XƏBƏR LENTİ
29 İyun 2022
28 İyun 2022
27 İyun 2022
26 İyun 2022



Əbülfət MƏDƏTOĞLU: - Bölüşdüyüm gerçəklik Balayar Sadiqin bir şeiri ilə etdiyim söhbət
YAZARLAR 07:36 / 22.06.2022

Söz o vaxt dəyərli olur və həm də ünvanına çatır ki, o söz içdən gəlir. Təkcə hisslərin, duyğuların ifadəsi yox, həm də yaşamın səsinin sözə çevirir. Bu mənada istənilən söz adamının "sandığında" onun öz yaşamını ifadə edən misralar, şeirlər, nəsr əsərləri, bir sözlə, yazdığı həyat gerçəkliyi var.

Mən adətimə uyğun olaraq masamın üstündəki yeni bir kitabla da istirahət günü həmsöhbət oldum. Bəri başdan deyim ki, kitabın müəllifi imzasını, sözünü  oxucuların yaxşı tanıdığı Balayar Sadiqdi. Biz eyni nəslin söz təmsilçisi olmaqla yanaşı, həm də ruhən bir-birimizə bir köynək yaxınıq. Ona görə də Balayarın şeir çələngi hər zaman məndə xoş ovqat yaradıb, diqqətimi çəkib və hətta bəzən onun şeir dünyasında öz rahatlığımı tapmışam. Əlimin altında olan kitabı gözüyumulu açarkən qarşılaşdığım «Şeir qoxulu qadın» məni özünə çəkdi. Oxudum və şairin təkcə sözə, qadına olan yanaşmasını yox, həm də bu yanaşmanı  bütün duyumunu elə şeirin adı ilə oxucuya çatdırması məni razı saldı. Bir oxucu kimi qadının şeir qoxusu məni çəkib apardı. Çünki həmin  qoxu bu misralarda artıq göyərməyə başlayırdı, hiss olunurdu:

 

Dodağımda bir misra

Əl eləyir adına.

Ömrü şeir qoxulu

Qəlbi tənha qadına.

 

Bəli, tənhalıq əslində mənə görə təbii ki, özünlə, sözünlə, dünyanla, ürəyinin və ağlının səsinə rahatca qulaq asmağın orijinal şəraitidi, məkanıdı. Amma bunun başqa bir yozumu da tərkü-dünyalıqdı, özünə qapılmadı, kimsəsizlikdi, unudulmaqdı, yararsızlıqdı və sairə. Bax, bu qədər çalarları olan insanın konkret bu şeirdə isə qadının cismən yox, qəlbən tənhalığı isə artıq Balayarın orijinal ifadəsi, tapıntısı sayılmalıdır. Təbii kibelə bir məqamda o tənhalıqdan qurtulmağın yolu da varO da sözün səs formasıdı, dilin ürəyə işıq salmasıdı və belə olan halda bu pıçıltılar ortaya çıxacaq

 

Qəlbini aç, bilim canım,

Yandı vallah, dilim, canım.

Yalvarmaqdan ölüm, canım –

Qurtarsın həsrət əlindən.

 

Deməli, mənim bu yanaşmam, bu təqdimatım əslində o tənhalığın bir adını da özündə ehtiva edir. O da həsrətdi. Biz  danışanda, ünsiyyətdə olanda həsrətin əl-ayağını bir yerə yığmış oluruq. Onun çabalamasına, hərəkət  etməsinə imkan vermirik. Bax, bu məntiqlə Balayarın şeirinə üz tutanda həmin zaman onun söylədiyi misralar mənim fikirlərimi təsdiq etmiş olur. Balayar yazır ki:

 

O köksündə çırpınan,

Ürək həsrət çiçəyi.

Sən çəkdiyim dərdlərin,

Ən gözəli, göyçəyi.

 

Yəqin ki, bu bəndi oxuyandan sonra mənim yanılmadığıma siz də şərik oldunuz. Bunu ona görə birmənalı şəkildə deyirəm ki, hər kəs yaşadığı həsrətin ürəyə nə qədər bağlı olduğunu, ürəyə nə qədər ağrı-acı yaşatdığını yaxşı bilir. Yenə əlavə edirəm ki, hər birimizin baxış bucağı olduğunu həsrət də hər kəsin ürəyinə görədir. Deməli, istənilən halda çəkilən dərd, yaşanan həsrət öz sahibini ölçüsündə, tutumundadı. Bunu da mən belə ifadə etmişəm.:

 

Dərddən hündür boyun olmaz,

By boyda da oyun olmaz.

Mən ölərəm, toyun olmaz –

Tutar bir xiffət əlindən.

 

Bəli, biz söhbətlərimizdə, təmaslarımızda, eləcə də oxuduqlarımızda bir gerçəyin şahidi olmuşuq, bir fikrin təsdiqçisinə çevrilmişik, onu bu və ya digər şəkildə özümüz də həyatımızda görüb razılaşmışıq. Axı aqillər deyib ki, boyundan hündür tullanmaq həmişə problem yaradır. Bu isə o deməkdir ki, nəyi necə etməyi öncədən bilmək, anlamaq, ölçmək, biçmək və sonra qərar vermək daha dürüst variantdır. Bir az pərakəndə söylədiyim bu fikirlərin mayasında məhz Balayarın şeir çələnginin təsir gücü özünü müxtəlif ştrixlərlə göstərir. Yəni görməmək, duymamaq mümkün deyil. Balayar yazır ki:

 

Misralara səpmisən,

Ağrısını bir eşqin.

Həsrətinlə üşüyür,

Qapısından gir – eşqin.

 

Bu yerdə sərilmiş misraların həm eşqin, sevginin ifadəsi onu göstərmək formasıdı, həm də üşüyən həsrətdən xilas olmaq üçün eşq qapısından keçmək, içəri daxil olmaq çağırışının sədasıdı. Mən bu yanaşma ilə, bu gördüyümü öz köynəyimdən keçirtməklə şair dostumun nələrə işarə etdiyini özüm üçün dəqiqləşdirdim və elə ona görə yazdım ki:

 

Bulud olub dolursan hey,

Xiffət çəkib solursan hey,

Niyə razı olursan hey,

Düşsün bu qismət əlindən.

 

Doğurdan da, hər birimizin iç dünyamızın hakimi olan hisslər, duyğular o zaman qarşı tərəfin də könlünə yol tapır ki, o baxışla da, toxunuşla da, yerişlə də, duruşla da özünü hiss etdirir, elə Balayarın şeirində dediyi kimi dodaqların titrəyişi anlayan üçün çox mətləblərdən xəbər verir:

 

Dodağında titrəyən

Misralara salam de.

Könlünü duymazlara,

Sözüm yoxdu, lalam de.

 

Mən də ona qoşulub həmin o duyğuları, o hissləri öz bildiyim kimi ifadə etməyə çalışsam da, etiraf etməliyəm ki, qalib hislərdi, duyğulardı, onun ən böyük ifadəçisi olan Sevgidi. Çünki:

 

Bir əlimdi, bir də dizim,

Yaddan çıxır yolum, izim.

Göz yaşını aşkar, gizli

Alsın Əbülfət əlindən.

 

Bütün hallarda duyğular insanın özünə və çevrəsinə o zaman xoş gəlir, rahatlıq gətirir  ki, o yaşanır, o gerçəkliyin özü olur. Mən tam səmimi şəkildə və həm də əminliklə etiraf edirəm ki, Balayar Sadiqlini, daha doğrusu onun bir şeiri ilə paralel getdiyim yolboyu yaşadıqlarımı, yaşantılarımı dilə gətirdim, onlardan danışdım. Çünki Balayar da yaşadığını yazıb. Uğurlar qardaşım!..


903 oxunub



1747 oxunub

InvestAZ