XƏBƏR LENTİ
29 İyun 2022
28 İyun 2022
27 İyun 2022
26 İyun 2022



KƏRAMƏT : - ƏDƏBİ NARKOMANİYA: - EVDƏ İTİRDİYİNİ SAMANLIQDA ARAMAZLAR
Ədəbiyyat 10:20 / 20.05.2022

Populizm nitq sənətinin, siyasətin bir parçası, özü də çox vacib parçası kimi meydana çıxıb və günümüzə qədər həyatını davam etdirir. Kütləni ehtizaza gətirdiyindən həmişə diri tutulub, müharibələrin, siyasal çıxışların, müharibə ədəbiyyatının, həcv -mədhlərin mayasını təşkil edib. Bütün dünyada belədir...Sovet şeirinə diqqət edin; Ritorika, pafos, hay-küy, çığır-bağır. Neft buruğuna , pambığa, vətənə və s. yazılan şeirlərlə bir sevgiliyə yazılan şeirlərdə təkcə xitablar ayrıdı, münasibət, ağız-ritm dəyişməzdi. Məntiq, bədi məntiq yerindədir, siyasi-ideoloji tərəfi söhbət mövzusudur.
Tribunadan danışır və auditoriyaya, kütləyə hesablanır, burda get-gedə məntiqi, bədi məntiqi pafos üstələyir, qeyri-məntiqi, anlamsız bir hal yaranır. Üslub rəngarəngliyi bir rəngin, bir ritmin hökmündə əriyir, özlüyünü itirir. Get-gedə hamı eyni cür danışır, düşünür və pıçıltıyla danışana "vraq narod" kimi yanaşılır. O həddə ki..., indiki halda kulminasiya nöqtəsində olan pafos normal dilimizin ana sütunu, adi danışıq tərzini pozmağı belə özündə haqq görür, çünki artıq o ədəbi diktatordur . Axı o tribunadadı, biz ona əl çalırıq, o xalq adından çıxış edir-Xalq Şairidir-ağzına gələni danışa bilər, kimsə qorxa-qorxa pıçıldasa ki, sabit söz birləşməsini ayrı-ayrı sözlərə parçalayıb bədii təsvir vasitəsinə çevirmək normal deyil, daşqalaq edirlər. Yəni "Kefimə soğan doğramısan", başqa ideomatik ifadəylə "qanımı qaraltmısan"-ı mətbəxə qədər gətirib bözbaş bişirməyə qədər endirə bilərsən.
Bu populizmin, pafos-ritorik poeziyanın ölümüdür, ağlını itirdiyi günləridir. Başqa xalqlarda bu proses necə gedib, bilmirəm, müqayisə edə bilmərəm, bizim şeirimizdə isə MEYXANALAŞMAYLA iç-içə keçib, sonuclanıb. Çünki, meyxanada məntiq, bədii məntiq aramaq evdə itirdiyini samanlıqda aramaq kimidir.
Pafosda düşüncə yoxdur, ucundan tutub ucuzluğa getmək var, ağlını azdırmaq var; Nə müasir dünyagörüş, ədəbi-elmi bilgi, nə bilgisayara köçən modernizm-postmodernizm, nə beynin fiziki, coğrafi sərhədləri götürülən "Z" nəsli-təbəqəsi-zolağı.
Sözügedən populist poeziya bizdə o həddədi ki...narkotik maddədən havada uçur..nəinki özü "uçur" , avam ədəbi kütləni də "uçurdur". Ruhi xəstəliyin bir növü də varmış-Anlaqsız. Bunlara cinayət işi düşmür, nə edir etsin, sadəcə müalicəyə göndərirlər, bu qədər.
"Ay işığı" haqqında Ramiz Rövşənin şeiri vard, orda "Ay işığı içimdən -içalatımdan keçdi" deyiminə Məmməd Araz haqlı olaraq irad tutmuşdu ki, "içalatımdan keçdi" doğru deyil...yadımdadı ki, Əkrəm Əylisli Məmməd Arazın haqlı iradına iradla, üst pərdədən cavab yazmışdı. Haqlıydı Məmməd Araz , gərək ustad iradına qulaq asıb nəticə çıxaraydı sevdiyim şair . Bizdə Quran ayəsinə şəkk gətirmək olar, amma Ramiz Rövşənin haqqında "bəh-bəh"siz danışmaq olmaz. Sonralar Raniz Rövşənin "Bir yağışlı nəğmə"si meyxana populizminə əsir düşdü. . Niyə belə rahat danışıram? Onun 50 illiyilə bağlı "Xüsusi Buraxılış"ında bir yazım da yer alıb-Mənim üçün iki Ramiz Rövşən var-təqribən bu aspektdə. Sonralar dostlarımızın bir çoxu bu feil-sehrə düşüb yanlış yolun yolçusu oldular, əlbəttə, mənə görə. Salam Sarvan, Qulu Ağsəs, Əlizadə Nuri....Xaqani Qayıblı...
-Bəs niyə bunlar sevilldilər?-haqlı sual verə bilərsiniz və məni qeyri-obyektivlikdə, başqa bir şəkildə ittiham da edə bilərsiniz, ancaq bütün bunlar "Ay işığının içalatdan keçməsi" ifadəsinin doğru olmadığı gerçəyini dəyişdirməz.

4730 oxunub

InvestAZ