XƏBƏR LENTİ
17 May 2022
16 May 2022



Qurban Bayramov, tənqidçi-ədəbiyyatşünas:-Növbəti erməni məkrinə (fitnəsinə) – erməniləşdirmə faktına münasibət
MƏDƏNİYYƏT 12:41 / 16.01.2022

 və yaxud, Ağdamda – Beşikdağ məbədinin əfsanəsi…

Əslində reallıq nədir?

Qarabağ qədim zamanlarda əsasən türklər və Qafqaz qəbilələrindən təşkil olunmuş qədim Azərbaycan dövləti olan - Qafqaz Albaniyasının tərkib hissəsi olmuşdur. Yuxarı Qarabağın Xankəndi, Ağdərə, Xocavənd, Şuşa, Düzən Qarabağın Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Füzuli, Beyləqan, həmçinin Laçın və Kəlbəcərdə arxeoloji tədqiqatlar zamanı aşkar edilmiş maddi mədəniyyət nümunələri, numizmatik dəlillər Qarabağın qədim maddi mədəniyyətini, etno-mədəni vəziyyətini, əhalinin sosial-iqtisadi səviyyəsini, məişət şəraitini, ümumiyyətlə, Azərbaycanın bu bölgəsinin iqtisadi, ictimai və mədəni tarixini hərtərəfli əks etdirir.

Albaniyada erkən orta əsrdə (IV əsrdə) xristianlıq dini qəbul edildikdən sonra Azərbaycanın tarixi torpaqları olan Qarabağ ərazisində IV-VII əsrlər tikinti mədəniyyətini səciyyələndirən xristian arxitekturası tipində, memarlıq üslubunda tikililər - alban xristian dini abidələri yaradılmışdır.

Azərbaycanda Qafqaz Albaniyası dövrü abidələrinin əksəriyyəti öz ilkin formasını qoruyaraq dövrümüzə çatmışdır. Bu abidələr içərisində Kəlbəcər rayonunda Xudavəng məbəd kompleksi (XIII əsr), Laçın rayonu Kosalar kəndindəki Ağoğlan məbədi (IX əsr), Xocavənd rayonu Sos kəndindəki Amaras monastrı (IV əsr) və Ağdərə (IV əsr) rayonlarındakı Müqəddəs Yelisey məbədləri, Ağdərə rayonu Vəng kəndində Qandzasar məbədi (XIV əsr), Qərbi Azərbaycan (Hazırda Ermənistan respublikasının yerləşdiyi ərazi) ərazisində Haqapat məbədi, Qoşavəng məbədi, Ağtala məbədi, Tatev məbədi, Uzunlar məbədi, Yenivəng məbədi, Sənain məbədi alban məbəd memarlığının dövrümüzə qədər çatmış ən gözəl nümunələridir. Belə məbədlərdən biri də, Ağdamda Beşikdağ alban-türk məbədidir.

Ağdam bölgəsinin Şahbulaq ərazisindəki Beşikdağının zirvəsindəki el arasında Koroğlu qalası kimi tanınan, qədim Alban-türk məbədini erməniləşdiriblər... Bəli, uydurma əfsanə və yaxud, tarixin diqtə etdiyi reallıq… Bu yaxınlarda qəribə bir faktla qarşılaşdım. İnternet üzərindən azad olunmuş yuxarı Qarabağda aparılmış kosmik müşahidələri izləyərkən doğulub, böyüdüyüm Ağdam rayonunun Beşikdağ hövzəsində qəribə bir foto ilə qarşılaşdım. Bu fotoda, şərqdən qərbə baxanda Beşikdağın sol zirvəsində kilsə təsviri diqqətimi çəkdi. Bu nə kilsədi? Axı burada kilsə olmamalıdır… El arasında "Koroğlu qalası” adlandırılan bu abidə onillər boyu gözümüzün qabağında olubdur. Ahıl müdriklər danışardı ki, bu abidə yüzillər boyu burda mövcud olub… Əvvəlllər, yəni, ilkin dövrlərdə zərdüşt məbədi, sonar isə alban məbədi, Pənah xan dövründə isə gözətçi məntəqəsi olubdur… Hətta Pənah xan tərəfindən 1752-ci ildə Şuşa – Pənahabad qalası tikiləndən sonra da, İbrahim

xanın xanlığının süqutuna qədər Şahbulaq qalası xanın qış iqamətgahı kimi və Beşikdağ gözətçi məntəqəsi həmişə fəaliyyətdə olubdur...

Beşik dağının şimal qutaracağında Xaçıncay tərəfə, Kəngərli kəndinə baxarında bir yaruslu 10-15 adam yerləşən böyük bir kaha da, "Koroğlu kahası” adlandırılırdı… Bu kahadan Beşik dağının içərisinə doğru bir adamın keçəcəyi lağım var… Deyilənə görə, bu lağm daha geniş bir kahaya keçiddir… Birinci kahada daşdan yonulma divan quruluşlu iri yataq yeri, təbii su yığılmaq üçün ovdan var ki, bu da, sübut edir ki, bü kaha xüsusi mühafizə dəstəsi üçün istifadə olunmuşdur. Deyirlər ki, məkrli ermənilər bu kahanın divarlarına da, xaç işarəsi çəkiblər….

İndi isə Beşik dağındakı bu abidə ermənilərin uydurduğu Tiqrnakert şəhərinin, üstündə də erməni xaçı olan "Erməni kilsəsi” kimi təqdim olunur… Beləliklə, ermənilər bu abidəni də rekonstruksiya edərək erməniləşdiriblər…

Belə bir erməni məkrinin, fitnəsinin mahiyyətini açmaq üçün tanıdığım mütəxəssislərlə - tarixçi, arxeoloq dostlarımla məsləhətləşmələr apardım, həqiqəti ortaya çıxarmaq üçün eksklüziv bir tədqiqat aparmaq qərarına gəldim ki, bu nəticələri sizlərlə bölüşürəm…


Beşik dağı haqqında qısa məlumat:

Qarabağın ürəyi sayılan Ağdamın qədim tarixi abidələri minillik keşməkeşli illərdən keçərək bu günə qədər gəlib çatmışdır. Rayonun ərazisində aparılan arxeoloji tədqiqat işləri sübut edir ki, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Ağdamın Üçoğlantəpə deyilən yerdə aparılan arxeoloji tədqiqatlardan aydın olubdur ki, ilk qədim insanlar rayon ərazisində 6–8 min il bundan əvvəl, yəni, Eneolit dövründə (b.e.ə. VI–IV minilliyi əhatə edir, "mis dövrü" adlanır və daş dövrünün sonu – metal əsrinin başlangıcı hesab edilir) yaşamış, qədim əkinçilik və maldarlıq mədəniyyətinə bələd olmuşlar...

Sonralar Azərbaycanda gedən tarixi proseslər nəticəsində ilk dövlət qurumları formalaşmağa başlayıb. Belə dövlətlərdən biri də Şimali Azərbaycanda yaranmış Albaniya quldar dövləti idi. Yeni elmi araşdırmalarda "alban" etnik adını qədim türk "alp"(cəsur, igid) sözü ilə bağlayırlar."Kitabi Dədə Qorqud"da bu etnosun "alpanlar" şəklində yazılışı, "alp" köklü toponimlərin Quzey Azərbaycanda, həmçinin vaxtilə Alban dövlətinə daxil olan Cənubi Dağıstan və Şərqi Gürcüstanda qalması yuxarıdakı ehtimalı daha da qüvvətləndirir... Alban hökmdarlarından Oroysun adını "Kitabi Dədə Qorqud"dakı Uruz adı ilə müqayisə edirlər. Aran – Ağvan - Aquen – Ağoğlan – Ağdam (bu etnonimlərin kökündə "Ağ” sözünün durmasını təsadüf hesab etmək olmaz) adı da yalnız türk dillərində olması ilə izah olunur. Albanların Ay ilahəsinə daha çox sitayiş etmələri haqqında Strabonun verdiyi məlumat qədim türklərin "Ay Tenqri"sinə uyğun gəlir. Onlarla belə dəlillər əsasında "alban" etnik adı daşıyanlar türkdilli sayılırlar. Bəzi

tədqiqatlara görə, burada yaşayan sakasenlər, onlarla qohum sayılan massagetlər, qarqarlar da türk mənşəli olmuşlar...

Son dövrlərdə aparılan sanballı elmi tədqiqatlar nəticəsində Qafqaz albanlarının türk mənşəli və türkdilli tayfa olması birmənalı şəkildə sübut edilmişdir. O da, ehtimal edilir ki, Albaniyanın siyasi konsolidasiyası artıq Əhəmənilər imperiyasının son illərində və Makedoniyalı İsgəndərin işğalları dövründə başa çatmış, eramızadan əvvəl IV əsrin sonlarında isə Qafqaz Albaniyası vahid mərkəzləşmiş dövlətə çevrilmişdir.

Bu tayfaların ən qədimləri Qafqaz və türk dillərində danışan avtoxton etnoslar olmuşlar ki, bunlardan biri də, yüksək mədəniyyətə malik olan Qarqarlar Ağdam ərazisindəki Qarqar çayı hövzəsi boyuca məskunlaşmışdılar. Bu isə Ağdamın Azərbaycan ərazisində ilk formalaşan dövlət quruculuğunda mühüm rol oynadığını bir daha əyani sübut edir. Bu barədə məşhur tarixçilərin, tədqiqatçıların əsərlərində yetərincə mühüm faktlar vardır və bu mənbələrdən aydın olur ki, türklər bu ərazilərin ən qədim, aborigen-aftoxton əhalisi olmuşlar...1

Deməyim budur ki, Ağdam çoğrafi ərazisində tarixən ermənilərin olması və məskunlaşması absurddur!! Həmçinin, burada və Qarabağın dağ-yaylaq ərazisində olan xristian abidələri də, islamdan qabaq zərdüştizmi, sonrada xristianlığı qəbul edən aborigen türk tayfalarına mənsubdur, o cümlədən Beşik dağının zirvəsində olan abidə...2

Ağdam rayonu ərazisində çoxlu tarixi mədəniyyət və incəsənt abidələri var. Buradakı Üzərlik Təpə abidəsi, rayonun Xaçındarbənd kəndindəki Qutlu Sarı Musa oğlu günbəzi (1314-cü il), Kəngərli kəndindəki türbə və daş abidələr (XIV əsr), Papravənd kəndindəki türbələr, məscid (XVIII əsr), Xanoğlu türbəsi (XVII əsr), Qarabağ xanı Pənahəli xanın Ağdam şəhərindəki imarəti (XVIII əsr), Natəvan və onun oğlunun türbəsi (XIX əsr), Şahbulaq qalası və s. kimi tarixi və memarlıq abidələri bunu aşkar sübut edir...

Bunlardan biri də, Beşik dağının zirvəsinə yerləşən, tikilmə tarixi IV-VII əsrə aid edilən, indi isə qirqorianlaşdırılan Alban-türk Beşikdağ Alban-türk məbədi xristian məbəd-abidəsidir. Mənbələrə görə, bu məbəd tamamən Alban memarlıq üslubunda Arşakilər sülaləsindən olan Qafqaz Albaniyası hökmdarı II Vaçe tərəfindən, tamamilə Alban-Türk məbəd arxitekturasında inşa etdirilmişdir...

Onu da, bildirim ki, Erməni bənnalarından qabaq saxtakarlığı erməni tarixçiləri edir, böyük saxtakarlıqla bu qəbildən abidələrimizi erməniləşdirir, sonra da erməni bənnaları işə başlayırlar...

Bu abidə Şərqdən – Şirvanın, Şəkinin, yuxarıdan isə Qarabağın bütün yüksəkliklərdən görünür. Buna görə də, bu abidə əvvəl keşikçi qübbəsi kimi tikilibdir, necə ki, Şabrandakı "Çıraqqala” təkin... Buradan həm, yuxarı dağlarda yerləşən "Gəncəsər”qalasına (Xaçın knyazlığının mərkəzinə), həm də Şirvan zonasına od-ocaqla xəbərləşmə vasitəsi kimi istifadə edilibdir. Hətta, İbrahim xanın Şahbulaq qalasında məskunlaşan cağlarda da, artıq bu məbəd-abidə təmir edilərək keşikçi məntəqəsi kimi istifadə edilibdir... Bizim ehtimalımıza görə, indi Beşikdağı adlanan bu dağın əvvəlki adı Eşik (yəni son silsilə, ən eşikdə olan mənasında) və yaxud Keşik dağı olubdur. Sonralar uşaq nənnisinə-beşiyinə oxşadığına görə Beşik adını alıbdır... Belə ki, Beşikdağ sanki dağlıq və düzən Qarabağ arasında təbii sərhəd rolunu oynayır. Cənub-şərq tərəfdən ona Kür-Araz ovalığı, qərb tərəfdən isə Qarabağ yaylası birləşir... Yeri gəlmişkən, qeyd edim ki, 30 il işğal altına olan Beşikdağ məbədi və dağın aşağı ətrafında yerləşəm alban xristian qəbristanlığı haqqında vikipediya səhifələrində verilən məlumatlar olduqca yanlışdır və erməni mənbələrindən alınmışdır...

Azərbaycanın digər dağ məntəqələrində bu cürə abidələrin hamısı ilk öncə keşikçi məntəqəsi kimi tikilibdir. "Keşikçi dağı” ifadəsi – adını təsadüfi saymaq olmaz. Məsələn, Ağstafa rayonu ərazisində yerləşən Keşikçidağ abidələr kompleksi, Aveydağ, Tatlı, Yuxarı Əskipara məbədləri kimi ilk əvvəl keşikçi məntəqələri olmuş, sonralar funksiyalarını məbədlərə vermişdir...

Bir cəhəti də, qeyd etməyi vacib bilirəm! Bəzən kilsə ilə məbədi eyniləşdirirlər və fikrimizcə bu kökündən yanlışdır... Məbəd kilsə deyil və arxitekturası tamamən fərqlidir.... Məbəd Alban xristian türklərinə məxsus ibadətgahdır və Beşik dağının zirvəsində tikilən əvvəl gözətçi məntəqəsi olan abidə, sonralar genişləndirilərək, yenidən qurularaq Alban xristian türk məbədi olubdur... İslam dövründə isə xalq, birmənalı olaraq, bu tipli abidələrin bir qismini Koroğlu qalası kimi anladıblar. Belə bir rekonstruksiya və metaformoza hadisəsi Beşikdağı abidəsinin də başına gəlibdir...

Amma ən böyük məkri və qəddarlığı ermənilər ediblər. 1994-cü il mayın 12-dək davam edən hərbi təcavüz nəticəsində ermənilər Ağdam rayonunun 846,7 km², yəni ümumi ərazisinin 77,4 %-ni işğal etməyə nail oldu. Qarabağ uğrunda gedən döyüşlərdə 6.000-dən çox ağdamlı şəhid olub. 2010-cu ilin noyabr ayında Dağlıq Qarabağ separatçıları rayonun adını erməniləşdirmək məqsədi ilə Ağdamın adını dəyişərək Akna qoyublar, Şahbulaqdan şimal-qərbdə dağın enişində yerləşən

qədim xristian-türk alban qəbrlərini, Pənah xanın tikdirdiyi qalanı erməni abidəsi kimi dəyişdiriblər, muzey düzəldiblər, özlərindən Tiqranagert şəhəri uydurublar... Beşikdağ məbədinin də adını Vankasar monastrı qoyubkar... Yalan, məkr və saxtakarlıq, bax, budur!!

Bunu da, xatırladaq ki, hətta XIX əsrin əvvəllərinə qədər Qarabağ dağlarında yerləşən məbədlər hələ də, Alban məbədgahı kimi fəaliyyət göstərmiş, ermənilərin dabanyalama xisləti ilə uzun müddət saxtakarlıq işi aparılandan sonra Rusya çarlığının təsiri ilə 1836-cı ildə bu abidələr Rusiya Müqəddəs Sinodu tərəfindən ləğv edilmiş, Alban monastrına məxsus bütün mülk və əhali Erməni Qriqoryan Kilsəsinin tabe edilərək erməniləşdirilmiş, bütün Alban dini kitbları, əlyazmaları məhv edilmiş, məbədgahlar isə kilsələşdirilmişdir...

Bundan sonra Qarabağda Alban Patriarxı İsraelin başçılğı ilə qiyam başlayır. Qiyam yatırılır, Alban patriarxı İsrael isə ölkədən qovulur. Tezliklə patriarx İsrael vəfat edir və bundan sonra Erməni Arxiyepiskou Hovannes Qraf İvan Qudoviçə yazdığı məktubda Qarabağ və Gəncədəki Alban Məbədgahları klsələşdirilərək mülkləri və dindarlarının Eçmiədzinin tabeliyinə verilməsini xahiş edir və buna nail olur...

İndi bu məkri, Beşikdağdakı qədim abidəmizin də başına gətiriblər ki, sonralar əllərində dəstəvuz etsinlər ki, guya bu torpaqlar ermənilərə məxsusdur...

Bu qeydlərimlə bildirmək istəyirəm ki, Ağdamın Beşikdağındakı qədim abidələrimiz, həmçinin, ümumiyyətlə, Qarabağda erməni məkrinə məruz qalmış bütün qədim ibadətgahlar öz ilkin vəziyyətinə salınmalı, tarixi gerçəklik bərpa olunmalıdır... Bəli, bütün Qarabağda yerləşən tarixi məbədlər Qafqaz Albaniyası dövrünün nadir abidələrindəndir. Saxtakarlıqların qarşısı alınmalı, abidələr əvvəlki – ilkin vəziyyətlərinə gətirilməlidir. Tarixi abidələri saxtlaşdıraraq özününküləşdirmək – erməniləşdirmək cəhdlərinə birdəfəlik son qoyulmalı, tarixi varisiyimizə yiyə durmalıyıq!!

Qurban Bayramov,

tənqidçi-ədəbiyyatşünas.


13556 oxunub

InvestAZ