XƏBƏR LENTİ
12 Avqust 2022
11 Avqust 2022



Məlahət Hümmətqızı : - Xəz palto.
Ədəbiyyat 11:37 / 19.06.2022


 Yatağında uzanıb gözlərini yumsa da, beyni işləyirdi. Bu gün baş verən hadisə yadından çıxmır, ona rahatlıq vermirdi. Yatağında o yana-bu yana çevrilir, gözlərini yumub yatmağa çalışırdı, bir dəqiqə keçməmiş olanlar gözünün qabağına gəlir, hirsi başına vururdu. Dikəlib yastığı döyəcləyib yumşaldırdı, sanki yuxusuna haram qatan bu yastıqmış. Gözlərini tavana zilləyib bir xeyli ürəyində danışdı. Hirsi səngidi, onun yerini acı bir hiss zəbt etdi... 
Gecə növbəsindən çıxmışdı. Gecənin yuxusuzluğu onu əldən salmışdı. Əynini dəyişib güc-bəla özünü avtobusa çatdırdı. Boş oturacaqda yerini rahatlayıb, papağı gözlərinin üstünə çəkdi və o andaca yuxuya getdi. Yəqin ki, bir xeyli keçmişdi, birdən elə bildi onu quyunun dibindən çəkib çıxardılar. Qışqırıq səsinə oyandı. Papağını geri çəkib, yarıyuxulu halda gözlərini açdı. Onlarla birgə işləyən həkim-kardioloq başının üstündə dayanmışdı. Yuxulu olduğundan nə dediyini anlamırdı. Gecə çox gərgin keçmişdi. İki xəstənin vəziyyəti ağır idi, ölümlə əlləşirdi. Səhərə kimi yanlarında qalmışdı. Bir dəqiqə belə gözünü yummamışdı. Gecə kardioloq çağırmışdı. Birlikdə xəstəyə kömək edib onu ölümdən qurtarmışdılar. Başları xəstəyə elə qarışmışdı ki, tanış olmağa vaxtları olmamışdı. Ayrı-ayrı tibb müəssisəsindən gəlmişdilər. Hər ikisi skafandr formada idi, gözlərində xüsusi eynək, ağızlarında maska, bir-birini yalnız səslərindən tanıya bilərdilər. İndi budur, yeni gələn həkim əsil üzünü göstərirdi. Deyəsən, onu sanitarlarla səhv salmışdı. 
− Dur ayağa, həkimə yer ver, sənə belə tərbiyə veriblər? Harada görünüb sanitar otursun, həkim ayaq üstə qalsın, − deyə qışqırdı. Yuxulu qadın gözlərini açsa da, həmkarının hərəkəti ona çatmırdı. Ona baxıb məsələni anlamağa çalışırdı. Handan-hana anladı. Acıqlı-acıqlı üzünə baxdı, onu şirin yuxudan ayıltdığına hirsləndi. Bir də qadının hikkəli danışığı onu qəzəbləndirdi. Hələ də ona baxırdı, onu tanıyıb-tanımadığına əmin olmaq istəyirdi. Bahalı xəz paltolu həkim həmkarı özündənrazı halda onu süzürdü. Yanında əyləşmiş həkim yoldaşı nəsə demək istədi, əlilə işarə edib ağzını açmağa qoymadı.
− Düz deyir, doktor, axı insanı geyiminə görə sayırlar, o xəz paltoda, mən isə sanitar paltarında.− Ayağa qalxıb ucadan:− Sənə yox, əynindəki xəz paltoya hörmət edib yer verirəm,− deməyilə avtobusda gülüş qopdu. Həkim-kardioloq arsız-arsız keçib onun yerində oturdu. O, ayağa qalxan kimi avtobus çalxalandı, neçə insan ayağa qalxıb yerindən olmuş həkimə yer göstərdi. Arxada oturmuş yaşlı həkim dözmədi:
− Danışığına fikir ver, həkim qız, o sanitar hesab elədiyin həkimdir, iki aydır bizmlə işləyir, bir dəfə oturduğunu görmədim. Özündən yaşlı sanitarlara, tibb bacılarına həmişə yer verib. Bu gün gecə növbəsində çox yoruldu, ona görə oturdu. İşə sənin kimi bəzənib xəz paltoda gəlmir. Hamı işə sadə geyimdə gəlir. Utan hərəkətindən. Biz bura özümümzü göstərməyə gəlmirik, xəstə sağaltmağa gəlirik. Bir də ki, sanitar insan deyil? İnsanlıq diplomla ölçülmür.
Elə bil həkimin ürəyindən tikan çıxdı, gülümsədi, həmkarına baxdı. Kardioloq-həkimin başına isə elə bil bir vedrə su tökdülər. Hirsindən pörtdü. Tibb bacılarından biri ayağa qalxıb öz yerini həkimə vermək istəsə də, o, oturmadı. Beş dəqiqəlik quş yuxusu ona haram olmuşdu. Qadının yekəxanalığı ona pis təsir etmişdi. Onunla bir avtobusda getmək ona ar gəlirdi. Bütün tibbi personal eyni dərəcədə fədakarlıqla çalışırdı. Onlar cəhbə yoldaşları, silahdaş kimi idi. Heç kim heç kəsdən artıq deyildi. Gecə növbəsində hamısı bir nəfər kimi xəstələrə yardım etmişdi, yuxusuz qalmışdı. Oturacaq az olduğundan avtobusda hər kəsin oturmaq haqqı vardı. Sanitar da, tibb bacısı da, həkim də insandı, hamı eyni dərəcədə yorulurdu. 
 Avtobusa sükut çökdü. Bu təkəbbürlü qadınla ağız-ağıza vermək istəyən yox idi. Aydın məsələdir ki, qadının hərəkəti hər kəsdə ikrah doğurmuşdu. Yolçular gözlərini yumub mənzilbaşına tez çatmaq xəyalı qururdular yəqin ki. Qaldıqları "Atletlər kəndi”nə qədər heç kimin cınqırı çıxmadı.
Avtobusdan ondan tez düşdü, hiss etdi ki, arxasınca kimsə gəlir. Birdən kardioloq-həkim qolundan tutub onu saxladı. 
− Bağışlayın, doktor, sizi tanımadım,− deyib yenidən gözlərini həkimin üst-başında gəzdirdi. Onun baxışlarında peşmanlıq yox idi, elə bil qarşısındakına yazığı gəlirdi. O, baxışları ilə kolleqasını ikinci dəfə təhqir edirdi. 
− Eybi yox, kolleqa, üstümü unlu gördünüz, deyəsən. Mənim üçün narahat olmayın, mənim də bir-birindən gözəl xəz paltolarım var. İnşallah, bir gün göstərərəm, – dedi. Onunku lovğalıq deyildi, kardioloqa acıq vermək istədi sadəcə. Sərt hərəkətlə qolunu çəkib, sağollaşmadan otağına qalxdı... 
Elə bil içindəki üsyanı göylər də eşitdi, qəfil göy guruldadı, şimşək çaxdı. Qəfildən başlayan güclü yağışın səsinə gözlərini açdı. Elə bil yağış ona qahmar çıxır, onun ürəyinə su səpmək istəyirdi. "Bu ki möcüzədir” deyib, cəld yorğanı üstündən atdı, ayağa qalxdı, pəncərəyə yaxınlaşıb bayıra baxdı. Başını pəncərənin şüşəsinə dayayıb bir xeyli Allahın bu möcüzəsinə baxdı. Anidən beynindən keçən fikrə gülümsədi...
Taksi göydən yağan yağışı yara-yara şütüyürdü. Sürücü sərnişinin fikrə getdiyini görüb ağzından söz almağa, onu danışdırmağa çalışırdı.
− Belə havada sizi nə məcbur edib çölə çıxmısınız, şəxsən mən belə havada çölə çıxmazdım. Yəqin vacib bir səbəb var, − deyə təəccübünü bildirdi. 
− Bəli , var, amma kiməsə hesabat vermək fikrində deyiləm. 
 Taksi Sədərək ticarət mərkəzində xəz paltolar satılan dəbdəbəli dükanın qarşısında dayandı. Zəngləşib gəldiyinə görə onu qapının ağzında gözləyirdilər. Bir nəfər qaçaraq maşının qapısını açdı və onun düşməyini gözlədi. Aşağı düşməyilə çətiri açıb başının üzərinə qaldırması bir oldu. Özünü Hollivud filmlərindəki aktrisalar kimi hiss etdi. İrəli keçdilər. Qapıda onları mağazanın müdiri qarşıladı. Üst-başına baxıb müştərisinin şıq geyimindən razı qaldı, deyəsən. Kompliment demək də, yəqin ki, müştəri xidmətinə daxil idi. 
− Xanım, maşallah çox gözəl zövqünüz var, inanın, səmimi sözümdür, paltar sizə yox, siz paltara yaraşıq verirsiniz. 
Bu iltifatın qarşısında təşəkkür etməmək yaxşı olmazdı. Təşəkkür etdi, qeyri-ixtiyari gülümsədi. "Yenə paltar”, deyə ürəyində fikirləşdi. İnsanların paltar hərisliyi onun ürəyini bulandırırdı. "Üst-başıma baxıb qarşıladılar, yəqin puluma görə də yola salacaqdılar”. Mağazanı gəzməyə başladı. Bura sarayı xatırladırdı. Özünü "Min bir gecə” nağıllarındakı saraylarda hiss edirdi. Hündür tavandan asılmış parlaq çilçıraqlar göz oxşayırdı. Qızıl boya ilə rənglənmiş tavandakı oymalar, tavana və divarlara asılmış, qızılı boya ilə işlənmiş zərli güzgülər bərq vururdu. Burda hər şey göz qamaşdırırdı. Xəzlərin qarşısından keçir, yanındakı bələdçi isə ən bahalı modelləri göstərməyə çalışırdı. 
− Baxın bu otuz min, bu isə iyirmi beş mindi. Sizə endirim edərik. 
− Niyə mənə? – Gülümsəyərək soruşdu. 
− Bura imkanlı xanmlar gəlir. Bilirəm, nəsə alacaqsınız. Ona görə çalışıram yaxşı mal göstərim,− deyə satıcı irişdi.
− Siz mənə görə narahat olmayın, özüm tək gəzmək istəyirəm. Sizin yanınızda sıxılıram. İşinizdə olun, lazım olsanız çağıracağam,− deyib onu özündən uzaqlaşdırdı. Allahdan bələdçi qırsaqqız olmadı, "okey” deyib kənara çəkildi. Hiss edirdi ki, hər kəsin gözü ondadir. Bələdçinin getməyindən istifadə edib ən bahalı kürklərlə selfi çəkdirdi, güzgüdə özünə baxdı, xəz palto ona çox yaraşırdı. Elə bu zaman bayaqdan uzaqdan selfi mənzərəsini izləyən bir gənc gülümsəyərək ona yaxınlaşdı. 
− Xanım, bayaqdan sizə baxıram, elə bil sizi haradasa görmüşəm. Amma yadıma sala bilmirəm. Çox zövqlü xanımsınız. Geydiyiniz kürk çox bahalıdır. 
− Neçəyədir?− deyə tez soruşdu. 
Diqqətlə onun üzünə baxıb, "iyirmi min”dedi. Satıcı gözlərini həkimin gözlərindən çəkmirdi.
− Niyə elə baxırsıniz? Nəsə olub? − Üzünü çevirib xəzi yerinə asdı. Satıcı ağzındakı qara maskanı açıb həkimin üzünə baxdı.
− Doktor, səsinizdən tanıdım. Siz mənim xilaskarımsınız, məni tanımadınız?”− deyə mehribanlıqla soruşdu.− Sizi çox axtardım, doktor, məni və ailəmi Tədris Cərrahiyyə Klinikasında koronadan sağaltdınız. Banu, qızım, yadınızdadı? Sizə bir can, təşəkkür borcum var, doktor. 
Onun sözləri həkimi həyəcanlandırdı. Yavaş-yavaş xatırlamağa başladı. 
− Hə, gözlərin tanış gəldi,− dedi. Artıq buraya nə üçün gəldiyi yadından çıxmışdı. Onlar iki doğma insan, bir ailənin üzvü kimi bir neçə dəqiqədən sonra bahalı, qızılı armudu stəkanlarda, bahalı şokoladlarla çay içirdilər. O, danışdıqca həkim qürurlanırdı. Aprel ayından Cərrahiyyə Klinikasında üç ay işləmişdi. Nə qədər covidli ağır xəstələr müalicə etmişdi. İsmayıl yüksək hərarətlə ailəsi ilə xəstəxanaya yerləşdirilmişdi. Qızı ilə yoldaşı tez bir zamanda sağalsa da, İsmayılın vəziyyəti günü-gündən ağırlaşırdı. Özünün dediyi kimi, onu göydə Allah, yerdə həkimlər sağaltdı...
İndi budur, gözləmədiyi hadisə baş vermişdi. Həkim sağaltdığı xəstəsi ilə qarşılaşmışdı. 
− Yadınızdadı, bizi Aztv-nin "Çıxışa doğru” verilişinə də çəkdilər. Xəstəliyə qalib gəlmiş qəhrəman insan kimi. Sizin sayənizdə, doktor. Təmənnasız etdiniz bunu. Sizin sayənizdə tanındıq. İşsiz idim, işə də götürdülər, doktor. Sizə çox minnətdaram. Özüm din əhliyəm. Namaz qılıram. Hər namazımda Allahdan sizinlə qarşılaşmağı arzulayırdım. Etdiyiniz yaxşılıqların əvəzini çıxmaq istəyirdim. Baxın, Allah sizi buraya göndərib. Əlinizi qoyduğunuz xəzin qiymətini yarıbayarı aşağı salacağam... Seçin, narahat olmayın, öz dükanımızdı. Pulunuz yoxsa, hədiyyə edəcəyəm. Sizə borcluyam, doktor,− deməsi həkimi daha da qürurlandırdı. 
− Elə deməyin. Mən də sizi gördüyümə çox şadam. Var olun, heç vaxt xəstələnməyin. Bu mənim həkimlik borcum idi. Yerinə yetirdim. Sən mənə borclu deyilsən. Buraya gəlməyim isə nəsə almaq deyildi, xəzlə şəkil çəkdirib çıxacaq, fikirləşib sonra alacaqdım. Düzünü deyim, xəzi sevmirəm. Hər biri bir heyvanın qətlidir, – deyib həkim ayağa qalxdı.
− Hara gedirsiniz, heç qoyaram? − dedi. Ucadan bayaq onları qapıda qarşılayan müdirlərini çağırdı. – Gəl tanış ol. Bu xanım məni sağaldan qəhrəman həkimdir, – deyib qürurla həkimin üzünə baxdı. Həkim utandığından başını aşağı saldı. Dükandakılar başına yığışmışdı. 
− Biz tanışıq,− deyə müdir gülümsədi. − Doktor içəri girəndə özü ilə bir gözəllik ab-havası, bir işıq gətirdi. Səni həyata qaytaran həkimdirsə, ikiqat gözəl. Hər şey həkimə qurbandı. Seçsin, istədiyini götürsün. Pulu çatmasa, sonra verər, − dedi. 
Həkim çaşıb qalmışdı. İsmayıl ən dəbdə olan xəzləri gətirib qarşısına tökmüşdü. Artıq almaqdan başqa çarəsi yoxdu. Xəcalətindən yerə girirdi. Axı almaq üçün deyil, baxmaq, bir neçəsi ilə şəkil çəkdimək üçün gəlmişdi. İşdə kardioloq-həkimə göstərəcəkdi. "Bax xəzlərimin sayına” deyəcəkdi. Yaman yerdə axşamlamışdı. Xəzləri bir-bir geyinir, qiymətlərinə baxıb, köks ötürürdü. İsmayıl kənarda dayanıb həkimin geydiyi xəzlərə baxır, bəyənməyini gözləyirdi. Nəhayət, çox çək-çevirdən sonra həkim birini seçdi. 
− Doktor, zövqünüz çox gözəldir, bu yeni dəbdi. Sizə çox yaraşdı. 
− Bir az qiyməti bahadı. Yanımda səkkiz min yoxdu. Mən gedim, sonra gələrəm. Həvəsdir, bəsdir,– deyib ayağa qalxdı. 
− Yox, getməyin, sizə endirim edəcəyəm. Nə qədər pulunuz var? – deyib maraqla həkimin üzünə baxdı.
− Cəmi iki min, kovidə görə maaşımdı, yenicə almışam, – deyib utancaq tərzdə gülümsədi. − O da kartdadır. Nağd pulum yoxdur. 
− Eybi yox, kartla verərik. Sizə qurbandır, − dedi. 
 Ani cavab həkimi çaşdırdı.
− Nə deyirsiniz, bu çox bahalı xəzdi, olmaz, almıram, − deyib etiraz etdi. 
− Mən axı dedim, sizə bir can borcum var. Məni ölümdən qutarmısınız. Sizi Allah göndərib. Sizin üçün nə etsəm azdır,− deyib xəzi ehmalca büküb son dərəcə iri və yaraşıqlı çantaya qoydu.− Çanta da mağazamızdan hədiyyə, – deyib çantanı həkimə uzatdı. 
 Həkim çaşıb qalmışdı. Bu jestin qarşılığında nə qədər təşəkkür etsə, sönük olardı. Susdu, danışa bilmədi. Xəzin pulunu kartla ödəyib, gülümsəyərək keçmiş xəstəsinin əlini dostcasına sıxdı.

3623 oxunub

InvestAZ