XƏBƏR LENTİ
27 İyun 2022
26 İyun 2022
25 İyun 2022
24 İyun 2022



Nurəddin Ədiloğlu : - ÜST İNSAN
Ədəbiyyat 12:34 / 14.12.2021


(essevari düşüncələr)

"Elmi bazara çevirmək olmaz”

Akademik Azad Mirzəcanzadə.

...Ürəyi qurub-yaratmaq eşqi ilə döyünən, ömrü boyu yorulmadan faydalı və məzmunlu ideyalarını gerçəkləşdirməyə çalışan İNSANLAR bəşəriyyətin səadət yolçularıdır. Hər bir xalqa mənsub olan böyük zəka sahibləri təkcə öz Vətəninə deyil, dünyaya işıq saçırlar. İslam dininin müqəddəs kitabı Qurani - Kərimdə Allah insanları iman gətirməyə çağırarkən ilk növbədə onların ağıllarına müraciət edir, onları əqli fəaliyyətə, əşya və hadisələrin məntiqə əsaslanan (rasional) tədqiqinə həvəsləndirir. Həzrəti Məhəmməd peyğəmbər (s)-ın kəlamlarında da elmin və alimin dəyərindən bəhs olunur. Hədisi-Şəriflərdə haqq ilə batili bir-birindən seçən alimlər yüksək tutulur. Təsadüfi deyil ki, dədə-babalarımız həmişə öz zamanəsinin müdrik nəsihətləri ilə sayılıb - seçilən və zəngin həyat bilgilərindən vaqif olan adamlara "alim” deyiblər. Dünyəvi elmlər aləmində isə yaradıcı təbəqənin nümayəndəsi kimi alim bir (və ya bir neçə) tədqiqat sahəsi ilə sistematik şəkildə məşğul olan zəka sahibinə deyilir. Fəqət, insanlığa xidmət etməyən alimin dəyəri və tərifi yoxdur! Alimin qiyməti müəyyən vaxt ərzində gördüyü elmi işlərin miqyası, ixtiralarının dəyəri və səmərəliliyi ilə ölçülür.

Azərbaycanda alim deyəndə ilk növbədə Yusif Məmmədəliyev, Mirməmməd Cavadzadə, Xudu Məmmədov, Ziya Bünyadov, Lütfi Zadə, Yaşar Qarayev, Hətəm Quliyev, Rafiq Əliyev kimi dünya şöhrətli şəxsiyyətlər yada düşür. Belə şəxsiyyətlərdən biri də elmin üfüqlərindən bəşəriyyətin sabahına boylanan və ensiklopedik biliyə malik olan əfsanəvi akademik Azad Mirzəcanzadə idi. Dünyanən hər guşəsindən neft elminin patriarxı kimi görünən bu qüdrətli alimin İNSANLIQ və DAHİLİK zirvəsinə ucalan yolu ona valideynlərinin qoyduğu gözəl adından başlamışdı. Azad sözü yaradıcı, öncül (lider) fədakar araşdırmaçı, zəki, sərbəst və s. anlam daşıyır.

...Qədim dastanlarımızda ad seçimi həmişə əhəmiyyətli hesab olunub. Xalqımızın möhtəşəm söz abidəsi "Dədə Qorqud" dastanında adların Qorqud Atanın xeyir-duası ilə qoyulması onun həm yaradıcı, həm də el ağsaqqalı missiyasından qaynaqlanıb... Adın insan taleyinə sirayət etməsi inancı başqa xalqlarda da mövcud olub. Hətta qədim romalılar "nomen est omen", yəni "adımız taleyimizdir" kimi güclü bir inanca sahib idilər... Mədinə dövründə səhabələrin əksəriyyəti uşaqlarına ad qoyması və dua etməsi üçün Həzrəti Peyğəmbər (s)-ın hüzuruna gətirərdilər. Allahın elçisi bu ənənəni yaşatmaq barədə belə buyurub: "Hər bir şəxsin öz övladına verdiyi ilk hədiyyə və ehsan onun üçün gözəl ad seçməsidir. Bu səbəblə övladlarınız üçün gözəl adlar seçin!"

Azad Xəlil oğlu da öz adının layiqli daşıyıcısı olub; işıqlı fikirlərində, faydalı əməllərində onu təsdiq edib. "Mənim arzum özümdən sonra məndən çox bilən, öz işini sevən professionallar yetişdirməkdən ibarətdir” söyləyən” dahi fenomenin "istedadlılara kömək edin, yol göstərin. İstedadsızlar özləri-özlərinə onsuz da yol tapacaqlar” fikri də ötən əsrdə əbəs yerə aforizmə çevrilməyib ki...

...Məşhur fransız alimi Lui Pasterin də belə bir aforizmi var: "Elmin Vətəni yoxdur, lakin alimin vətəni olmalıdır.” Təbii ki, hər bir mütərəqqi fikirli alim kimi Azad Mirzəcanzadə də ixtiralarını öz ölkəsinin inkişafı ilə əlaqədar etmişdir. Lakin onun zəngin elmi irsindən, innovativ ideyalarından, kəşf və ixtiralarından bu gün dünyanın bir çox ölkələri geniş istifadə etməkdədir. Azad müəllimin yaratdığı məktəbin yetirmələri nəinki Azərbaycanda, hətta xaricdə elmi mərkəzlərə və istehsalat müəssisələrinə rəhbərlik edirlər. Dünya neft elminin kəhkəşanında Azad Mirzəcanzadə adlı zirvənin ucalığı zaman keçdikcə daha aydın şəkildə görünür. Gerçəkdən də bütün dünyaya, insanlığa şamil olunan faydalı elmin, sənətin Vətəni yoxdur...

"Mənim ən böyük arzum Azərbaycanın xarici bazara öz intellekti ilə çıxa bilməsidir” deyən akademik Azad Mirzəcanzadə zəif elmi əsərlərin kölgəsi altında yüksək elmi titullar almaq istəyənlərə qarşı mübarizə aparardı. "Elmi bazara çevirmək olmaz” deyərək o, daim keyfiyyətsiz elmi işlərə etiraz edirdi. "Bizlər arzularımızı həyata keçirməkdən daha çox, arzulamağa aşiqik” (F.Nitsşe) düşüncəsiylə tutduğu vəzifəyə və imkana görə yüksək elmi dərəcələr almağa səy edənlər Ali Attestasiya Komissiyasının sədri olan illərdə Azad müəllimi bəyənmirdilər. Belə adamların bir çoxu onun barəsində hətta neqativ şayiələr uydururdu. Sosioloq, professor Əhməd Qəşəmoğlu qeyd edir ki, "Bu şayiənin mənbələri əsasən natamam psevdo alimlər, paxıl adamlar olub...” Çünki Azad müəllim deyərmiş ki: "bunlar professor adını ancaq öləndə baş daşı üzərində yazdırmaq üçün istəyirlər...” Elimsizlərlə ELM arasında "Çin səddi” çəkən Azad müəllimin tələbkarlığına qeyri-adi AĞIL mərdliyi, FİKİR cəngavərliyi hakim idi. Deyirdi: "Kitab nəşrinin asanlaşması pullu, özü də elmdən xeyli uzaq adamların əl-qolunu açıb. Belə olan halda, həqiqi elmi nəşrlərin əvəzinə makulatura yaranır...”

Heç şübhəsiz ki, ondan sonra professor, akademik adı almaq, qalın-qalın kitablar nəşr etdirmək vəzifə və səlahiyyət sahibləri üçün çox asan oldu, amma onların sayı günbəgün artsa da heç biri Azad Mirzəcanzadə kimi nə ALİM, nə də İNSAN ola bildi...

SÖZƏ QÜVVƏT: Eyni institutda çalışan alimlərdən biri ONU təriflədi, digəri haqqında neqativ sözlər dedi. Mən həmin institutdan uzaqlaşdım. Və ONUN ruhuyla baş-başa qalmağı üstün tutdum...

Azad Mirzəcanzadənin alim vicdanının ilhamverici qaynağı Allahın ona bəxş elədiyi FİTRƏTDƏ idi.

YERİYƏN AKADEMİYA

"Fizika dünyası bütün insanlığın ortaq mirasıdır” deyən və əslən pakistanlı olan Məhəmməd Əbdüs-Səlam otağının divarında orta əsrlərə aid Təbriz xalçası asmışdı. Bu qədim xalça həm də üzərində yazılmış "Allahım, yeni bir möcüzə yarat” sözləri ilə diqqəti cəlb edirdi. Möcüzəni Allaha və müqəddəs Qurani -Kərimə sonsuz sevgisi olan Əbdüs-Səlamın özü yaratdı. O, "Elektrozəif qüvvət nəzəriyyəsi”nə görə 1979-cu ildə fizika üzrə Nobel Mükafatına layiq görüldü.

Universal zəka sahibi akademik Azad Mirzəcanzadənin iş otağında və evindəki yazı masanın üzərində isə yalnız bir görkəmli şəxsiyyətin - Azərbaycanın dahi bəstəkərə Üzeyir Hacıbəylinin şəkli olub... Ədəbi-bədii əsərləri, təsviri sənət və musiqi nümunələrini yüksək peşəkarlıqla təhlil edən Azad müəllim opera, teatr tamaşalarına baxmağı çox sevirdi. Onun həm də yaxşı piano çalmaq qabiliyyəti vardı. "YARADICILIQ HAQQINDA DÜŞÜNCƏLƏR” (1984) kitabı varlığın müxtəlif һadisə və proseslərinə orjinal elmi yanaşma, özünəməxsus dəst-xətti və təһlil üsulları ilə maraq doğurur. Azad Mirzəcanzadənin fəlsəfi fikirləri təbiət, şəxsiyyət və sənət məsələlərinə, psixologiyaya aid xeyli maraqlı məlumatlarla zəngindir. Sanki əfsanəvi akademik oxucusuna FÖVQƏLİNSAN olmaq barədə dərslər keçir... Fövqəlinsan simasında Nitşe hər şeydən əvvəl Zərdüşt peyğəmbərin özünü təsvir edirdi. A. Mirzəcanzadə isə 21 - ci yüzilliyin insanına elmin GÜCÜNƏ arxalanaraq ağlagəlməz bəlalara sinə gərmək üçün ÜST İNSAN olmağı öyrədirdi... Kim bilir, bəlkə Allahın getdikcə cılızlaşan insanlardan üz döndərdiyi bir ZAMANDA bəşər övladını ÜST İNSAN olmağı xilas edəcək?! Zira Azad müəllimin fikrincə, insanın daxili mədəniyyətinin əsasını öz qədr–qiymətini bilmək təşkil edir, bu isə ona çox çətinliklə müyəssər olur...

Nobel mükafatına layiq görülməsə də sağlığında "YERİYƏN AKADAMİYA” adını qazanan Azad Mirzəcanzadə öz içindən doğulan GÜNƏŞ kimi parlaq ziyasını dünyadan əsirgəmirdi. AMEA ilə yanaşı, Rusiya Təbiət Elmləri Akademiyasının, Başqırdıstan Elmlər Akademiyasının, Ukrayna Neft Qaz Akademiyasının həqiqi üzvü seçilmiş Azad Mirzəcanzadə dünyanın yeganə alimlərindəndir ki, 60 illik elmi fəaliyyəti ərzində onun rəhbəliyi altında 100-ə yaxın elmlər doktoru, 300-dən çox elmlər namizədi hazırlanmışdı. Fəxri neftçi yetirmələrinə deyərmiş ki, "quyuya qadına yanaşdığınız nəvazişlə münasibət bəsləyin.” Bu gün Azərbaycanda və ölkəmizdən kənarda fəalyyət göstərən bir çox alimlər vaxti ilə onların karyera uğurlarına imza atan Azad müəllimin tələbəsi olmağı özlərinə böyük şərəf sayırlar.

Azad müəllimin bəşəri xarakter daşıyan lakonik fikirləri geniş məna kəsb edir: "Bacarıqsız adam yoxdur, amma bacarığına görə işləməyən var.” Yaxud, "Düşmənin mərһəmətinə ümid bağlayana nə yalvarışlar, nə də xaһişlər kömək edər.” Sözün hikməti barədə Həzərəti Əli buyurub: "Sözün yeri könüldür, ismarlandığı yer düşüncədir, onu qüvvətləndirən ağıldır, meydana çıxaran dildir;

bədəni hərflərdir; canı mənadır, bəzəyi-biçimi söyləməsidir, düzgünlüyü isə doğruluğundadır.”

Azad müəllimin KÖNÜL tarlasında cücərtiyi fikirlərin hər cümləsi insanlara sağlam düşüncə, əxlaq və əqidə aşılayır. AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi mərhum Yaşar Qarayev sanki Azad Mirzəcansadə kimi alimləri düşünərək yazırdı ki, həqiqi böyük elm həmişə, bütün dövrlərdə və situasiyalarda zamandan və konyukturadan ucada dayanır, bir həqiqətə, bir də ilahidən, qüdrətdən hökm-fərman alın yazısına - etnik yaddaşa, genetik koda sədaqətdən yüksək heç nə tanımır. "Əsilzadəlik, qədir-qiymət və həqiqət həmişə bir yerdə olur!”

Azad müəllim tələbələrində əsasən mənlik və talantının olmasına üstünlük verirdi. Deyirdi: "Bu iki amil olduqda təhsil də, intizam da öz-özünə əmələ gəlir...” XX əsrin 80 - ci illərində Azərbaycan mentaliteti üçün elmdə "Mirzəcanzadə həddi”ni yüksək adlandıranlara belə cavab verirdi: "Mən indi olduğum səviyyədə qalsam, inkişaf olmayacaq. İndiki gənclik artıq 21-ci əsrin tələbləri səviyyəsində işləməlidir, çünki onlar 21-ci əsrdə yaşayıb - yaradacaqlar...”

Bəli, Azad müəllim böyük elm mücahidi idi. Məşhur rus tənqidçisi V. Q. Belinski haqlı olaraq deyirdi ki, alimlər məfһumlar, yazıçılar isə obrazlarla fikirləşirlər. Mənə də belə düşünürəm ki, XVI əsrdə eşqi KAMİLLİK qədərində dərk edən Məhəmməd Füzuli Məcnunun dili ilə:

"Ya rəbb, bəlayi eşq ilə qıl aşina məni”

izharı XX əsdə dünya elminin fövqündə dayanan akademik Azad Mirzəcanzadənin könlündən:

"Ya rəbb, bəlayi elm ilə qıl aşina məni...”

kimi pərvazlanmışdı. Bəlkə buna görə də ailə həyatı qurmamışdı. Və sanki ömrünün sonuna kimi HƏMRAZ və AŞİNA olduğu elmlə nikah bağlamışdı...

Əfsanəvi akademikin saf ruhuna böyük ehtiramla

Nurəddin Ədiloğlu.

13.12.21.


14800 oxunub

InvestAZ