Yazıb , cilid- cilid kitab etmişəm,
Mən öz sevincimi, öz həsrətimi...
Allaha və Sənə xitab etmişəm -
Ürək çırpıntımı, göz həsrətimi...
Qapı döyməmişəm, ruhum susanda,
Kədər marıtlayıb anı pusanda...
Əlimi ümiddən hər gün yusan da -
Çəkməyə qoymadım, söz həsrətimi!..
Ömrün çox hissəsin davalı gördüm
Boynumda bir torpaq babalı gördüm!
Səndə oyaq gördüm, havalı gördüm -
Ocaq həsrətimi, köz həsrətimi...
Mənli günlərini sayıb tən götür,
Onda görəcəksən vaxt necə ötür!
Mənə "döz!"- deyənim, indi sən götür -
Kirpiyin ucuyla çöz həsrətimi!..