XƏBƏR LENTİ
16 May 2022
15 May 2022
14 May 2022



Maşallah Məftun : - QİYMƏTİN QİYMƏTİNİ TANRI VERİB
Ədəbiyyat 09:41 / 19.01.2022


Yaxın günlərdə gənclik dostum, ədəbi aləmdə yetərincə tanınan şair-tərcüməçi Kivi Paçxataşvilinin qonağı oldum. Görüşümüzdə sözsüz ki, əsas yer alan ədəbi-bədii əsərlərimiz, poeziyanın dili, tərcüməyə münasibət və ədəbi tənqid idi. Bütün bunlar həyatımızın bəlkə də yarıdan çoxunu təşkil etməklə gündəlik işimizə müdaxilə edir və yaxud özümüzə, dostlarımıza məxsus olan gündəmi zəbt edir.

-Al bu kitabı Qiymət Məhərrəmlinin kitabıdır, içində oxumağa bir şey taparsan- deməsi məni kitabi oxumağa vadar etdi. Givinin yarızarafat yarıciddi belə təkidlə deməsi və kitabı mənə uzatması mənimçün bir qədər yeni idi. Sözsüz ki, kitabı aldım və özümlə evə gətirdim. Budur ilin son günləridir səhər saat 6-40 -dır, demək olar kitabı oxuyuram.

Ümumiyyətlə belə götürəndə mənim həyatımda "Məhərrəmli” ləqəbiylə bir neçə qələm sahibi və alimlər var. Onlardan gündəlik ədəbi mühitdə fəallığıyla seçilən alimlərimizdən birisi hörmətli Qulu Məhərrəmlidir. Qulu Məhərrəmli Milli jurnalistikamızın kəsərli söz sahibi, Azərbaycan teleməkanının ən parlaq personlarından biri, əməkdar jurnalist, Bakı Dövlət Universitetinin professorudur. Özünəməxsus şərhlər verən bir alim yzardır. Gənclərin sevimlisi qayğıkeşidir.

Xalq şairi Bəxtiyar Vahabzadə: "Mürəkkəb siyasi prosesləri doğma dilimizdə Qulu Məhərrəmli qədər gözəl, cazibədar, səlis və obrazlı tərzdə çatdıran ikinci şərhçi tanımıram”-deyirdi, professor Şirməmməd Hüseynov: "Görkəmli jurnalist, istedadlı alim Qulu Məhərrəmli insanlar obyektivliyinə, ləyaqətli və vicdanlı söz sahibi olmasını gözəl sevir və qiymətləndirirlər”-deyirdi, Xalq şairi Ramiz Rövşən: Qulunun peşəkarlığının kökündə onun böyük istedadı ilə yanaşı, həm də təmiz vicdanı və əxlaqı dayanır”-deyir.

Zemfira Məhərrəmli jurnalist, publisist, pedaqoqika üzə fəlsəfə doktorudur. 1997-ci il idi.Yaxşı yadımdadır məni döyüş bölgəsindən xidməti işimi davam etdirmək üçün Bakıya göndərdilər. İllərlə görmədiyim Azərbaycan Nəşriyyatını görmək istəyirdim, orada işləyən qələmdaşlarımla görüşmək, onları dinləmək istəyirdim. O, zaman Zemfira Məhərrəmliylə elə nəşriyyatda rastlaşdım. O,əynimdə hərbi mundiri görüb:-Sıfətdən bir qədər tanış gəlirsiz-dedi.

-Maşllah Məftun kimi bəlkə məni oxumusuz, dedim.

–Əlbətki oxumuşam, siz gərək ki, döyüşdə olmusuz...

-Bəli artıq bundan sonra Bakıda olacağam, Hərbi nəşriyyatda redaktor kimi çalışacağam. O, sumkasından bir kitab çıxardı və mənə uzatdı.-Buyurun elə hərbi mundirinizə yaraşır, bu bizim sizə hədiyyəmizdir-dedi. –Mübarəkdir deyib yoluma davam etdim.Yolda tələsik kitaba baxdım adı "Qızlar döyüşə gedir” idi. İllər keçdi, izləyirdim 2010 cu idə Zemfira Məhərrəmli "Tərəqqi” medalına layiq görüldü. Əsərləri rus, ingilis, türk dillərində çap olundu, böyük oxucu ordusu qazandı, bu yzıçı üçün xoşbaxt bir ədəbi həyatdır.

Bu gün ədəbi mühütdə olan elə bir qələm sahibi şair, yazıçı, rəssam, fotoqraf ola bilməz ki, Qarabağ zəfərindən, 44 günlük ölüm-dirim savaşımızdan 1-ci və 2-ci Qarabağ Vətən müharıbəsindən yazmasın. Onlardan biri də məhz Qiymət Mərərrəmlidir. Şeirlərini oxuyuram, birbirinə oxşamayan lövhələr, təkrarlanmayan obrazlar, oxucusuyla öz arasında isti təmas qurmağa çalışan müəllif buna yetərincə nail ola bilir. Elə kitabın ilk səhifəsi "Gəl gedək Qarabağa” şeriylə açılır:


...Xarı bülbül gülləndi,

Düşmən qanı gölləndi,

Hamı, hamı dilləndi,

Gəl gedək Qarabağa!

30 ilə yaxın illər ərzində xalqımız Qarabağı yuxularında görmüşdülər, müğənnilərimiz mahnılarında, şairlərimiz şeirlərində, yazıçılarımız hekayə və romanlarında təsvir etmişdilər. Azərbaycanın şərəfli ordusu Ali Baş Komandan, güclü sərkərdə İlham Əliyevin başçılığı ilə əks-hücuma keçərək 44 gün ərzində qədim torpaqlarımızı-Qarabağı və yeddi rayonu erməni işğalından azad etdi. Bu tarixi qələbə şairi necə ilhama gətirməsin. "Zəfər yetişdi” şerində şairə qələbəmizə heyranlığını oxucularından gizlədə bilmir:


...Hər qarış yurd yerin qiblədi mənə,

Qürurun-tarixin məhək daşıdı.

Ölsəm, bircə ovuc torpağam sənə,

Şəhidlik-tarixin qan yaddaşıdır.


İllərlə həsrətini çəkdiyi torpağın hər qarışını özünə müqəddəs sayan xanım şairə "Ölsəm, bircə ovuc torpağam sənə” deməklə Vətən torpağının hər qarışının müqəddəs olduğunu, qiymətli olduğunu bir daha vurğulayır. Və xüsusən gənclərimizə Vətənin müqəddəsliyini, İlahi bir varlıq olduğunu məharətlə verə bilir. Şeir maraqlı bir sonluqla tamamlanır:


Ey şəhid oğullar, ey mərd oğullar,

Öpüb torpağımı göz üstə qoydum!

Bu gün o müqəddəs zəfər yetişdi,

Çox şükür, ey BÖYÜK TÜRK, gözün aydın!


Şairin Qələbə zəfəriylə bağlı dünya türklərinə göz aydınlığı verməklə burada onun ürək çırpıntılarını, fikir dərinliyini duymamaq, eşitməmək mümkün deyil. "Biz qalib çıxırıq”, "Dağılmasın, neyləsin”, Qan rəngli gecə”, "San borcu”, "Oğul istəyirəm” kimi şeirlər ürəyi riqqətə gətirir.Tanrısına şükranlıq edən şair növbəti "Vətən-özüm!” şeriylə sözünü davam etdirir:


Vətən nədir?! Vətən kimdir?!-Atam, qardaşım,

Anam, bacım...İnsan oğlu insandır-Vətən!

Çölüm, çayım, dağım, düzüm, axan göz yaşım,

Qucaq-qucaq sevinc payı ünvandır-Vətən!


Xocalı faciəsi istər Azərbaycan tarixində, istər dünya tarixində dinc əhalinin kütləvi surətdə öldürülməsi, yandırılması dərin izlər qoymuş Xatın, Holokost, Sonqmi, Lidise, Babi Yar, Ruanda, Xirosima, kimi soyqırımlarla bir sırada dayanır. Bu terror aktı Xankəndində yerləşən o vaxt 366-cı motoatıcı alay Sovet ordusuna malik idi. Orada çoxlu erməni zabit və gizirlər xidmət edirdilər. Onlarla birgə Xocalı soyqırımı törədilmişdir.

Bu unudaulası faciə deyil, bunu əsrlər ötsədə Böyük Türk heç vaxt unutmayacaq. Çox faciələrimizi unutmuşuq yetər.

Azərbaycan xalqından ötrü Xocalı faciəsi ermənilərə heç vaxt bağışlanmayan bir qandır. Bu haqsız yerə tökülən qanın erməniyə bədəlini ödətdirmək hesab edirəm türkün boyun borcudur. Bunu Ermənistan və onun havadarları bilməlidirlər.


Xocalı dünyanın qan çanağıydı,

Körpə naləsiydi qəlbləri dələn.

Tanrı nəzərindən salmışdı sanki...

Sanki bir bəlaydı göylərdən gələn...

Zamanın köksünə dağ çəkilirkən,

Bəs niyə susurdu buna yer üzü?

Qəflət yuxusundan uyudulurdu,

Bərk-bərk qapanmışdı dünyanın gözü.

Dünyada ikili standartlar istəsək də, istəməsək də hökm sürür. Bunu biz son 30 ildə gördük və yaşadıq. Çox istədilər biz işqal olunan ərazilərimizi Qarabağı unudaq, unutdura bilmədilər. "O gecə” şerində fikrin daha dəqiqliiyi Xocalı faciəsinin mənzərəsiylə bağlı şairin üsyan səsi açıq aydın eşidilir. Şair şerin sonunda işğalçı ölkəyə öz hökmünü belə diqqətə çatdırır:


Sən, ey insan qanı içib doymayan,

Yurduma, yuvama göz dikən yağı,

Bir gün sənin üçün məzar olacaq,

İndi tapdadığın o türk torpağı.


Bəli şairin gəldiyi qənaət bütövlükdə Böyük Türkün qənaətidir. Qədim yurd yerlərimiz hamısı özümüzə qaytarılmalıdır, bunu hamı bilməlidir. Türkü müharibədə udmaq mümkündür lakin öldürmək mümkün deyil.

Qiymət Məhərrəmlinin şair ruhunun mayasında türkçülük sindromu güclüdür. Bu da bir deyimi yada salır ki, -Türk özünə gələndə güclü olur.

Kitabın son səhifəsində Qiymət Məhərrəmlinin adsız dörd misra şeri var, istəyirən fikirlərimi o misralarla yekunlaşdırım:


Daşın daş ömrü var, quşun quş ömrü,

Başın yaddaş ömrü, huşun huş ömrü.

Dolanıb keçəcək illər, əsrlər,

Kimsə yaşadacaq yaşanmış ömrü.


-Bəli, elədir şair lakin Sizin ömrünüz yaşanan və yaşanacaq ömürlərdən olacaq. Sizin qiymətinizi Tanrı verib, qiymətinizi oxucularınız, heyranlarınız verib Qiymət Məhərrəmli...

Hər bir yaradıcı insanın həyatında nisbi də olsa akademik göstərici-deyilən qiymətli nəsə tapmaq mümkündür. Kimdəsə bir qədər çox, kimdəsə bir qədər az. Qiymət Məhərrəmli ümumi götürəndə onda əsl müasir xanım-şairə poeziyasıdır. Bu belədə olmalıdır...

Maşallah Məftun, 2021-ci il, 29 dekabr


7748 oxunub

InvestAZ