XƏBƏR LENTİ
25 İyun 2022
24 İyun 2022
23 İyun 2022



Əbülfət MƏDƏTOĞLU: - Yaşa dəxli olmayan hiss
YAZARLAR 09:06 / 17.05.2022
Əbülfət MƏDƏTOĞLU: - Yaşa dəxli olmayan hiss
YAZARLAR 12:21 / 16.05.2022


Şair Tahir Rzanın sinəni sinə üstə aparan şeiri ilə pıçıldaşma

Söz duyğuları, hissləri ifadə etmək üçün ən gözəl vasitədir. Təbii ki, elə hisslər var ki, onu baxışlarla da demək, üz cizgiləri, əl hərəkətləri ilə də çatdırmaq olar. Bu o zaman anlaşılır ki, qarşı tərəf duyğusal olur və o duyğusallıq imkan verir ki, gözlərin dediyini, cizgilərin söylədiyini, əllərin çatdırmaq istədiyini oxuyub, dərk edə bilir. Deməli bütün hallarda yenə bir gerçəklik daha tez boy göstərir, daha çox özünü büruzə verir. Bu da SÖZdür!
Hər kəs sözün işığında, sözün içində bir ömür yaşayır. Bu yaşamda söz adamlarının, sözə könül verənlərin çəkisi, məram və mahiyyəti digərlərindən fərqlənir. Yəni, söz adamı kütlədən daha öndə olur. Bu yerdə bir deyimi də xatırlatmaq istərdim. Belə ki, Allaha ən yaxın olan bəndələr sırasında söz adamları ön cərgədə dayanır. Bu isə o deməkdir ki, ilahidən gələn o söz ən çox da ilahiyə ünvanlanır, onun diqqət mərkəzində olur, onun çevrəsində yaşayır. 
Sözü yaşatmaq imkanı olan və bu Allahın verdiyi özəlliyi ən munis, ən həzin və bəzən də heç kimin görmədiyi bir şəkildə yaşayan və yaşadan şairlərimizdən biri də Tahir Rzadı. Bugünlərdə onun «Həsrətimin yaşı dünya qədərdir» kitabı ilə baş-başa idim. Bu bir adətə çevrilib, bir vərdiş olub məndə. Özüm də hiss etmədən hansısa bir şeir yapışır yaxamdan, hanısısa bir duyğu köklənir mənə və başlayıram o şeirlə söhbət etməyə. Həmsöhbət olduqca da bir də görürəm əməlli başlı bir müzakirə açmışıq – şeirlə öz aramda. Həmin şeir indi də gözümün önündə dayanıb, canlı bir varlıq kimi məndən özünə münasibət tələb edir. Yəni «çöz məni, araşdır məni!» deyir. Və mən də başlayıram o sözün, o şeirin qapısını açıb dizinin dibində oturub danışmağa. Şeirin sahibi yazıb ki:

Dünyanın möhnəti, sirri, dərd-səri
Yığılıb tutubdur pas sinəm üstə.
Uyuyur, çağlayır illərdən bəri
Sevinc sinəm üstə, yas sinəm üstə.

Yəqin ki, bu bəndi oxudunuz və siz də özünüzdən asılı olmadan duyğulanıb mənim kimi əlinizi sinənizin üstündə gəzdirə-gəzdirə o xəyali ünvanı, o ilham pərisini ən yaxın məsafədə görüb saçlarına sığal çəkdiniz və sinə üstünə səpilən sevinc yası üstələdi... Dərd, sərin pası sevincin təbəssümündə, işığında əridi və bu sinənin göynərtisi ilıq bir təbəssümlə xoşqılıq yaşama çevrildi. Onda mən də duyğulanıb dedim ki:

Dinlə ürəyimin pıçıltısını
Səhər duasıtək, sübh azanı tək...
Ovut ürəyimin sızıltısını –
Mənim taleyimin son yazanı tək...

Bu da elə-belə deyilmədi, bir yandan söz sözü çəkdi, o biri tərəfdən də duyğusallığım  məni də xəyallandırdı. Sinəmin göynərtisi ürəyimin səsinə çevrildi. Qoymadı nə dərdim, nə də sevincim pas tutsun. İmkan vermədi ürəyim ayrılığa, həsrətə yas tutsun. Çünki:

Tuş gəlib, min dəfə eşqin oxuna
Qoymayıb həsrəti ancaq yaxına.
Dərs verib vəfadan, əhdən çoxuna
Demişsən inamı as sinəm üstə.

Yəqin siz də artıq mənim yaşadığım o duyğuların aurasındasınız, siz də köklənmisiniz o yaşantıya. Axı sevgi hər kəsin canında, qanında var və hər zaman da olacaq. Bu bir Allah vergisi, Allah mükafatıdır. Sadəcə hər kəsin ürəyinin tutumuna görə, yaşaya biləcəyi qədərdi bu sevgi. Onun ölçüsünü də Allah müəyyənləşdirir, heç kimdən, heç  kəsdən soruşmadan. Mən də bir Allah bəndəsi olaraq həmin duyğuları yaşayıram və Allahdan da heç nə soruşmadan (buna heç ixtiyarım da yoxdur – Ə.M.) duyğularımı sözə-şeirə çevirirəm və yazıram ki:

Sığalla kədərə qarışsın başım
Sulansın kirpiyim, çatılsın qaşım...
Ərisin illərə yük olan yaşım –
Mən də qürrələnim eşq ozanı tək...

Bu da sözün verdiyi imkandan istifadə edib hissi, duyğunu ifadə etmək, oxucuya çatdırmaq fürsətidi. Onu da, yəni o fürsəti də Allah verir bəndəsinə. Həmin bəndənin sözlə anlaşmaq, dil tapmaq imkanı da sonda yenə başqa bir sözün, şeirin yaranışına, doğuluşuna aparıb çıxarır, səbəb olur. Elə məni duyğulandıran və özü ilə söhbət etməyə məcbur edən şeirdə də həmin məqam bir rəssam fırçası ilə kətana çəkilir. Şair qələmi ilə şeirə çevrilir və oxucu, eləcə də izləyici, tamaşaçı o şeiri həm görür, həm eşidir, həm də dinləyib oxuyur:

Tahirəm qarşında dayandır məni
Nə qədər imkan var gəl, yandır məni.
Bir dəli sevgiylə oyandır məni
Odlanan sinəni bas sinəm üstə.

Artıq bu sözün pik nöqtəsidi, fikrin zirvəsidi, istəyi, əlçatmazlığıdı və həm də gerçəyin təsdiqidi. Çünki bütün hallarda sözün ilk hənirindən, ilk tərpənişindən sonluğa qədər gələn yol, yəni bu yolun sarvanı olan müəllif oxucunu məhz «Odlanan sinəni bas sinəm üstə!»-yə hazırlayırdı. Hazırlama prosesi də ruhu oxşayırdı. Ürəyi yerindən oynadaraq qanadlandırıb  o ana  doğru uçururdu. Bir oxucu olaraq şairin məntiqi sonluğu məni də həmin nöqtəyə gətirib çıxartdı və dedim ki:

Olsan da nəfəsi sən Əbülfətin,
Hər an damla-damla artır xiffətin.
Qalsın yaddaşında bu məhəbbətin –
Sən düzüb-qoşanı, mən pozanı tək...

Bəli, yazının əvvəlində qeyd etdiyim kimi, Allah vergisi olan, duyğuların tərənnümçüsü kimi əzizlənən söz həm də yeriyən, yaşayan heykəldi. Yəni hər bir oxucunun ya qapısına gedib, ya da oxucu onun qapısına gəlir, ya da zaman-zaman öz ucalığında yaşayır və oxucu da onu ziyarət edir. Bütün hallarda sözün sahibi o abidənin özü kimi yaşayır, yaddaşlarda varlığını qoruyub saxlayır. Deməli, şair Tahir Rzanın bu pünhan pıçıltısı və oxucu ilə bölüşdüyü sevgisi paklığın daha bir nümunəsidir. Özü də bu sevgi nümunəsi öz vüsalına, yəni zirvəsinə doğru vuruşaraq əyilmədən mərdanə yol gəlib! O yolun son nöqtəsi sinələri üst-üstə düşməsidi. Mən də bu məntiqlə sevgimin düzüb-qoşanı ilə pozanı arasındakı anın nümayəndəsiyəm, onu təmsil edirəm. Sinəni sinəm üstə qoymaq üçün!..

749 oxunub



3006 oxunub

InvestAZ