XƏBƏR LENTİ
13 Avqust 2022
12 Avqust 2022
11 Avqust 2022



Salatın Əsgərovanın anım konfransı keçirildi
MƏDƏNİYYƏT 13:27 / 16.12.2021

Azərbaycan Respublikasının Milli Qəhrəmanı, şəhid jurnalist Salatın Əsgərovanın anadan olmasının 60-cı ildönümü münasibəti ilə onlayn konfrans keçirilib.

Yenisəs.az  xəbər verir ki, onlayn konfransın aparıcısı – Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı şəhid jurnalist, Milli Qəhrəman Salatın Əsgərovanın timsalında bütün şəhidlərimizin ruhunu ehtiramla yad edərək, ötən il düşmən üzərində qazanılmış tarixi Zəfəri şəhidlərin ruhunu şad edən ən mühüm hadisə adlandırıb.

O bildirib ki, onlayn konfrans şəklində keçirilən anım tədbiri Milli Məclisin Mədəniyyət Komitəsinin təşkilatçılığı ilə keçirilir.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Salatın Əsgərovanın timsalında bir perşəkar jurnalistin, vətəncanlı ziyalının fədakarlıq örnəyi ilə tanış olduğumuzu deyib:

"Bəli, ana vətənin çağırışına səs verib, öz analıq hissinə qalib gəlmək təsvirəgəlməz hadisədir. O, əlbəttə, öz yeganə övladını dünyalar qədər sevirdi, onun təlim-tərbiyəsi ilə vaxtının yetdiyi qədər məşğul olurdu, lakin vətənin dar günündə Azərbaycan həqiqətlərini rusdilli mətbuat vasitəsi ilə dünyaya yaymağın nə qədər taleyüklü vəzifə olduğunun fərqində idi. O, yalnız şəhid olduğu gün xidməti ezamiyyətdə olmamışdı; Salatın xanımı, demək olar, hər həftə öncəbhədə, əsgərlərin yanında, cəbhəboyu əhali ilə reportajlar hazırlayan görürdük. Mən və bir çox həmkarım o vaxt jurnalistikaya yeni-yeni maraq göstərirdik və biz ondan öyrənirdik.

Salatın Əsgərova nə üçün qətl edildi? Çünki o, Ermənistanın, dünya erməniliyinin, keçmiş Dağlıq Qarabağdakı separatçıların içüzünü açıb göstərir, həqiqətləri gün üzünə çıxarır, faktların dili ilə danışır və yazırdı. Salatın xanım rusdilli mediada çıxış edirdi, yazdıqları böyük auditoriyaya yayılırdı. Ona görə də Salatın xanımın növbəti xidməti ezamiyyət vaxtı ermənilər tərəfindən qətl edilməsi məqsədyönlü, düşünülmüş bir iş idi”.

Sonra mərkəzi qərargahı Nur-Sultan şəhərində yerləşən Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Füzuli Məcidli, Milli Qəhrəmanın oğlu, tanınmış jurnalist Ceyhun Əsgərov, millət vəkili Arzu Nağıyev və s. şəxslər çıxış edib.

Çıxışlarda Salatın Əsgərovaya 30 il öncə atılmış güllələrin həqiqətə, sözə, tərəqqiyə, sülhə atıldığı ifadə olunub.

Sonda Q.Paşayeva qapanış nitqi söyləyərək, hər kəsə bir daha təşəkkür edib, səslənən təşəbbüs və təkliflər üçün, o cümlədən F.Ə.Tərzioğlunun Salatın Əsgərovanın həlak olduğu günün bütün dünyada "Şəhid Jurnalistlər Günü” olaraq qeyd edilməsi təşəbbüsü üçün minnətdarlığını bildirib.

Q.Paşayeva çıxışlarda səslənən başqa bir məsələnin – vaxtilə Xəzər dənizində sahilboyu səyahət üçün nəzərdə tutulmuş gəmiyə Salatın Əsgərovanın adının verildiyi, amma son illər o gəminin ya adının dəyişdirildiyi, yaxud sıradan çıxması ilə bağlı narahatlıqlara da reaksiya verərək, müvafiq dövlət orqanlarının bu məsələyə aydınlıq gətirəcəyinə ümid etdiyini bildirib.

Komitə sədri onlayn tədbirə qatılan və türk ölkə və topluluqlarını təmsil edən jurnalistlərin öz şəhid həmkarlarının haqqında yerli media orqanlarında çıxış edəcəyinə inandığını vurğulayıb.(axar.az)


37822 oxunub

InvestAZ