özümə verdiyim sualdı. Cavabını isə Aysel xanımın misraları mənə pıçıldayır:

Bu gecə qollarımda həsrətini nazlaram,

Tənhalıqdan od tutar, ruhum yanar, sızlaram.

Bu gecə ümidlərim həsrətinlə sevişər,

Vüsalımın bətninə ayrılıq odu düşər.

Zənnimcə, bu misralar böyük bir sevginin, özü də yaşanan sevginin pıçıltılarıdı, diqtəsidi. Şairə xanım da o pıçıltıları bir-birinin ardınca düzür... onu şeirə çevirir və oxucunun könlünü oxşayır. Həmin o məlhəm duyğular içərisində, özündə bilmədən kədərin, dərdin də şəkilini çəkməli olursan. Səni o şəkili çəkməyə kökləyən də Aysel xanım olur. Özü də o qədər səmimi şəkildə səni o şəkillə baş-başa qoyur ki, inanırsan və əmin olursan ki, həqiqətən önündəki dərdin şəkilidi.

Taleyin öz fırçasıyla,

Dərdimin şəklin çəkirəm.

Gülüşün yırtıq donuna,

Oturub yamaq tikirəm.

Məncə burdakı poetik tapıntılar, fikrin ifadə forması orijinallığı ilə yanaşı, həm də düşündürücüdü. Ən azından ona görə ki, Aysel xanım gülüşün donuna yamaq vurur. Bunu oxucu ürəyinə yaxın buraxanda, onda ardınca başqa bir fərqli fikir də qapını döyür. Yəni:

Bu eşq siqaret deyil ki,

Bir anda çəkib bitirəm.

Və yaxud:

Bu eşqə boy biçə bilməz,

Həyatın mahir dərzisi...

Təbii formada sözü tər, həm də orijinal fikirlərlə cilalayan Aysel Səfərli mənim sözə olan marağımı, istəyimi sanki bir az da alovlandırdı. Gördüm və duydum ki, yeni söz, yeni nəfəs mütləq sözə meylli insanın içini tərpədir, onu sadə şəkildə desək, dilləndirir. Necə ki, Aysel xanım bu misralarda deyir:

Yaşatmağa gücü yox taleyimin,

Necə qıyım içimdəki "sənə” mən?

Bətnimdəki nalə çəkən ahları,

Yaşayaraq mən hər gecə ölərəm.

Ümumiyyətlə, maraqla oxuduğum bu kitabın əksər şeirlərində Ayselin özünəməxsusluğu diqqətimi daha çox çəkdi. Hətta müəyyən məqamlarda onunla fikirlərimin, duyğularımın paralelləşdiyini, ruhumun oxşandığını, ovunduğunu hiss etdim. Təbii ki, bu, söz adamlarının söz dünyasındakı fikrə qoşulmalarıdır. Bax, bu mənada:

Gözümdən süzülüb saflaşır bu eşq,

Sən təzim etdiyim tək sevgim, dinim.

Sevginlə vurmayan qəlbim – sonumdur,

Bax, budur mənimçün qiyamət günü.

Həqiqətən də sevgisiz yaşamağın, sevginin ölümünü canında, qanında hiss etməyin ən böyük yozumu qiyamət günüdür! Bunu gənc xanım-şairənin etiraf etməsi, özü də şeirin diliylə oxucuya çatdırması onun yaradıcılıq uğurudur. Mən Aysel xanımın kitabı barəsində kifayət qədər tanınmış imza sahiblərinin fikirlərilə də tanış olandan sonra bir daha inandım ki, ədəbiyyatımızın, poeziyamızın yollarında işıqlı bir söz adamının izləri görünür. Bu, Aysel xanımın izləridi. Elə onun öz misraları ilə fikrimi tamamlayıb, ona uğurlar diləyirəm:

Ömrümə yan alan başqa qayığı,

Batırar ürəyim ən dərinində.

Özgə dalğalarda boğulan ruhum,

Çıxar sahilinə günün birində!

Bəli, o sahil hiss olunan qədər yaxındadır. Yolunuz açıq olsun!


2330 oxunub

InvestAZ