Dörd divar, Allahım, sən, bir də sükut Bəbəyim xışlanmış dopdolu bulud...
İçimdə asılmış sonuncu umud -
Belə ağladığım olmamışdı heç...
Xatirə qoşunu dağınıq, perik,
Ürək qaysaqlanmış şum yeri - herik!
Ruhuma ulayan tənhalıq şərik -
Belə ağladığım olmamışdı heç...
Qapı taybataydı, pəncərə açıq
Əlimdən düşmür də bıçaq, ya qaşıq...
Mənə yaşadılan cəza, ya acıq -
Belə ağladığım olmamışdı heç...
Bir saat, bir addım, ya birçə kəlmə
Haqqım deyilsə bu, təbrikə gəlmə!
Mənə küt zərbədi, sökülən ilmə -
Belə ağladığım olmamışdı heç...
...Dörd divar, Allahım,Sən, bir də bu gün
Təkliyi ömrümə etdiniz düyün!
Ad günü beləmi qeyd olur, deyin? -
Belə ağladığım olmamışdı heç...
15928 oxunub