XƏBƏR LENTİ
16 May 2022
15 May 2022
14 May 2022
13 May 2022



Səyyad Aran : İLİN AXIR ÇƏRŞƏNBƏSİ
Ədəbiyyat 11:45 / 18.01.2022


 

... İndi də sol tərəfdəki həyətdən "ura” səsləri qopdu. Buna bənd imiş kimi o biri qonşuların uşaqları da sevinclə çığırışdılar. İçdən gələn "ura” sədaları dalğa-dalğa evlərin divarlarına, daş hasarlara dəyərək çiliklənib töküldü.

Amma bu "ura”lardan əvvəl göyə bir lopa millənmişdi. Həyətlərin künc-bucağına sığınmış, quyunun içinə girmiş, külbəsi tutulmuş təndirin divarlarına çökmüş, toyuq hinlərində və it damlarında gizlənmiş axşam qaranlığı bu qəfil işıqdan titrədi. Hər tərəf işıqlandı. Hər yer aydınca, olduğu kimi göründü. Ora-bura vurnuxan, bir gözü qapıda, bur gözü qolundakı saatda qalan Səbinə bir an işıqlanmış həyətdə anasının harasa zillənmiş gözlərini görüb hikkə ilə dilləndi:

– Bu arvad bayram axşamımızı yasa döndərəcək də!

Sürütmələrini şappıldada-şappıldada ikinci mərtəbəyə qalxdı, intizarla yola boylandı. "Birdən bu tərs vaxtda oğlan evinin adamları gələr”. (Təzəcə nişanlanmışdı) "İndi gəl yalandan üzünə təbəssüm maskası gey, qonaqların qabağına çıxıb zülmlə: – Xoş gəlmisiniz! – de Sonra da get narın altında ürəyini boşalt, qayıt gəl ki, bəs samovarın tüstüsü gözümü çıxartdı. Nə vaxt canım qurtaracaq bu evdən, ay Allah?”.

Aabat xeyir, gəlib eləyən yoxudu. Nişanlısına dönə-dönə tapşırmışdı ki, denən axşam saat 9-dan sonra gəlsinlər. Hesablamışdı ki, anasının həyəcanları o vaxtacan ötüb keçər. "Bəlkə elə oldu ağlamaq üçün heç narlığa getmədim. Bircə bu bayram da gəlib keçsəydi”.

Bu evdə körpə uşaq olmadığından bu günkü günün əzizliyi və doğmalığı o qədər hiss olunmurdu. Ağır sükutdan hər şey yay kimi sıxılmışdı. Nabələd adam bu "yay”a toxunanda ev adamlarının əsəbləri tarıma çəkilirdi. Üzlərdən, gözlərdən boğanaq kimi əsəb küləyi keçirdi, sözlərdəki ahəng itirdi.

Dörd bir tərəfdən qonşuların şad-xürrəm səsləri, gülüşləri baş alıb gedirdi. Cavanlar maqnitafonun başına yığışmışdılar. Ağsaqqallar küçədəki oturacaqlarda əl ağaclarına söykənib keçən ilki Novruz bayramıyla bu ilkini müqayisə edirdilər. Evə getməyə tələsmirdilər. Onsuz da onlar getməmiş, xeyir-dua verməmiş qazanlar açılmayacaqdı.

Qeysər müəllim panamasını gözünün üstündən peysərinə tərəf itələdi. Zəndlə Aya baxdı. Baxdı və dərsə yekun vururmuş kimi inamla bildirdi:

– İlimiz uğurlu gəlir. Ay bu il siftə gündən lap işıqlıdı.

Sonra ağacın dibindən bir sıxma torpaq götürüb ovcunda yumruladı. Boyu bərabəri havaya atdı. Yumrulanmış torpaq səkiyə düşəndə buğda dənələri kimi səpələndi. Ağsaqqallar dərindən nəfəs alıb bir-birlərinə gözaydınlığı verdilər: 

– Yaxşıdı!.. Maşallah!

Qeysər müəllim təntənəli şəkildə bildirdi: – Bolluq olacaq, Qurd qoyunla otlayacaq. Dava-şava olmayacaq.

Ağsaqqallar əllərini göyə qaldırdılar, canı-dildən salavat çevirdilər.

– Amin! Amin!

– Ümumiyyətlə planetlərin bu ilki düzülüşündən və ulduzların qalaktikadakı seyrindən belə görünür ki...

Qeysər müəllimin ürəyi soyumadı, elmi yolla da xırdaladı.

Tonqalların üstündən hoppananlar dilək açırdılar. Oğlanlar qızlara baxa-baxa qımışırdılar, pıçıldaşırdılar. Qızlar əllərini ürəklərinin üstünə qoyub Ayla üz-üzə dayanmışdılar. Obaşdannan durub çimmişdilər. Yuyunub, daranıb bu anı – tonqalların qalanmasını gözləmişdilər. Dədə-babadan qalma adətə, inama, sınağa görə kim ki, ilin axır çərşənbəsi pak, təmiz canıyla üç dəfə tonqalın başına dolanıb, sonra əlini ürəyinin üstünə qoyaraq üzünü Aya tutub nə arzulasaydı, həmin il yerinə yetəcəkdi. Bu qızların ürəklərində nələr yox idi: könülləri istədikləri oğlanlara qismət olmaq, böyük şəhərləri gəzmək, müəllimlər, həkimlər kimi "sumka” götürüb işə getmək. ..

Qönçə dodaqlar yumulub açıldıqca deyirdin bəs, qızlar Ay işığını qurtum-qurtum içirlər.

Bayram xörəklərinin bir-birinə qarışmış ətri, qonşu həyətlərdə qalanan tonqalların çatırtısı, səs-səda deyilən şey təkcə bu həyətdən uzaq idi. Axır vaxtlar bura az adamın yolu düşürdü. "Qurşaqatdı”ya çıxmış məhlə uşaqları da qapının yanından ayaqlarının ucunda keçirdilər.

...Evin kişisi çoxdan rəhmətə getmişdi. Oğlu qonşuda tay-tuşlarıyla mahnıya qulaq asırdı. O elə bil tikan üstündə oturmuşdu. Tez-tez küçəyə boylanırdı.

...Həyətdə ikisi idi. Səbinə, bir də anası – Ayna arvad.

Ayna arvad təkərli kresloda yığılıb yumrulanıb oturmuşdu. Gözlərini də zilləmişdi qapıya.

Hardasa qapılar açılır, örtülürdü. Ayna arvad diksinib dikəlirdi, qalxırdı. Axşamın alaqaranlığında Səbinə anasının birdən-birə dirilən gözlərini, işıqlanmış sifətini gördü. Görüb də qəhərli-qəhərli udqundu.

Kreslonun böyründə bayram ayın-oyunu düzülmüş kiçik stol qoyulmuşdu. Armudu stəkandakı çay çoxdan soyumuşdu. Ayna arvadın gözü stolun üstündəkilərə sataşanda çiyninə, ayaqlarının üstünə saldığı yun şala daha möhkəm bürünürdü. Elə bil noğullar, konfetlər buz parçaları idi, kimsə onları götürüb bir-bir atacaqdı onun qoynuna, kürəyinə. Kreslonun içərisində batıb-batıb lap büzüşürdü, titrəməsi şiddətlənirdi.

...Göyə baxdı. Ay yer üzünü nura qərq eləmişdi! Qeysər müəllim demişkən, bu il Ay, doğrudan da işıqlı idi. Ayna arvad sidq ürəkdən salavat çevirdi, dua oxudu, Allahdan razılıq elədi.

Deyəsən küçədə maşın dayandı. "Aha!”  Duasını yarımçıq kəsdi. Bir daha "şükür” deyib təlaşla qapıya sarı boylandı. "Bu qız harda batdı, görəsən”.

– Ay Səbinə, qapıda gözün olsun...

...Amma qapı açılmadı. Maşın səsi uzaqlaşıb eşidilməz oldu. Heç Səbinə də görünmədi. Ayna arvad bir az da yığılıb yumrulandı.

– Şükür sənə, ilahi! Özün bilən məsləhətdi...

Mart girəndən belədir. Soyuğa, sazağa baxmayaraq hər gün qaş qaralanda qara şalına bürünüb çıxır otaqdan. Gəlib oturur indiki yerində... gündə beş-altı dəfə ayın tarixini soruşur, gileylənir, deyinir. "Bunnan irəlilərdə göz yumub açınca il başa çatırdı. İndi ayın-günün ayağından daş asılıb nədi, ay başua dönüm?”.

...Ayna arvadın böyük qızı Sərvinaz üçüncü uşağın üstündə tələf olmuşdu. Biçarənin özü bir tərəfə düşmüşdü, körpəsi bir tərəfə.

Gəlinin qırxından sonra Zalxabəyim (Sərvinazın qayınanası) Ayna arvadı həyətin o başına çəkdi. Zəmanənin puçluğundan, heç kimin dünyanı beş əlli tutmayacaqından danışıb mətləbi bəyan etdi. Dədə-baba adəti ilə Səbinəni Sərvinazın yerinə istədi:

– Öz bacısı uşaqlarıdı. Tayca da nəvələrimiz yad əllərdə qalmaz. Mən də bu gün-sabahlığam. Başımı qara torpağa qoyanda bilim ki, özümünküdü. Ətini yesə də, sümüyünü atmayacaq. Qurulu evdi. Top vursan dağılmaz: Bir kibrit dənəsi gərəyim döyül. Elə gəlsin, yığışsın otursun bacısının evində. Qız uşağıdı, beyni qandı. Bəlkə də eşidəndə daş atıb başını tutdu. Amma sən anasan, qoy qabağına, isbatlı şəkildə başa sal. Çörəyimi niyə it-qurd yesin?

Ayna arvad qohumluqları müddətində Zalxabəyimin cikinə-bikinə bələd olmuşdu. "Çiy adammışlar. Vaxtında qulağımız kar oldu, gözümüz kor. Arada gül kimi balam əlimdən getdi”. Nəvələrinin xatirinə ürəyinin dərinliyində bu işə etiraz eləmək istəməzdi. Əgər... Amma hər halda qızının ağzını aramağı lazım bildi. İndiki qızların ipinin üstünə odun yığmalı döyül. Özləri alıb, özləri verirlər.

Ağzını açmağı ilə Səbinin özünə əl qatmağı bir oldu. Zalxabəyimi həyətin qaranlığından elektrik işığının altına çəkdi.

– Ay ifritə, ay cadugər, niyə ölüb yerə girmirsən? Yazıq bacıma nə qiymət verdin ki, mənə də fərli gün ağlayasan. Allah vurub səni də, ev-eşiyini də. Bircə o biqeyrətliyiniz çatmırdı!

Eşidənlər Zalxabəyimi qınamışdılar:

– Ay arvad! Nə qaçatbasdıdı. Bədbəxt Sərvinazın başının suyu hələ qurumayıb. Ürəklərində o boyda müsibətin yarası, Məşədi İbad kimi başlamısan, o olmasın, bu olsun. Heç yeridi?

Səbinə yandığından Zalxabəyim qapıdan çıxhaçıxda yağdırmışdı.

– Ürəyi yanan çıxıb! Sənə ağırlıq edirlərsə, ver özümüz saxlayarıq. Yoxsa qapında nökərçilik eləməyə adam gəzirsən? Bircə onu görməzsən.

Zalxabəyim də cavabında: – Qudurmuşluğuna bax bunun – dedi – İydə tumuna oxşayırsan. Kimdi səni alan? Dünya gözəl-göyçək qıznan doludu.

Sonra da əlbəhəl Samirlə Səmayəni gəturtdirib mindirmişdi oğlunun köhnə markalı "Volqa”sına. Tumanının balaqlarını əlinə yığıb üzünü bir də tutmuşdu Səbinəyə.

– Bunlar sənin anan kimi mənim də nəvələrimdi. Hələ bir az da artıq. Çünki mənim oğlumun belindən gəliblər. Mən dedim ki, nə şiş yansın, nə kabab. İndi ki, belə oldu, siz də bu uşaqların üzünü bir də dəvənin quyruğu yerə dəyəndə görərsiniz. Sür, ədə!

...O vaxtdan iki il keçmişdi. Zalxabəyim sözündən dönməmişdi. Uşaqlar o gedən evdən getmişdilər.

...Ayna arvad gün-gündən saralırdı. Gecələr yuxudan səksənib nəvələrini çağırırdı. Hövlnak qalxan Səbinəyə, Camala and içirdi ki, "vallah, anası ölmüşlər qapı dalındadırlar. Yetimləri axşamnan gətirib atıblar həyətə. Ay sizi daşa dönəsiz, bir eşiyə çıxın, onları içəri çağırın, bacınız uşaqlarıdı axı. Ölü yuxusuna gedibsiniz, nədi?”.

Camal dözə bilməyib yorğanın ucunu dişləri arasında sıxar, yuxarı qalxıb soyuq otaqda sabahacan büzüşə-büzüşə yatardı. Səbinə anasını sakitləşdirərdi: – Gecənin bu aləmi uşaq nə gəzir. Bəlkə qulağına səs gəlib?

– Kal oyanmağına acıqlanma qızım... Qapını aç, görəcəksən. 

Səbinə qapını, pəncərəni taybatay açıb hirsindən tir-tir əsərdi:

– Hə?.. Bu da qapı! Hanı?

Ayna arvad təslim olmazdı: – Yəqin küsüb getdilər. Bu qədər ki, sən ağır tərpənirsən, indiyə adam qalar?

Səbinə ömrünə-gününə, anasının bu hala düşməsinə bais olanlara lənət yağdırardı, yorğanı başına çəkib hönkürərdi. Ayna arvad isə səhərəcən oyaq qalar, tez-tez həyətə düşər, qulağını qapıya söykəyib küçəni dinləyərdi. Obaşdannan su başına çıxmış qonşular onu bir neçə dəfə bu halda görəndən sonra söz çıxdı ki, Ayna arvadın ağlı azıb. Ən yaxın qonum-qonşularnan get-gəl, salam-əleyk də belə kəsildi. 

O yandan da Zalxabəyimin əlinə girəvə keçi: – Mənim elə nəvələrim yoxdu ki, – dedi – Aynanın o bayquş yuvasında havalanıb üstümə qayıdalar. Öz niyyəti öz başına düşsün.

Ağsaqqal, qarasaqqal Zalxabəyimi danladı ki, ayıbdı, elə şey danışma. Dərdi böyükdü... Sən də anasan, əlinin üstündə də qızın var, qabağına çıxar. Deyirlər, Nəsrəddin şahın qəzəbi qırx gün çəkərmiş, amma sən iki ildi minmisən cin atını, yerə düşmürsən... Qabaqdan əziz gün gəlir. Göndər nəvələrini görsün... Deyirlər, vəziyyəti də ağırdı.

Ağsaqqalların öyüd-nəsihəti, axirət qorxusu Zalxabəyimi həm qorxutmuşdu, həm də yumşaltmışdı. – Getmək istəsələr göndərərəm – deyib, amma yenə bir ayağını qaçaraq qoymuşdu.

Bu söhbət qışda olmuşdu...

Bu gün yaz girmişdi...

...Həmin  gün gəlib çatmışdı...

...Zalxabəyimin cin atınnan düşməsi xəbərini Ayna arvadın qulağı çalmışdı...

Səbinə anasından çox intizardaydı indi və arvadın elə deməsi onu əvvəlkilər kimi haldan çıxartmırdı.

– Camala denən darvazaları açıq qoysun. Birdən elə bilərlər evdə yoxuq. Yuxarı mərtəbələrin, bütün otaqların da işıqlarını yandırın.

       Yaxşı, ana, bu saat!

– Açdım darvazanı! – Camal da o yannan canını dişinə tutub anasının istəyini dərhal yerinə yetirirdi.

...Ayna arvad eləcə oturduğu yerdəydi. Səbinə əldamının hansı küncündənsə tapıb çıxartdığı manqalın toz-torpağını təmizləyirdi. Amma hər ikisinin ürəyinə eyni vaxtda nəsə damdı. Səbinə başını qaldırmağa ürək eləmirdi, tez sevinməyə qorxurdu. Bayaqdan qulağı çox səsə düşüb onu aldatmışdı. "Birdən yenə də...” Manqalın tozunu üfləyə-üfləyə anasına baxdı.

Ayna arvad ayaq üstəydi. Qara yun şalı sürüşüb yerə düşmüşdü. İntizardan, həsrətdən üzülmüş canı, işığı azalmış gözləri gülürdü. Fətət ağlamaqdan yaşı qurumuş bəbəklərində çoxdan yurd salmış qəmin-qüssənin boz-bulanıq çöküntüsü də açıq-aşkar bilinirdi.

Səbinə keyimiş ayaqlarını çəkə-çəkə qapıya yol aldı. "Nağayrır e, Camal orda?” Səsindən yeznələri Yadullanı tanıdı. O nə deyir elə?!

– Tay bağışlayın da... Vallah, nə qədər al dilinən maşına mindirib gətirmək istədimsə də, mümkün olmadı.

Sarsılmış Camalın yalvarış dolu səsi eşidildi: – Gəlməliydilər axı... Bəs demişdilər...

– Nə bilim, vallah... Kimsə Ayna arvadın təqlidini çıxarıb. Uşaqların başını doldurub ki, nənəniz dəli olub, gedən kimi sizi tutub boğacaq. Körpədilər də!.. Xof düşüb ürəklərinə. Hava qaralan kimi qaçıb girirlər evə. Qapı-pəncərəni bərk-bərk bağlatdırırlar ki, birdən Ayna nənə gəlib bizi boğar.

Yeznələri bu sözləri açıq-aşkar məmnunluqla deyirdi. Guya bir xoş xəbərdən danışır.

Camalın gözlərindəki ifadə dəyişdi. Sir-sifəti əyiş-üyüş oldu. Səsindəki yalvarış, hərəkətlərindəki qonaqpərəstlik qaranlığa hopdu. Qəddini düzəldib Yadullanın üzünə tüpürdü: – Tfu! Əskik oğlu! Kəm alırsan?

Maşının qapısı açıldı. Təzə, uzun saplı baltanın ağzı elektrik işığında bərq vurdu. Camal gözü Yadullada əyilib iri bir daş parçasını qaldıranda,  Səbinə irəli yüyürdü.

– Əlini hər itin qanına bulama, qardaş! 

– İt nəslinizdi, ləçər!

Camal qolaylanmaq istədi. Amma Səbinə qardaşından qopub Yadullaya necə bir sillə vurdusa, öz zərbindən özü yıxıldı. 

Səbinənin  səsinə qonun-qonşulardan duyuq düşən var idisə də, qapılarının, çəpərlərinin arasından boylanıb baxırdılar. Haraya gələn yox idi.

Baldızının işə qarışmasını gözləməyən Yadulla tutuldu. Ona əl qaldırmağı özünə ar bildi. Baltanı silkələyib Camalı hədələdi.

–Bu kişiliyini sabah da göstərərsənmi? Təzə parkda olacam. Duxun çatsa, gələrsən.

Səbinə ağlamağını görməsinlər deyə tez özünü həyətə saldı və anası ilə üz-üzə gəldi. Başına elə bil göy qopub düşdü.

       Ana, nağayrırsan? Sənə yerimək olmaz!

Ayna arvadın sifəti ağappaq ağarmışdı. Hər addım atdıqca körpə uşaq kimi ayağını yerə bərk basırdı. Səbinə anasını qucaqlamasaydı, arvad terə səriləcəkdi.

– Ay Samirim, ay Səmayəm! Daşa dönsün Səbinəni! Sizi içəri çağırmır, hə? Hələ mən ölməmişəm qapı dalında qalasınız. Gəlin, balalarım, ayağınızın altında ölüm!

Səbinə anasını saxlaya bilmirdi. Ayna arvad küçəyə çıxmaq istəyirdi.

– Ana, qurban olum, dayan bir. Dayan e! Söz deyirəm.

– O yana dur! Sən də, qardaşın da soyuqqanlısınız. Siz ədavət aparın, mən də ölüm. Heç elə bil mənim qarnımdan çıxmamısınız.

Səbinə daha üzə durdu.

– Atasız qalmağımız bəsdi, ana! Bu göyün altında, yerin üstündə bir sənsən, bir də biz bacı-qardaş. Günahımız nədi ki, üstəlik anasız da qalaq. Nigarançılığınla, yol gözləməyinlə özünü yaman günə qoymusan, bizi də mağmın eləmisən. İki ildir ki, üzümüz gülmür, könlümüz açılmır. Daha dözə bilmirik. Vallah, bir də görəcəksən yan-yana döşəndik qabağına. Onumu istəyirsən? Allah eləməmiş, əyər başına bir iş gəlsə, bizi kimə tapşırıb gedəssən?.. Onlar gəlmiyəcəklər! Gəlmiyəcəklər e! Nahaq gözləyirsən. Yığ gözünü bu yollardan...

Səbinə yenə nəsə demək istədi. Amma ağlayacağından qorxdu. Yenə narlığa qaçdı.

Daha bir fişəng havada qövs cızdı. "Bizim həyətdə bunu kim atdı?”

Səbinə birdən haray təpdi.

– Ay Camal, ev yandı, tez gəl!

Lopa kreslonun üstünə düşmüşdü. Kreslo yanırdı.

Hələ də özünə gələ bilməyən Camal özünü həyətə saldı.

       Nədi, nolub?

       Ev yandı, qoyma!

Camal pilləkənlərin altına cumdu. Gödəkçəsini çıxarıb kresloya çırpdı. Çaşdığından ağlına gəlmədi ki, kreslonu götürüb səlbələsin bir kənara. Axır ki, bir təhər söndürə bildi.

Kreslonun yayları spiral kimi közərmişdi. Camal bayaqdan bəri ürəyində yığılıb qalmış qəzəbini boşaltmaq üçün kresloya bir təpik ilişdirdi. Ayağının ağrısını heç hiss etmədi.

Əlləri yanıb suluqlamışdı. Göynərtidən qıvrılırdı. Dəstəyi götürüb çeçələ barmağı ilə təcili yardımı yığdı.

Dəstəyi qulağına tutanda gördü bacısı, anası ilə əlbəyaxadadı. Arvad qapıya tərəf dartınır, Səbinə isə yalvar-yalvara, ağlaya-ağlaya nəsə deyir. Yəqin anasını belə mağmın vəziyyətdə, yaman gündə  qonşuların görməsini istəmirdi.

"Təcili yardım”dakı növbətçi qızın şən və gümrah səsi eşidildi.

– Bəli! Bu bayram axşamı kimdi belə? Pojardı?

Camal ağzını açmaq istəyirdi ki, gördü anası bacısının qucağında balıq kimi çırpınır.

– Küçənizin adı, ev nömrəniz, familiyanız. Tez olun, ay yoldaş! Ay adam... Ay vecələ!..

...Dəstəyi atıb qaçdı. 
4291 oxunub

InvestAZ