İmsak vaxtı yazdığım şeir
Qara bulud ağ buludla,
Toqquşanda yağış yağır.
Boş-boşuna hürür itlər,
Karvan keçir ağır-ağır.
Ölüm təzə iş deyil ki,
Hər gəzən dərviş deyil ki.
Ayrılıq vərdiş deyil ki,
Hey arxamca çağır-çağır.
Eşqi əzab diri tutar,
Xırda alıb, iri tutar.
Göydə yeri biri tutar,
Seyr eliyər fağır-fağır...
Darıxmaq xəstəliyi
Heç vaxt tanımadığım adamlarla metro vaqonunda
Bir istiqamətdə yol almaqdı həyatın bir üzü...
Tıxacda siqnal səsini ney səsinə bənzədən
Nə qədər adam var görəsən...?!
Bəxtini pozmaqla sınayan kütlənin içində
Heç kimin gözündə ümid görmədim,
Bu gün də alınmadı,
Sabaha saxladı bəxtini
İnşaat fəhləsi...
Başqalarına ev tikən ustaların,
Evləri yarımçıq qaldı,
Yol çəkən mühəndislərin
Həyatla bağlı arzuları
Yollar qədər sonsuz olmadı...
Qocalıq qorxusundan yazılan şeir
Yenə axşam düşür,
Yenə səhərin qayğılarına
Pərdə çəkir gecənin əlləri...
Bir otaqlı evdə, tənha yaşayan qoca üşüyür,
Mətbəxdə fit verən çaynikin buxarı
İsitmir otağın divarlarını...
Hörümçək toruna düşən milçəyin
Ümidi daha böyükdü
Qocanın üzündəki ifadədən...
Pəncərədən baxanda
İlk gördüyün adamın əhvalı necədirsə,
Günün o əhvala görə dəyişir...
7145 oxunub