Ağayev Əhəd Bilal oğlu Motalayataq kəndində 1986-cı
il yanvarın 17-də dünyaya gəlib. Sarvan Qurbanov adına Motalayataq kənd tam orta məktəbinin məzunudur.
İkinci Qarabağ savaşının könüllülərindəndir.
Əhədin atası Bilal Ağayev uzun illər Motalayataq kənd məktəbinin direktoru
olub.
Bir ziyalı kimi bütün el-obanın hörmətini qazanan Bilal müəllim 12 övlad
böyüdüb: 7 oğlan, 5 qız.
Ailənin böyük oğlu Kamal Ağayev orta məktəbi
qızıl medalla bitirəndən sonra Azərbaycan Dövlət Tibb Universitetinə qəbul
olunub. 1992-ci il məzun olduqdan sonra cəbhəyə getmək üçün Nəsimi Rayon Hərbi
Komissarlığına müraciət edib. Həmin ilin oktyabr ayından həkim kimi Ağdarədə 2
saylı Hərbi Atəşkəsə qədər Cərahiyyə Hospitalının reanimasiya şöbəsində işləyib.
Hospital Tərtər Mərkəzi xəstəxanasına köçürüləndən sonra könüllü olaraq orda
çalışıb. Neçə-neçə yaralı əsgərimizi həyata
qaytarıb.
Ailənin ikinci oğlu Kazım Ağayev də Birinci Qarabağ savaşının
könüllülərindəndir. 1992-1996-cı
illərdə hərbidə çox uğura imza atıb.
Bilal müəllimin məzunları da, övladları da vətənsevərdi.
Çünki onun başlıca məqsədi vətənpərvər şəxsiyyət - vətəndaş yetişdirmək
olub.
Belə ailədə böyüyən Əhəd başqa cür
ola bilməzdi.
Abbas Rövşən oğlu İbrahimli 2-ci Qarabağ savaşına
könüllü olaraq qeydiyyatdan keçib. Göstərdiyi şücaətlərə görə Füzuli, Cəbrayıl,
Xocavəndin azad olunmasına görə medalları ilə təltif olunub: Bizi nisbətən gec
çağırdılar. Hərbi Komissarlıqla əlaqə saxlayırdıq. Gecələr belə yatmırdıq. "Necə
yatmaq olar? Biz niyə yatırıq” - deyirdi. Döyüşlər vaxtı da beləydi: "Döyüşməliyik.
Niyə yataq ki? Döyüşməyə gəlmişik” – sözü bu idi. Oktyabrın 9-da birgə yola
düşdük. Bizi Ağcabədidə N saylı hərbi hissədə yerləşdirdilər. Könüllülər çox
olduğundan bir yatağı bölüşməli olduq onunla. Qorxmaz, səmimi insan idi. Özünü
deyil, başqalarını düşünərdi. Füzuli istiqamətində gedən döyüşlərə qatıldıq.
Qızğın döyüşlər gedirdi. Əsil cəngavər kimi döyüşürdü Əhəd. Mən ağır
yaralandım, hospitala düşdüm. Əhədin şəhid olmasını da sonra eşitdim. Döyüş
yoldaşını itirmək çox ağırdı. Həm də hansı amal uğruna savaşıb şəhid olduğunu
düşünəndə fərəh duyursan. Belə bir oğulu, vətənsevdalısını tanımaq, onunla
döyüş yoldaşı olmaq qürurludu.
Abbas İbrahimli Astara Gənclər və İdman İdarəsinin
Gənclərlə iş üzrə nümayəndəsi və könüllülər üzrə koordinatorudur.
Bacısı
Gülvəs həsrətli, mehriban səslə danışdıqca Əhədi görürdüm elə bil: Birinci
Qarabağ Müharibəsi haqda qardaşlarına həmişə suallar verirdi. Çox ağrıdırdı onu
məğlubiyyətimiz. Deyirdi "mən döyüşəcəm və qalib olacam”. Ümumiyyətlə hər şeynən
maraqlanırdı. Çox istiqanlı idi. Gözəl ailəmiz vardı. Biz təkcə bacı - qardaş kimi deyil, dost kimi
böyümüşdük. Mehriban olmuşuq. 9 yaş məndən kiçik idi, amma bir yerə yanımda gedərdi.
Yaşına görə davranışları təmkinliydi. Cəbhəyə yola düşən gün mənə 5 dəfə zəng
vurdu, müharibəyə getdiyini demədi. "Birdən məni apararlar döyüşə, övladlarım
sizə əmanətdi” – dedi bircə. Könüllü yazıldığını da bilmirdim. Narahat oldum,
xanımına zəng vurdum, öyrəndim ki, müharibəyə gedib. Həyat yoldaşı da çox dəyərli
xanımdı, mərd qızdı. Onu heç vaxt tək qoymarıq, amma 3 uşağın əziyyət yükü daha
çox ona düşəcək. Bilirəm ki, qardaşımın adına layiq böyüdəcək övladlarını.
Əhəd bu
böyük ailənin hörmətini qazanan Aysellə 2009-cu ildə tanış olub. 2011 - ci ildə
cütlük ailə həyatı qurub. Bu sevgi dolu ailədə üç övlad dünyaya gəlib: Röyal,
Roman və Məryəm Ağazadələr.
- Çox mehriban, zəhmətsevər, ailəcanlı idi Əhəd. Sadə, qəlbiaçıq, əliaçıq insandı. Çox xoşbəxt
ailəmiz vardı. Amma vətənə də bağlı idi. 2016-cı il hadisələrində kəndimizə şəhid
gəldi. O dəqiqə gedib könüllü yazıldı. İyul hadisələrində də çox həyəcan
keçirdi. Onda da şəhidlərimiz oldu. Deyirdi: "Onlar torpaq üçün canından keçir,
biz evimizdə oturmuşuq”. Gedib hərbi komissarlığa müraciət etdi. Döyüşə getməyə
can atıb həmişə. İkinci savaş başlayan gün onu aparmadılar, hər gün hərbi
komissarlığa gedirdi ki, məni niyə çağırmırsız? Dövləti üçün canından keçməyə
hazır idi hər an. Sonuncu dəfə oktyabrın 26-da danışdıq. Bir-neçə gün xəbər
olmadı. Noyabrın 1-də şəhid olduğunu öyrəndik. Üç övladımız var, getməyə bilərdi,
amma getdi. Tək qalsam da onun bu mərdliyindən qürurlanıram.
Ağcabədidə 4 gün təlim keçdikdən sonra Cəbrayıl,
Füzuli, Qubadlı, Xocəvənd uğrunda çətin döyüşlərdə iştirak edib. 1 noyabr
2020-ci ildə Xocavənd uğrunda savaşda şəhid olub. Birinci Qarabağ döyüşlərinin
veteranı Kazım Ağayev: Özüm döyüş yolu keçmişəm. Müharibənin nə olduğunu bilirəm.
Bu haqda çox danışmazdım. Əhəd suallar verərdi həmişə. Qisas hissiylə
yaşayırdı. Böyük qardaşım da, mən də veteranıq. Könüllülük bir ayrıdı. Böyük
hissdi. Artıq kiçik oğlu deyir, ermənilər gəlsə onları qoymaram torpaqlarımıza.
Haqlıdır Roman. Əhəd kimi ataların oğulları boyüyür
bu torpaqda. Onlar gələcəyin həqiqətidi.