Qalib Şəfahət
GÜZGÜ
(hekayə)
Hələ də
güzgüyə baxanada bir anlıq diksinib ətim ürpəşir. Elə bilirəm, o, güzgüdən mənə
baxıb nifrət edir.
Onun haqqında az-çox məlumatım var idi. Bunu
mənə Züleyxa danışmışdı. Zalım qızı elə bil onun haqqında az-çox bildiyi məlumatı
tələm-tələsik gözümə soxmağa çalışırdı.
Nazirliyə işi düşmüşdü. Qəbuldan bizim şöbəyə, mənim yanıma göndərmişdilər.
Qapını döyüb içəri girəndə gözlərimə
inanmadım. Hərəkəti, davranışı heç dəyişməmişdi. Bədəni çox dolmuşdu, amma
baxışları, sifətnin cizgisi olduğu kimi qalırdı. Əvvəl ki, xasiyyəti heç yontalanmamışdı. Hələ
bir az da, köntöyləşmişdi.
Onda bir az uşaqlardan çəkinəcəyi var idi. Özünü
yığşdırırdı, çox da, nala-mıxa vura bilmirdi. Yersiz danışanda ağzının üstə
vururdular.
Mən görəndə çox sevincək oldu.
Gülümsünərək:
–Ay qız,
bir denən ki, burda işləyirəm. Mən də dağa, daşa düşmüşəm. Fikirləşirdim, görəsən yenə kiminlə üzbə-surat
dayanacam. Işim düzələcək, ya düzəlməyəcək. –dedi.
Arxasınca da, giley-güzar edib:
–Özün
bilirsən də, indi doğru-düzgün işə də, hərə bir mız qoyur. Elə bil ki, sənin işin düzələndə canları
çıxacaq. Bu insanlar, görəsən niyə belədi? Mərdimazarlıq, işə pəl vurmaq
bunların qanında, canındadı deyəsən.-dedi.
İş arxasınca gəldiyini elə bil yadından
çıxmışdı. Əvvəlcə, ordan-burdan, sinif yoldaşlarmız haqqında danışdı.
Bilirdim
qara qızın qarnında başqa dərdi var. Elə bil ki, yazıq neçə vaxtdı ürəyini
boşaltmaq üçün adam üzünə həsrət qalıb.
O,
danışırdı, mən gözümü döyə-döyə ona qulaq asırdım.
Əsas mətləbə
keçib:
–Bəs xəbərin
varmı Rasimdən? Bilirsənmi heç onun başına nə işlər gəldi?–dedi.
Başımı bulayıb:
–Yox! –dedim.
–Nə olub?
–Heç o
yazığın da, işi gətirmir ki, gətirmir. Elə bil it nəfsinə
düşüb. –dedi.
Arxasınca
qımışıb başını buladı:
–Səndən sonra bütün işləri tərsə-məsəb getdi.
–Məndən sonra niyə? Mənə nə dəxili var? –dedim.
Ağzını
buzüb:
–Bıy
başıma xeyr, az, o boyda zurna-düdüyü danacaqsanmı? –dedi.
Dillənmədim. Fikirləşdim, "qoy danışsın, görək
axrını gətirib haraya çıxaracaq”.
Zalım
qızı elə bil onun haqqında bildiyi nə məlumat vardısa tələm-tələsik gözümə
soxmağa çalışırdı.
–Bəs deməzsənmi,
yazıq oğlan iki dəfə evləndi. Heç biri ilə yola getmədi, ayrıldılar. Indi də
subaydı. Başı havalı gəzir. –dedi.
Arxasınca da:
–Sən
onun mısdır-mısdır gəzməyinə baxma, üzdə elə görünür, hər qadın tab gətirib
onda otura bilməz. Hərədə bir eyib tapır. Haraya qədər desən qaşıyıb qan çıxaran
adamdı. Onunla kim yol gedər.
–Niyə?
–dedim.
–Niyə də
olmasın. Əlbət də, belə də olmalıydı. Sənin kimi gözəl-göyçək qızdan sonra, o,
hansı qadını sevə bilərdi? İlk eşqi daşa dəymişdi. Adamın ki, ilk sevdiyindən bəxt
gətirmir, ondan sonra, həyatından küslü qalır.
Mənim də dilim diş durmadı:
–Yaxşı, sən Rasimin ağır xasiyyətli
olduğunu hardan bilirsən? Elə danışırsan, elə bil, bir yerdə oturub dursunuz.
–dedim.
Üzümə tərs-tərs
baxıb:
–Nə
bilim! Mən də ağızdan-ağıza eşitmişəm. Rasimlə mənim nə alış-verşim ola bilər?
–dedi.
Ağzını büzüb:
–Yoxsa qısqanırsan?
–dedi.
–Nəynizi
qısqanacam, mənim nə dəxili var. –deyib güldüm.
***
Şəhərə çıxmışdım. Qəfələtən uzaqdan gözümə
sataşdı. Mənimlə üzbə-surat gəlirdi. Açığı, fikirləşdim, sinif yoldaşım olub, görüşüb
hal-əhval tutum. Üzümə bir balaca xoş təbəssüm qonmuşdu. Qəflətən məni görəndə
elə bil bunu ilan caldı. Sir-sifəti dəyişdi. Mənə nifrət dolu baxışla baxıb,
iri adımlarla yanımdan uzaqlaşdı.
–Bu niyə
belə edir? –deyə fikirləşdim.
Çevrilib gözdən itənədək arxasınca
baxdım. Qanırılıb geri baxmadı da,
harayasa tələsirmiş kimi bir anda gözdən itdi.
Onda gördüm, hələ də, mənə nifrət edir. Bilmirəm,
o nifrətə layiqəm, yoxsa yox.
Ucundan, qulağından eşitmişdim, "Rasim məni istəyir”.
O dərəcə
də reaksiya vermirdim.
Utancaq
xasiyyəti var idi. Uzbə-surat gələndə
qızarıb-bozarırdı, çalışırdı baxşlarını məndən gizlətsin.
***
Sinif rəhbərimiz
arada gəlib bizimlə söhbət edər, gündəliyimizə baxır, təlimdən, tərbiyyədən
danışıb məsləhət verirdi.
Diqqətlə ona baxıb, qulaq asırdım. Gözü mənə sataşdı.
Gülümsünərək:
–Leyla sənin nə cəlb edici, qaynayan gözlərin var. O gözlərin
sehrinə düşməmək olmur. –dedi.
Uşaqlar öz aralarında xısın-xısın gülüşdülər. Bikə
müəllim uşaqların ustə çəmkirib.
–Hırıldaşmayın? –dedi.
Qəflətən müəllimin belə bir söz deyəcəyini
unamırdım. Utandığımdan başımı yerə
dikib dinmədim.
Sinif
rəhbərimiz dərs gündəliyini yığmışdı. Bir-bir gündəliyi yoxlayıb təhvil
verirdi. Növbə mənim gündəliyimə çatdi. Diqqətlə eşələyib nəsə axtarırmış kimi,
gündəliyin üzlüyünü açdı.
Yəqin, gündəliyin arxasında güzgü əlinə
toxunmuşdu. Diqqətimi onun hərəkətinə cəmlənmişdim.
Gündəliyin
üzlüyünü çıxarıb diqqətlə güzgü bükülmüş vərqə göz gəzdirdi. Güzgünü uşaqlara göstərib üzünü turşutdu.
Hamı boylanıb mənə
baxdı. Başımı yerə
dikib müəllimin hərəkətinə diqqət yetirirdim.
Müəllim vərəqi açıb oxumağa başladı. "Bu güzgünü sənə
hədiyyə edirəm. İstəyirəm, bu güzgüdə özün öz
gözlərini görə biləsən. Biləsən ki, o işıqlı gözlərin əzabını mən necə çəkirəm.
İstəyirəm çəkdiyim əzab-əziyyətə şahidlik
edə biləsən”.
Nə qızın,
nə də, məktub yazanın adı o məktubda qeyd olunmamışdı.
Məktubu
oxuyub müəllim mənə tərəf baxdı.
–Leyla,
səni ağıllı şagird bilirdik. Bu məktubdan sonra, sənə ağıl dərsi keçək, yoxsa,
dərs öyrədək?
Ayıb
olsun sənə, belə bir hərəkətə necə yol verirsən?–deyib nifrət dolu baxışla mənə
baxdı.
Başımı
yerə dikmişdim, heç nə deyə bilmirdim. Güzgü mənim gündəliyimdən tapılmışdı.
Desəydim də, heç kəs mənə inanmazdı. Necə inandıra bilərdim, "güzgü mənim
deyil, Səbinənindir”.
Nə düşünərdilər, deməzdilərmi, güzgü Səbinəninsə,
sən niyə gündəliyinin arxasında də gizlətmisən?
Özüm öz
sualıma cavab tapa bilmirdim. Başqasını necə inandıra bilərdim?
Həm də, Səbinənin
burda nə günahı var idi. Məni etibarlı bilib güzgünü saxlamaq üçün vermişdi.
Həm də, onun mənə olan etibarını, inamını yerlə
yeksan edə bilərdim.
Öz-özümə
fikirləşdim, kaş onda o güzgünü götürməyəydim.
Səbinə
o güzgünü mənə verib, "ehtiyatlı bir yerdə saxla, sonra səndən götürərəm”.
–dedi. –Evdə kiminsə əlinə keçsə məni danlayacaq.
Üzüm kəsmədi,
deyəm ki, axı, bizimkilər də görsə məni danlaya bilər. Deyərlər, səni oxumağa
gördərmişik, yoxsa, kimdənsə güzgü almağa.
Mən də evdə ələ keçməsin deyə, gizlin yer bilib,
gündəliyin axasında gizlətdim.
Onda, gündəlik çiriklənməsin deyə qalın ağ
kağızla üzləyirdik. Həm geç çiriklənirdi, həm də, tez xarab olub əzik-üzük görsənmirdi.
Neç vaxt idi, o güzgünü gündəliyin arxasında gizlətmişdim. Xəyalımdan çoxdan çıxmışdım.
Heç baxmamışdım da, o, mənə saxlamaq üçün
verdiyi nə idi. O xasiyyətim yox idi, kiminsə əşyasına icazəsiz, baxıb əl vurum.
Özü
deməsəydi heç bilməzdim, güzgüdü, yaxud, başqa bir əşyadı. Səliqə ilə həmin o məktuba
bükülmüşdü.
.