XƏBƏR LENTİ
09 Avqust 2022
08 Avqust 2022



“Evi olmayana nəinki qız vermirlər, heç qələm də satmırlar...”- Bənna şairlə MÜSAHİBƏ
MÜSAHİBƏ 11:23 / 29.04.2022

Həmsöhbətimiz şair Vasif Zöhraboğludur.

-Mediada, ədəbi mühitdə üzdə olan yazarlar var. Bir də var sosial şəbəkənin, kütlənin şairi. Səni daha çox ikinciyə aid edərdim.

- Ümumiyyətlə, kütlə anlayışı bəsit və mənasız anlayışdı. Biz hamımız müəyyən fərdlərin kütləsiyik. Mən zamanında bütün ədəbi orqanlarda çap olunmuşam, oxunmuşam, ədəbiyyatla bağlı müsabiqələrdə iştirak etmişəm, efirlərdə qonaq olmuşam. Hətta sənin üzdə hesab etdiyin bir çox gəncdən daha irəlidə keçmişəm finişi. Şeir şairin sarsıntısı, oxucunun təsəllisidir. Fərqi yoxdur oxucunu hansı vasitəsilə təsəlli edirik, əsas odur oxucu payına düşən təsəlli payını götürə bilir. Feysbuk daha ədalətli platformadır mənə görə. Orda çap edən də, çap olunan da özünsən. Mən heç vaxt sözümün üstünə ehtiyaclarımı yükləməmişəm, şeirdən maddi təmannam olmayıb. Şeir yazmaq mənə sadəcə zövq verir, həm də rahatlıq. Mən öz qələmim kölgəsində dincəlirəm, rahatlıq tapıram.

 

Düşünürdüm şeir mütləq qafiyədir, ölçüdür, hecadır

 

-"Ömür Bir Günlük Yuxudur" və "Natamam Təklik" adlı kitabların dərc olunub. İstər satış, istər diqqətdən razı qaldın?

- Əslində, ilk kitabımdan "Ömür bir günlük yuxudur" özüm də böyük bir uğur gözləmirdim. Çünki orda çap olunan şeirlərin əksəriyyəti zəif idi, təcrübəsiz dönəmlərimdə yazmışdım. Düşünürdüm şeir mütləq qafiyədir, ölçüdür, hecadır. Meyxanadan gəlmişdim axı şeirə, hələ ritmindən çıxa bilməmişdim. Ancaq olsun, ən azından təcrübə qazandım. İkinci kitabım "Natamam Təklik" uğurlu oldu, çünki içindəkilər şeir idi. Burda artıq nağaranın səsi yox, ürəyimin döyüntüsü, düşüncəm, enerjim və ruhumun ağrısı var idi. Təqdimatı da uğurlu oldu, hər sahədən insanlar iştirak edirdi. Bilirsən Emin, mən heç vaxt heç kimə kitab verib deməmişəm ki, "fikrini bildir", "fikrin maraqlıdır", "sizdən kitabım haqqında fikir almaq mənə şərəfdi". Demək olar bütün saytlarda kitabın təqdimatıyla bağlı elanlar yayımlandı. Sağ olsunlar, özləri istəyib etdi bunu. Düşünürəm bunların hər biri usta şair üçün kifayət qədər uğur sayıla bilər. Şeirlərim oxunur, sevilir. Ustad Musa Yaquba Allah rəhmət eləsin, müsahibələrinin birində gənclərdən təkcə mənim adımı çəkmişdi, hələ əzbərdən bir şeirimi də demişdi.
Mənim ədəbiyyatla bağlılığım ancaq şeirlərimdi və mən ancaq şeir yazanda şair oluram. Qalan vaxtlarda usta babayam. Ürəyimi sirkələyəndə şeir, üstümü sirkələyəndə toz tökülür.

 

Musa Yaqub gənclərdən təkcə mənim adımı çəkmişdi

 

- Şeirlərin sevilir. Amma bildiyim qədər sənin də təhsili yoxdur. Təhsilin olmaması səndən nələri alır?

- Təhsil ala bilməməyim mənim şikəst tərəfimdir, ehtiyacların yaratdığ uşaqlıq travmasıdır. Bir şeirimdə deyirəm ki;


"Biz sevməyi çörək növbəsində öyrəndik,
Müharibə ətirli çörəklərdə tanıdıq ölümü.
Bir gülləylə beş adamı öldürən insanlar,
Bir çörəklə beş adamı doydura bilmədilər"


Düzdü, zamanla mütaliə edirəm, müxtəlif imzalarla tanış oluram, ancaq nağıllardan başlayan təhsilin yerini vermir.
Təhsilimin olmamağı məni müzakirə süfrələrindən uzaq tutur müəyyən vəziyyətlərdə. Ümumiyyətlə təhsilin yoxdursa həyatı praktiki yaşayıb öyrənirsən, heç bir nəzərriyən olmur. Amma şeirə daha çox ürək və ruh lazımdı. İkisindən də razıyam. "Məktəb İlləri" mahnısı məni kədərləndirmir, çünki xatirəsi yoxdu...

 

"Kütlə anlayışı bəsit və mənasız

 

-Ustalıq edib ev tikirsən. Evi daş qaldırıb, şeiri söz. Hansı ürəyincədir? Əlbəttə ki, düşünmürəm ağır iş zövqlü olsun. Amma həyat, qayğılar baxımdan bilmək olmaz...

- Bir dəfə Bakı kəndlərinin birində çalışırdım, qış ayları idi. Üç mərtəbəli evin çöl hissəsinə suvaq vururdum. Külək də elə bil ordu yığıb gəlmişdi üstümüzə, bəlkə də qiyamət gününə hazırlıq keçirdi. Məni on metr yüksəklikdə saxlayan ayaq altını sağa sola yelləyir, yıxmağa çalışırdı. Dövlət qurumlarında "Yaxşı Yerdə" vəzifəsi olan ev sahibi gəlib altdan yuxarı məni süzməyə başladı. Külək də qırmızı qalstukunu qarnının üstündən götürüb hərdən boynunun ardına, hərdən də üzünə çırpırdı. Bir xeyli düşünəndən sonra aşağıdan mənə səsləndi ki, usta, görürsən, oxumamısan, indi göyün üzündə ölümlə əlləşirsən. Oxusaydın indi fərqli yerlərdə olardın. Mən öz köməkçimi (fəhləmi) ona göstərib dedim ki, iki diplomu var, üç dil bilir. Amma fəhlədir, özü də diplomsuzun yanında. Susdu...
Yaradıcı insan üçün önəmi yoxdur hansı sahədə çalışır. Vicdanla görülən bütün işlərin nəticəsindən zövq almaq mümkündür. Mən saysız-hesabsız evlər tikmişəm, Bakı küləyiylə savaşlardan üzü ağ çıxan damlar vurmuşam. İndi elə bilirəm tikdiyim evlərin pəncərəsindən baxan bütün tək adamlar mənim əllərimlə darıxır...
Hər kəsin bir evə ehtiyacı var, elə şairin də. Evi olmayana nəinki qız vermirlər, heç qələm də satmırlar...

 

Mən bəzi həmkarlar kimi AYB-ni sosial şəbəkələrdə tənqid edib, yıxıb, sürüyüb sonra üzv olmamışam

 

-AYB-nin üzvüsən, gənc şair kimi prezident təqaüdü də almısan. Bəzən həmkarların deyir ki, təqaüd almaqçün hökmən kiməsə yaltaqlıq etməlisən...

-Mən təqaüd alanda nəinki öz yaşıdlarım, hətta məndən gənc yazarlar da artıq bu mükafata layiq görülmüşdü. Dostum İntiqam Yaşarla bir dəfə söhbət edirdik. Mənə dedi ki, ayə, qağa, sən təqaüd almısanmı?-dedim yox. Dedi bəs niyə müraciət etmirsən ?
Dedim nə bilim, bu haqda heç fikirləşməmişəm. Dedi müraciət et. Mən də feysbuk üzərindən Rəşad Məcidə yazdım ki, Rəşad müəllim, bu il təqaüd alanların sırasında mən də varammı? Dedi ərizə yazmısan? Dedim yox. Dedi ərizə yaz. Ərizəmi yazıb növbəti il də təqaüd almışam. Bu qədər sadə. Burda yaltaqlıq hansı cümlədədir?

-Bəs, AYB üzvü olmaq buxovdur sənə? Nəyi yazmaq istəmisən, amma AYB üzvü olduğuna görə yaza bilməmisən?

- Mən şeirlərimin əsas mövzusu sevgidir, az qismini də dünyavi və fəlsəfi şeirlər təşkil edir.
Sevgi şeirləri yazan bir şairə AYB niyə buxov olsun ki? Siyasi mövzuda nələrsə yazmış olsaydım sənin sualına daha çox düşünməli olardım. "Dəlilik azadlığın ifrat formasıdır" "Sevmək həddi aşmaqdı" "Şəkilə çevrilmiş hər kəsin kürəyində divar soyuqluğu var" Məni bu üç cümlədəki əsas adamam.
Mən bəzi həmkarlar kimi AYB-ni sosial şəbəkələrdə tənqid edib, yıxıb, sürüyüb sonra üzv olmamışam.

-Ürək ağrı vermirsə, onun varlığının əhəmiyyəti yoxdur? Olmazki bu həyatı ağrısız yaşayaq?

Yox, sənə ürəyin ağrı vermirsə,
Heçnəyi dəyişmir solda olmağı.
və ya da ki,
Sən harda dayansan, sən harda dursan,
Mənim də ürəyim sən tərəfdədir.
Və ya da ki,
Hər kəs bir tərəfindən ölməyə başlayar, əzizim;
Alimlər ağlından,
Rəssamlar gözlərindən,
Şairlərsə ürəyindən ölərlər.
Amma ən gözəl ölüm də elə ürəyindən ölməkdir.
Yıxılıb bir qadının ayaqlarına,
Öz ürəyinin
Ətəyində ölməkdir.


Ağrılar insan oğlunun mənəvi məsuliyyətidir, hətta hər kəsin tanrısı da öz ağrıları boydadır. Ağrılar bizim təkamül səbəbimizdir, mağaralardan ən yüksək binalara qalxdığımız yoldur. Yaradıcı ruhlar anadangəlmə ağrı xəstəliyiylə doğulur...

-Bəlkə də şeirlərimizdə ağrını, əzabı tərənnüm etdiyimizdən, həmçinin ağrısız şeir yazmağın mümkünlüyündən danışdığımızdandır ki, Tanrı bizə nəyi verməsə də ağrıdan məhrum etmir. Günah özümüzdədir?

- Tanrı ağrı verdiyi hər kəsə öz qəlbini bağışlayıb.
Beynimizə qan sızanda insult, sevgi sızanda dəli, ağrı sızanda insan oluruq. Ağrı bütün bəşəriyyətin sıfırlandığı nöqtədir, özünü dərk yeridir. Adam həyatı səthi, vecsiz yaşayanları gördükdən sonra istəyir ağrılarından muğayat olsun. Ümumiyyətlə bu fani xarabalıqda necə xoşbəxt, ağrısız yaşamaq olar ki? Biz axı özümüz üçün yaşamırıq, ömrümüzə şərik olanlar da var...
 

Bütün meyxana deyənlər əvvəlcə yaxşı cırtma çalan olurlar

-Şeirə səni meyxana həvəsin gətirib. Indi meyxana ilə aran necədir?

- Əsgərlikdə bir-iki meyxana deyən yoldaş var idi, hər axşam qafiyə açıb meyxana deyirdilər, vaxt öldürürdülər. Mən və başqa yoldaşlar da bunların ətrafına yığılıb çırtma çalardıq. Əslində bütün meyxana deyənlər əvvəlcə yaxşı cırtma çalan olurlar, yəni yaxşı cırtma çalmağı bacaran barmaqların yoxdursa səndən "söz ustadı" ola bilməz. Mən də cırtma çala-çala meyxana deyən olmuşdum. Sağ olsun "Ustad" əsgər yoldaşlarım, mənə "sənətin" sirlərini öyrətmişdilər haramı düzündə. Düzünü desəm kitablara sevgim də, ədəbi mühitlə tanışlığım da meyxanayla başladı. Sonralara az da olsa toylara, meydanlara gedirdim. İndi tamamilə uzağam, dinləmirəm. Onu da deyim ki, meyxanadan şeirə çox az adam gəlib uğur qazanıb. Meyxananın ritmində çıxmaq çətindir...

-Belə baxanda meyxanadan pis qazanmırlar. Bəlkə bənnalığın başını buraxıb toylara meyxana deməyə gedəsən?
-Heç tikinti sahəsində də az pul yoxdu. Nə fərqi ya o əllərlə cırtma çaldın, ya da daşı daş üstə qoydun. Allah ustadımız Memar Əcəmiyə rəhmət eləsin. Mən azadlığıma düşkün adamam. Tikintidə ev sahibiylə yola getməyəndə sözümü deyib, malamı da götürüb gedirəm. Toy sahibiylə yola getməsəm sözümü götürüb hara gedəcəm? Hara da getsəm yenə də qayıtdığım, ruhumu oxşadığım yer sözdür. Həm də ucuz sözü də gərək baha satmayasan, fitə aldanmayasan. Söz parnik məhsulu deyil. Amma səninlə meyxana deyə bilərəm, qafiyəni özüm açacam. Söz...

 

Söhbətləşdi: Emin Piri
 




6079 oxunub

InvestAZ